Страницы

03.05.2014

Suriyalı uşağın Allaha məktubu

Qafar Şövqi

Ey Allahım! Sənə bu məktubu yazmaqda məqsədim, səndən imdad diləməkdir. Yadımdadır, atam demişdi ki, sən bizi bizdən də yaxşı tanıyırsan. Amma qoy yenə də mən bu məktubda özümü sənə təqdim edim. Adım Benyamindir. Yeddi yaşım var. Suriyanın Rəqqa vilayətində yaşayıram. Nə bilim vallah, əgər buna yaşamaq deyilirsə. Allahım, biz əslində geniş ailə idik. Evimizdə adam çox idi. Suriyaya pis adamlar gələndən sonra biz azaldıq. Onlar mənim atamı, anamı, üç bacımı, dörd qardaşımı öldürdülər. İndi evimiz də yoxdur. Sənə bu məktubu xəstəxanadan yazıram. İndi heç kimim yoxdur. Səndən və böyük qardaşım Həmzədən başqa. Evimizə gələn sonuncu silahlı “qonaqlar” atamla anamı öldürdülər. Onda mən evimizdə deyildim. Dayımgilə, dayım oğlu Tahirlə dərslərimizi hazırlamağa getmişdim. Mənim dayım müəllimdir. Onda bir kitab var idi. Mənim də kitabım olmadığından məcbur idim ki, dərs öyrənməyə onlara gedim, dərsimi dayımoğlu ilə bir yerdə hazırlayım. Hə, lap yadımdan çıxmışdı. Xəbərin var, Allah? İki gün bundan qabaq bizim məktəbi də partlatdılar. Xeyli uşaq öldü. Onların içində dostlarım da var idi. Kaş ölməyəydilər. Amma onlar üçün çox da darıxmıram. Çünki onların hamısı əlaçı şagirdlər idi. İnanıram ki, sən əlaçıları cənnətə salacaqsan. Orda onlar çoxlu çörək yeyəcəklər...
Allahım! O gün ki, pis adamlar mənim atamla-anamı öldürdülər, o gün evdə atam və anamdan başqa böyük qardaşım Həmzə də evdə idi. Qonşu uşaqların dediklərinə görə, pis adamlar bizim qapını təpikləyəndə atam qardaşımı evdə gizli bir yerdə gizlədib. Şeytanlar qapını sındırıb içəri girəndə artıq qardaşım gizlənmişdi. Onlar atamla anamı əzabla öldürəndən sonra evdən bir az pul və qızıl götürüb gediblər. Lakin onlar çölə çıxandan sonra güllə səsləri gəlib. Sonra evimiz partlayıb. İndi mən qalan xəstəxananın hansısa otağında qardaşım Həmzə də yatır. Mən bütün bu baş verən hadisələrdən çox təsirləndim. Ani olaraq gözlərim qaraldı, sanki bütün dünya mənim başıma fırlanırdı. Yerə yıxıldım. Sonra gözlərimi açanda gördüm ki, məni xəstəxanaya gətiriblər. Hələ heç kimlə danışmamışam. Həkimlər elə bilir ki, qorxudan lal olmuşam. Bir az bundan qabaq həkimlər dayımla danışanda eşitdim ki, mənim xəstəliyim ürəkdəndir. Həkim düz deyir. Tez-tez döşümün üstü ağrayır. Amma qardaşım Həmzənin isə halı çox pisdir. Bu zaman dayım başladı ağlamağa. Bütün bu söhbətlər mən yatdığım otağın qapısının ağzında gedirdi. Həkim əlini dayımın çiyninə qoyub dedi ki, səbirli olun. Xəstənizin şəfa tapmasını Allahdan istəyin. Mən də bunu eşidib pis oldum. Mənə verilən dərmanların təsirindən yuxu tutdu məni. Axırıncı dəfə haçan belə rahat yatmışamsa, yadıma gəlmir. Amma yuxudan oyanan kimi tez sənə məktub yazmağa başladım.
Allahım, atamı aldın, anamı aldın, bacı-qardaşlarımı aldın, buna kimi mən bilmirdim ki, onların sağ qalmaqlarını səndən istəməliyəm. İndi həkimin öz ağzından eşitdim. Bizim həkim namaz qılandı. Yəqin ki, yalan danışmaz. Dediyinə görə qardaşımın vəziyyəti çox ağırdı. Eh, bizi bu günə qoyanlar elə namaz qılanlar deyilmi? Mənə ən çox təsir edən odur ki, bizi öldürənlər sənin adını çəkirlər. Onlara niyə icazə verirsən?
Allahım, Sənə yalvarıram. Qardaşımı əlimdən alma. Atam, anam öləndən sonra mən öz xəyalımda onu atam kimi bildim. Həm də elə atama da oxşayır. Ey uca Allah, bu günəcən səndən heç nə istəmədim. İndi səndən istəyirəm ki, mənim qardaşımı sağaldasan. Axı o da hələ uşaqdı. Həm də onun gələcək üçün fikirləri genişdir. O, oxuyub adam olmaq istəyir. Mənim Həmzə qardaşımın 14 yaşı var. Anam adətən mən yatarkən gəlib mənə marqlı şeylər danışırdı. O mənə deyirdi ki, dünyaya gəlib-gedənlərin içində 14 nəfər var ki, Allah o 14 nəfəri çox istəyir. Kim nə dua etsə, desə ki, Allah, o 14 nəfərə görə mənim duamı qəbul et, Allah da qəbul edər.
İndi sənə yalvarıram. Mənim qardaşımın 14 yaşı var. Səni and verirəm anamın dediyi o 14 nəfərə! Mənim qardaşımı qoyma ölsün. Axı, sən mənim dostumsan. Kim istəyər ki, dostu tək qalsın? Mən heç istəməmişəm ki, mənim dostlarımın yaxınları ölsün, özləri tək qalsın. Yəqin ki, sən də istəməzsən. Qardaşım ölsə, mən də tək qalacağam. Bunu etmə Allahım. Məktubumu burda bitirirəm. İndi bu məktubu qaldığım xəstəxananın pəncərəsindən sənə yollayacağam. Və min bir həvəslə cavabını gözləyəcəyəm. Məni çox gözlətmə, Allahım.

azadxeber.net

Комментариев нет:

Отправить комментарий