Страницы

09.07.2014

BU İŞLƏRİN İKİSİ DƏ GÖRÜLMƏLİDİR

Akif ABBASOV

Ot biçini vaxtı idi. İndidən qışa hazırlıq görülməli idi ki, şaxta, adamın iliyinə işləyən soyuqlar düşəndə heyvanların yemi olsun. Yoxsa mal-qara qırılardı. Mal-heyvanın tələf olması da ailənin qara günləri demək idi.
Əlqərəz. Kənd camaatı dəryazı əlinə alıb düşmüşdü otun canına. Qırhaqır idi. Məmmədvəlinin Həsənbala ilə işi vardı. Soraqlaşa-soraqlaşa gəlib onun sahəsinə çıxdı. Burada xeyli ot vardı, hündür və yamyaşıl. Sahəyə baxanda adam göz çəkə bilmirdi. Bir az aralıda çay axırdı.
Məmmədvəli ətrafa boylandı. Həsənbala gözə dəymirdi. Onun arvadı Xeyransa əlində dəryaz ot biçirdi. Bərk isti idi. Xeyransa tez-tez dayanıb tərini silirdi. Haradansa saz səsi gəlirdi. Kimsə sazın simlərini dilləndirir, həzin musiqini ətrafa yayırdı. Xeyransa Məm¬mədvəli görüb əl saxladı. Məmmədvəli ona salam verdi. O, Məmmədvəlinin salamını aldı. Onun Həsənbalanı axtardığını başa düşüb:
-Odey, başıbatmış özünü ağacın kölgəsinə verib, saz çalır.
Məmmədvəli ona yaxın getdi. Həsənbala əlində saz ayağa qalxıb ona “Xoş gəldin”elədi.

Məmmədvəli çevrilib dəryazla ot çalan, qızmar istinin təsirin¬dən özü də od tutub yanan Xeyransaya, bir də ağacın kölgəsində özü üçün bir növ istirahət edən Həsənbalaya baxdı. Əldə dəryaz tutaraq, hər dəfə neçə dərəcə bucaq halında yanlara dönməklə ot çalmaq adamı üzüb əldən salırdı. Üstəlik bu işin qadın tərəfindən görülməsi onun əziyyətini ikiqat artırırdı. Məmmədvəli sonra dönüb bığıburma Həsənbalaya baxdı. Özünü saxlaya bilməyib dedi:
-Ə, Həsənbala, insafın olsun. Bu sənin uşaqlarının anasıdır. Bundan başqa qadındır.
Həsənbala təəccüblə ona baxıb çiyinlərini çəkdi. Yəni “Nə olsun ki, o, mənim uşaqlarımın anasıdır, həm də qadındır?!”. Məmmədvəli əlüstü onun nə düşündüyünü başa düşüb:
-Deyirəm yəni, özün bu ağacın kölgəliyində saz çalıb kef edirsən, arvad istə günün altında ot çalır. Dəryaz hərləməyin nə qədər çətin olduğunu sən yaxşı bilirsən.
Həsənbala heç nə olmayıbmış kimi sakitcə:
-Dəryazla ot da biçilməlidir, belə bir havada, təbiətin qoynunda saz da çalınmalıdır. Bu işlərin ikisi də görünməlidir. İndi mən nə edim ki, arvad saz çala bilmir?

Комментариев нет:

Отправить комментарий