Страницы

26.07.2014

Fazil Mustafa kimin arxasında namaz qılır?

Daha çox nurçu olduğu deyilən və bir zamanlar nurçuları tənqid edənlərə "şərəfsiz" deyən deputat Fazil Mustafa yenə gündəmə gəlib. Həqiqətdə bu deputatın ("millət vəkili"  yazmağa əlim gəlmədi) hansı əqidə mənsubu olması hələ də aydın deyil. Əqidəsini gizlətməkdə məqsədinin nə olduğu bir Allah, bir də özü bilir. Məsələ burasındadır ki, deputatın nə dini inancı düz-əməlli məlumdur, nə də siyasi baxışları sağlamdır. Amma şiə məzhəbinə aid olmadığı yüzdəyüzdür.
Bu insan bir dönəm Şah İsmail Xətaini ləkələməyə başladı. AXCP-ni yüz yerə parçalayanlardan biri olan bu insan Azərbaycanda xanlıqları birləşdirən Şah İsmaili məzhəb ayrıseçkiliyi salmaqda ittiham etdi. Amma layiqli cavabını aldı. Sonra gördü ki, Şah İsmaildən bir şey çıxmadı, şiə inanclarına  ilişdi. Efirdə Bakı İslam Universitetinin dekanı Hacı Fuadla əqidə söhbətinə girişib vəhhabi etiqadından çıxış edərək qəbirlərin əslində guya itib-batması inancını müdafiyə etdi.
Hacı Fuaddan layiqli cavabını alıb bu mövzudan da keçdi. Bir müddətdən sonra İranla bağlı gündəmə gəldi.
Əvvəllər vəhhabi olduğu deyilir (əslində kiminsə deməsinə ehtiyac yox idi, çünki danışan kimi vahhabi olduğu açıq-aydın bilinirdi), sonra vəhhabilik də sərf etmədiyi üçün nurçu olmağa qərar verdi. Adı nurçuluqda hallandı və nurçuları tənqid edənləri "şərəfsiz" adlandırdı. Bütün bunlardan əlavə, ən son Ramazan (Fitr) bayramını bəhanə edib gündəmə damğasını vurmaq istədi. Hansı əqidədə olduğunu indiyədək min bir cildə girərək gizli saxlamağa çalışan deputat, sonuncu mənasız mövqeyi ilə həqiqi kimliyini üzə çıxartdı.
"Dünyanın hər yerində Bayram namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyulda təyin olunub. Deyəsən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası QUM saatına baxılaraq yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü QUM tutub. Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran Dininin mənəvi müstəmləkəsi olaraq qalır. Kim istəyirsə gedib öz namazını İran ayətullalarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın kopyaçısına çevrilməyi utancverici bir haldır." Bu, nöqtə-vergülünə əl dəymədən sosial şəbəkədə öz şəxsi səhifəsində yazılan sözlərdir. Özünü din alimi hesab edən bu insan anlamır ki, sosial şəbəkədə "dünyanın hər yerində bayram namazı 28 iyuldadır" yazmaq mənasızdır. Görəsən bu insan ayla müqavilə bağlayıb, nə vaxt görünəcəyini bilir? Bəlkə uzaqgörəndir, yoxsa bundan öncəki prezident seçkisi zamanı efirdə "mən peyğəmbərimiz (s) kimi qəlbləri fəth eləmək üçün gəlmişdim" deyən bu deputata  peyğəmbərlikmi verilib?
Ramazan bayramının məlum olması ayın görünməsiylə bağlıdır. Sən üç gün əvvəl ayın nə vaxt çıxacağını necə deyə bilirsən? O da bilinməlidir ki, İranla Azərbaycanın eyni zamanda bayramı qeyd etməsi, ölkələrin bir üfüqdə yerləşməsinə görədir.
"Qum saatı" ibarəsi ilə Fazil Mustafanın mərcəiyyətin qərar tutduğu İranın Qum şəhərini nəzərdə tutması məlumdur. Amma nurçu deputata bildirmək lazımdır ki, bir insanın gözünü qum tutsa, daxili bəsirəti varsa, onun üçün heç bir problem yoxdur. Amma insanın mənəvi nuru aradan getsə, gözünün nuru (görməsi) yerində olsa da faydasızdır. İndiyədək girişdiyi hər mövzuda layiqli cavab alan bu insan bu dəfə Şamaxı rəsədxanası və Qafqaz Müsəlmanları İdarəsinə sataşmaqdan da özünü saxlaya bilmədi. Kim kimin arxasında namaz qılır, bu  heç kimin maraq dairəsində olmamalıdır. Hansısa alimin arxasında namaz qılmaq, ümumiyyətlə onun həmin alimin müstəmləkəsi, yaxud dövlətinin o alimin yaşadığı dövlətin müstəmləkəsində olduğunu qeyd etmək mənasız mövqedir.
Bizim bir el məsəlimiz var; Yaxşı ad qazanmış bir insan haqqında, "ətəyində namaz qılınası adamdır" deyərlər. Bəs görəsən həmişə pis ad çıxartmış Fazil Mustafa kimin ətəyində namaz qılır? Bir məsələyə diqqət: bu insan iyulun 25-də, Ramazan ayının son cümə günü qeyri-etik atmacalar yazdı. Ramazanın son cümə günü isə Beynəlxalq Qüds Günü idi. Qüds gününün əsası İran İslam Respublikasının banisi İmam Xomeyni tərəfindən qoyulub. Bu gün dünya sisonist İsrailə etiraz edir. Qəlbində zərrəcə mərhəmət və insanlıq olan insanlar bu gün Qəzza xalqına dəstək olub onun dərdindən danışmalı və İsrailə etiraz etməlidir. Qüds günü iki tanınmış şəxsin isə İsrailə etiraz etmədiyi və Qəzzaya dəstək olmadığı bilindi: Fazil Mustafa və onun təriqətinin hazırkı lideri, İsrailin atası Amerikanın ştatlarının birində paşalar kimi yaşayan Fətullah Gülən. Bu iki insan İsraili qınamadı və Qəzzaya dəstək olmadı.
Qüds günü bayram haqqında yazıb qalmaqal yaratmaqda məqsəd, nəzərləri bu günüdən yayındırmaqdır. Fazil Mustafaya izah edilməlidir ki, bəyənmədiyi İran ayətullahları hamısı yekdilliklə öz risalələrində (əhkami hökmləri kitabında) bayramın sübut olunması üçün beş şərt qoyublar ki, birincisi ayı gözlə görmək, sonuncusu isə müctəhidin fətvasıdır. Hətta Fazil Mustafanın gözünün nuru olsa, ayı gözüylə görə bilsə bayram onun üçün sübut olunur. Deməli, bu mövzuda müraciət ediləsi ən son ünvan müctəhiddir.
6 il bundan əvvəl İslam Peyğəmbəri (s) kimi qəlbləri fəth eləmək üçün gəldiyini zənn edən Fazil Mustafa bu müddət ərzində çox dəyişib və əksəriyyəti şiə olan bir xalqın qəlbini qırmaq və onu təhqir edib nifrətini qazanmaqdan başqa bir işə yaramayıb. Sataşdığı isə: Şah İsmail, şiə qəbirləri, İran və Qafqaz Müsəlmanları İdarəsi olub. Yəni,ancaq şiələr. Fazil Mustafanın İslam anlayışı Harun Yəhyanın İslam anlayışından fərqlənmir, deputatlığı da Vladimr Jrinovskidən. Fətullah Gülənin ətəyində namaz qılan bu deputatı namaz vaxtı İsrail səfirliyinə tərəf dayanıb namaz qılan görsəniz, təəccüblənməyin!

Qasımbala Səfərov     azadxeber.net

Комментариев нет:

Отправить комментарий