Bəzən hər hansısa bir məkanda birdən artıq zalımın olması oradakı möminlər üçün rəhmət olur. Quran buyurur ki, sən birləşmiş kafirləri birlik içərisində görərsən, lakin onların qəlbləri dağınıqdır və bir-birlərinə həsədlə doludur.
Bildiyiniz kimi Şam torpaqlarında 'cihad' edən və əli xeyli günahsız suriyalının, əsasən də ələvilərin qanına batmış əsas qruplardan olan Əl-Nusra Cəbhəsinə və onun əlaltısı olan digər müxalif qruplara ən böyük zərbəni məhz İŞİD vurdu. Bunu özləri də etiraf edir. İŞİD isə quduz bir itdir ki, özündən olmayan hər kəsə cumur və bunun nəticəsində əvvəl-axır məhvi labüddür. Əl-Nusra isə Suriyada Əfqanıstan təcrübəsini həyata keçirmək və yeni bir "Taliban" dövləti yaratmaq xülyasında idi. Bu yolda onlar üçün hər cürə şərait və imkanlar var idi. Belə ki, Əl-Nusra İŞİD-dən fərqli olaraq əksər hallarda müxalif qrupları təkfir etmir, əksinə onlarla iş birliyi qurur. Yeni yaradılan "Fəth Ordusu" adlı koalisiya buna bariz nümunədir. Koalisiyanın başında əl-Nusra dayansa da, əsas dayaqları İslam Ordusu, Əhraruş Şam və ASO-dan ibarətdir. Bu üç qrup Qərb, ərəb ölkələri və Türkiyənin gözündə mülayim müxalifət hesab olunur. Hətta bu yay bu qruplaşmaların rəhbərləri Londonda keçirilən konfransa da getmişdilər. Məhz bu sayədə Əl-Nusra "mülayim" müxalifət vasitəsilə silah-sursat əldə edir və bunu Əl-Qaidənin (Usama ben Ladenin) əqidəsi yolunda istifadə edir.
Qısaca Əl-Nusra və İŞİD arasındakı siyasi ixtilafın nəzəriyyəsini sizin diqqətinizə çatdıraq. Ümumən Əl-Qaidənin keçmiş rəhbəri Usama bin Laden radikal sələfilərin hansısa bir məkanda yerləşib dövlət qurmasının əleyhinə olub. Onun fikrincə bu halda bütün güclü düşmənlər birləşib həmin ərazidəcə terrorçuları tamam məhv edə bilər. Buna görə də QHT kimi dünyanın, əsasən də Şərq ölkələrinin hamısında fəaliyyət göstərmək, müsəlmanlara (red. vəhhabilərə) qarşı təxribat olduqda isə terrora əl atmaq metoduna üstünlük verirdi. Yəni qorxunc ruh kimi hər yerdə olub əleyhdarlarının və kafir hesab etdiyi qüvvələrin canına qorxu salmaq, fəaliyyətlərini zəiflətmək, maddi və mənəvi zərərlərə məruz qoymaq. Əgər hansısa ölkədə "müsəlmanlar" (vəhhabilər) müharibə və siyasi böhran şəraitindədirlərsə, yekun qələbəyə və xalqın seçdiyi hökumət qurulana qədər dünyanın hər yerindən vəhhabiləri "cihada" dəvət edib, hərbi kömək göstərmək və s.
Bu təcrübəni onlar Əfqanıstan, Yəmən, Əl-Cəzair, Bosniya və Çeçenistanda sınaqdan keçirsələr də tam uğurlu nəticə vermədi. Elə Suriya Əl-Qaidəsi "Nüsrət Cəbhəsi", yəni "Kömək cəbhəsi" adlandırılır. İŞİD lideri Əbu Bəkr əl-Bağdadi isə bu nəzəriyyəni rədd edərək artıq işləmədiyini ifadə etdi və "müsəlmanların" (vəhhabilərin) izzətinin yalnız fəthlərdə və xilafətdə olduğu ideyasını ortalığa atdı. Xilafət metodikasını qəbul etməyənləri isə "mürtəd" adlandıraraq qanlarını halal elan etdi.
Hal-hazırda onlar Suriyada İŞİD və hökumət ordusuna nisbətdə daha az torpaq əldə ediblər. Xilafət elan olunanda bölünmələr başladı və gedən döyüşlərdə minlərlə vəhhabi bir-birlərinə "mürtəd" adı qoyub hücuma başladılar. Youtube portalında İŞİD-in öz ekstremist vəhhabi əqidə qardaşlarına ağır işkəncə verməsi və edamı ilə bağlı onlarla videokadr var və "xilafət" əsgərləri də bunu boyunlarına alır. Qərb və Suriya müxalifətinin siyasi analitikləri də İŞİD-in regiondakı fəaliyyətlərinin bilavasitə Bəşər Əsədin xeyrinə olduğunu qeyd edirlər, hətta daha irəli gedərək İŞİD-in Əsəd tərəfindən yaradıldığını və maliyyələşdirdiyini iddia edirlər. Əsədin İŞİD-lə, İŞİD-in də Əsədlə döyüş meydanlarında üz-üzə gəlməyə elə də həvəs göstərmək istəməməsini haradasa başa düşmək olar, amma bu hansısa gizli ittifaqa dəlalət edə bilməz. Əslində isə vəziyyətin bu hala gəlib çıxmasının səbəbi Türkiyənin naşılıqlarıdır.Suriya "cihadına" lojistik dəstəyi öz üzərinə götürmüş Türkiyə "acıqlı başda ağıl olmaz" məsəlini bizə xatırladır. Nəticədə isə Türkiyə və müttəfiqləri "Əli aşından da oldular, Vəli aşından da". Meydanda isə artıq Rusiya və İran cövlan edir. Əl-Nusranın əmiri Cövlani yox.
http://analitikbaxis.blogspot.com/2015/10/suriya-muxalifti-n-gunddir.html?m=1
Комментариев нет:
Отправить комментарий