Страницы

04.12.2015

5 DEKABR – “STALİN KONSTİTUSİYASI” GÜNÜDÜR

ƏDALƏT ABDİNOV,
Azərbaycan KP MK-nın katibi

1936-cı il dekabrın 5-də VIII Fövqalədə Ümumrusiya Sovetlər qurultayı tarixə “Stalin konstitusiyası” adı ilə düşmüş SSRİ-nin yeni Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya 1924-cü il SSRİ Konstitusiyası qəbul edilən dövrdən sovet ictimai və dövlət quruluşunda baş vermiş dəyişiklikləri əks etdirdi, SSRİ-də sosializmin qələbəsi faktını təsbit etdi. 1937-ci ildə müttəfiq respublikalarda 1936-cı il SSRİ Konstitusiyası əsasında və ona müvafiq olaraq yeni konstitusiyalar qəbul edildi. Azərbaycan SSRİ-in Konstitusiyası 1937-ci il martın 14-də Fövqalədə IX Ümumazərbaycan Sovetlər qurultayında təsdiq edilmişdir.
“Stalin Konstitusiyası”nın əsas xüsusiyyətləri ondan ibarət idi ki, bu Əsas Qanun sosialist tipli konstitusiyasının V.İ.Lenin tərəfindən işlənib hazırlanmış səciyyəvi xüsusiyyətlərini, dövlət quruculuğunun Lenin prinsiplərini qoruyub saxlayır və inkişaf etdirir. O, 1924-cü il Konstitusiyasının ideya və prinsiplərinin varisliyini qoruyub saxlayırdı. Ancaq bu varislik həmin müddəaların təkrarlanması deyildi. Bu, onların inkişaf etdirilməsi, həmin dövrün tələblərinə uyğun olan yeni məzmunla zənginləşdirilməsi demək idi.
“Stalin Konstitusiyası”nda sovet siyasi sistemi, SSRİ-nin iqtisadi sistemi, sosial inkişaf və mədəniyyət, xarici siyasət və vətənin müdafiəsi, dövlət və şəxsiyyət, SSRİ-nin milli dövlət qurluşu və s. məsələlər öz konkret əksini tapmışdır.
Yaşlı nəsil yaxşı xatırlayır ki, 1976-cı ilə qədər 5 dekabr – həmin gün qeyri iş günü idi – Konstitusiya günü kimi qeyd edilirdi. Məktəblərin tarix dərsliyində 1936-cı il SSRİ Konstitusiyasının yaradıcısı kimi İ.V.Stalinin adı qeyd olunurdu.
1936-cı il SSRİ Konstitusiyasının 41 ildən artıq qüvvədə olduğu dövrdə sosializm cəmiyyətində dərin dəyişikliklər baş vermiş, inkişaf etmiş sosializm cəmiyyəti qurulmuş və Sovet dövləti ümumxalq dövlətinə çevrilmişdir ki, bu da yeni konstitusiya qəbul edilməsi məsələsini meydana çıxarmışdı.
Yeni Əsas Qanun layihəsinin işlənib hazırlanması  üzrə konstitusiya komissiyasına Sovet İttifaqı Kommunist Partiyası və Sovet dövlətinin görkəmli xadimləri, bütün müttəfiq və bir çox muxtar respublikaların nümayəndələri daxil edilmişdi. Konstitusiyanın layihəsinə 1977-ci il mayın 24-də Sov.İKP MK-nın plenumunda və SSRİ Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 27 may tarixli iclasında baxılmış və o, əsasən bəyənilmişdir. 1977-ci il iyunun 4-də Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. Həmin müzakirələr nəticəsində konstitusiyanın 118 maddəsinə dəyişikliklər edilmiş, 1 maddə əlavə olunmuşdur. 1977-ci il oktyabrın 7-də SSRİ Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında yeni SSRİ  Konstitusiyası təsdiq edilmişdir.

Комментариев нет:

Отправить комментарий