Страницы

31.01.2016

BANKLAR NİYƏ SÜRƏTLƏ BAĞLANIR? - Mərkəzi Bankdan əmanətçilərə zərbə

Azərbaycanda daha iki bank bağlandı. Mərkəzi Bankın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 27.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edilib. Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Qeyd edək ki, bununla son 10 gündə bağlanan bankların sayı 6-ya çatıb, iki bank isə birləşdirilib. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli qərarı ilə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib. Bir neçə gün əvvəl isə “Gəncə Bank” ASC və “Bank of Azerbaijan”ın lisenziyaları ləğv olunmuşdu. Həmçinin “AGBank” ASC və “DəmirBank” ASC arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb.
Dünən Əmanətlərin Sığortalanması Fondundan verilən məlumatda qeyd edilir ki, “NBCbank” ASC və “Yunayted Kredit Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.
Ekspertlər hesab edirlər ki, bank sektorunda islahat aparılması vacib olsa da, düzgün istiqamətdə aparılmalıdır ki, ölkədə ajiotaja səbəb olmasın. Əks halda, əhali banklara inamını daha da itirərək, əmanətlərini geri çəkməyə başlayacaq və bu da bank sektoruna daha ağır zərbə vura bilər.
Bank səhəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da bank sektorunda gedən proseslərlə bağlı fikirlərini açıqlayıb. O, hesab edir ki, Mərkəzi Bankın bankların bağlanması və birləşdirilməsi prosesinə start verməsi gecikmiş olsa da, ümumilikdə düzgün addımdır. “Qeyri-sağlam banklar ləğv edilməli, sağlam, lakin çətinliyi olan banklar isə birləşdirilməlidir. Bununla belə, təbii, realist olmaq lazımdır. Niyə məhz indi? Niyə məhz bu banklar? Ardı olacaqmı? Olacaqsa, kimlərə aid olacaq? Bank müştəriləri, xüsusən də əmanətçilər nəyə diqqət etməli, nəyi nəzərə almalıdır ki, onları növbəti dəfə aldatmasınlar?
1. Banklar niyə məhz indi ləğv edilir? Ona görə ki, yaxında “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə minəcək. Həmin andan əmanətlər 100% sığortalanmış və deməli, bağlanan bankların əmanətçilərinə əmanətlər tam ödənilməli olacaq. Buna yol verməmək üçün Mərkəzi Bank bankları Qanun qüvvəyə minənədək ləğv edir. Başqa sözlə, bağlanan banklar üzrə əmanətlər yalnız 30 000 manat (18 750 dollar) həddində kompensasiya ediləcək. Digər əmanətlər, bir qayda olaraq, batacaq. Başqa sözlə, banka limitdən artıq əmanət (kredit) qoymuş şəxslər əlini pulundan üzsün! Yeri gəlmişkən, banklar əhalidən və sahibkarlardan kreditlərin qaytarılmasını tələb edəndə deyirlər ki, heç elə də şey olar, krediti götürmüsən, indi qaytar da, qaytarmasan səni məhv edərik! Bəs necə olur ki, bankda pul bata bilər və buna görə heç kəs məsuliyyət daşımır, amma bankın pulu borcluda batanda, onu hədələyirsiz, təhqir edirsiz?” – ekspert qeyd edir.
Əkrəm Həsənov məhz bu bankların bağlanmasının təsadüfi olmadığını deyir. “Ona görə ki, bu banklarda (“Gəncəbank”, “Yunayted Kredit Bank” və “NBCBank”) sığortalanmış əmanətlərin miqdarı cüzidir. Başqa sözlə, Əmanətlərin Sığortalanması Fondunun üzərinə elə də böyük yük düşməyəcək. Təbii ki, ictimaiyyətin və Prezidentin gözündə xal qazanmaq, müsbət fəaliyyətlə məşğul olduğunu göstərməklə yanaşı, Mərkəzi Bankın rəhbərliyi üçün əsas məsələ də məhz budur. Çünki sözügedən Fondun vəsaitini faktiki məhz Mərkəzi Bank idarə edir. Fondun nəyə qadir olduğunu hamıdan yaxşı bilir və müflisləşməsini istəmir. Lakin təbii ki, əslində bağlanmalı olan bankların sayı çoxdur. Mərkəzi Bank deyir ki, bu bankları “məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə” bağlayıb. Bankların ən azı yarıdan çoxu bu meyarlara uyğun gəlir, buna görə də maliyyə hesabatlarını gizlədirlər. Bəs onlar niyə ləğv olunmur? Ona görə ki, onlarda sığortalanmış əmanətlərin miqdarı çoxdur” – Əkrəm Həsənov deyir.
Hüquqşünas əlavə edir ki, bankların ləğvi “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə minənədək olacaq. Səbəb isə ondan ibarətdir ki, yuxarıda da qeyd edildiyi kimi, əks təqdirdə, Fond bütün əmanətləri kompensasiya etməli olacaq. Ləğv ediləcək banklarda sığortalanmış əmanətlərin miqdarı yenə də çox az olacaq. Daha hansı banklar birləşdiriləcək sualına cavab olaraq Ə.Həsənov bildirir ki, məntiqlə sağlam, lakin çətinliyi olan banklar birləşdirilməlidir ki, çətinliklərin öhdəsindən birgə gələ bilsinlər.
“Ümid edək ki, belə də olacaq. Lakin əmin olmayaq. Çünki vurğuladığım kimi, Mərkəzi Bankın rəhbərliyinin əsas məqsədi Əmanətlərin Sığortalanması Fondunu itkilərdən qorumaqdır. Buna görə də böyük ehtimalla Mərkəzi Bank qeyri-sağlam bankların da birləşdirilməsinə gedə bilər ki, gözdən pərdə assın. Ona görə ki, qeyri-sağlam bankların bəzisində sığortalanmış əmanətlərin miqdarı çox böyükdür. Deməli, belə bankların ləğvi Əmanətlərin Sığortalanması Fondunu müflis edə, yəni Mərkəzi Bankın yarıtmaz fəaliyyətini nümayiş etdirə bilər. Əlbəttə, QİÇS xəstəsi olan insanların evləndirilməsi kimi qeyri-sağlam bankların da birləşdirilməsi yekunda faciə ilə qurtaracaq. Lakin vaxt udmağa, müəyyən dövr ərzində hamını aldatmağa, nüfuzu qorumağa və vəzifədə qalmağa xidmət edə bilər. Vaxt udmaq isə Mərkəzi Bankın mövcud rəhbərliyi üçün olduqca vacibdir, çünki aydın məsələdir ki, yaxında istefaya göndəriləcək və bundan sonrakı problemləri xələfinin üzərinə yıxa biləcək.
Hüquqşünas bildirir ki, bu sual ilk növbədə bank əmanətçilərini düşündürməlidir. “Hazırda bankların bir çoxu əmanətləri qaytarmır. Lakin Mərkəzi Bank onları ləğv etmir ki, əhali sığortalanmış əmanətləri üzrə kompensasiya alsın. Qorxuram ki, bundan sonra da əhalinin başını onunla qatsınlar ki, “bu banklar birləşir, ona görə də hələlik gözləyin, qoy birləşsinlər, əmanətləri sonra birləşmiş yeni bank özü qaytaracaq”. Buna yol vermək olmaz! Belə olsa, bilin ki, bizi aldadırlar və birləşdirilən banklar əslində qeyri-sağlamdır, sadəcə vaxt udmaq və əmanətləri kompensasiya etməmək üçün bizimlə oyun oynayırlar. Əslində isə bu halda belə olmalıdır. Bankların birləşməsi üçün Mərkəzi Bankın razılığı tələb olunur. Necə ki, bu gün Mərkəzi Bankın sədri bizə bəyan etdi ki, “Dəmirbank” və “AGBank” birləşdiriləcək. Bu o deməkdir ki, Mərkəzi Bank bu iki bankı sağlam, lakin müəyyən çətinliklərlə üzləşmiş hesab edir. Sadə dillə, onlar QİÇS-ə deyil, yalnız qripə yoluxublar. Lakin, məsələn, tutaq ki, “Dəmirbank” əmanətləri artıq qaytara bilmir. Bu halda Mərkəzi Bank “Dəmirbank”a kredit verməlidir ki, o, öhdəliklərini icra edə bilsin. Yox, əgər Mərkəzi Bank bunu etmirsə və əmanətçilər pulunu “Dəmirbank”dan götürə bilmirsə, deməli, bizi aldadırlar. Məntiq sadədir: Mərkəzi Bank “Dəmirbank”ı sağlam hesab edirsə, niyə ona kredit vermir, niyə ona etibar etmir? Deməli, əmanətçilərə deyir ki, siz etibar edin və birləşmə prosesinin bitməyini (illərlə çəkə bilər) gözləyin, amma mən Mərkəzi Bank olaraq “Dəmirbank”a etibar etmirəm! Buna görə də diqqətli olun: birləşdirilən bank əmanətlərinizi qaytara bilmirsə, deməli, əslində o ləğv edilməli idi və sizi sadəcə vaxt udmaq üçün aldadırlar. Bu halda, bəlanızın təqsirkarının Mərkəzi Bank olduğunu bilin və haqqınızı ondan tələb edin” – deyə Ə.Həsənov qeyd edir. /bizimyol.info/

Комментариев нет:

Отправить комментарий