Страницы

23.01.2016

Qədim Azərbaycan tarixi -2

II hissə: Azərbaycan ərazisi Babilistan və Misir düzənliklərindən daha yaxşı suvarılırdı

 İran tarixçilərinin əsərlərində göstərilir ki, qədim Azərbaycanın ərazisində bir çox bitki əkilirdi. S.Rəhimzadəyə görə, “Əhəmənilərin dövründə qərblilər pambığı tanımır və onun əkmə üsulunu da bilmirdilər… Pambığın becərilən yeri Hindistandır. Daranın səltənəti dövründə İranın qərb və şimal-qərbində pambıq əkilirmiş. Pambıq parçalar yun parçalardan yumşaq toxunduğuna görə avropalılar arasında çoxlu müştərisi var idi”.
 Azərbaycan ərazisində bitən qızıl gül haqqında Zəkəriyyə Məhəmməd Əl Qəzvini yazır: “Azərbaycanda bitən qızıl gül öz bolluğuna görə dağlardakı lalələri xatırladır”.
 Azərbaycandan müxtəlif bitkilərin, o cümlədən yonca toxumu Avropa ölkələrinə aparılmışdır. Bu məsələyə İran tarixçilərinin əsərlərində toxunulmuşdur. Həsən Pirniya Pliniyə istinad edərək yazır: “Plini yoncanı Midiya otu (Herba Medica) adlandıraraq demişdir: onu iranlılar Daranın Avropaya qoşun çəkdiyi dövrdə o qitəyə aparmışlar”.
 İbrahim Purdavud Midiyanı yoncanın ilk vətəni hesab edərək bu bitkiyə midiyalılar tərəfindən əspəst deyildiyi fikrini irəli sürmüşdür. Qeyd etmək lazımdır ki, H.Pirniyanın və İ.Purdavudun Azərbaycanda yetişdirilən bitkilər haqqında yuxarıdakı qeydləri ilə razılaşmaq olar. Strabonun göstərdiyinə görə, Midiyada atların bəslənilməsi üçün ən keyfiyyətli yem hesab edilən ot Midiya otu adlanır.
 İranda əkinçiliyin tarixini tədqiq edən Tağı Bəhrami göstərmişdir: “Midiyalılar yəqin ki Gilan və Mazandaranın bir hissəsində də yaşamışlar. Midiya cənubdan müasir fars və Püştkuh ilə sərhəd idi. Qərbdən isə Zaqros dağları Midiyanı hücumlardan qorumaqla bərabər, həm də su ehtiyatı ilə onun ərazisini təmin edirdi. Bu hissə məhsuldarlığına, suyunun bolluğuna görə Midiyanın ən yaxşı nahiyələrindən biri idi. Bu müqəddimədən məqsədimiz Midiya əkinçiliyinin iki cəhətinə diqqət yetirməkdir. Biri yonca otlaqları, o biri isə Midiyanın şöhrət qazanmış at ilxılarıdır. Yoncanın əsl vətəni Midiyadır. Ona görə də bu bitkiyə Midiya şəbdəri deyirmişlər”.
 Cənubi Azərbaycanda professor Fondrastenin rəhbərliyi ilə Təxt-Süleymanda aparılan arxeoloji işlər bu ərazidə əkinçiliyin tarixini öyrənmək üçün bir sıra dəyərli materiallar vermişdir. Atropaten və Albaniya ərazisi əlverişli iqlim şəraiti və məhsuldar torpaqlara malik idi. Strabonun göstərdiyinə görə, Kür və başqa çaylar daşdığı zaman əmələ gələn lil (gil) təbəqəsi torpağı münbitləşdirir. Ona görə alban torpağı son dərəcə münbit və məhsuldardır. Çox vaxt bir dəfə əkilmiş torpaq iki və hətta üç dəfə məhsul verir; birinci dəfə, hətta dincə qoyulmadan və sadə xışla becərilən torpaq birə əlli məhsul verir”.
 İstər Atropaten və istərsə Albaniya ərazisində əkinçilikdən danışdiqda, şübhəsiz, bu ərazidə vaxtı ilə istifadə edilmiş süni suvarma sistemindən qısaca danışmaq lazım gəlir. Atropaten (Kiçik Midiya) ərazisində süni suvarma kanalları qədim tarixə malikdir. Arxeoloji qazıntılar zamanı Təxt-Süleymanda 7 süni su kanalı aşkar edilmişdir. Bu kanallar vasitəsilə Təxt-Süleyman qalasının daxilində olan gölün suyu ətrafındakı əkin yerlərinə aparılıb istifadə edilmişdir. Müəyyən vaxtdan sonra gölün suyu əvvəlkinə nisbətən azalmış və 3 kanalın suyu qurumuşdur.
 Muğan düzündə eyni ilə belə bir suvarma kanalı olmuşdur ki, T.S.Passek onun hələ eramızdan əvvəl birinci miniliiyin ortalarında əkinçilikdə istifadə olunduğunu qeyd edir. Başlanğıcını Araz çayından götürüb 100 kilometrlərlə uzanan bu arxın hələ əhəmənilər dövründə çəkildiyi göstərilir. Mənbələrə görə. əhəmənilər dövründə İranın bir əyaləti (satraplığı) olan Midiyanın tərkibinə Kaspiana ərazisi də daxil idi. Burada əsas təsərrüfat sahəsi süni suvarma əsasında inkişaf edən əkinçilik olmuşdur. Onların ərazisindəkin süni suvarma arxlarının eramızdan əvvəl IV əsrdə çəkilməsi qeyd edilir. Qeyd etmək lazımdır ki, İ.İ.Meşşaninov da Mil düzündəki süni suvarma arxlarının eramızın IV-VI əsrlərində çəkildiyini göstərmişdir.
 Strabona görə, Albaniyanın bütün ərazisi arx və qeyri sular vasitəsilə Babilistan və Misir düzənliklərindən daha yaxşı suvarılır, bunun nəticəsində isə otlaq yerlərinin sayı-hesabı yoxdur, buranın iqlim şəraiti də oranınkından üstündür.
 Azərbaycan ərazisində eramızdan əvvəl suvarma işlərində kəhriz sistemindən istifadə edilmişdir. İ.P.Petruşevski haqlı olaraq göstərir ki, İranda kəhriz sistemi suvarmanın ən qədim növlərindən biridir. Albanlar eramızdan əvvəl I əsr - eramızın III əsrlərində əkin yerlərini suvarmaqda kəhriz sistemindən istifadə etmişlər. Orta əsr tarixçisi Həmdullah Qəzviniyə görə, Təbriz ətrafında bağları suvarmaq üçün 900-dan artıq kəhrizin suyundan istifadə olunurmuş. Y.U.Hümmel Şamxor çayı ətrafında eramızdan əvvəl I ərsə aid qəbiristanlıqda qazıntı apardıqda qədim kəhrizin qalığına təsadüf etmişdir. Qədim kəhrizlər Bakı və Lənkəran şəhərlərində də aşkarlanmışdır.
 Təxt-Süleymanda aparılan qazıntılar nəticəsində müxtəlif təndirlərin, xəmir təknələrinin və gildən hazırlanmış tağarların, iki böyük dəyirman daşının və xeyli miqdarda qaralıb oksidləşmiş buğda dənələrinin tapılması faktı bu ərazidə yaşamış əhalinin təsərrüfat sahələrini öyrənmək üçün böyük əhəmiyyətə malikdir. Mütəxəssislərin fikrinə görə, yuxarıda göstərdiyimiz materiallar eramızın II əsrinin sonu və III əsrinin başlanğıcına aid edilmişdir.
 Albaniyanın daxil olduğu Zaqafqaziya ən qədim və əsas taxılçılıq rayonlarından biridir. V.H.Komarovun göstərdiyi kimi, Zaqafqaziya hətta bir sıra meyvə və dənli bitkilərin vətənidir. P.M.Jukovskiyə görə, Qafqaz ərazisi əksər buğda növlərinin vətəni sayılır. Mingəçevirdə eramızdan əvvəl birinci minilliyin əvvəllərinə aid taxıl və un qalıqları tapılmışdır. İ.D.Mustafayev tərəfindən tədqiq edilən bu unun bərk buğda növünə aid olması müəyyənləşdirilmişdir.
 Mingəçevirdə Kürün sol sahilıində qazıntı zamanı eramızın əvvələinə aid darı və arpa qalığı da tapılmışdır. Moisey Kaqankatvasi “Aqvan tarixi” əsərində Azərbaycanda başqa bitkilərlə bərabər, Kür çayı boyunca çoxlu taxıl yetişdirildiyini xəbər verir. Həmbullah Qəzvini də Azərbaycanın müxtəlif əyalətlərində taxılın qədim dövrlərdən becərildiyini göstərmişdir.
 Strabonun qeyd etdiyinə görə, Atropaten ərazisinin çox hissəsi yararlı, məhsuldar və səmərəlidir, ancaq oranın şimalı sərt dağlıq olub soyuqdur; burada yalnız dağda yaşayan tayfalardan başqa, heç kim yaşamır.
 Qədim Azərbaycanda maldarlıq və onun inkişafı haqqında Məhəmməd Həsənxan yazır: “Azərbaycanda qaramal, qoyun və öküz saxlayıb çoxlu gəlir götürürlər. Azərbaycanın otlaqlarının çoxusunda ilxılar da vardır”.
 Rəhimzadə Səfəviyə görə: “Şimal çəmənləri “xalisə” torpaqları olduğuna görə burada əyanların, adlı-sanlı şəxslərin hər birinin sürüləri var idi... Uzunqulaq, yükdaşıyan qatır və iki hörgüclü dəvələrin çoxlu alıcısı olmuşdur”. Müəllif şimal əyalətləri dedikdə məhz Azərbaycanı nəzərdə tutur. H.Pirniyanın göstərdiyinə görə isə, “Əhliləşmiş heyvanların əksəriyyəti öküz, dəvə, qoyun, keçi və s. ibarət idi”.
 “İran-e iqtisadi” əsərinin müəllifi Rəhimzadə Səfəvi atçılıqdan danışarkən Azərbaycanda bəslənən atların müharibələrdə və təsərrüfat işlərində şöhrət qazandığını göstərir. Bu məsələdən bəhs edən müəllif yazır: “İran İraqı, Xorasan, Azərbaycan, Ermənistan və Silesiyada elə atlar bəslənilirdi ki, qıvraqlığına və yük aparmaqlarına görə dünyada məşhur idi”.
 Azərbaycanın cənub rayonlarında yerləşən Urmu gölünün cənub-qərbindəki Həsənlu kəndində, müasir Təxt-Süieymanda və bir sıra başqa yerlərdə aparılmış arxeoloji qazıntılar qədim dövrlərdən etibarən bu ərazidə heyvandarlığın olması və inkişafı haqqında maraqlı materiallar vermişdir. Həsənlu mədəniyyətində metal və saxsıdan hazırlanmış bir sıra heyvan fiqurlarına və habelə qoyun, öküz, keçi, at və dəvə sümüklərinə rast gəlmək olar. Bunu palçıqdan hazırlanmış qabda və bu qabın hər üç payası üzərində qoyun və qoç başı şəkillərinin olması da subut edir. Yenə orada gildən vaxtı ilə hazırlanmış çayniklərin qulpunda və lülək hissələrində, gövdəsində müxtəlif ev heyvanlarının şəkilləri də vardır. Həsənlu mədəniyyətində əldə edilmiş qiymətli metallar və o cümlədən əqiq, lacivərd daşlarından hazırlanmış bir sıra bəzək şeyləri üzərində həkk olunmuş qoç, keçi, at, dəvə, öküz və başqa heyvanların şəkillərinə də rast gəlmək olur.
 Həsənlu kəndində tapılmış qızıl cam və qızıl güldan üzərində olan at, öküz, qoç, keçi, dəvə şəkilləri Azərbaycan ərazisində maldarlığın inkişafı tarixini göstərən qiymətli faktlardan biridir. İstər qızıl cam və istərsə də qızıl güldan üzərində olan heyvan şəkillərindən at, qoç və öküz şəkilləri diqqəti daha çox cəlb edirdi. Bunlar Azərbaycan ərazisində o zaman cins atlar bəslənildiyini, habelə qoyun, keçi, öküz sürülərinin də saxlanıldığını göstərir. Albaniyada da öz növbəsində çoxlu öküz, at və qoyun sürüsünün olması bir sıra mənbələrdə göstərilmişdir. Məlum olduğu kimi, bu ərazi sakinlərinin əsas peşəsi maldarlıqdan ibarət olmuşdur. Burada tapılmış heyvan fiqurları göstərir ki, onlar hazırlandığı dövrdə həmin heyvanların özləri də mövcud olmuşdur. Mingəçevirdə aparılan qazıntı zamanı II, III, IV, V kurqanlardan külli miqdarda at sümüyü tapılmışdır. Bu faktı ərazidə atçılığın inkişafını göstərən amil kimi qəbul etmək olar. Azərbaycan xalqının qədim babalarından biri olan albanlarda da atçılıq yaxşı inkişaf etmişdir. Bu ərazi otlaqlarla zəngin olduğu üçün maldarlığın inkişaf etməsinə əlverişli şərait yaradırdı. 
 Məhəmməd Həsənxan haqlı olaraq öz əsərlərində Azərbaycanda sənətkarlıqla bilavasitə əlaqədar olan faydalı qazıntılar və mədənlər haqqında məlumat vermişdir: “Təbriz şəhərinin yaxınlığında ağ mərmər mədənləri görünür. Bu mədənlərin birinci mərməri o qədər şəffafdır ki, o nə qədər bərk olsa da işığı keçirir. Deyildiyinə görə, bu mərmər bir bulağın, mənbənin suyudur ki, bulaqdan çıxdıqdan sonra bərkiyib mərmərə dönür. Təbriz şəhərinin ətrafında qızıl və duz mədənləri də vardır”. Müəllif daha sonra yazır: “Göstərdiyimiz dövrdə (eramızdan əvvəl IV eramızın III əsrində) əhalinin (şəxslərin) bəzək şeyləri qolbaqdan, üzük, sırğa və s. ibarət idi. Onlar qızıl, gümüş, tunc və misdən hazırlanmışdır. Bəzi kiçik zinətlər qızıldan şaxə kimi təmiz düzəldilirdi. Əl barmağının üzükləri qalın, lakin ayaq barmaqlarının üzükləri və bilərzikləri çox nazik hazırlanırdı. Qızıldan hazırlanmış bəzi baş zinətləri də tapılmışdır”. Məhəmməd Həsənxana görə, “Gülbatından olan bəzi enli qaytanlar da tapılmışdır. Bu zinət şeylərindən məlum olur ki, o dövrün adamları özlərini bəzəməyə çox meyl göstərmələri ilə bərabər, çoxlu var-dövlətə də malik olmuşlar”.
 Həsənlu kəndində tapılmış qızıl cam Azərbaycan ərazisində sənətkarlığın inkişafını göstərən ən dəyərli sübutdur. Həmin cam eramızdan əvvəl VIII əsrdə Manna sənətkarları tərəfindən hazırlanmışdır. Bu cam üzərində hərbi araba və fayton şəkilləri həkk olunmuşdur. Kirşmana görə, “Azərbaycan ərazisinin sənətkarları və metalçıları qədimdən şöhrət qazanmışdılar”. Həsənlu kəndində tapılan qızıl cam haqqında Londonda nəşr edilən jurnallardan biri yazmışdır: “Bu camın adi qiymətinin iyirmi min ingilis lirəsi təyin edilməsinə baxmayaraq, onun tarixi və sənətkarlıq əhəmiyyəti bu göstərdiyimiz rəqəmdən qat-qat artıqdır”. Göstərdiyimiz fakt sübut edir ki, Midiya və Ənəməni dövlətləri yaranmamışdan əvvəl Azərbaycanda sənətkarlıq, o cümlədən zərgərlik inkişaf etmişdir.

İbrahim Sel, “Qədim Azərbaycan tarixi”

Комментариев нет:

Отправить комментарий