bir kəlimənlə ümid şübhə libasını əbədilik soyunacaq,
Sən...
məndən bir sevgi kənar durmusan, bu, dünyanın ən uzaq məsafəsidir.
mən isə bir nəfəs məsafəndəyəm.
Məncə,
bir əsrdən çoxdur gülümsəmirsən güzgüyə,
saçların da külək darayandan-darayana gözəlləşir.
De,
ilk dəfə nə vaxt unudulmusan?
nəfəsin titrəyərək hansısa yad dildə nəsə pıçıldayırsan boşluğa sarı
qəribədir, təkcə barmaqlarım eşidir o səsi
lakin, qadın dilidir, anlamır...
Helena, göz yaşları silməz dərdləri,
dərddən bir az dərd götürər.
o gündən bu yana əllərin də ağırlaşıb, daşımaq çətin olur...
bilirəm,
daha çobanyastığının ləçəklərindən nəsə ummağı tərgitmisən.
Gözlərini tərk etdiyim gün
ilk dəfə görüşdüyümüz yerə doğru tələsdim.
Xatırladım ki, axşam xəbərlərində proqnoz verilmişdi:
“Sabah havada günəşli həsrət hökm sürəcək, günortadan sonra isə şiddətli ayrılıq və aramsız göz yağışları gözlənilir...”
Skameykalar, bizi qovan qəzəbli bağban, quduz it, sonu olmayan arzular, vaxtın gec olmağından gileylənən qız...
Heç biri yox idi bu gün.
Anidən huşum itmişdi sonu görünməyən boşluğun pəncəsində
Ayılanda gördüm ki, həmin bağban, həmin it, həmin arzular, həmin skameykalar, yeganə səndən savayı...
Məgər, hər şey yerində imiş...
Kənara boylanıb izini axtardım, əslində burda olmalıydın deyə
Mən yerimdən tərpənmədim...
Bir də gördüm ki, boynuma iri bir lövhə asılıb
üzərində əyri-üyrü xətlə bir neçə cızma-qara yazılıb:
İtkin düşüb,
evdən çıxanda üzərində ümid olub...
AXTARILMIR...
Комментариев нет:
Отправить комментарий