Страницы

23.12.2016

Abdulla Şaiq, "Məktub yetişmədi" hekayəsindən bir parça

...-Namərdlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. Hər tərəfə dönsəm, onlar da o səmtə sürünürdülər. İndi ki, quyu dərinləşib, mənə baş olmaq istəyirlər, hər gün mənə təzə bir "ultimatum" verirlər. "Quyu dərinləşib, ölüm ayağı var. Daha nə bilim nə... nə" - deyə hər gün təzə şərt qoyurlar. Tfu, sizin kimi namərd adamlara! Sizə qırmanc lazımdır, qırmanc! 
Tanrıverdi və Səfər çəkdikləri torpağı boşaldıb yenidən dolu quyuya buraxdıqdan sonra Tanrıverdi:
-Ay ağa, - dedi, - bilirsən ki, quyunun indi çətin vaxtıdır, əjdaha kimi ağzını açıb qurban istəyir. Insaf da yaxşı şeydir. Axı... 
Səfər Tanrıverdinin sözünü kəsdi, göz işlədikcə sıra ilə düzülən neft buruqlarına əli ilə işarə eləyərək əlavə etdi: 
-Bax, bu yerlərin hər guşəsinə ayaq bassan, hər ovuc torpağına qazma vursan, işçi sümüyü görərsən, işçi fəryadı eşidərsən. Bu uca evlərdə, isti otaqlarda naz-nemət içində yaşayan... 
Hacı Qulu Səfərin sözünü kəsib, ayaqlarını yerə çırparaq, bağıra-bağıra: 
-Canınız çıxsın, - dedi, - pul qazanmaq asandır? Siz canınızdan keçirsiniz, biz də ətək-ətək pulumuzdan. 
-Səfər! Səfər! Qurban ipi tərpədir. 
Səfər və Tanrıverdi tez quyunun ağzına yüyürdülər. Başlarını aşağı dikərək baxırkən, quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. Hər ikisi həyəcanlı bir səslə: 
-Allah özü bağışlasın. Qurban da belə getdi, - deyə fəryad qopardılar. 
Hacı Qulu bir şey eşitmirmiş kimi, qorxa-qorxa quyunun ağzına gəldi və ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. Birdən-birə gözlərində, üzündə daşqın bir sevinc qığılcımları, dodaqlarında məmnuniyyəti andıran bir təbəssüm olduğu halda uca səslə: 
-Çeşmənin başı açıldı, yavaş-yavaş neft qaynayır, - dedi. 
Tanrıverdi soyuq və laqeyd bir tövrlə: 
-Hacı, Qurbanın meyiti quyuda qalacaq? - deyə soruşdu. 
Bu sözdən Hacı Qulu şirin yuxudan oyanmış kimi oldu. Göz qapaqları iri-iri açıldı. Kisəsindən iki iyirmi beşlik çıxarıb: 
-Kim bu işi görsə, bu əlli manat onundur, - dedi. 
Tanrıverdi quyuya yaxınlaşdı və neftin qaynayıb qalxdığını görüncə: 
-Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, - dedi. 
Hacı əlli manatı onlara verib dedi: 
-Bu əlli manat sizin olsun, bölüşün, ancaq bu işi ağzınızdan qaçırmayın. 
Səfər soruşdu: 
-Ağa, bəs paltarı nə olacaq? 
Hacı əlini onun çiyninə qoyaraq, yağlı bir dil ilə: 
-Onu da buralarda bir yer qazıb basdırın, - dedi. 
Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən, arasından yerə bir məktub düşdü. Məktubun üzərində: "Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək" cümləsi yazılmışdı. 
Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlərlə süzərək: "Yazıq Qurban, məktub yetişmədi" - deyə inlədilər.

Комментариев нет:

Отправить комментарий