İndi bu iş yaman dəbə minib. Kasıb-kusub qalıb bir yanda, varlı-karlılar, pulu aşıb-daşanlar adlarını nisyə dəftərlərinə yazdırır ki, guya kasıbdırlar, pulları yoxdur, əlləri aşağıdır. Məşhur çörəksatanlardan biri, hansı ki bir neçə mağazası var, günü də ölüsü 1000-1500 manata düşür. Hə, bu seyid bir südsatan arvada 1000 manatdan yuxarı borcludur. Yazıq arvad, onu görəndə adamı ağlamaq tutur, 2 ildir həmin seyid biznesmenin dalınca sürünür, ancaq pulunu ala bilmir.
Buna oxşar başqa bir əhvalat da eşitmişəm. Belə ki, başqa bir seyid direktor aboy-rəng alır nisyə, kitab sifariş verir nisyə, ət alır nisyə... guya pul yoxdur. Amma attestat satanda nisyə qalanların az qalır gözün deşə. Yaxşı ki vicdanı, ləyaqəti nisyə vermirlər. Bunlardan da xeyli alıb...
Allah bizim milləti yaradıb gündüz ya idarədə, ya da bazarda alver etsin, axşam tərəfi yasa getsin, axşamlar da toya. Başqa heç nə veclərinə deyil. Necə deyərlər CİP-li kişilərin sayı artandan cəsarətli kişilərin sayı azalıb. Eşidirsən ki filan rayonda, ya da filan sahədə çöngə alverçisi rəhbərlik edir, təəccüb qalırsan ki, o yazıq bu sahəni necə idarə edir? Və dEvlətimiz bu cöngə alverçiləri ilə hara gedir? Qaldı ki adlarını yalandan nisyə dəftərlərinə yazdıranlara, istəyirəm bir az da dəqiqləşdirmə aparandan sonra onların da siyahısını çıxarım, xalqımız özünün varlı dilənçiləri ilə şəxsən tanış olsun.
Sənə söhbət edim bir yoldaşın rayon polis rəisinə təşəkkür və təklifindən. Adını açıqlamayan çox cəsarətli oxucularımızdan biri yazır: “Hörmətli rəis! Siz rayona yeni polis rəisi təyin olunandan sonra bir çox özündən deyən zabiti işdən çıxartdınız, yerlilərinizi gətirdiniz. Onların bir-ikisi “ay belə yazacam”, “ay belə haray-həşir salacam”, “Bir-iki həftə səbr edin, rəisin bəzi əməllərini belə faş edəcəyəm” desələr də, sonra hamısı quzu balası kimi susdu. Belə qorxaqları oradan uzaqlaşdırdığınıza görə lap çox sağ olun. Onlar öz hüquqlarını qoruya bilmədi, bizim hüquqlarımızı necə qoruyurmuşlar?”. Sonda isə məktub müəllifi yeni rəisin kirayə qaldığı evə gedən küçənin asfaltlanmasından vəcdə gələrək, yeni rəisdən xahiş edir ki, kirayə qaldığı evləri tez-tez dəyişsin, bəlkə həmin küçələr də asfalt ola.
Eşitdiyimə görə, bir ərazi nümayəndəsi var, bütün qoyunlarını satıb, icra hakimiyyətində təlimatçı işləmək istəyirdi. Həmin məsələ dilə-dişə düşdüyü üçün həmin vaxt bu vəzifə alveri alınmayıb. İndi həmin şəxs nəinki qoyunları, keçiləri də satıb bu məsələni reallaşdırmaq istəyir. Mübarizə gedir. Allah xeyirlərini versin. Belə getsə ölkəmizdə heyvandarlıq xeyli inkişaf edəcək- inək alverçisi ziyalılar oylağında, qoyun otaran icra aparatında məsul vəzifə tutandan sonra yəqin ki bu yurdda qoyunla qurdun bir yerdə otlaması sahəsində heç bir problem olmayacaq.
Qoyunların qurd olmasına yenə bir təhər dözmək olur, yəni zaman gəlir yenə qoyunluğuna qayıdar, bu özünü “qurd” sayanların qoyun, çəpiş, tülkü cildinə girib kolluqlarda eşələnməyi, quyruq bulamağı adamı yaman bikef edir.
Olmaz bizim hüzr məclisindən. Quran oxunanda molla neçə dəfə xəbərdarlıq edir, hətta sakit qalanlar üçün salavat çevirməyi xahiş edir, yenə faydası olmur. Kimi futboldan, kimi siyasətdən, kimi “o məsələdən” ağzına gələni danışır. Yaxud əksinə, nə vaxt ki danışmaq lazımdır, monentində, mətbuatda, televiziyada xalqın dərdi-sərini dilə gətirmək, məmurların qudurğanlığını ifşa edən söz demək lazımdır, onda çoxlarının səsi batır.
Xalqımız da “ayılıb”, xeyrini-şərini başa düşüb. Dünən inqilabçılıq edənin ağzını bir az “pəpə” atan kimi lal olur. Amma istəyirlər ki, biz jurnalistlər gecə-gündüz yandıra-yandıra gedək. O gün bir nəfər deyir ki, od-alov saçın e, qoy təzyiqləri qalxsın. Mən də soruşdum ki, həkim öz məharətini xəstə üzərində yaxşı göstərər, ya meyit üzərində? Özüm də cavab verdim ki, xəstə üzərində. Çünki xəstənin əhvalı gah düzəli, gah xarablaşır, gah birtəhər olur. Ölüdə isə bunların heç biri olmur. Rəhmətlik Bəşir Səfəroğlu demişkən, öldü qurtardı, ölünün heç qıdığı da gəlmir. İndi bizim idarələri, bəzi məmurları elə günə qoyublar da xəstəlik dövrünü keçirib, olublar hazır ölü. Ölünün nəyindən yazaq? Bunların heç qıdığı da gəlmir.
Baxırsan ki hay düşdü, filan rayonda filan qədər boş vəzifə var. Dünya dağılmır ki. Baxırsan ki müharibə gedən ölkənin 10 rayonunda hərbi komissar yeri boşdur. 10-da da hərbi komissarlara cinayət işi açıblar. Amma Teymur əmi demişkən, heç qorxusu yoxdur. Xalqımız bu “müvəqqəti”ləri lap çox sevir. Çünki təzə və qartımış müdirdənsə müvəqqəti müdir yaxşıdır. Şünki təzə müdir dərhal başlayacaq verdiklərini çıxartmaq üçün baş kəsməyə. Qartımış müdirlər də o qədər kök atıblar ki, onlara nə söz batır, nə tənqid. Yuxarılarla elə dil tapıblar ki, aşağılarda nə qədər adamın “qulağını kəssələr”, onlara “dur” deyən olmur. Amma müvəqqəti müdir işləyən çəkinir. Fikirləşir ki, heç olmasa bu müvəqqətilik dövründə özümü abırlı aparım, məndən hürkməsinlər. Buna görə məndən olsa, bütün müdirləri çıxardıb yerinə müvəqqəti müdirlər təyin edərəm. Bəzi idarələri isə yerli-dibli bağlayaram. Məsəlçün, əhalimizin çoxu o qədər mədəniləşib ki, daha nə ktabxanaya, nə mədəniyyət evlərinə ehtiyacları yoxdur. Buna görə məsləhətdir ki, bütün mədəniyyət şöbələri bağlansın. İnsanları o qədər soyublar ki, daha oğurluq, xuliqanlıq-filan da eləmirlər və polisdəki “gpz”-lər aylarla boş qalır. Buna görə məsləhətdir ki, polis şöbələri də müvəqqəti olaraq fəaliyyətini dondursan. Təklif edirəm ki, Gürcüstandan nümunə götürək. Bəzi İcra hakimiyyətləri çoxdan bağlanmalıydı. Ancaq yığım və həzm işlərinə baxırlar. Torpaq davası olur, deyirlər bələdiyyəlikdir, yumruq davası olur, deyirlər polislikdi və sair və ilaxir. Bəs bunların işi nədən ibarətdir? Elə ayın sonunu, haqq-hesab günün gözləmək! Məndən olsa, bu binanı cadugərlərin istifadəsinə verərdim. Onsuz da camaat məmurlardan çox, onların yanına gedir. Hətta bəzi məmurlar özləri onlara pənah aparır. Buna görə həmin binanın “baş cadu idarəsi” kimi fəaliyyət göstərməsi kimi hamı üçün faydalı olardı.
Комментариев нет:
Отправить комментарий