Gündən günə maqazinləşən, media hədəflərindən yayınan türk mediasının Yaxın Şərq olaylarına da qapalı gözlə yanaşması qəflətdən ayılmayaraq hələ də Qərbin təsirində olmasından xəbər verir. Türk mediasını qısa olaraq xarakterizə etmək istəsək bir kəlmə ilə bunu deyə bilərik: "Duyğusallıq üzərində qurulmuş media nümunəsi!" Biliyimiz kimi həqiqi jurnalistikanın əsas hədəfi hadisələrin ortaya çıxardığı yan olaylara deyil, əsas səbəbləri ortaya çıxarıb təqdim etməkdir. Türkiyə mediasında isə hazırda göz yaşları, əksər sahələrdə qərəzin mövcudluğu, barbarçılıq və şüarçılıq, ticarətə hesablanmış tiralanma əsas təməl prinsipidir. Belə oluqda isə jurnalistin peşə prinsipləri arxa fona keçir və qərəzli mövqe də qaçılmaz olur.
Müassir dövrün ən böyük silahı sayılan media və bəşəriyyətin qlobal problemləri dünyanın müxtəlif dövlətlərində öz varlığını fərqli görkəmdə nümayiş etdirir. Qlobal problem deyəndə nə anlaşılır? Həmin problemlər ki, onlar ümumibəşəri xarakter daşıyır, bütövlükdə bəşəriyyətin və ayrı-ayrılıqda Yer kürəsinin istənilən nöqtəsində yaşayan hər bir insanın maraqlarını əhatə edir. Məsələn, nüvə bombası təhlükəsi, terrorizm, bəşəriyyətin ekoloji intiharı, ərzaq problemi, bəşəriyyət üçün təhlükə yarada bilən xəstəliklərə qarşı mübarizə və s. Bütün bu problemlər bəşəriyyətin pərakəndəliyi, onun qeyri-bərabər inkişafı nəticəsində əmələ gəlmişdir. O cümlədən Türkiyədə də müxtəlif mediatik qlobal problemlər mövcuddur ki, bu günkü mövzuda onları əhatə edəcək.
Türkiyədə media uzun illərdir iqtidarın təzyiqi və media sahibləri ilə siyasətçilər arası yaxın münasibətlərin nəticəsində əmələ gələn avto senzura rejiminin təsiri altında fəaliyət göstərir. Media sahəsinin maddi xeyir verməyən quruluşu və dövlətin iqtisadi sahədə söz sahibi olması media-holdinq rəhbərlərini və medianı özlərinə tabe etməyə nail olub. Media rəhbərləri başqa sahələrdəki biznes layihələri çökməsin deyə hökumətə yaxın olur, tənqidi xəbərlərin hazırlanmasından imtina edir və bununla da mediadakı avto senzura rejimi fəaliyyətə başlayır. Hökuməti dəstəkləyən media nümayəndələri mükafatlandırılır və müxalif olanlar isə öz növbəsində cəzalandırılır. Çox sayda jurnalist işlərini görərkən elə ofislərində hücuma məruz qalır və mövcud hakimiyyətə müxalif adlandırılan jurnalistlər akkreditasiya (sarı media kartı) problemi ilə üz-üzə qalır. Həmçinin son illərdə onlarla jurnalist hökumətin təzyiqləri səbəbilə işdən uzaqlaşdırılıb, ya da istefa verməyə məcbur edilib.
Suriya müharibəsinin ən kritik dövründə, Suriya ordusunun Hələbdəki irəliləyişlərilə paralel olaraq media dünyasında məqsədli şəkildə ordu qüvvələrinə və müttəfiqlərinə qarşı qara təbliğat həyata keçirildi. Hələbin xilas edilməsi ilə yanaşı Qərb və türk mediası Suriya müharibəsi tarixində misli görülməmiş bir yalan kampanyasına başladı. "Hələbdə qətliam var" adı altında həqiqətlərin əks olunmadığı sonradan quraşdırılmış faciə, ağrı, şiddət görüntülərilə orduya və müttəfiqlərinə qara yaxmağa çalışdılar. Daha əvvəl müxtəlif zaman və yerlərdə baş verən hadisələri, o cümlədən Myanmada, Fələstində, İraqda, hətta illər öncə Hollivudda çəkilmiş kadrları "Hələb qətliamı" adı altında paylaşdılar. Bundan əlavə Qərbin dünya üzərindən "demokratiya oyunu" oynayan Soros fondunun dəstəyi ilə fəaliyyət göstərən "The White Helmets" kimi təşkilatlar günlük kirayələnmiş insancığazlarla yüzlərlə saxta qətliam səhnələri hazırladı. Səhnələşdirilmiş saxta görüntülər bütün dünyanın duyğularını dilə gətirməyə və insanlarda Suriya hökumətinə qarşı nifrət hissi oyatmağa hesalanmışdı. Bütün bu qara təbliğat işləri media sayəsində bir sosial aksiyaya çevrildi. Adı çəkilən şəkillərlə birgə yayılan mesajlardan birini olduğu kimi oxuculara təqdim edirəm: "HƏLƏB üçün dua zəncirini başladırıq. Hər kəs bu mesajı bir-birinə göndərsin və qardaşlarımız üçün bu axşam hamımız dua edək. Çox çətin vəziyyətdədirlər. Hələbdə 300 min əhali 30 km ərazidə sıxışdırılıb. 93 gündür şəhərə yardım edilə bilmir. Hələbdə 300 min əhaliyə 6 həkim, 0 xəstəxana, 0 sağlıq mərkəzi və 3 çörəkbişirmə yeri qalıb! HƏLƏB ÖLÜR!" Diqqət etsək elə ilk cümlədə "dua zənciri başladırıq" deməklə artıq propaqandanın elanını vermiş olurlar. İkinci cümlədə hamıdan bunun yayılmasını xahiş edib, əslində ordunun məhv etdiyi terrorçular üçün dua istəyirlər. "30 km ərazidə 300 min əhali və 93 günlük səfalət" yalanına da qısaca aydınlıq gətirim. Bu tipli mesajlardan cəmi bir-iki həftə sonra Hələbin tam azadlığı rəsmi təsdiqini tapdı. Artıq 30 km filan da deyə bir şey qalmamışdı. Şəhərdə qalan insanların təxliyyəsi üçün əvvəldən açılmış humanitar dəhliz yolu ilə onlarla yaşıl avtobus əraziyə cəlb olundu. Bu günə kimi orduyla üz-üzə gələn terrorçular silahlarını qoyub təslim oldu. Şəhər tamamilə boşaldıldı. Çünki illərdi müharibə gedən bu ərazi artıq yararsız vəziyyətdə idi. Hələbdən təxliyyə olunan mülki şəxslər və silahlı müxaliflərlə birgə ümumi rəqəmlər 15-20 mindir. Bu günə kimi ən çox deyən Türkiyənin baş naziri Binəli Yıldırım olub ki, o da 40 min deyib. İndi qayıdaq mesaja. Əgər 40 min adam təxliyyə olunub və şəhər boşaldılıbsa, 260 min insan hara getdi bəs? Duada yazılıb ki, 300 min insana 3 çörəkbişirmə mərkəzi və 93 günlük mühasirə... Bunu normal ağıl və məntiq də qəbul etmir. O çörək bişirmə mərkəzi 93 gün mühasirədə qala-qala 300 min insanın gündəlik yeməyini necə çatdıra bilər? Təbii ki bunlar sadəcə qeyri-rasional təxəyyülün məhsuludur. Bütün bu məsələlərin tam əksinə olaraq Hələbin azadlığı rəsmi elan olunduqdan sonra dəfələrlə xilas olunan sakinlərin ordu ilə necə isti münsibətdə olması və onlara təşəkkür etməsini gördük. Hələb sakinlərinin özləri TV-lərə müsahibə verdi və terroçuların zülmündən danışdı. Onları 200-300 dollar qarşılığında şəhərdən kənara buraxmaqlarından danışdılar. Sakinlər onlardan necə canlı qalxan kimi sitifadə olunduğunu dilə gətirdilər. Bu görüntüləri təkrar-təkrar paylaşmaq istəmirəm. Kifayət qədər xəbəri verildi və bütün dünya bir neçə həftə əvvəl bu görüntülərin şahidi oldu. Məsələnin ən maraqlı hissəsi budur ki, 5 ildən çoxdur Suriyada müharibə davam edir, lakin məhz Hələbin terrorçulardan azad olunması xəbərləri yayılan anda bu dezinformasiya maşını işə düşdü və yalançı dua zəncirləri əksəriyyət tərəfindən sürətli şəkildə yayılmağa başladı. Həm də mesajın heç bir detalı araşdırılmadan. Bunlar klassik media və sosial medianın birbaşa köməyi ilə oldu. Və təbii ki yenə bu yalan şəbəkəsinin yayılma aktivliyində türk mediasının xüsusi rolu oldu. Əslində Hələb həm də dünyada fəaliyyət göstərən yaxşı və pis jurnalist nümunələrini ortaya qoymuş oldu.
2016-cı ilin bütün dünyada səs-küyə səbəb olan ən son olayı Ankarada sərgidə iştirak edən rus səfirin türk polisi tərəfindən qətl edilməsi oldu. Qətl hadisəsi İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin Moskvada baş tutacaq görüşündən bir gün öncə Ankarada həyata keçirildi. Suriya hadisəlinin müzakirə olunacağı və həyati əhəmiyyət kəsb edən bu görüşün qarşısını almaq Qərb üçün çox önəmli idi. Lakin Putin yenə zirəng tərpəndi və məsələni soyuqqanlı qarşıladı. İlk olaraq onu deyim ki, Türkiyənin paytaxtında baş vermiş bu qətl xəbərini rus mediası türklərdən daha erkən verdi. Xəbərin detallarına gəldikdə isə sizə bir media araşırma modeli təqdim edəcəm ki, oxuduqca qətl hadisəsi barədə onun üzərində düşünün. Özünüz əslində nə baş verdiyini rahat anlayacaqsınız. Media nəzəriyyələri içində "Gündəm Təyinetmə Tezisi" adlı araşdırma modeli var. Bu tezisin əsası 1968-ci ildə Qrabl və Vilbert tərəfindən qoyulub və həmin il sınaqdan keçirilib. Nəzəriyyə bundan ibarətdir: "Əvvəl media, kütlənin diqqətini müəyyən nöqtələrə zorla çəkir. Siyasi şəxslərin ictimai imiclərini yaradır. Qəzetlər sürətlə eyni məsələni qabardar və kütlənin nə haqqında düşünmələrini, bilmələri və hissetmələri olduğunu önə çəkir. Media, öz prioritetlərini təsirli bir şəkildə təqdim edərək xalqın da bu prioritetləri öz problemi kimi hissetməsini və xalqın gündəmində bunların yer almasını təmin edər". Bu media nəzəriyyəsini əsas tutsaq sizə elə gəlmir ki, qətlin əsas səbəbkarı elə türk mediasının özüdür?
Hazırda dünyanın ən təhlükəli meqapolislərindən biri olan İstanbulda hər həftə yeni bir terror aktı baş verir. Onlar həmin terrorçulardır ki, AKP rəhbərliyinin "Əsəd getməlidir" dediyi zaman sərhəd qapılarını terrorçuların üzünə açıb onların giriş-çıxışını təmin etdi. Onlara öz ərazilərində çörək verdi, yaralandığı zaman müalicə etdi. İnsan bilməlidir ki, başqası üçün qazdığı quyuya bir gün özü də düşəcək. Qərb İslamı aşağılamaqla qorxunc hala salmaq istədi və az qala hər məhəlləsində məscidi, mədrəsəsi olan Türkiyə də bu islomofob oyuna dəstək verdi. Türkiyənin daha əvvəllər "öfkeli gənclər" dediyi təşkilatla türk ordusu 5 aydı Suriyanın şimalında mübarizə aparır. 12 yaşlı uşağın başını kəsən təşkilata "ılımlı müxalifət" deyərsənsə olacağı budur. Həmçinin Suriyada, Hələbdə hər vəhşilikdən çıxan "Nusra Cəbhəsi" üçün "Onlar terrorçu deyil", deyərsənsə bir gün bu vəhşilikdən özün də dadarsan. Türklər Mosul əməliyyatında iştirak üçün çox canfəşanlıq etdilər, terrorla mübarizədə biz də varıq demək üçün. Lakin İraq hökuməti həqiqi simanı ortaya qoymaq üçün onlara icazə vermədi. Və elə həmin ərəfələrdə Qaziantepdə toy zamanı baş verən terror hücumu zamanı 54 nəfər həyatına itirdi. Bu isə o deməkdir ki, sən hələ öz ölkəni terrordan qoru, sonra İraqa yardım edərsən.
Terrorizmin media olmadan qısa ömürlü olacağı isbata ehtiyacı olmayan aksiomadır. Terror təşkilatlarının məqsədi gündəmi təyin etmək, gündəmi formalaşdırmaq və gündəmi fərqli tərəfə yönləndirməkdir. Bunun üçün də fərqli zamanlarda müxtəlif tipli edamlar həyata keçirməklə dünyanın diqqətini özlərinə çəkirlər. Bu məsələyə diqqə edin: Əgər terror təşkilatları özlərini güclü və məğlubedilməz göstərə bilsə və bununla xalq içində qorxunc fikir formalaşdıra bilsə, xalqın təzyiqi ilə siyasi iqtidarın terror təşkilatları ilə müzakirə masasına oturmasını təmin edə bilərlər. Əsl hədəf və qorxunc olan əslində budur. Keçək bir başqa məsələyə. Ümumiyyətlə Türkiyədə də son zamanlar media ve terror mövzusu gündəmi əlinə almış və istər RTÜK (Radyo ve Televizyon Üst Kurulu), istərsə də Daxili İşlər Nazirliyi media nümayəndələrilə mövzu ilə əlaqədar müxtəlif tədbirlər təşkil etmişdir. Bu tədbirlərdə terror xəbərlərinin işlənmə qaydası barədə hər nə qədər qanun dəyişikliyi qəbul edilmiş olsa da, bir gün sonra yenə reytinqə görə bu qayda və prinsiplərdən uzaqlaşıb terror təşkilatının məqsədlərinə uyğun xəbərlər dərc olunmuşdur. Türkiyədə bu məsuliyyəti hiss edib terrorçulara xidmət etdiyini dərk edəcək jurnalist sayı həddən çox azdır. Terror xəbərlərinin içindəki incə detallara həssas yanaşmaq həm peşəkarlıq, həm də azad jurnalistika tələb edir. Hazırda isə Türkiyə mediasında bunları görmək çox çətin hal olub. Jurnalistlər media patronlarına, onlar da digər ticari maraqlarına və siyasi varlıqlarına görə iqtidara bağlıdırlar. Belə halda heç bir azad jurnalistikadan söz gedə bilməz.
Türkiyədə ən böyük media qurumu olan Doğan Holdinq - (qısa desək: DHA - Doğan Haber Ajansı) elə türk mediasının özündə bir neçə dəfə terrorun mahiyyətinə dəstək xəbərləri yayımlamasına görə ittiham edilib. Həmçinin media yazarı Fadime Özkanın "CNN türk terror təşkilatlarını kamuflyajla gizlətməyə cəhd edir" açıqlamasını xatırlatmaq yerinə düşər. Və yaxud həmin xanım yazarın "PKK-nın ən böyük dəstəkçisi mediadır" deməsi və s.
Tam olaraq deyə bilərik ki, Alman general Erik Ludendorfun 1-ci dünya müharibəsi zamanı "Artıq müharibələr silahla deyil, sözlərlə həyata keçirilir. Silahı yox, sözü düzgün istifadə edən qalib gəlir", deyimi günümüzdə olduğu kimi reallığa çevrilib.
Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri müdafiə Komitəsinin (CPJ) 2016-cı il üçün hesabatına görə, Türkiyədə iki jurnalist öldürülüb. Hesabatda 2016-cı ildə dünyada 259 jurnalistin həbsdə olduğunu, bunlardan 81 nəfərinin Türkiyədə olduğu açıqlanıb. CPJ-nin hesabatına görə, Türkiyə ən çox jurnalist həbs edən ölkələr sırasında birinciliyə yerləşib. CPJ tərəfindən hazırlanan hesabatda Türkiyənin dünya miqyasında həbs cəzası verilən jurnalist sayında rekord qırdığı qeyd edilib. Çox hadisədən sonra xəbərlərə yayım qadağası tətbiq olunub. İnternet zəiflədilib. Sosial mediaya giriş əngəllənib. Bir çox internet saytına verdikləri informasiyalar ucbatından qismən giriş qadağası tətbiq olunub. Baş verən hadisələrdən sonra internet və sosial mediaya tətbiq edilən bu cür məhdudiyyət və qadağa adi hala çevrilib. Mərkəzi Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) mətbuat azadlığı baxımından narahatlıq doğuran 2016-cı il hesabatını açıqlayıb. Həbs olunan jurnalist sayında 2016-cı ildə əhəmiyyətli artım müşahidə olunduğu bildirilən hesabatda həbsxanadakı jurnalist sayının 22 faiz nisbəti ilə ən çox Türkiyədə artdığı vurğulanıb. Dünya üzrə 348 jurnalistin həbsdə olduğu, Türkiyədə isə bu rəqəmin 100-ü keçdiyi qeyd edilib. Sərhədsiz Reportyorlar Təşkilatının Dünya Mətbuat Azadlığı Sıralamasında Türkiyə 2015-ci ilə görə iki xal daha itirib, 180 ölkə arasında 151-ci sıraya enib. HRW son hesabatında Türkiyədə 148 jurnalistin məhbus olduğunu iddia edib. 15 iyul dövlət çevrilişi cəhdindən sonra isə 169 media qurumunun bağladıldığını açıqlayıb. Sosial mediada təhqir iddiaları ilə açılan işlərin sayı rekord səviyyəyə çatıb. 2016-cı ildə yüzlərlə jurnalist və ya yayım təşkilatları bağlandığı üçün, ya da yazdıqları informasiyalar ucbatından yaranan təzyiqlərdən sonra işsiz qalıb. Jurnalist və yazarlara yazı və xəbərləri səbəbiylə yüzlərlə yeni cinayət işi açılıb.
Adətən Türkiyənin dini səpkidə yayımladığı xəbərlərdə məzhəbçilik əlamətləri və ya sünniliyin digərlərinə görə üstün olması cəhdləri görünür. Bunun əsas səbəbi inanclara, insanlara qarşı ön mühakimə və nifrətdir. Dəqiq araşdırıb tanınmayan bir topluma nifrət aşılamaqdan xilas olmaq üçün medianın çiyinlərinə mühüm vəzifələr düşür. Çünki media insan haqları mərkəzli və hər kəsin bərabər hüquqa sahib olduğu xəbərləri yayımlamalıdır. İqtidar partiyanın yaxın şərq siyasətinin davamı kimi ölkə mediasında da məzhəbi ayrımçılıq, xəbərlərdə açıq mövqe və qərəzlərin olduğunu görmək adi hal alıb. Hər dəfə yaxın şərqdə dəstək verdikləri "ılımlı müxaliflər" və ya "öfkeli gənclər"in məğlubiyyətini gördükdən sonra türk mediası arxivdən yalanlarla bəzədilmiş hekayələri üzə çıxarmağa və "şiələr sünnilərə zülm edir" nağıllarını tirajlamağa başlayır. AKP siyasətini izləyən medianın bu yalanları Tikrit, Palmira, Hələb, Mosul və digər ərazilərin azad olunması zamanı özünü göstərib. İraqda əsasən şiələrdən ibarət olan Könüllü Xalq Birliklərinin (Həşd Şabi) ilk böyük uğuru Tikritin azad olunması zamanı həyata keçdi. Tikrit İŞİD-dən azad olunandan az müddət sonra İstanbulda yerləşən İran konsulluğu qarşısında etiraz aksiyası keçirildi və bu aksiya həmin gün ölkənin əsas manşet xəbəri oldu. Səddam Hüseynin nəvəsi Məsud Udayın da iştirak etdiyi bu aksiyada sonda "Vəhdət" qəzetinə xüsusi açıqlama verildi. Məsud Uday açılamasında deyir: "İran dövləti ABŞ və bəzi yerli işbirlikçi şiə qüvvələr (red: könüllü xalq dəstələri nəzərdə tutulur) birləşərək İraqın Tikrit şəhərində sünni əhalini qətl edir. Buna susmaq olmaz..." İraqda baş verən olayları və gündəmi izləyən hər kəs bilir ki, Səddam Hüseynin nəvəsinin bu sözləri qəti şəkildə yalan informasiyadır. Vəhdətdən xəbəri olmayan bu qəzet də bu yanlış informasiyanı bəh-bəhlə dərc edib, tirajlayıb. Əvvəla qeyd edək ki, Tikrit əməliyyatında Qasim Süleymaninin başçılıq etdiyi 30 minlik ordunun içində iranlı hərbçilər, İraq ordusu və könüllü xalq dəstələrindən (şiələrdən) əlavə sünni tayfalardan da 7 min nəfərlik heyət var idi. Adama deyərlər bu 7 min nəfər öz qohumlarını və ya əqidədaşlarınımı öldürürdü? Əlbəttə məntiq bunu qəbul etmir. Bu bir yana. Deyək ki, orduda yer alan 7 min sünni yox, digər könüllülər qarşılarına çıxan sünniləri qətl edirdi. Və eyni zamanda bu 7 min sünni görüb göz yumdu. Sizcə bunu eşidən normal düşüncəli insan belə bir nağıla inanarmı? İnanmaq bir yana, hətta belə bir şeyin baş verməsi gülüncdür. Biz son həftələrdə Hələb hadisələrində də bu kimi yalanlarla bəzədilmiş məzhəbi ayrımçılığa və Mosul əməliyyatlarının başlanğıcı zamanı "Həşd Şabi"yə ünvanlanmış qarayaxmaların şahidi olduq. 2016-cı il dekabr ayının 21-i Türkiyənin ən əsas dövlət kanalı olan TRT1-də "Pelin Çiftçi İle Gündem Ötesi" verilişində bütün dünyanı gözü önündə məzhəb savaşı çıxarma cəhdlərinin şahidi olduq. "Pelin Çiftçi İle Gündem Ötesi" verilişində qonaq olan dırnaq arası iki professor guya şiəliyi təhlil edirdilər. "Yaxın Şərqin Din anlayışında Suriya, İsrail və İranın Yeri", "İslam dünyası niyə parçalara ayrıldı", "Şiələr nəyə inanır" kimi bir çox başlıqla şiəliyi İslamdan xaric bir quruluş kimi göstərərək bir növ Şiə-Sünni qarşıdurmasına və məzhəb davasına cəhd olundu. Türkiyənin Radio Televiziya Yayım Şurasının qanunlarına zidd addım atılsa da, qurum heç bir reaksiya vermədi.
Son olaraq gəldiyimiz nəticə 2016-cı il Türkiyədə mətbuat azadlığı və medianın ən qara ili kimi ölkə tarixinə düşdü. 2016-cı ildə Türkiyədə aralarında çoxsaylı qəzet, televiziya, jurnal, radio və internet xəbər saytlarının da olduğu media qurumlarının fəaliyyəti dayandırılıb. Türkiyə ən çox jurnalist həbs edən ölkələr arasında liderliyə yüksəlib. Sosial mediada sayı on mini keçən adamın paylaşımlarının təhqir məzmunlu olduğu iddiası ilə istintaq başlayıb. Sosial media paylaşımlarında hökuməti tənqid edən çox sayda insan saxlanılıb və barələrində cinayət işi açılıb. Türkiyə hökuməti məhbus jurnalistlərin peşə fəaliyyətlərinə görə həbsxanada olmadığını irəli sürüb. Həbsxanada olan jurnalistlərin terror və başqa ittihamlardan həbs olunduqlarını bildirib. Hələb və yaxın Şərq həqiqətlərini dünyaya çatdıran, həmçinin Xalq TV-də veriliş aparan jurnalist Hüsnü Mahallının sağlamlıq vəziyyətinin həbsxana şərtlərinə uyğun olmamasına baxmayaraq, Prezident Ərdoğanı təhqir etdiyi iddiasıyla həbs olunaraq Silivri Həbsxanasına göndərilib. "Qüds Tv" kimi onlarla kanal AKP-nin siyasəti ilə getmədiyi üçün azad yayım hüququndan məhrum edilib.
İndiyənə kimi Hələb barədə yalan xəbərləri gecə-gündüz tirajlayan türk mediasını nədənsə Bəhreyn hadisələri, İsa Qasim, Şeyx Salman barədə yazan görmədik. Türkmın dağını ön manşetə çıxaran qəzetlər nədənsə Yəməndə olub bitənlərdən yazmaq istəmirlər. Əslində səbəblər bəllidir. Çünki bu dövr medianın satın alındığı bir dövrdür. İmperializmə xidmət edən media dövrü yaşayırıq. Cəmiyyətlər media formalaşdırmır, amma media cəmiyyət formalaşdıra bilir. Media insanların baxışına təsir edə bilir. Son olaraq bunu demək istəyirəm ki, türk medisı da, cəmiyyəti də düşdüyü bataqlıqdan xəbəri yoxdur. Qurtulmaq üçün təcili vacib addımlar atmalıdır. "Öfkeli gencler"Ankarada "Cumhurbaşkanlığı sarayı"nın qapısını döyəndə artıq gec olacaq.
Elçin Həsənli eastnews.org
Комментариев нет:
Отправить комментарий