Страницы

19.02.2017

Fazil Mustafa: Ramiz Mehdiyev Allahdan qorxmur

Əziz oxucularımız, Milli Məclisin deputatı Fazil Mustafayevin (deputatlıqdan öncə- Qəzənfəroğlu-red-A.A) Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında vaxtilə səsləndirdiyi fikirləri yenidən sizlərə xatırlatmaq istədik. Məsədimiz isə hələ də cavabsız qalan sualımızın elə sual şəklində qalmasıdır.
Aşağıda Fazil Mustafanın 4 dekabr 1998-ci ildə “Azadlıq” qəzetində çıxan "Məhkəmədən qorxmayan cəsurlar" yazısını təqdim edirik.
Sual: Ölkədə hər hansı naziri tənqid edənlər həbs edildiyi halda, prezident İlham Əliyevi, mərhum prezidentimiz Heyddər Əliyevi, Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi təhqir edən Fazil Mustafaoğlu necə olur ki, 3 çağırış Milli Məclisin deputatı olur?

Fazil Qəzənfəroğlu (Mustafayev): Məhkəmədən qorxmayan cəsurlar

"Heydər Əliyevin Bakıdakı səlahiyyətli təmsilçisi Rəfael Allahverdiyev məhkəmələrdən qorxmadığını bəyan etdi. Əlbəttə, bizlər də bilirik ki, çoxlarının “mer” dediyi bu keçmiş raykom katibi siyasi partiyalardan da, üstəlik xalqdan da qorxmur. Çünki neçə illərdir Bakını eninə-uzununa yönəldir və xalqdan bircə səs də almadan özünə mer deyilməsindən məmnunluq duyur. Ola bilsin ki, cənab Allahverdiyev hüquq bilgisinin zəifliyindən konstitusiya ilə açıq-aşkar “məzələnməyin” normal demokratik cəmiyyətlərdə təhlükəli iş olduğunu dərk etmir.
Verdiyi sərəncamlarla konstitusiyanın maddələrin tükü tərpənmədən pozması bir yana, kütləvi tədbirlərin yasaqlanması arqumenti olaraq keçmiş raykom katibi ədasıyla “zəhmətkeşlərin tələbi” faktorunu önə çıxarması istehza doğurur. Bunun ardınca müxalifəti “sosialist birgəyaşayış qaydalarını pozmaqda” ittiham edəcəyi də istisna olunmur. Ötən gün ölkənin baş diplomatının Türkiyə kanallarından birinə verdiyi müsahibədə “bağımsız” əvəzinə tələffüz etdiyi “Azərbaycan baxımsız dövlətdir” ifadəsindən sonra Rəfael Allahverdiyevin hərəkətlərinin məntiqini başa düşdüm. İş burasındadır ki, eyni məntiqlə son vaxtlar məhkəmələrdən qorxmayan cəsur adamların sayı artıb. Düzü, mən Ramiz Mehdiyevin, Cəlal və Aqil Əliyevlərin başqa qohum-tanışların məhkəmələrdən qorxmadığını təqdirlə qarşılayıram. Onlar məhkəmələrdən, məhkəmələr də qanundan qorxmurlar. Adama elə gəlir ki, hamısı bir yerdə üstəlik Allahdan da qorxmurlar. Deyəsən, elə canlarına üşütmə düşən bizim müxalifət təmsilçiləri və bir də qəzetçilərdir.
...Ramiz Mehdiyev və Rəfael Allahverdiyev zəif fiqurlardır, Əliyev ailəsinin əleyhinə hər hansı qərar qəbul edə biləcək hakimi anaları doğduğuna inanmıram. İş burasındadır ki, Əliyev rejiminə qarşı canıyla, iradəsiylə müqavimət göstərən anaların doğduğu oğulları bu hakimlər cəsarətlə həbsxanalara göndərə bilirlər.
...İqtidar başçısı “heç bir şərt qoymadan dialoqa getməyə hazıram” deyir. Elə hakimiyyət məsələsində də təqribən belə deyir: “Heç bir şərtlə hakimiyyətdən getməyəcəyəm”.
Bu millət üçün problem yaratmaqdan başqa bir şey düşünməyən Əliyev iqtidarı 11 oktyabrdan sonra dialoq sözcüyünə, əlbəttə, qayıtmalıydı. Ancaq seçkidən bir qədər sonra. Seçkidə xalqın iradəsi açıq-aşkar zorlandı, hakimiyyət qəsb edildi və Azərbaycanda rejimin suyu yenə də dəyişmədi. Müxalifət hakimiyyətin legitim olmadığını bəyan etdi.
Bundan sonra H.Əliyev təşəbbüsə yiyələnərək artıq müxalifət üçün bəzi problemlər yarada bildi. İlk olaraq müxalifətin başını cəza orqanlarıyla (Azərbaycanda olduğu üçün buraya məhkəmələri də aid edirik) qatdı. Sonra müxaliət qəzetlərini məhkəmə proseslərinə cəlb edərək süni maliyyə sanksiyalarıyla sıradan çıxma təhlükəsi qarşısında qoydu. Bu gedişsə qəzetçiləri onun müdrikliyinə və arbitrliyinə pənah gətirmə vəziyyətiylə razılaşmağa məcbur etdi.
Sonda isə zorakı gücdən istifadə edərək, konstitusiyaya zidd qanunvericilik praktikasının da yardımıyla müxaliətin kütləvi tədbirlər planını alt-üst etdi. Yalnız bundan sonra çağırışını uca səslə söyləməyə başladı.
Arxayın oldu ki, artıq dialoqun predmetini hakimiyyətin legitmliyi məsələsi deyil, bundan sonra süni şəkildə yaradılmış problemlərin ortadan qaldırılması təşkil edə bilər.
Ancaq bütün hallarda şərtsiz dialoq bir az ağlabatan görünmür. Heç olmazsa, müxalifət dialoqa başlamazdan öncə bir şərti bəri başdan söyləsin. Dialoqda YAP-ın sədri öz ömür yolundan danışmasın. Biz bu ömür yolunu yaxşı bilirik. Müxaliət də rejimin millətimizə etdiyi zülmdən danışmayacaq. YAP-ın sədri özü də bunu yaxşı bilir.

“Azadlıq” qəzeti, 4 dekabr 1998             xeber.info

Комментариев нет:

Отправить комментарий