Страницы

06.05.2017

Rusiyapərəst yazardan diqqət çəkəcək sözlər: Rusların bizə nankor deməyə tam haqqı var

“Bu gün və son üç onillikdə, yəni müstəqilliyə qədəm qoyduqdan sonra Azərbaycan xalqı qarşısında bundan vacib məsələ olmayıb. Qarabağ problemi də daxil olmaqla irili-xırdalı bütün siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatımız mütləq mənada strateji seçimimizlə bağlıdır”.
Cebhe.info-ya açıqlamasında tərcüməçi-yazar, köşə yazarı Nadir Qocabəyli belə deyib. N.Qocabəyli qeyd edib ki, Azərbaycan birmənalı olaraq Rusiyanın tərəfində olmalı, bütün siyasi-strateji, qlobal iqtisadi məsələlərdə onu dəstəkləməlidir və bunu xalqımızın maraq və mənafeyini nəzərə alaraq etməliyik: “İlk növbədə Rusiya ilə qonşuyuq və 200 illik siyasi, iqtisadi, mədəni və mənəvi birliyimiz var. Biz bu birlikdən sözün əsl mənasında daha çox qazanmışıq. İtkilərimiz çox azdır və onlar elə rus xalqının öz itkilərinə paralel baş verib. Bu gün mövcud olan Azərbaycan xalqının formalaşmasına belə, Rusiyanın, daha sonra SSRİ-nin tərkibində olmağımızın çox böyük təsiri olub. Bizə sivil dünyanın bütün dəyərləri Rusiyadan keçərək gəlib. SSRİ zamanında anadilli milli təhsilimiz formalaşıb və az qala rusdilli təhsil səviyyəsinə yüksəlib. Biz çox gözəl orta və ali məktəblərdə ana dilimizdə dünyəvi təhsil almışıq, bizim üçün rus və ya azərbaycan dilində təhsil almaq sırf şəxsi seçim olub və respublikamızda milli təhsilə üstünlük verilib. Mənim böyüdüyüm İmişli rayonunda 50-dən çox məktəbin yalnız biri rus məktəbi idi, ancaq orada da Azərbaycan bölməsi vardı. Belə imperiya olarmı? Özümüzü elə Cənubi Azərbaycanda, İraqda, Türkiyənin özündə yaşayan azərbaycanlılarla müqayisə etsək, yetər. O ölkələrin heç birində Azərbaycan dilində məktəb yoxdur. Bizdə SSRİ dövründə klassik Avropa musiqisi təhsili verən elə bir güclü məktəb- konservatoriya yaranıb ki, onun analoqu Türkiyə də daxil olmaqla, Yaxın Şərqdə heç yanda yoxdur. Türkiyə bu sahədə hələ də bizim mütəxəssislərdən öyrənir. Güclü teatr, kino, rəssamlıq məktəbi yaranıb, yazıçılar, bəstəkarlar, rejissorlar, rəssamlar, aktyorlar, dünya səviyyəli böyük müğənnilər yetişib. Sual oluna bilər ki, Rusiya, SSRİ olmasaydı, bunlar olmayacaqdı? İranda, Türkiyədə, İraqda, Suriyada olubmu, bizdə də olsun? Mən Türkiyədə olanda bir dəfə onların məşhur alimi və vicdanlı fikir adamlarından biri Oqtay Sinanoğlunun mühazirəsini dinlədim. Dedi ki, dünyanın ən güclü riyaziyyat məktəbi Rusiyadadır. Bizim azərilər onlardan bəzi şeylər qapa biliblər, biz də indi azərilərdən öyrənirik. Belə bir ölkəyə imperiya demək ən azı ədalətsizlikdir, hətta günahdır”.
Yazarın sözlərinə görə, digər yandan qonşuluq haqqı deyilən bir şey var: “Qonşuya, özü də səndən yüz dəfə böyük bir qonşuya arxa çevirib, özündən minlərlə kilometr uzaqdakı kapitalistlə cici-bacı olmaq nə siyasi, nə iqtisadi, nə mədəni, nə də mənəvi kriteriyalara sığır. Bunu edəcəyimiz təqdirdə, rusların bizə nankor deməyə tam haqqı var. Ağılla yanaşanda bu heç sərfəli də deyil. Üçüncüsü, Qərbin bizə münasibəti səmimi deyil. Onlar artıq 30 ilə yaxındır ki, bizimlə siçan-pişik oyunu oynayırlar. Saxta demokratiya, insan haqları, azad bazar və s. şüarlarını ortaya atıb, bizi hər gün aldadırlar. Onların ayağı bura dəyəndən, bizdə ancaq tənəzzül var. Ağzımızın dadı da qaçıb. Ermənistana işğalçı deyən o boyda BMT cırtdan bir ölkəni yerinə oturdacaq addım atmır. Amma özlərinə sərf eləyəndə, nüvə silahından istifadə etməkdən belə çəkinmirlər”.
Nadir Qocabəyli hesab edir ki, Qərbin demokratiyası, iqtisadi tərəqqisi, rifahı, ədalətli cəmiyyəti bizim üçün varlının heç vaxt kasıbla bölüşməyəcəyi “nağıl tortu”dur: “Fikir vermisinizsə, varlı heç vaxt öz var-dövlətindən kasıba heç nə vermir, amma kasıb yenə ona yarınmaqda davam edir. Bu, bir həyat həqiqətidir. Onlar öz zənginliklərini daim bizə uzaqdan ona görə göstərirlər ki, ətəklərini buraxmayaq. Bu məsələdə onlara muzdla kömək edən çoxlu azərbaycanlı da var. Muzdsuz işləyən ağılsızların da sayı az deyil. O demokratiyadan, azadlıqdan, rifahdan bizə heç vaxt heç nə verməyəcəklər. Yeganə yol Rusiya ilə birlikdə olmaqdır, onda bəlkə nəsə ala bildik”.
O qeyd edib ki,  Qərb elmini, texnologiyasını, faydalı dəyərlərini onlarla normal, bərabərtərəfli münasibətlər qurmaqla da əxz edə bilərik: “Ancaq bunlar bizim Rusiya ilə dostluğumuza xələl gətirməməlidir. Çinlə münasibətlərimiz də təbii ki, qarşılıqlı iqtisadi maraqlar çərçivəsini aşmamalıdır. Ən nəhayət, Qarabağ münaqişəsinin həlli də yalnız və yalnız bizim Rusiya ilə münasibətlərimizi sahmana salmaqdan asılıdır. Əslində Qarabağ əlahiddə bir problem deyil, odur ki, onu ayrıca yoluna qoymaq da mümkün deyil. Müharibə, yoxsa sülh yolu-filan- bunlar hamısı demoqogiyadır. Qarabağa SSRİ-ni, daha sonra Rusiyanı dağıtmaq planının bir hisssəsi, özü də önəmli bir hissəsi kimi baxmasaq, ona düzgün qiymət verə bilmərik. Qarabağ Azərbaycan-Ermənistan münaqişəsi deyil, Rusiya üçün yaradılmış problemdir və onu Rusiya həll edəcək. Bizim ən böyük səhvimiz bu münaqişədə özümüzü və Ermənistanı tərəf kimi görməyimizdir. Bu yanlışdır. Tərəf ABŞ və Rusiyadır”. 

Mənsur Rəğbətoğlu              cebhe.info

Комментариев нет:

Отправить комментарий