Страницы

09.04.2020

Bir yerdə olanda dalaşan, ayrıldıqda isə bir-biri üçün darıxan xalqlar

Nihad Seyidov

Mən yerli televiziya kanallarına baxmıram. Ancaq bu karantin bir qədər həyat tərzimə dəyişikliklər edib.
Bu gün Xəzər TV-də çox sevdiyim bir Hindistan filminə baxdım. Filmin əsas leytmotivini Pakistan və Hindistan arasındakı siyasi problemlərin hər iki dövlətin xalqları arasında yaratdığı ziddiyyətlər, insanların həyatına ağır zərbələri təşkil edir.
Hindistanlı bir pilotun pakistanlı bir qızı sevməsi, bu qarşılıqlı sevginin ağır sınaqlardan keçməsi və nəhayət Pakistan həbsxanasında hindli pilotun 22 illik itirilmiş həyatı.
Həm də öz adı ilə yox, başqa adla həbsə salınması.
Hə, ilk baxışdan "əşşi hind filmidir də" deyə bilərsiniz. Ancaq, bu heç də belə deyil.
Hindistan və Pakistan cəmiyyətləri nə qədər oxşar ortaq dəyərlərə malik olsalar da, bir o qədər də fərqlidirlər. Hər iki cəmiyyət kifayət qədər siyasiləşmiş cəmiyyətdir.
Bu iki ölkə həmişə mənim maraq dairəmdə olub.
4 dəfə öz aralarında ağır hərbi toqquşmalar yaşayan bu iki ölkənin xalqları arasındakı ziddiyyət siyasi faktorla bağlı olub, situativ xarakter daşıyır. Başqa heç bir faktor yoxdur.
Çünki onlar vaxtı ilə 1944-47-ci illərdə Britaniya müstəmləkəçiliyinə qarşı birgə savaşmışlar.
Deməli, Şərqli təfəkkürü bu iki xalqın formalaşmasında əsas faktor olmuşdur.
Mahatma Qandi müdrikliyi və Muhammed Ali Cinnah qətiyyəti bu xalqların formalaşmasında bir etalon olmuşdur.
İnaniram ki, indi yetişen gənclik öz sələfləri ilə müqayisədə daha praqmatik düşüncəyə malikdirlər.
Hindistan və Pakistan eyni ortaq mədəniyyət və tarixə malikdirlər. Bu iki ölkə və onların xalqları bir-birindən ayrı yaşaya bilməzlər.
Ancaq vahid yekcins cəmiyyət də ola bilməzlər.
Mən bu iki ölkəni əkiz uşaqlara bənzədirəm. Bir yerdə olanda dalaşırlar, ayrıldıqda isə bir-biri üçün çox darıxırlar.

Комментариев нет:

Отправить комментарий