Страницы

28.08.2021

AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ


1577-ci ilin sonlarında osmanlılar Səfəvi dövləti ilə bağlanmış müqaviləni pozaraq İranın Qafqaz torpaqlarına hücum etdilər. Şamaxını, Gəncəni, Qəbələni ələ keçirərək xaraba qoydular, dinc sakinləri soyub taladılar, qadınlara təcavüz etdilər. Bir müddət sonra İran türklərindən ibarət Qızılbaş qoşunu hücum edərək həmin qalaları osmanlılardan geri aldı. Osmanlılar qızılbaşların təzyiqini dözməyərək Dərbəndə çəkilməyə məcbur oldular. Qızılbaşlar əsir götürdükləri osmanlıları Qəzvinə gətirdilər və eşşəyə mindirib şəhərdə gəzdirdilər.
1578-ci ildə Mustafa Lələ paşanın rəhbərliyi altında Osmanlı ordusu yenidən Azərbaycana hücum etdi. Osmanlı ordusunun Gürcüstana yolunu kəsməyə çalışan Qızılbaş ordusuna qarşı Mustafa Lələ paşa Diyarbəkir bəylərbəyi Dərviş paşanı göndərdi. Əvvəlcə osmanlı ordusunun öndə gələn hissələri ilə toqquşan qızılbaşlar qələbə qazandılar. Onlar 2-3 min nəfərə yaxın düşməni məhv etdilər. Bu qələbədən ruhlanan Qıızılbaş döyüşçüləri qaçan düşməni təqib etməyə başladılar. Ön dəstənin məğlub olmasından xəbər tutan Mustafa paşa qızılbaşlara qarşı təcili olaraq əvvəl Özdəmiroğlu Osman paşanı, sonra isə Bəhram paşa və Mutabzadə Əhməd paşanı 20-30 min nəfərlik əlavə qoşunla yardıma göndərdi. Osmanlıları təqib edən Qızılbaş dəstəsi öz əsas qüvvələrindən aralı düşdüyü üçün darmadağın edildi.
Oruc bəy Bayat bu hadisə ilə bağlı yazır ki, öz kəşfiyyatçılarının səhv məlumatlarına inanan Məhəmməd xan Toxmaq yanılaraq Dərviş paşa və Bəhram paşanın 40 minlik qoşununu osmanlıların əsas qüvvəsi sandı, Mustafa paşanın döyüş meydanından bir qədər uzaqda gizli saxladığı 70 min Osmanlı döyüşçüsü qəflətən qızılbaşların sağ cinahına zərbə endirəndə isə Məhəmməd xan öz səhvini başa düşdü. Artıq gec idi. Yalnız Toxmaq xanın göstərdiyi sərkərdəlik məharəti və qaranlığın düşməsi nəticəsində Qızılbaş ordusu tam məhv olmaqdan xilas oldu. Qızılbaşlardan 7 min nəfər öldürüldü, 3 min nəfər əsir düşdü. Məhəmməd xan qaranlıqdan istifadə edərək öz qoşunlarının bir hissəsini dağ cığırlarından və keçidlərindən keçirib xilas edə bildi. Osmanlı ordusu da bu döyüşdə xeyli qüvvə itirdi. Dərviş paşanın 30 ağası və 7 sançaqbəyi öldürüldü. Beləliklə, tarixə Çıldır döyüşü kimi düşmüş bu döyüş Özdəmiroğlu Osman paşanın əlavə qüvvələrlə özünü yetirməsi sayəsində Osmanlı ordusunun qələbəsi ilə başa çatdı. Bu qələbə Osmanlı ordusunun Gürcüstana tutaraq talamasına şərait yaratdı. Ciddi müqavimətə rast gəlməyən Osmanlı ordusu avqustun 24-də “keçilməzliyinə və əzəmətinə görə göylə bəhsə girən” Tiflis qalasını ələ keçirdi.
Osmanlı ordusu Şirvana doğru irəlilədi. Sentyabrın 8-də Osmanlı ordusu Qanıq çayı sahilinə çatdı. Amma aclıq və üzücü yürüş işğalçı ordunun əsgərlərinin mənəvi ruhunu əsaslı surətdə sarsıtdı. Sipahilər və yeniçərilər yürüşdən imtina edərək geri qayıtmağı tələb etdilər. B.Kütükoğlu Osmanlı salnamələrinə əsaslanaraq yazır ki, bir qrup döyüşçü Mustafa paşaya yaxınlaşaraq dönməyə qərarlı olduqlarını bildirdiər: “Nə vaxtadək bu boş və yaşayış olmayan çöllərlə gedəcəksən? Sən qayıtmalısan. Biz qayıtmağa etiraz edən yoldaşlarımızı öldürərik. Bizim üçün əvvəlcə həyat, sonra isə dünya vacibdir. Biz nə Qanıqdan keçmək, nə də Şirvan ölkəsini ələ keçirmək arzusunda deyilik”. Mustafa paşa böyük çətinliklə onları dilə tutaraq sakitləşdirə bildi. Həmin yürüşdə Osmanlı ordusunun səfər katibi olmuş Asafi Dal Mehmed Çələbi “Şücaətnamə” əsərində osmanlıların Qanıq çayını böyük əziyyətlərlə keçdiyini belə qeyd edir: “Bir felaketle geçildi ol Kınık,/ Her biri uryan devan zarı-künan,/ Geçmedi kesk olmaya gönlü sınık./ Olmuş idi aglamakdan na tuvan./ Çok kişi gark oldu çıkdı başdan,/ Hasılı ol-dem cihan-giryan idi,/ Kimi oğlundan, kimi kardaşından./ Kardaşım oğlum diyü nalan idi”.
Osmanlı tarixçisi Asafi Osmanlı ordusunun Qanıq çayı sahilində Təbriz bəylərbəyi Əmir xan tərəfindən qarşılandığı və tərəflər arasında baş verən döyüşü osmanlıların qazandığını göstərir. 1578-ci il sentyabrın 9-unda Qoyun ölümü keçidi döyüşündə qələbə çalan Osmanlı ordusunu ərzaq çatışmamazlığı və Kür çayının azğın sularını keçmək çətin vəziyyətə saldı. Əsgərlərinin müəyyən hissəsini itirməsinə baxmayaraq, Mustafa Lələ paşa böyük çətinliklərdən sonra sentyabrın 16-sında Ərəş şəhərinə gəldi.
Asafinin məlumatına görə, Mustafa Lələ paşa fəth olunan torpaqların mühafizəsini təşkil etmək və Qızılbaş ordusunun qış hücumlarının ciddi təhlükə yaratmaması üçün bəylərbəyilərdən birini Şirvanın mühafizəsinə təyin etmək məqsədilə divan topladı. Şirvanda Оsmanlı ordusuna komandanlıq etmək təklifi almış Diyarbəkir bəylərbəyiliyi Dərviş paşa və Hələb bəylərbəyi Məhəmməd paşa dərhal bundan imtina etdilər. Mustafa paşa bu vəzifəni başdanxarab Özdəmiroğlu Osman paşaya həvalə etməyə nail oldu. 1578-ci il oktyabrın 8-ində Mustafa Lələ paşa özü qorxusundan Şirvanı tərk etdi və Ərzurum qışlağına getdi. Ordu ilə Şirvanda qalan Osman paşa əsgərlərin ruhunu qaldırmaq və qənimət əldə etmək üçün Gəncəyə hücum çəkdi. Osmanlılar ətraf əraziləri qarət edərək xeyli qənimətlə geri döndülər və qadınları zorladılar.
Bu hadisənin ardınca Osmanlı ordusu Salyanda qüvvələrini toplayan və müdafiəyə hazırlaşan Şirvan bəylərbəyi Aras xan Rumluya qarşı yürüş edi. Lakin şirvanlılar osmanlıların hücumunu dəf edə bildilər. Qızğın döyüşdə osmanlılar kifayət qədər qüvvə itirərək geri çəkilmək məcburiyyətində qaldılar. Osman paşa Şamaxıda möhkəmləndi və Krım tatarlarının gəlişini gözləməyi qərara aldı. 
Belə bir vaxtda Gəncə şiələri 15 minlik qoşunla Ərəşə hücum etdilər. Gəncəlilər osmanlıları məğlub edərək Ərəşi ələ keçirdilər. Ərəş hakimi Qaytas paşa öldürüldü. Osmanlı sərkərdələrindən Əbdürrəhman bəy əsir alındı. 
Noyabrın 9-unda şirvanlıların 30 minlik qoşunu Şamaxıya yaxınlaşdı. Tərəflər arasında şiddətli döyüşlər getdi. Bu zaman Abdi Çavuş özünü yetirərək Adil Gərayın rəhbərliyi altında Qazi Gəray, Mübarək Gəray, Səadət Gərayın da qatıldığı 15 minlik Krım ordusunun və Əbubəkr Mirzənin qüvvələrinin köməyə gəldiyini bildirdi. Beləliklə, noyabrın 11-ində döyüşün üçüncü günü Adil Gərayın 5-6 minlik ön qüvvələrinin yetişməsi ilə üstünlüyü ələ keçirən Osmanlı ordusu Qızılbaş ordusunu məğlubiyyətə uğratdı. Aras xan Rumlu və oğlu Dədə xan əsir alındı. Qızılbaş əmirlərindən yalnız Ərdoğdu xan xilas ola bildi. 
Şamaxı döyüşündə qələbə qazanan Osman paşa Krım ordusuna minnətdarlıq ifadəsi kimi Salyan bölgəsinin qarət olunmasını təklif etdi. Ərəş bəylərbəyi Piyalə paşanın qüvvələri də onlara qatıldı. Beləliklə, Salyan bölgəsi krımlılar və osmanlılar tərəfindən qarət edildi. Kür çayını keçməyə çalışan şiələrin xeyli hissəsi suya qərq oldu. Müxtəlif cür sərvətlərlə yüklənmiş dəvə karvanları Krım kəraimlərinin əlinə keçdi. Hadisələri qələmə alan Osmanlı tarixçisi Asafi ramazanda tatarların həyata keçirdiyi bu böyük günahdan, onların çoxlu qadın və qızı əsir alıb zorlamasından şikayətlənir.
Şiələrin Salyandakı qırğını barədə xəbər alan Qızılbaş ordusu Həmzə Mirzənin və Mirzə Salmanın rəhbərliyi altında təcili hərəkətə başlayaraq Şirvana daxil oldu. Noyabrın 24-ündə onlar Osman paşanın qüvvələrini Şamaxı şəhərində mühasirəyə aldı. Asafi qızılbaş ordusunun sayının 100 minə çatdığını, qala müdafiəçilərin isə 5-6 min nəfər olduğunu qeyd edir. Qızılbaşların Şamaxını tamamilə mühasirəyə saldığını görən Osman paşa Adil Gəraya təcili Şamaxıya dönməsi üçün xəbər göndərdi. Qızılbaş qoşunu şəhərə daxil olaraq Qalabazarı məhəlləsini ələ keçirdi. Ertəsi gün tərəflərin ciddi tələfat verməsinə baxmayaraq küçə döyüşündə üstünlük qazanan səfəvilər şəhərin yarıdan çoxunu ələ keçirdilər. Osman paşa qalada məhbus saxlanilan Aras xanı və digər Səfəvi əmirlərini edam etdirdi. Hətta əsgərləri ilə birlikdə Dağıstana qayitmağa çalışan Şamxal həbsə alındı. Adil Gərayın ertəsi gün özünü çatdıracağı barədə Osman paşaya göndərdiyi məktub qızılbaşlar tərəfindən ələ keçirildi. Buna görə də qızılbaşlar şəhərə hücumu yarımçılıq saxlayıb cənuba axışdılar. Mirzə Salman Şamaxı ətrafında Vəli Xəlifə Şamlının başçılığı altında 3 minlik dəstə qoyaraq qorçibaşı Qulu bəy Əfşar, Şahrux xan Möhrdar, Məhəmməd xan Türkman, Pirə Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, İmamqulu xan və digər adlı-sanlı əmirlərlə krımlıların üzərinə yeridi. Adil Gərayın rəhbərliyi altında Salyandan Mollahəsənə gəlmişdi Krım ordusu burda eyş-işrətlə məşğul olduğu üçün qızılbaşların hücumu qarşısında öz qüvvələrini toplamağa çətinlik çəkdi. Şiddətli yağış yağdığı üçün oxdan istifadə münasib olmadı. Krımlılar Salyandan qarət etdikləri qəniməti necə qoruyub aparacaqları barədə təşvişə düşdülər. 1578-ci il noyabrın 28-ində baş verən Mollahəsən döyüşü Qızılbaş ordusunun qələbəsi ilə başa çatdı. Krım xanının qardaşı Adil Gəray və Ərəş hakimi Piyalə paşa əsir alındı. Krımlılar 30-dan çox tanınmış bəy, 2 min süvari itirdilər. Krım xanının əsir alınmasından xəbər tutan dağıstanlılar da qarət etdikləri mal və qəniməti ataraq qaçdılar.
Osman paşa krımlıların darmadağın edilməsi və Adil Gərayin əsir düşməsi xəbərini eşidərək pərişan oldu. O lazımi köməkdən məhrum olduğunu, Şamaxıda qalmağın daha təhlükəli olacağını düşünərək ordusunu da götürərək şəhərdən qaçdı. Osman paşa daha etibarlı olan Dərbəndə getmək və orda pərən-pərən salınmış qoşunların qalıqlarının yolunu gözləmək qərarına gəldi. Mollahəsəndə qızılbaşlara məğlub olaraq qaçmağa məcbur qalan krımlılar özlərini Dərbəndə çatdırdılar. Onların osmanlı ordusunun tamamilə qırıldığını söyləməsi qaladakı osmanlı qarnizonunun şəhəri tərk edərək qaçmasına səbəb oldu. Bu zaman Dərbənd sakinləri osmanlılara qarşı üsyan qaldıraraq qalanı ələ keçirdilər. Onlar qala qapılarını möhkəmləndirərək heç kimi şəhərə buraxmadılar. Bununla bağlı məlumat əldə edən Osman paşa həmin xəbəri qoşundan gizlədərək şimala getməyə tələsdi. Asafi yazır ki, qışın sərt keçməsinə baxmayaraq, Osmanlı ordusu Dərbəndə çatmağa çalışırdı. Yollarda don vurmaqdan tələf olan əsgər saya gəlmirdi. Xəzinənin təhlükəsiz Dərbəndə yetişməsinə nəzarət Asafiyə həvalə olunmuşdu. Asafi bildirir ki, Osman paşa yağlı dilini işi salaraq əhalini aldatdıqdan sonra qala sakinləri qapıları osmanlıların üzünə açdılar.
1579-cu il oktyabrın 10-unda Məhəmməd Gəray Mollahəsən döyüşündə məğlub edilərək əsir alınan qardaşını xilas etmək üçün 100 minlik bir ordu ilə Dərbəndə gəldi. Birləşmiş Osmanlı-Krım qüvvələri Şamaxıya və Bakıya yürüş etdilər. Onlar Kürü keçərək Gəncə, Qarabağ və Muğana hücum edib viran qoydular. Bu zaman Osman paşa Bakını ələ keçirdi. Osmanlı ordusu Şirvanın içərilərinə doğru yeridi.
Bundan sonra Osmanlı-Krım birləşmiş ordusu İranı tamamilə tar-mar etmək barədə plan qurdu. Əldə olunan razılığa görə, Osman paşa, Mustafa Lələ paşa və Məhəmməd Gərayin birləşmiş qüvvələri öncə Qəzvinin işğalını həyata keçirməli idi. Lakin bu məqsədlə yürüşə başlayan Mustafa Lələ paşa verdiyi sözə əməl etmədi, Qızılbaş ordusunun onu qarşılamağa gəldiyini eşitcək rəhbərlik etdiyi kürd süvarilərini də götürüb Ərzuruma tərəf qaçdı. Onun bu addımı Məhəmməd Gərayin Krıma geri dönməyə qərar verməsinə səbəb oldu. Osman paşa ona Şirvanda qışlamaq təklifi etsə də, o oğlanları Səadət Gərayla Qazi Gərayin rəhbərliyi altında 2 minlik qüvvəni Şirvanda qoyaraq Krıma döndü. Bu zaman Pirə Məhəmməd xanın Şirvan üzərinə yürüşünü eşidən Səadət Gəray da qorxusundan Şirvandan qaçdı.
Səfəvi şahı İran Azərbaycanı türklərindən böyük bir qoşun toplayaraq Şirvan və Dərbəndi geri qaytarmaq üçün göndərdi. Salman xanın və Pirə Məhəmməd xanın rəhbərliyi altında 50-60 minlik qüvvə Bakı üzərinə gəldi. Bundan xəbər tutan Osman paşa Fərhad bəy, Kaykı bəy, Heydar paşa və Əli bəyin qatıldığı Osmanlı ordusunu onları qarşılamaq üçün Şamaxı istiqamətinə göndərdi. Şamaxı ətrafında qarşılaşan tərəflər arasında baş verən döyüşdə məğlub olan Osmanlı qoşunu geri çəkilmək məcburiyyətində qaldı. Qızılbaşlar tərəfindən Əli bəy əsir alındı. Bu zaman Səfəvi qüvvələri Bakını mühasirəyə aldı. Osmanlılar Bakı şəhərinin müdafiəsində ciddi müqavimət göstərdilər. Şəhər 40 gün mühasirədə qalsa da, əlavə Osmanlı qüvvələrinin köməyə gəlməsi ilə mühasirə dayandırıldı.
Çox keçmədən Şirvana vali təyin edilən Peykər xanın rəhbərliyi altında 15 minlik Səfəvi ordusu Şirvana göndərildi. Osman paşa da Qazi Gərayın başçılığı altında Osmanlı ordusunu ona qarşı yolladı. Döyüş Şamaxı ilə Şabran arasında baş verdi. “Ya Hüseyn!” sədaları altında vuruşan qızılbaşlar könülsüz vuruşan düşmən əsgərlərinə qalib gəldilər. Krımlıların əvvəlki uğurlarının təsiri altında özünə güvənən Qazi Gəray at belində döyüşün ən qızğın yerinə yeridi, lakin qızılbaşlar tərəfindən əsir alındı. Krımlıların və osmanlıların birləşmiş qoşunu yenidən ağır məğlubiyyətə uğradı. Səadət Gəray əsir düşmək təhlükəsi ilə üzləşdi. Sağ qalan krımlılar və osmanlılar döyüş mövqeyindən qaçdılar. Peykər xan tərəfindən əsir alınan Qazi Gəray qorçilər vasitəsilə Həmzə Mirzənin yanına göndərildi və Əlamut qalasında zindana salındı. Qızılbaşların əldə etdiyi bu qələbə Ağsuya kimi ərazilərin Qızılbaş nəzarətinə keçməsini təmin etdi.
Şirvan bölgəsinin Səfəvilər tərəfindən azad edilməsi xəbəri Osman paşanı qorxuya saldı. O əsgərlərinə daha etibarlı sığınacaq yeri təmin etmək məqsədilə Asafi və Qayğı bəyi dərhal Qəbələ qalasını möhkəmləndirməyə göndərdi. Bu zaman Partal oğlu Mustafa bəyin rəhbəriyi altında 4-5 minlik Qızılbaş qoşunu Ərəşdən yürüş edərək Qəbələni mühasirəyə aldı. Mühasirənin 18-ci günü aclıq qala müdafiəçilərini çıxılmaz vəziyyətə saldı. Qızılbaşların əsir aldığı Qassani sancaqbəyi tərəfindən qala müdafiəçilərinə ünvanlanan məktubda 3-cü Muradın Səfəvi şahının sülh təklifini qəbul etdiyi və tərəflər arasında artıq müharibənin dayandırıldığı xəbərinin çatdırılması osmanlılar arasında qarşıdurmaya səbəb oldu. Hətta onların bir hissəsi qızılbaşların tərəfinə keçdi. Çıxılmaz vəziyyətdə qalan Asafi qalanı Partal oğlu Mustafa bəyə təslim etdi. Qızılbaşlar tərəfindən sorğu-suala çəkilən Asafi Ələmut qalasına Qazi Gərayın yanına göndərildi və Zülfüqar Abdal adlı bir məhkumla üç ilə yaxın bir quyuda saxlanıldı.
Qızılbaşların Qəbələni alması xəbərini eşidən Osman paşa qorxusundan Dərbəndə qaçaraq vəziyyəti İstanbula çatdırdı. Şirvan bölgəsinin tamamilə itirildiyini nəhayət dərk edən Osmanlı hökuməti Dərbəndə təcili yardım göndərməyə qərar verdi. Osmanlı sultanı Krım xanlığından, eləcə də Dağıstan çeçen və avarlarından hərbi dəstələr, habelə hərbi sursat və pul göndərməklə Osman paşaya yardım göstərdi.
Səfəvi sərkərdəsi İmamqulu xan Osmanlı ordusunun Dərbəndə çəkilməsindən xəbər tutaraq 1583-cü ilin yazına kimi lazımi qüvvə toplamağa tələsdi. O gürcü hakimi Aleksandrdan aldığı yardım nəticəsində 40-50 min nəfərə çatdırdığı ordusu ilə Kür çayını keçərək Şirvana daxil oldu. Qızılbaşlarla osmanlılar arasında baş verən Niyazabad döyüşündə qızılbaşlar mühüm qələbə qazandılar. Osmanlılar döyüşdə Mustafa bəy, Abdaloğlu, Divanə Malkoç və Yaqub bəyi itirərək, silah-sursatı ataraq Müskür meşələrinə, sonra da Dərbəndə qaçmaq məcburiyyətində qaldılar.
Niyazabad döyüşündə məğlub olub qaçan Osmanlı əsgərləri Dərbəndə çatan zaman silahdarbaşı Əli Ağanin təklifi ilə Osman paşa əsaslı ordu ilə İmamqulu xana qarşı hərəkətə başladı. Asafinin “Şücaətnamə”sində bəhs olunan ən mühüm döyüşlərdən biri də 1583-cü il mayın 8-11-ində tərəflər arasında baş verən “Məşəl savaşı”dır. Müəllif yazır ki, Niyazabad döyüşündəki məğlubiyyətdən sonra əsgərlərindəki intiqam hissinin yüksək olduğunu görən Osman paşa onların təchizatını yaxşılaşdırdı və Səfəvilər üzərinə yürüşə qərar verdi. Bu zaman əldə etdiyi qələbə nəticəsində öyünən və qürurlanan İmamqulu xan Osman paşaya meydan oxuyaraq ona Dərbənddən çıxaraq döyüş meydanına gəlməsi üçün xəbər göndərdi. Osman paşa ordusunu döyüşə hazırlayaraq Samur çayını keçdi, Vilayət Harkı və ya Palasa adıyla tanınan düzün ortasındakı Baştəpə adlı yerdə öz qərargahını qurdu. Müəllif bu ərazidə vaxtı ilə Toxtamış xanla Teymur arasında döyüşün baş verdiyini xatırladır. Tərəflərin qatı duman altında dörd gün ərzində nəinki gecə, hətta gündüz belə məşəl yandıraraq vuruşduğu bu döyüş tarixə “Məşəl savaşı” adı ilə daxil olmuşdur.
Asafi yazır ki, Osman paşa Samur çayı sahilinə çatanda düşmən ordusunun yaxınlaşdığını nəzərə alaraq döyüş mövqeyi tutdu. Cəfər paşa Rumeli və Kəfə əsgərləri ilə ordunun sol cinahında, Çərkəz Heydər paşa Sivas və Kastamonu sancaqbəyləri ilə sağ cinahda, Osman paşa isə mərkəzdə yer aldı. Osmanlı ordusunun önündə yeniçəri tüfəngçiləri və topçular yerləşdirildi. Səfəvi ordusunda isə İmamqulu xan mərkəzdə, sağ cinahda Rüstəm xanın, Mehdiqulu xan Şamlının və Əbubəkr Mirzənin, sol cinahda isə Heydər xan, Xəlifə Ənsarın iki oğlu- Mürşidqulu Sultanla Şahverdi Sultanın və aznaur Yoramın rəhbərliyi altında Kaxeti gürcüləri yer almışdı. Mayın 8-də bazar günü sübhdən başlayan döyüşün ilk günü ön qüvvələrin qarşılaşması ilə başa çatdı. Tərəflər öz mövqelərinə çəkilərək sabaha kimi gözlədilər. Növbəti gün top atəşilə başlayan döyüş gecə yarıya kimi davam etdi. Hətta tərəflər məşəllər yandıraraq gecə yarıya kimi vuruşdular. Döyüş qızılbaşların üstünlüyü şəraitində keçdi. Döyüşün üçüncü günü tərəflər bir-birinə qarşı hücum etməyərək dincəldilər. Bu zaman Osman paşa özünü geriyə çəkilməyə hazırlaşırmış kimi göstərərək əsas ehtiyatları arxaya daşıtdırdı. Qızılbaşlar osmanlıların əsas qüvvələrinin geri çəkildiyini zənn edərək onların yolunu kəsmək üçün Osmanlı ordusunun arxasına keçib Samur çayının üç fərsəxliyində mövqe tutdular. Buna görə də mayın 11-ində çərşənbə günü- döyüşün dördüncü günü Qızılbaş ordusu geri çəkilən Osmanlı ordusuna mane olmaq üçün onu mühasirəyə almağa çalışsa da, güclü top atəşi ilə qarşılaşdı. Osmanlı ordusunun sol cinahına qızılbaşlar ciddi zərbə vursa da, Köstəndil sancaqbəyi və Rumeli əsgərlərinin yardımı sayəsində qızılbaşlar məğlubiyyətə uğradıldı. İmamqulu xan məğlubiyyətdən xilas olmaq üçün çox çalışsa da, buna nail ola bilmədi. Gürcü aznaurları Dağıstan dağlarına qaçdı. Qızılbaş ordusu ciddi təlafat verərək geri çəkilməyə başladı. Osman paşa qızılbaşları təqib etməyə icazə vermədi. Osmanlılar xeyli qənimət ələ keçirdilər.
“Məşəl savaşı” Osmanlı ordusunu Şirvandan çıxarmaq üçün qızılbaşların həyata keçirdikləri sonuncu ən böyük hərbi əməliyyatlardan biri oldu. Bu döyüşdəki uğursuzluq Osman paşanın işğal edilmiş ərazilərdə öz mövqeyini möhkəmləndirməsinə, Şamaxını yenidən ələ keçirərək orada yeni qala tikməsinə şərait yaratdı.
1585-ci il Osmanlı sultanı böyük ordunu Osman paşanın sərəncamına verərək onu Təbriz üzərinə göndərdi. 1585-ci il avqustun 12-sində Osman paşa Ərzurumu tərk etdi və Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində hərəkətə başladı.
1585-ci ilin yayında Səfəvi şahı və oğlu Həmzə Mirzə Qarabağ yaylaqlarında idilər və günlərini eyş-işrətdə keçirirdilər. Onlar yaylaqda ikən Osman paşanın Təbriz üzərinə yürüş xəbərini aldılar. Həmzə Mirzə 20 minlik qüvvə ilə ona qarşı göndərildi. Sentyabrın 18-ində Sufiyan ərazisində Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların öndə gedən dəstəsi düşmən hissələri ilə üz-üzə gəldi. Axşama kimi davam edən döyüşdə əvvəlcə qızılbaşlar osmanlıları böyük itkiyə məruz qoysa da, sonra onların böyük üstünlüyü qarşısında geri çəkilməyə məcbur qaldılar. Növbəti gün Osman paşa yürüşü davam etdirərək Təbrizin şimalından keçən Acısu çayının keçidinə yaxınlaşdı. Sentyabrın 20-sində Osman paşa Təbriz şəhərinə hücuma başladı. Əsasən müdafiəsiz qalmış Təbriz çoxsaylı nizami osmanlı ordusunun hücumunu dəf edə bilmədi. Osman paşa şəhərə daxil olsa da, şəhər əhalisinin ciddi müqaviməti ilə qarşılaşdı. Pirqeyb xan və Hüseynqulu Sultan gecə basqınları təşkil edərək osmanlılardan xeyli adam qırdılar. Düşmənin Sahibabad meydanına kimi irəlilədiyini nəzərə alan Təbriz hakimi Hüseynqulu Sultan və Pirqeyb xan müqavimət göstərməyin mənasız olduğunu görüb şəhəri tərk etdilər. Öz hakimləri tərəfindən taleyin ümidinə buraxılmış təbrizlilər bir müddət şiddətli müqavimət göstərdilər. Şəhər əyanları özlərini və əmlaklarını talandan qorumaq üçün Qazi Kamran bəy Əvhədi, şeyxülislam Mövlana Məhəmməd Əli və digər adlı-sanlı şəxslərin daxil olduğu nümayəndə heyətini Osman paşanın yanına göndərdilər. Lakin bu əhalini amansız kütləvi qırğın və talanından xilas edə bilmədi. 
 B.Kütükoğlu Mustafa Alinin verdiyi məlumata əsaslanaraq yazır ki, Təbriz hamamlarından birində Osmanlı zabitinin öldürüldüyü xəbəri Osman paşaya çatdırıldıqda o əhalini qılıncdan keçirməyi əmr etdi. Osmanlı əsgərləri Təbrizin küçələrini ələk-vələk edir, qarşılarına çıxanları ucdantutma qətlə yetirirdilər. Asafinin verdiyi məlumata görə, bir gün ərzində şəhərdə 5-6 mindən artıq adam qırğının qurbanı oldu. Lakin o dövrün farsdilli və Osmanlı mənbələrinin təhlili qırğın qurbanlarının daha çox olduğunu- 20 minə çatdığını göstərir. O.Ə.Əfəndiyevin qeyd etdiyi kimi, Təbriz Osmanlı istilası zamanı “İslam şəhərləri arasında tayı-bərabəri olmayan, əhalisi sıx və abad bir şəhərdən əhalinin tərk etdiyi, yarımdağıdılmlş, ölü şəhərə çevrildi”.
Asafi Təbriz yaxınlığında Osmanlı qoşunu ilə Qızılbaş ordusu arasında baş verən iki mühüm döyüş haqqında da məlumat verir. Osmanlı ordusunun Təbrizdə ərzaq qıtlığı ilə üzləşməsindən xəbər tutan Həmzə Mirzə düşmənin şəhər ətrafında yerləşən canlı qüvvəsinə zərbə vurmaq üçün qorçibaşı Qulu bəy Əfşarı göndərdi. O Fəxusfənc çayını keçərək Təbrizə yaxınlaşdı. Osman paşa Cığal oğlu Sinan paşanı ona qarşı göndərdi. Qulu bəyin göndərdiyi ön dəstə Saidabadda Sinan paşanın ön qüvvələrinə çataraq geriçəkilmə manevri ilə onları öz arxasınca, qızılbaşların pusquda duran əsas qüvvələrinə tərəf gətirdi. Öz ordusunu artilleriyanın köməyindən məhrum edən Sinan paşa Qızılbaş süvarisinin sarsıdıcı hücumuna məruz qaldı. Həmin döyüşdə Osmanlı ordusu böyük itki verdi. Mahmudi Həsən bəy, Sipahi-oğlanları katibi Mehmed Çələbi, ali divan katiblərindən Əbdürrəhman Əfəndi, Yəhya Sübaşı öldürüldü, Urmiya hakimi Boxti Xalid bəy və Harran bəyi Yusif əsir alındı.
Qızılbaşların bu qələbəsi Həmzə Mirzəni Sinan paşa üzərinə yeni yürüşə başlamasına şərait yaratdı. Oktyabrın 25-ində Fəxusfənc çayı kənarında növbəti döyüş baş verdi. Bu döyüşdə Həmzə Mirzə şəxsən iştirak etdi. Günortaya kimi tərəflər bir-birinə ox atmaqla kifayətləndilər. Bu zaman İmamqulu xanın dəstəsi çayı keçərək hücuma keçdi. Döyüş gecə qaranlığına kimi davam etdi. Həmzə Mirzənin əmri ilə Şahrux xan düşmən mərkəzinin arxasına keçdikdən sonra döyüş qızılbaşların qələbəsi ilə başa çatdı. Osmanlı qüvvələri sayca üstün olmasına baxmayaraq pərən-pərən salındı və geri çəkilməyə başladı. Osmanlı sərkərdələri Mehmed paşa öldürüldü, Murad paşa isə əsir alındı. Qızılbaşlar düşməni əsas qüvvələrinin yerləşdiyi qərargaha kimi təqib etdilər.
Həmzə Mirzənin rəhbərliyi altında qızılbaşların aramsız hücumları, təbrizlilərin müqaviməti, ərzaq çatışmazlığı və Osman paşanın ağır xəstələnməsi osmanlıların vəziyyətini xeyli çətinləşdirdi. Osman paşa orduya rəhbərliyi Sinan paşaya tapşırsa da, baş verən son hadisələr ona pis təsir etmişdi. Sinan paşa oktyabrın 28-ində Təbrizdə Cəfər paşanı 7 minlik hərbi hissə ilə qoyaraq şəhəri tərk etdi. Sinan paşanın rəhbərliyi altında Osmanlı ordusu Şənbi-Qazanda dincəlməyə dayandığı zaman Həmzə Mirzə onlara hücum etdi. Qızılbaşların gözlənilməz hücumu nəticəsində düşmənin qəfil yaxalanması Osmanlı ordusunda çaşqınlığa səbəb oldu. Axşama kimi davam edən döyüş zamanı Çaldıran sancaqbəyi Xosrov bəy öldürüldü. Yalnız silahdarbaşı Xürrəm ağanın rəhbərliyi altında osmanlıların əks-hücumu qızılbaşları geriyə çəkilməyə vadar etdi. Bu zaman onlar düşmənin 85 qatar yüklü dəvəsini qənimət kimi özləri ilə apardılar.
Şənbi Qazan döyüşü başa çatdığı gecə Osman paşa vəfat etdi. Orduda çaxnaşma yaranmaması üçün bu xəbəri əsgərlərdən gizlətdilər. Osman paşanın ölümündən xəbər tutan Həmzə Mirzə Osmanlı ordusunu təqib edərək ona növbəti zərbə vurmağa səy göstərdi. Həmzə Mirzə İsmailqulu xan Şamlı və Toxmaq xan Ustaclı ilə birlikdə geri çəkilməkdə olan Osmanlı ordusuna Mayan adlı yerdə növbəti dəfə hücum etdi. Düşmən xeyli itki verərək yoluna davam etdi. Həmzə Mirzə Tasuca qədər düşmənin ardınca gedərək ona tez-tez gözlənilməz zərbələr vurdu.
Osmanlı-Səfəvi müharibəsinin növbəti mərhələsi son nəticədə qızılbaşların məğlubiyyəti ilə başa çatdı. 12 ilə yaxın davam edən müharibə 1590-cı il İstanbul sülhü ilə başa çatdı və Səfəvi dövləti əksər Azərbaycan torpaqlarından məhrum oldu. Osmanlı ordusu Cənubi Qafqazı, o cümlədən İran Azərbaycanının əksər torpaqlarını işğal etdi. Yerli xalqlar uzun müddət Osmanlı zülmü altında inlədi.
16-cı əsrin son rübündə Osmanlı-Səfəvi müharibəsinin gedişində Azərbaycanın əksər ərazilərinin işğal olunması nəticəsində regionun inkişafına ağır zərbə vuruldu, əhali fəlakətlə üzləşdi. İşğalın ilk mərhələsində Osmanlı hakim dairələri Səfəvi hakimiyyəti dövründə müəyyən olunmuş vergi məbləğləri və mükəlləfiyyətlərlə kifayətlənirdilər. Lakin işğalın sonrakı mərhələsində onlar dövlət xəzinəsini zənginləşdirmək, şəxsən varlanmaq məqsədilə tədricən vergilərin məbləğini və mükəlləfiyyətlərin sayını artırırdılar. Nəticədə Azərbaycanın iqtisadi vəziyyəti həddən artıq ağırlaşdı. Əhalinin çox hissəsi yaşadığı ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldı. Yurdlar boşaldı.
Azərbaycanda yaranmış vəziyyətin şahidi olmuş səlnaməçilərdən biri Osmanlı işğalı dövründə Təbrizdəki şəraiti belə təsvir edir: “Təbriz əhalisinin bir hissəsi şəhər işğal olunarkən qılıncdan keçirilmiş, digər bir qismi əsir kimi aparılmış, qalanları isə Əcəm İraqının şəhərlərinə qaçmışdılar”. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Osmanlı işğalı illərində “Təbriz şəhərində əhali qalmamışdı”. Zülm ucbatından Təbriz şəhərinin əhalisinin tamamilə köçməsi haqqında Osmanlı mənbələrində çoxlu məlumatlar vardır. Arakel Təbrizli yazır ki, “bu səbəbdən torpaq sahibləri və əkinçilər qorxu və dəhşətlə öz yerlərini tərk edir, qalalarda, qəsrlərdə, mağaralarda möhkəmlənir, əkinçiliklə məşğul ola bilmirdilər”.
Osmanlı imperiyasının iqtisadi vəziyyəti get-gedə xeyli ağırlaşırdı. Çoxsaylı ordunun saxlanması dövlət ehtiyatlarının tükənməsinə, xeyli gənc işçi qüvvəsinin ictimai istehsaldan ayrılmasına, istehlakın və məsrəflərin artmasına səbəb olurdu. İqtisadi həyatdakı böhranın təzahürləri geniş əraziyə malik olan Osmanlı imperiyasının bütün vilayətlərində nəzərə çarpırdı. Ucqar vilayətlərdə, xüsusilə fəth olunmuş ölkələrdə iqtisadi böhranın nəticələri xüsusilə acınacaqlı idi. Osmanlı hakim dairələri həmin ərazilərdə başlıca diqqəti istehsalın təşkilinə deyil, zəbt olunmuş ərazilərin qarət edilməsinə yönəldirdilər.
Osmanlı hakim dairələri ağır iqtisadi vəziyyətə düşmüş Azərbaycandan ordunun və inzibati aparatın saxlanması üçün zəruri olan vəsaiti əldə edə bilmirdilər. Uzun müddət ərzində məvaciblə təmin olunmayan Osmanlı əsgərləri arasında narazılıq yaranırdı. Başsız qalmış Osmanlı əsgərləri soyğunçuluğa meyllənir və dəhşətli dağıntılar törədirdilər. Belə bir şəraitdə regionda Rus ordusunun peyda olması və imperiya idarəçiliyinin yaranması qoy xalqları faciəli sonluqdan qurtardı.

Комментариев нет:

Отправить комментарий