Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 24 iyun 2022-ci ildə imzalanmış beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş
Bundan sonra Tərəflər adlandırılacaq Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə mühüm təsir göstərən informasiya-kommunikasiya texnologiyalarının inkişafı və tətbiqi sahəsində mühüm irəliləyişləri qeyd edərək,
informasiya-kommunikasiya texnologiyalarının bəşəriyyətin rifahı naminə sosial-iqtisadi inkişafda, habelə beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasında böyük əhəmiyyətini qeyd edərək,
informasiya və kommunikasiya texnologiyalarından beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi vəzifələri ilə bir araya sığmayan məqsədlərlə, habelə dövlətlərin suverenliyinə və təhlükəsizliyinə xələl gətirmək və onların daxili işlərinə müdaxilə etmək məqsədi ilə istifadə imkanları ilə vətəndaşların şəxsi həyatının toxunulmazlığını, daxili siyasi və sosial-iqtisadi sabitliyi pozmaqla, millətlərarası və dinlərarası düşmənçiliyi qızışdırmaqla bağlı təhdidlərdən narahatlığını ifadə edərək,
beynəlxalq təhlükəsizlik sisteminin əsas elementlərindən biri kimi beynəlxalq informasiya təhlükəsizliyinə böyük əhəmiyyət verərək,
Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bütün ölkələr üçün bərabər təhlükəsizliyi təmin etmək məqsədilə dövlətlərin informasiya məkanında məsuliyyətli davranışı üçün qaydaların, normaların və prinsiplərin işlənib hazırlanmasına və qəbul edilməsinə dəstək verərək,
dövlət suverenliyinin və dövlət suverenliyindən irəli gələn beynəlxalq norma və prinsiplərin dövlətlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə bağlı fəaliyyətində onların davranışına və ərazisindəki informasiya infrastrukturu üzərində yurisdiksiyasına, habelə suveren hüququna şamil edildiyini, “İnternet” informasiya və telekommunikasiya şəbəkəsi, o cümlədən onun təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər üzrə dövlət siyasətini müəyyən etdiyini və həyata keçirdiyini təsdiq edərək,
informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində Tərəflər arasında etimadın daha da dərinləşdirilməsinə və qarşılıqlı fəaliyyətin inkişafına təcili ehtiyac olduğuna və onların maraqlarına cavab verdiyinə əmin olaraq,
informasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi ilə insan hüquqlarına hörmət arasında tarazlığa mühüm əhəmiyyət verərək,
sülh, təhlükəsizlik, açıqlıq və əməkdaşlıq ilə xarakterizə olunan informasiya mühitinin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq informasiya təhlükəsizliyinə təhdidlərin qarşısını almağa və Tərəflərin dövlətlərinin informasiya sahəsində milli maraqlarını təmin etməyə səy göstərərək,
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 3 iyul 1997-ci il tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 3 iyul 2008-ci il tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin müddəalarını rəhbər tutaraq,
Tərəflər arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində üçüncü tərəfin maraqlarına zərər vurmağa yönəlməyən əməkdaşlığın hüquqi və təşkilati əsasını yaratmaq arzusu ilə, xüsusən də müstəqilliyə, suverenliyə qarşılıqlı hörmət prinsiplərini rəhbər tutaraq, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələrin və münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquq qaydasının qorunması və möhkəmləndirilməsi üçün əsas kimi güc tətbiq etməmək və ya güc tətbiq etmə təhdid, daxili işlərə qarışmamaq barədə aşağıdakı razılığa gəliblər:
MADDƏ 1: BEYNƏLXALQ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ ƏSAS TƏHDİDLƏR
Bu Sazişə uyğun olaraq əməkdaşlığı həyata keçirərkən Tərəflər beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas təhlükələrin informasiya-kommunikasiya texnologiyalarından aşağıdakı məqsədlər üçün istifadə olmasından çıxış edirlər:
1) dövlətlərin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətlərin həyata keçirilməsi üçün;
2) mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları həyata keçirmək üçün;
3) terror məqsədləri üçün, xüsusən də terrorizmi təbliğ etmək və terror fəaliyyəti ilə məşğul olmaq üçün;
4) informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində, xüsusən də kompüter məlumatlarına qanunsuz daxil olmaq, zərərli kompüter proqramlarının yaradılması, istifadəsi və yayılması ilə bağlı, vasitələrin istismarı qaydalarını pozmaqla cinayətlər törətmək, Tərəf dövlətlərin qanunvericiliyində cinayət kimi təsnif edilən kompüter məlumatlarının və informasiya telekommunikasiya şəbəkələrinin saxlanması, emalı və ya ötürülməsi üçün;
5) dövlətlərin daxili işlərinə qarışmaq, ictimai asayişi pozmaq, millətlərarası, irqlərarası və dinlərarası ədavəti qızışdırmaq, separatizmi və ekstremizmi, nifrət və ayrı-seçkilik yaradan irqçi və ksenofobik ideya və nəzəriyyələri təbliğ etmək, zorakılığa və qeyri-sabitliyə təhrik etmək, habelə sabitliyi pozmaq, o cümlədən daxili siyasi və sosial-iqtisadi vəziyyətin, dövlət idarəçiliyinin pozulması üçün;
6) Tərəflərin dövlətlərinin ictimai-siyasi və sosial-iqtisadi sistemlərinə, mənəvi, əxlaqi və mədəni mühitinə zərər vuran məlumatların yayılması üçün;
7) vətəndaşların həyatına və təhlükəsizliyinə təhlükə yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatların etibarlı məlumatlar adı altında cəmiyyətə yayılması üçün.
MADDƏ 2: ƏMƏKDAŞLIĞIN ÜMUMİ PRİNSİPLƏRİ
1. Tərəflər bu Saziş çərçivəsində beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində elə əməkdaşlıq edəcəklər ki, bu əməkdaşlıq sosial və iqtisadi inkişafa töhfə versin, beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin qorunması vəzifələrinə uyğun və ardıcıl olsun. Suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisələrin və münaqişələrin sülh yolu ilə həlli, güc tətbiq etməmək və güclə təhdid etməmək, müdaxilə etməmək prinsipləri daxil olmaqla, beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normaları ilə daxili işlərdə insan hüquqlarına və əsas azadlıqlarına hörmət, habelə ikitərəfli əməkdaşlıq və Tərəf dövlətlərin informasiya ehtiyatlarına müdaxilə etməmək prinsipləri qorunsun.
2. Tərəflərin bu Saziş üzrə fəaliyyəti aid olduqları dövlətlərinin qanunvericiliyinə uyğun olmalıdır.
3. Hər bir Tərəf öz dövlətinin informasiya resurslarını və infrastrukturlarını, habelə istifadəçilərinin şəxsi məlumatlarını sui-istifadədən və icazəsiz müdaxilədən, o cümlədən onları kompüter hücumlarından qorumaq üçün bərabər hüquqlara malikdir. Hər bir Tərəf digər Tərəfə münasibətdə bu cür hərəkətlərə yol verməməli və bu hüquqların həyata keçirilməsinə kömək göstərməlidir.
4. Tərəflər öz dövlətlərinin informasiya infrastrukturundan və resurslarından üçüncü bir tərəfə onların dövlətlərinə zərər vurmaq üçün istifadə edilməməsi üçün səy göstərəcəklər.
5. Tərəflər bu Sazişin predmetinə və məqsədlərinə xələl gətirmədən informasiya-kommunikasiya texnologiyalarından istifadə və cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Tərəflərin dövlətlərindən birinin informasiya sistemində saxlanılan kompüter məlumatlarına transsərhəd girişinə Tərəf dövlətlərin müvafiq səlahiyyətli orqanları ilə rəsmi qarşılıqlı əlaqə olmadan icazə verilmir. Bu cür qarşılıqlı fəaliyyət yalnız ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr, o cümlədən cinayət işləri üzrə hüquqi yardım haqqında, habelə beynəlxalq hüquq-mühafizə əməkdaşlığı çərçivəsində həyata keçirilə bilər.
MADDƏ 3: ƏMƏKDAŞLIĞIN ƏSAS İSTİQAMƏTLƏRİ
1. Bu Sazişin 1-ci maddəsində göstərilən əsas təhlükələri nəzərə alaraq, Tərəf dövlətlərin bu Sazişin 5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş səlahiyyətli orqanları beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşağıdakı əsas sahələr üzrə əməkdaşlıq edəcəklər:
1) bu Sazişin 1-ci maddəsində göstərilən beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində təhdidlərə qarşı mübarizənin əlaqələndirilməsi;
2) informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş cinayətlərin və digər hüquqpozmaların aşkar edilməsi, xəəbərdarlıq edilməsi, qarşısının alınması və istintaq aparılması məqsədilə hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi;
3) beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək zəruri gücləndirmə tədbirlərinin razılaşdırılması və həyata keçirilməsi;
4) Tərəf dövlətlərin səlahiyyətli orqanları arasında informasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kompüter insidentlərinə reaksiya, informasiya resirslarına kompüter hücumlarının nəticələrinin aşkar edilməsi, qarşısının alınması, nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə məlumat mübadiləsi;
5) informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə Tərəf dövlətlərin qanunvericiliyinə dair məlumat mübadiləsi;
6) beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Tərəf dövlətlər arasında əməkdaşlıq üçün ikitərəfli normativ bazanın və praktiki mexanizmlərin təkmilləşdirilməsi;
7) beynəlxalq platformalarda milli və beynəlxalq informasiya təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq hüququn işlənib hazırlanmasında və təşviqində iştirak;
8) müvafiq beynəlxalq təşkilatlar və forumlar çərçivəsində beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi problemlərinin həllində Tərəf dövlətlərin qarşılıqlı fəaliyyəti;
9) beynəlxalq informasiya təhlükəsizliyi sahəsində Tərəf dövlətlərin səlahiyyətli orqanlarının nümayəndələri və ekspertləri arasında işgüzar görüşlərin, konfransların, seminarların və digər forumların keçirilməsi, habelə təcrübə mübadiləsi aparılması;
10) beynəlxalq informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı, təcrübələrin təşkili və mütəxəssislərin mübadiləsi sahəsində qarşılıqlı fəaliyyət.
2. Tərəflər və ya Tərəf dövlətlərin səlahiyyətli orqanları əməkdaşlığın digər sahələrini yazılı razılaşma yolu ilə müəyyən edə bilərlər.
MADDƏ 4: ƏLAQƏLƏNDİRİCİ ORQANLAR
Bu Sazişin müddəalarının səmərəli həyata keçirilməsini asanlaşdırmaq və bu Saziş çərçivəsində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında birbaşa qarşılıqlı fəaliyyətin qurulmasını təmin etmək məqsədilə aşağıdakı əlaqələndirici orqanlar müəyyən ediliblər:
Rusiya Federasiyasından — Rusiya Federasiyası Təhlükəsizlik Şurasının aparatı;
Azərbaycan Respublikasından — Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibliyi.
Tərəflər zəruri hallarda hər hansı dəyişikliklər barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə dərhal yazılı məlumat verməklə əlaqələndirici orqanı əvəz edə bilərlər.
MADDƏ 5: ƏMƏKDAŞLIQ FORMALARI VƏ MEXANİZMLƏRİ
1. Bu Sazişdə nəzərdə tutulmuş konkret əməkdaşlıq sahələrində praktiki qarşılıqlı fəaliyyət bu Sazişin həyata keçirilməsinə cavabdeh olan Tərəf dövlətlərin səlahiyyətli orqanları vasitəsilə həyata keçirilə bilər. Tərəflər bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən 60 gün ərzində diplomatik kanallar vasitəsilə onun həyata keçirilməsinə cavabdeh olan Tərəf dövlətlərin səlahiyyətli orqanları haqqında məlumat mübadiləsi aparacaqlar.
2. Konkret sahələrdə əməkdaşlıq üçün hüquqi və təşkilati əsasların yaradılması məqsədilə Tərəf dövlətlərin səlahiyyətli orqanları müvafiq sazişlər bağlaya bilərlər.
3. Bu Sazişin icrasını nəzərdən keçirmək, məlumat mübadiləsi aparmaq, beynəlxalq informasiya təhlükəsizliyinə yaranan təhdidləri təhlil etmək və birgə qiymətləndirmək, belə təhdidlərə qarşı birgə cavab tədbirlərini müəyyən etmək, razılaşdırmaq və əlaqələndirmək məqsədi ilə Tərəflər müntəzəm olaraq Tərəf dövlətlərin səlahiyyətli orqanları nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr keçirəcəklər.
İdarələrarası məsləhətləşmələr Tərəflərin razılığı ilə ildə ən azı bir dəfə növbə ilə Rusiya Federasiyasında və Azərbaycan Respublikasında, səlahiyyətli orqanların məsləhətləşmələri isə həmin orqanların razılığı ilə keçirilir.
Tərəflərin hər biri onların keçirilmə vaxtını və yerini, habelə gündəliyi təklif etməklə əlavə məsləhətləşmələrə başlaya bilər.
MADDƏ 6: İNFORMASİYALARIN QORUNMASI
Tərəflər bu Saziş çərçivəsində əməkdaşlıq zamanı ötürülən və ya yaradılan, əldə olunması Tərəf dövlətlərin qanunvericiliyinə uyğun olaraq məhdudlaşdırılan məlumatların lazımi mühafizəsini təmin edəcəklər.
Bu cür məlumatların mühafizəsi onları qəbul edən Tərəf dövlətin qanunvericiliyinə və (və ya) müvafiq normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir. Belə məlumatlar həmin informasiyanın mənbəyi olan Tərəfin yazılı razılığı olmadan açıqlanmır və ya ötürülmür.
Bu cür məlumatlar Tərəf dövlətlərin qanunvericiliyinə uyğun müəyyən edilir.
Bu Sazişin icrası zamanı və müddəti başa çatdıqdan sonra Rusiya Federasiyası və Azərbaycan Respublikasının dövlət sirrini təşkil edən məlumatları ehtiva edən informasiyaların mübadiləsi qaydası, şərtləri və mühafizəsi tədbirləri Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında məxfi məlumatların qarşılıqlı mühafizəsi haqqında 2004-cü il 6 fevral tarixli Sazişlə müəyyən edilir.
Maddə 7: MALİYYƏLƏŞDİRMƏ
1. Tərəflər bu Sazişin həyata keçirilməsi üzrə müvafiq fəaliyyətlərdə öz nümayəndələrinin və ekspertlərinin iştirakı ilə bağlı xərcləri müstəqil şəkildə ödəyəcəklər.
2. Bu Sazişin həyata keçirilməsi ilə bağlı digər xərclərə gəldikdə, Tərəflər hər bir fərdi halda Tərəf dövlətlərin qanunvericiliyinə uyğun olaraq fərqli maliyyələşdirmə proseduru barədə razılığa gələ bilərlər.
MADDƏ 8: ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən, Sazişin 11-ci maddəsinə uyğun olaraq qüvvəyə minən dəyişikliklər və əlavələr edilə bilər.
MADDƏ 9: FİKİR AYRILIQLARI VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək fikir ayrılıqlarını və mübahisələri Tərəf dövlətlərin səlahiyyətli orqanları arasında məsləhətləşmələr və danışıqlar yolu ilə, lazım gəldikdə isə diplomatik kanallar vasitəsilə həll edəcəklər.
MADDƏ 10: DİGƏR BEYNƏLXALQ MÜQAVİLƏLƏRƏ MÜNASİBƏT
Bu Saziş Tərəflərdən hər birinin dövlətinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
MADDƏ 11: YEKUN MÜDDƏALAR
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və onun qüvvəyə minməsi üçün Tərəflərin zəruri olan dövlətdaxili prosedurların yerinə yetirməsinə dair sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən etibarən 30-cu gün qüvvəyə minir.
2. Bu Saziş Tərəflərdən biri digər Tərəfin bu Sazişə xitam vermək niyyəti barədə yazılı bildirişini diplomatik kanallar vasitəsilə aldığı tarixdən 90 gün sonra ləğv edilir.
3. Bu Sazişə xitam veriləcəyi halda Tərəflər məlumatın mühafizəsi üzrə öhdəliklərini tam yerinə yetirməklə bağlı tədbirlər görəcək, həmçinin bu Saziş çərçivəsində həyata keçirilən və bu Sazişlə tamamlanmamış əvvəllər razılaşdırılmış birgə işlərin, layihələrin və digər tədbirlərin həyata keçirilməsini təmin edəcəklər.
24 iyun 2022-ci il
Tərcümə etdi: Nadir Qocabəyli
Комментариев нет:
Отправить комментарий