Страницы

16.11.2010

Alın yazısı


Möhtəmən Həkim. Hekayə            


 Bəhruz ziyalı ailəsində dünyaya göz açmışdı. O evdə təhsilə, ədəbiyyata böyük maraq var idi. Bəhruzda da bədii ədəbiyyata həvəs lap kiçik yaşlarında başlamışdı. Məktəb kitabxanasının fəal oxucusu idi. Onu məhəbbət haqqında əsərlər daha çox cəlb edirdi. Onun adı Bəhruz olsa da uşaqlar arasında o, Azər kimi tanınırdı. Çünki lap uşaqlıqdan həyət-bacada onu Azər deyə çağırırdılar. 


 Bəhruzun bədii ədəbiyyatdan sevgi, gözəllik haqqında əldə etdiyi bilik, təsəvvür onun uşaq qəlbində xoş duyğu oyadırdı. Əgər gözəllik, sevgi haqqında suallar verilmiş olsaydı, bəlkə də Bəhruz həmyaşıdları arasında ən dolğun cavabı ilə onlardan seçilərdi. Bəlkə də elə bu səbəbdən gözəlliyi ilə sinif yoldaşlarından seçilən Səidə Bəhruzu özünə cəlb etmişdi. Bədii ədəbiyyatın Bəhruzun iç aləmində yaratdığı təsəvvür, təxəyyül, Səidənin onun qəlbində oyatdığı təsəvvürlə üst-üstə düşürdü. Səidəyə olan sevginin təsiri nəticəsində yeddinci sinifdə oxuyarkən tilsimə düşmüş və ona qəlbən vurulmuşdu. Bəhruz Səidəni çox görsün deyə arzulayırdı ki, məktəbdə dərslər uzun çəksin, dərslərdə daha çox qalsınlar.
 Dərsdən sonrakı vaxtlarda da Səidənin əksi onun gözləri qarşısından çəkilmiridi. Onu bir az da yandırıb yaxırdı.
 Gecələr Səidənin xəyalı ilə söhbətləşirdi. Bəzən də qızın cazibədarlığı qarşısında özünün harada olduğunu unudardı. Dərs zamanı da fikri özündən asılı olmadan qıza dikilərdi. Onun hər hərəkəti Bəhruzun gözlərindən yayınmazdı. Bəzən də müəllimin Bəhruza müraciəti, yaxud da sualı havadan asılı qalardı. Əgər yanında oturan yoldaşı onu vaxtında xəbərdar etməsəydi, bəkə də Bəhruz çıxılmaz vəziyyətə düşərdi.
 Bir dəfə müəllimin sərt şəkildə dediyi; -bala, sənin fikrin hansı dağ-dərədə gəzir? –sualı sanki onu yuxudan ayıltdı və bir qədər onu utandırdı. Uşaqların gülüşü daha təsir edici olub Bəhruzu çox pərt etdi.
 Çox vaxt Bəhruz öz evlərində də yemək zamanı əlində qaşıq özündən xəbərsiz xəyala gedərdi. Anası bu vəziyyətin dəfələrlə şahidi olduğu üçün fikrinə gətirərdi; -Allah, Bəhruz bəlkə xəstələnib. Bir neçə dəfə də Bəhruzdan nə baş verdiyini öyrənmək istəsə də bu mümkün olmamışdı.
 Bəhruz onu içəridən yandıran sevgisini Səidəyə deməyə də utanırdı.
 Əslində Səidə dəfələrlə Bəhruzun odlu baxışlarının ona dikildiyini hiss etmişdi. Lakin Səidə təsadüfi bir hal kimi qiymətləndirirdi.
 Bəhruz belə odlu, yandırıcı hisslərlə yaşaya-yaşaya orta məktəbi başa vurdu.
 Səidə birinci sinfə əslində altı yaşında getmişdi. Orta məktəbin sonuncu buraxılış imtahanlarından bir neçə gün sonra yoldaşlarından biri Bəhruza acı bir xəbər çatdırdı ki, Səidə Bakıda yaşayan istədiyi oğlanla qoşulub qaçıb. Eşitdiyinə görə atası bu işə razı olmadığı üçün qız belə edib. Elə bil Bəhruzu yanar odun içinə atdılar. Bəhriz gizlin bir yerə çəkilib hönkür-hönkür ağladı. Özünü pis hiss etdiyindən evə tələsdi. Gəlib heç kimə bir söz demədən otaqların birinə girib yatağa uzandı. İlan vurmuş adam kimi yataqda o tərəf bu tərəfə qıvrılır, özünə bir təskinlik tapa bilmirdi. Fikirdən elə bil ürəyi partlayacaqdı.
 Bəhruz fikirləşirdi ki, daha mənim gələcək həyatım puç olub. Ömrüm boyu heç kəsi sevməyəcəm. Daha ailə həyatı qurmayacağam.
 ...Bəhruz mənəvi əzablar çəkə-çəkə qəbul imtahanları verib Tibb İnstitutuna daxil oldu. Çoxlu dostlar qazandı. Səidə haqqında daha təsadüfdən-təsadüfə fikirləşirdi. Çətin dərslərin onun başını qatması və yeni dostlarla oturub durması, ilk sevgi macərasının yanğısını azaldır və get-gedə onu daha narahat etmirdi.
 Bəhruz qrup yoldaşları arasında həm görkəminə, həm də ağıllı olma-sına görə seçilirdi. Həm də dərslərində çox çalışqan idi. Bütün bu cəhədləri onun hörmətini daha da artırırdı.
 Qızlar arasında da Qəmər adlı qız öz gözəlliyi və davranışı ilə seçilirdi. Bu keyfiyyətlər onları vaxt keçdikcə bir-birinə yaxınlaşdırır və onların arasında səmimi, ülvi dostluğun yaranmasına səbəb olurdu.
 Üçüncü kursda oxuyarkən onlar daha da mehriban olmuşdular. Dərslərdə yanaşı oturar, dərslər qurtaranda birgə çıxardılar. Son kursda oxuyarkən onların ülvi münasibətləri onlarla oxuyan bütün tələbələrə bəlli idi. Çoxları bu cütlüyə həsədlə baxardılar. Onlar arasındakı xoş münasibət get-gedə məhəbbətə çevrilirdi.
 İnstitutu fərqlənmə diplomu ilə bitirdiyi üçün Bəhruzu Tibb texnu-kumlarından birinə müəllim təyin etdilər. Qəməri isə şəhər poliklinikalarından birinə həkim göndərdilər. Bir neçə ay sonra Bəhruzla Qəmər nişanlandılar. Onlar nişanlı günlərini gözəl xatirələrlə dolu günlər kimi yola saldılar.
 Növbəti ilin yazında toyları oldu. Bu gənc ailə əsil məhəbbət simvoluna çevrilmişdi. Onlar günlə-rini, istirahətlərini xoş keçirər, kino-teatrlara, gəzintilərə çox vaxt ayırardılar. Tanıyanlar həmişə onlardan razılıq edərdilər. Qohum-əqrəba ara-sında da böyük hörmət qazanmışdılar.
 Günlərin birində Qəmər Bəhruza –bu gün səni sevindirəcəyəm, mən ana olacağam, –dedi. Bəhruz bir qədər tutulan kimi oldu, üzü qızardı. Nəhayət özünü ələ alıb Qəməri öpərək dedi:
- Təbrik edirəm. Bu mənim qəlbimdə gizli saxladığım ən böyük, ən ülvi arzum idi. Demək mənim övladım olacaq. Mən ata olacağam. Mənim üçün bundan böyük sevinc ola bilməz. Sənə ürəyincə olan bir hədiyyə də alacağam.
 Bəhruzun bu sevinci onun qəlbində elə yer almışdı ki, hər yadına düşdükcə üzünə təbəssüm qonur, gözləri gülürdü. Bir neçə aydan sonra müayinə zamanı həkim dedi ki, Qəmərin qızı olacaq. Hələ dünyaya gəlməyən bu qıza hətta ad qoymaq barəsində də söz açdılar. Bəhruz Qəmərə bildirdi ki, körpəyə sən ad qoyacaqsan. Qəmər isə təkidlə xahiş etdi ki, adını sən qoy. Bəhruz xeyli fikirləşib uşağa Səidə adının qoyulmasını təklif etdi. Qəmər soruşdu: -Bəs nə üçün Səidə?
 Bəhruz bir qədər tutulan kimi olub; -bu mənim hələ uşaq yaşlarımdan xoşuma gələn, sevdiyim adlar-dan biridir, -dedi.
 Qəmərin ana olacağı günə ay yarım qalırdı. Dünyaya göz açacaq uşaq üçün yaraşıqlı, gözəl biçimli pal-paltar alıb hazırlıq işi görmüşdülər.
 Bəhruz günləri sayırdı ki, təqribən bir aydan sonra ata olacağam.
 Belə bir məsəl var; -“Sən saydığını say, görək fələk nə sayır”.
 Bir gün qəfil bir zəng Bəhruzun bütün arzularını puç etdi. Ona bildirdilər ki, Qəmər küçəni keçərkən maşın qəzası nəticəsində həlak olub. Bəhruzun başına dünya fırlandı, sanki gözləri önündə dəhşətli bir ildırım çaxdı, üstünə qaynar su ələndi. Soyuq tər basdı, huşunu itirdi. Həkim yoldaşları tez köməyə gəlib üzünə su çilədilər, onu ayıltdılar.
Hər şey bitmişdi. Bəhruz ömrü-nə bəzək olacaq, hələ dünyaya göz açmamış, ömrünü sona vuran qızı Səidəni və canından artqı sevdiyi, ömür-gün yoldaşı Qəməri itirmişdi. Bu, onun həyatında ən dəhşətli faciə idi.  
 O, tez-tez fikrə dalır, xəyallar aləmində də özünə təskinlik gətirən bir şey tapa bilmirdi. Hətta özünü öldür-mək dərəcəsinə gəlib çatmışdı. Bir neçə dostunun, həm də bacısının onu daim diqqətdə saxlaması, ona çoxlu öyüd-nəsihət, təsəlli vermələri yavaş-yavaş öz təsirini göstərirdi.Tək qalmasın deyə bacısı Bəhruzu öz evlərinə aparmışdı. Bacı öz qardaşına təsəlli verə-verə deyirdi:
 -Qardaş, bu Allahın məsləhətidir. Nə qədər səbirli, dözümlü olsan Allaha yaxın olarsan. Ölənlə ölməzlər. Gələn bir gün getməlidir. Bu, həyatın əbədi pozulmaz qanunudur. Sən cəmiyyətə hələ çox lazımsan. Tələbələrin səninlə fəxr edirlər.
 Bəhruz bacısını diqqətlə dinləyir, elə hey sorğu-suala tuturdu. Zaman, səbir bütün çətinliklərin ən yaxşı müalicəsi, dərmanıdır.  
 Bəhruz demək olar ki, əzizlərinin uyuduğu məzara hər gün baş çəkirdi. Məzarın üstünə təzə tər çiçəklər düzərdi. Hər dəfə göz yaşlarını məzar daşlarına axıdaraq ürəyini xeyli boşaldardı. Bu minvalla neçə illər gəlib keçdi.
 Dostları, yaxınları, tez-tez söhbət salıb təkid edirdilər ki, evlənsən yaxşı olar.
 Bəhruz ömrünün 37-ci ilini yaşayırdı. O, dərs dediyi qızların gözlərinin içinə baxmağı sevməzdi. Bir gün təsadüfən, dərs dediyi qrupda qızlardan birinin ona diqqətlə baxdığını gördü. Bu, Tənzilə idi. Tənzilənin baxışı sanki Bəhruzu yuxudan oyatdı. Elə bil gözünün qarşısında orta məktəbdə bütün varlığı ilə vurulduğu, sevdiyi Səidə dayanmışdı. Elə bu andan başlayaraq Bəhruzda qıza qarşı xoş duyğular yarandı. Tənzilə sakit təbiətli, davranışı ilə seçilən bir qız idi. O da hiss etmişdi ki, Bəhruz müəllimin də diqqəti tez-tez ona yönəlir. Bəhruzun özü də hiss etmədən Tənziləyə çox mehribanlıqla, yaxın bir insan kimi müraciət edir, nəzər yetirir, qayğı göstərirdi.
 İstər-istəməz Bəhruzun Tənziləyə belə yanaşması onunla fərqli davranması qızın qəlbində ilıq, xoş bir hiss oyadırdı.
 Vaxt keçdikcə Bəhruz yaxın bir insan kimi qızın qəlbində əvəz edilməz bir şəxsə çevrilirdi.
 Qrupda qızların hamısı bilirdi ki, Bəhruz müəllim qəza nəticəsində ailəsini itirib.
 Tənzilə qrupdakı bütün qızlar kimi ondakı mərifətə, mədəniyyətə, ləyaqətə qibtə edirdi. Bəhruz səliqəli geyimi, görkəmi ilə də digər müəllimlərdən seçilirdi.
 Bir neçə aydan sonra Tənzilə texnukumu qurtaracaqdı. İş elə gətirdi ki, belə bir vaxtda, təsadüfən Bəhruzla Tənzilə məktəbdən çıxarkən yol-yoldaşı oldular. Bəhruz belə bir məqamin daha ələ çətin düşəcəyini fikirləşib, ürəyində yaşatdığı duyğuları qıza çatdırmağı daxilən özünə hökm verdi. Amma necə? Əsas çətinlik də elə bu idi. Bəhruz çox ehtiyatla qızla söhbətə başladı:
 -Tənzilə xanım, işləriniz necədir, imtahanlara necə hazırlaşırsınız?
Qız asta-asta; -hər şey qaydasındadır, elə düşünürəm bir çətinliyim olmayacaq, -dedi.
Bəhruz da bir qədər inamla onun sözünə qüvvət verdi:
- Mən də elə düşünürəm –deyib, bir qədər sükutdan sonra: -Mən sizinlə uzun müddət qəlbimdə gizli saxladığım bir məsələni məsləhətləşmək müzakirə etmək istəyirəm.
 Qız bir qədər duruxub, yavaş səslə; -çox maraqlıdır. O hansı məsələdir ki, sizi belə narahat edir? –dedi.
Bəhruz bir qədər inamsız halda, sözlərə ara verə-verə, fasiləli şəkildə; -mən... elə bilirdim... siz yəqin ki, hər şeyi o dəqiqə başa düşəcəksiniz söhbət nədən gedir, -dedi.
Qızın yanaqlarına qızartı çökdü və həm də bir qədər tutulan kimi oldu. Əslində Bəhruzun istəyi qız üçün gün kimi aydındı. Amma özünü o yerə qoymaq istəmirdi.
 Bəhruz sözünə yenə də davam edərək bildirdi:
- Siz məin ovsunlamış, qəlbimə hakim kəsilmisiniz. Mən sizə nişan gətirmək, sizinlə ailə həyatı qurmaq istəyirəm. Sizdən bir cavab gözləyirəm.
Qız əslində belə bir fikri Bəhruzdan çoxdan gözləyirdi.
 Tənzilə başını bir qədər yuxarı qaldırıb, utana-utana dedi:
- Gərək mən evdə heç olmasa anamla bu bardə məsləhətləşəm, onun fikirlərini öyrənəm, sonra sizə cavab verəm.
 Bəhruz Tənzilənin fikirlərinə razılıq verdi. Bəhruzun həyatında çox çətin məqam idi. Yəni qızın yox cavabı mənəvi cəhətdən ən ağır zərbə olardı. Odur ki, saatları, günləri sayaraq bir cavab gözləyirdi.
 Nəhayət belə bir an gəlib çatdı. Tənzilə məqam tapıb Bəhruza yaxınlaşdı. Salamlaşandan sonra dedi: -Anam sizi görmək, danışmaq üçün evə dəvət edir. Bəhruz təklifi məmnuniyyətlə qəbul etdi. Razılaşıb görüş vaxtını iki gün sonraya, gündüz saat dördə təyin etdilər.
 Bu iki gün həm Tənzilə, həm də Bəhruz üçün çətin, darıxdırıcı anlar idi. Çünki hər şey Tənzilənin anasının deyəcəyi son sözdən asılı idi. Bəhruz qızdan yaşlı olduğundan utanır, daxilən özünü sorğu-suala tutardı. Ötüb keçənlər gözünün önündən canlı lent kimi gəlib keçərdi.
 Nəhayət gözlənilən an gəlib çatdı. Bəhruz tər çiçəklərdən hazırlanmış buketlə deyilən ünvana gəldi. Qapının zəngini basıb, həyəcan və intizarla qapının açılmasını gözlədi.
 Qapını Bəhruzun ağlına, təsəvvürünə belə gətrimədiyi, orta məktəbdə oxuyan illərdə dəlicəsinə sevdiyi Səidə açdı. Onlar diqqətlə bir-birlərinə xeyli baxdılar. Demək Tənzilə Səidənin qızıymış. Hər ikisi susurdu. Səidənin baxışı qarşısında Bəhruzun əlləri boşaldı, gül buketi əlindən yerə düşdü. Özünü toplayıb yalnız bir cümlə deyə bildi Bəhruz: -Səidə, üzr istəyirəm, bağışla məni.  
Sonra Bəhruz geriyə dönüb gözlərindən yaş süzülə-süzülə, iri addımlarla o qapıdan uzaqlaşdı.  
...Bütün bunlar Bəhruzun alın yazısının kədərli səhifələri idi.



Tel: (050) 513-59-29 

Комментариев нет:

Отправить комментарий