Страницы

20.11.2010

Axşam icmalları

İbrahim Fərhadoğlu  
“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi

 Səhər tezdən durub axşamkı xəbərləri oxuyuram. Paxmeldən başım zoqquldayır, amma neyləmək olar, birtəhər dözmək lazımdı. Günorta vacib yerə gedəcəm, odur ki bircə qram da qəbul eləyə bilmərəm, abi.
 Həmişə belə olur, birinin dediyi o biri ilə uyğun gəlməyəndə hərə başlayır öz marağını müdafiə eləməyə. Belə olanda da xiyar əyri bitir. Məsələn, mən bu yazının adını "Cəfəngiyat" qoymaq istəyirdim. Sözün bir, yoxsa iki "y" ilə yazıldığını unutmuşdum, XX əsrin görkəmli feylosofu, yaxın dostum İman Abdullaya zəng edib soruşdum. Dedi mənim belə şeylərdən başım çıxmaz, mən şeir yazıram. Onun şeiriyyatına da bir quş qoyub keçdim əks tərəfə, AYO-dan İbrahim Selə zəng etdim. Dedi ki, orfoqrafiyaya görə bir "y" ilə yazılır, amma lap cəfəng şey yazsan ikisini, lap istəsən üçünü də qoya bilərsən, keyf sənindir. Fikrimdən vaz keçdim. Çünki professional oxuculardan bəziləri mövzuda olanları yox, yazının özünü cəfəngiyat saya bilərdi. Elə əslində bir az oxşarı da var. Amma mən başqa söz deyirəm, sən başqa söz başa düşürsən. Yaxşı, gəlin yoxlayaq, dediyimi mən düşünən kimi qəbul edirsiniz, yoxsaaaa yox.
 Oxuyuram ki, ay Hacı, Yunanıstanda qurbağalar iqtisadi böhrana qarşı "aksiya" keçirib. Ölkənin Soloniki şəhərində yol polisinin verdiyi xəbərə görə, milyonlarla qurbağa Lanqadas şəhərində şosseni büsbütün əhatə edib. Nəticədə isə şossedə hərəkət 2 saatlıq dayanıb. Mütəxəssislər qurbağaların yaxınlıqda yerləşən gölü tərk edib ərzaq axtarışına çıxması ehtimalını irəli sürüblər.
 Ay brat, lap tutaq ki, mütəxəssislər düz deyir, qurbağalar ərzaq axtarışına çıxıblar. Amma cütləşmə üçün "bazlığa" da çıxa bilərlər, qonşu gölün qurbağaları ilə "razborkaya" da gedə bilərlər, lap hansısa qurbağanın toy, ya da yas mərasimini belə təntənəli keçirə bilərdlər, düzdü? Bəs onda niyə qaşınmayan yerdən qan çıxarırsan, qurbağaların səfərini "böhrana qarşı aksiya" adlandırırsan, hə? Bu da bunların jurnalistikası! Bəlkə bizim Şirvan, Sabirabad, Salyan qurbağalarını da fəlakət əleyhinə mitinqə çağırasan, başına söz qəhətdi? Həəə?..
 Biri də götürüb yağlı, qara hərflərlə yazır ki, bəs pomidor pəhriz saxlayanlar üçün əvəzolunmaz qidadır. Adamın Allahı var, yazdığını elmi əsaslarla sübut da eləyir. Deyir, bu məhsulun tərkibində olan likopin iştah hormonlarını azaldır və insanda toxluq hissi yaradır. Hələ "University of Reading" araşdırmaçıları tərkibinə pomidor qatılmış çörəyi 18-35 yaş arası 17 nəfər üzərində test edib. Normal və tərkibində yerkökü olan çörəyə nisbətən pomidorlu çörəyi yeyənlərdə doyma hissi daha qüvvətli olduğu qeyd edilir. Guya o adı çəkilən likopinin ürək xəstəlikləri, diabet və bəzi xərçəng növlərinə yaxalanma riskini azaltdığı da qeyd edilir. Hə, mən məlumatı, faktı deyirəm, sən də başlamısan ki, o yəqin oraların pomidorundadı. Bizə israillilər tərəfindən sırınanlarda qəşəngcə pestisid olur, dərman olur, qarınağrısı, zəhərlənmə, qusma yaradır... hələ bildiklərimiz bunlardı, bilmədiklərimiz də var. Qadan alım, bizə girdirmə pomidor soxuşdururlarsa, əsl pomidor neynəsin? Təzə üsul fikirləşmişəm, pomidor alanda öz çəkdirdiyimdən bir-ikisini satıcıya yedizdirəcəm. Bazarlığı qurtaranda baxacam, piştaxtanın dalındadırsa, pomidoru evə aparacam, qarnını tutub qaçırsa, iki kilo pomidorun da üstəlik təpəsinə dəyməklə heç nə olmaz, elədi?...
 Ruslar yaxalarını yırtırlar ki, zibildən telefon düzəltmişik, özü də sizin, yəni bizim pulla 688 manat yarıma. Deyir, ruslar "Land Rover S1" davamlı telefonlarının satışına başlayıblar. Mən bilmirəm "davamlı" nə deməkdir, məlumatda belə yazılıb. Amma yazılanlardan belə çıxır ki, telefonun batareyası bir dəfə doldurulduqda 60 gündən çox gözləmə və 18 saat danışıq rejimində çalışır. "Sonim XP3 Quest" aparatının bazasında yaradılan S1 telefonları davamlı klaviatura, yüksək səs qurğusu və gücləndirilmiş mikrofonla təchiz edilib. Telefon suyun altında qalmağa və 2 metr hündürlükdən yerə düşməyə davam gətirə bilir. Aparatın korpusu xüsusilə möhkəm Xenoy plastmasından hazırlanıb. Bu plastmas növü üçün istifadə olunmuş plastik su qabları və foto plyonkasından istifadə edilir. Yəni, telefon aparatının korpusunu praktiki olaraq zibildən düzəldirlər. Bərəkallah! Buna deyirlər Sovet təhsili!
 Mən deyirəm ki, bu yaxşı söhbətdi. Sən də deyirsən ki, xeyir ola, yaxşı malı niyə "Land Rover S1" adlandırırlar, firması niyə "Sonim Technologies" adlanır? Yəni, "Soni"nin dalına bir "m" artırmaqla mallarını matah eləyirlər, maşın adı verməklə qiymət qaldırırlar? Elə ağıllıdılarsa, elə telefonun adını "QAZ-53", ya da "PAZ" qoysunlar. Rusun zibildən düzəltdiyi telefon nə zibildi ki, qiyməti 688 manat yarımdı? Nə bilim vallah, deyəsən sən də düz deyirsən axxxxııı...
 Pah atonnan, Leninqrad vilayətinin Şlisseburq şəhər merinin maşının oğurlayıblar. Mən oturub kişinin itkisinə yanıram, sən də başlamısan ki, bu ruslar da qəribə millətdi, şəhərin adını dəyişib Sankt-Peterburq eləyirlər, vilayətin adını Leninqrad saxlayırlar. Ona görə də Leninqrad vilayətinin Şlisseburq şəhəri sözü yamaq alınır. Sən Allah, heç yamağın yeridi? O boyda merin 680 min dollarlıq "Maybach"nı küçədən oğurlayıblar. Deyir,"oğrular xüsusi texnikanın vasitəsilə siqnalizasiyanı söndürüblər. Onlar o qədər sakit "işləyiblər" ki, mühafizəçilərin heç nədən xəbəri olmayıb". Sən də maraqlanırsan ki, mer o bahalıqda maşını hansı pula alıb? İndi mən sənə nə deyim, heç olmasa Azərbaycanda yaşadığını unutma daaaaa...
 Bu vur-çatlasında Leninqradın (vilayəti deyirəm ey, Qaraj kişi, şəhəri yox) qonşuluğunda olan Finlandiyanın baş naziri möhkəm hirslənib. Xalqına müraciət eləyib, bir fərman verib ki, amanın günüdü, nabada dilənçilərə pul verəsiniz. Baş nazir Matti Vanhanenin fikrincə, dilənçilərə pul verilməsə, heç kim bu işlə məşğul olmayacaq. Mən deyirəm ki, yəni Finlandiyada dilənçi də var? Onlar ki adam balası kimi yaşayırlar. İndi 3-5 nəfər varsa da, pulu olanlar qoy versin, noolar bəyəm, finçilik deyil? Sən deyirsən ki, dilənçilər səndən-məndən gözəl dolanırlar. Özü də onlara pulu pullular yox, kasıblar verir. Heç prezident aparatının, Milli Məclisin qabağında dilənçi görmüsən? O kişi də milləti üçün dilənçiliyi ayıb sayır. Pullular onsuz da vermir, kasıblara da deyir ki, siz də verməyin, ya ölsünlər, ya da gedib işləsinlər. Orda işləyə bilməyənlərə, əlillərə isə hökumət özu baxır. Dolandırır da. Sən də söz oynadırsan, deyirsən hökumət dolandırmır, dolayır. Nə bilirsən, Finlandiyada olmusan? Oranı da kürdlər tutmayıb ki…

Комментариев нет:

Отправить комментарий