Страницы

27.11.2010

Baxımsız müstəqilliyimiz

Cavidan
ryabina06@list.ru

Vaxtilə M.S.Qorbaçov biz də daxil olmaqla böyük Sovet imperiyasının hər bir vətəndaşına dönə-dönə deyəndə ki, a bala, ay atam-anam sənə qurban, bu yenidənqurma var haa... onu hər kəs özündən başlamalıdır... biz gözlərimizi döyə-döyə qalıb baxır, sonra ümumi komanda altında əl çalıb alqışlayırdıq... And içə bilərəm ki, heç birimiz heç bir şey anlamadıq bu sözlərdən. Hər kəs özündən başlamalıydı... Amma Sovet ölkəsində hər kəsin özü mövcud idimi? “Bir nəfər hamı üçün idi, hamı da bir nəfər üçün”. Daha bir nəfər özü üçün yox...
Və indi, üstündən illər uzunu qarlar yağıb izlər itəndən sonra mən bir həqiqəti tam dəqiqliyi ilə anlamışam... SSRI-nin parçalanıb hər bir respublikanın “müstəqillik əldə etməsi”ndə əsas rolu nə milli oyanış, nə mütilik yuxusundan ayılma, nə də ümumi diktator-böyük qardaşa qəzəb hissi oynamadı... Bütün bunlara səbəb yalnız və yalnız Qorbaçovun o məşum və məsum cümləsi olmuşdu... “Hər kəs yenidənqurmanı özündən başlamalıdır”.
Sizə tarixi hadisələri nəql etmək fikrim yoxdur. Bu 3-4 min işarəlik köşəmi yazmağa səbəb isə sadəcə yaxın rəfiqəmin 41 yaşlı həyat yoldaşının Moskvadan gətirilib doğma və müstəqil, rusdan azad olan torpağa tapşırılması oldu... Və rəfiqəmin boynumu qucaqlayaraq hıçqırıqlar içində boğulmasına dözə-dözə ağlıma bircə bu gəldi ki, biz... hələ də Rus Imperiyasının əsarəti altındayıq əslində... əhalimizin çox böyük bir hissəsini yaşadan da Rusiyadır, öldürən də... yəni, bir növ taleyimiz bu böyük qardaşın əlindədir...
Yadımdadır, ötən əsrin 93-94-cü illərində Qarabağ uğrunda qızğın döyüşlər gedirdi. Azdan-çoxdan maddi imkanı olanlar oğlanlarını döyüşdən yayındıraraq Rusiya şəhərlərinə ötürdülər. Onlar heç də bu Vətəni hər hansı bir “Vətən, sənə canım qurban” deyənlərdən, möhtəşəm tədbirlərdə əlini sinəsinə qoyub dövlət himnini zümzümə edənlərdən az sevmirdilər. Sadəcə ölkədəki siyasi və iqtisadi durum o qədər qeyri-sabit idi ki, sadə insanlar artıq heç bir vədə, heç bir boğazdan yuxarı pafoslu çıxışa inanmır, ciyərparasını bu Vətəndən mümkün qədər uzağa yollamaq, erməninin, ya da o zaman dəb olan özümüzünkülərin arxadan atacağı gülləsindən qorumaq istəyirdilər. Indi o ciyərparaların heç birisi sağ deyil. Onların hamısı Rusiya şəhərlərində gülləyə, bıçağa, daha nələrəsə tuş gəlib çoxdan Vətənə qayıdıblar - mismarlanmış və möhürlənmiş tabutlarda... Əyalətlərimizdə elə kəndlər var ki, onun qəbristanlığında Qarabağ müharibəsində şəhid olmuşların qəbri yoxdur. Amma elə bir kənd tapılmaz ki, onun qəbristanlığında Rusiyada öldürülmüşlərin məzarları olmasın. Hələ ki onlarladır bu məzarlar, bir azdan yüzlərlə də ola bilər. Bu da bir müharibədir. Soyuqqanlı, sakit, davamlı...
Biz kişilərimizi itiririk - çörək qıtlığında... Biz qadınlarımızı itiririk - kişi qıtlığında...
Bu gün təkcə Moskva şəhərində 900 mindən artıq azərbaycanlı emiqrant var. Bu o deməkdir ki, bu gün Azərbaycanda 900 mindən artıq ailə gözlərini uzun-uzun yollara dikib rus pulu gözləyir ki, onunla qiyməti gündən-günə artan Vətən çörəyi ala bilsin.
Bu gün Moskvada hər dördüncü nikah azərbaycanlı kişisiylə qurulur. Bu isə o deməkdir ki, bu gün Azərbaycanda hər dördüncü qadının ləyaqətinə tüpürülür...
Biz bunumu istəyirdik? Dirçəldiyimiz, qurtulduğumuz, yüksəldiyimiz və s. yoğrulduğumuz günlər çox oldu. Bir günümüz də var - Müstəqillik günü. Türklər buna Bağımsızlıq günü deyirlər. Onlara həsəd aparıram. Çalıb-oynamaqlarında da, seçki və s. dövlət quruculuğu işlərində də, hərbi xidmətlərində də bizdən qat-qat səmimidirlər. Əgər sıradan bir türk gənci öz bayrağını öpüb gözlərinin üstünə qoyursa, inanın, baxışlarının aydınlığında, ürəyinin çırpıntılarında o, tam səmimi bir etirafını edir. Amma əgər orta statistik bir azərbaycanlı gənci öz bayrağını öpüb gözləri üstə qoyursa, inanın, onu AzTV-nin kameraları çəkir...
Bu məmləkətdə hər kəs müstəqilliyi özündən başlamalıydı əslində...
Bizsə... hələ ki, baxımsızıq, müstəqil yox...
Çünki hər birimizin 20%-i işğal altındadır. Hətta dünyaya gələn körpələrimizin də, dünyadan gedən qocalarımızın da 20%-i bizim deyil...

Комментариев нет:

Отправить комментарий