Страницы

04.11.2010

Gümbəz üstə girdəkan

İlhamiyyə Rzayeva

Nə deyirsiniz deyin, mənim aləmimdə köşəni lap hambal da yazar! Bir şərtlə ki, o hambal Dadash olsun! Deyilənə görə, ötən əsrin əvvəllərində Bakıda məşhur bir hambal varmış- hambal Dadash. İşinin peşəkarı imiş. Ağır tayları, ichi yeni məkana köçənlərin lazımlı -lazımsız əşyaları ilə dolu kisələri elə məharətlə daşıyarmış ki, nə mal sahibinin, nə də əşyaların ruhu belə inciməzmiş. Qulaq şahidiyəm… Fizika müəllimimiz, köhnə Bakılı rəhmətlik Vaqif müəllim tez- tez çəkərdi həmin hambal Dadaşın adını. Bizə deyərdi ki, ay uşaq, vallah, fizikanı öyrənmirsiniz öyrənməyin, lap gedin hambal olun. Amma olanda da Dadash kimi hambal olun ki, adınız dillərdə gəzsin. Həmin bu Vaqif müəllim fizikanın istənilən qanunundan danışmazdan əvvəl, buna aid gözəl məsəllər gətirər, rəvayətlər danışardı. Məsələn, bir dəfə qovsvari səth üzərində istənilən girdə əşyanın diyirlənməsi barədə hansısa bir qanundan bəhs etməzdən öncə farsca belə bir zərb məsəl oxudu bizlərə: “Tərbiyeyei naəhli dan, çün girdəkan, gər günbəzəst”. Yəni nadan adama tərbiyə vermək, gümbəzin ustunə ceviz qoymağa bənzər- bütün hallarda orda qalmayacaq, diyirlənib düşəcək.

Bunu nədən xatırladım. Öncəki yazımda , müxtəsəri, belə fikir yazmışdım ki, ay cammat, ay oxucu, oxuyanda mənaya fikir verin, şəklə, başlığa, şok açıqlama deyə ichi bosh fındıqlara yox. Sonunda aldığım “oxucu” şərhinə bir baxın da : “elə bilirsən səndən gözəli yoxdur? Var, amma heç onlar özündən belə razı deyillər” … Nə isə, mən deyirəm, həmdən həmə, bunlar deyir, dəmdən dəmə. Qoy desinlər, mən yenə deyəcəyəm, istər TV lərdə, istər qəzetlərdə, istərsə də saytlarda şou yaradanların nə xəbərçiliyə, nə də jurnalistikaya dəxli yoxdur. Deyəcəksiniz, xeyir ola, Tvlərlə qəzetləri bir elədin? Bəli, elədir ki var. Özünüz deyin. Gicgicə, boşboğaz verilişlərdə yava- yava danışan, diqqəti ancaq bərbəzəkli, bəzən də açıq- saçıq paltarları, yersiz jest və bədən hərəkətləri,və bir də geyri adi məharətlə ifa etdikləri cəfəngiyyatdan başqa bir şeylə cəlb edə bilməyən tele aparıcıların, yazısını “Shol shok shok” ya da “Fləş, fləş, fləş!” nidası və ədasıyla başlayan köşə yazarları ilə necə də oxşarlıqları var.

Təsadüfi deyil ki, bu günlərdə ünsiyyətfə olduğum bir grup tələbə jurnalistlərin yarısı televiziya aparıcısı, o biri yarısı da köşə yazarı olaraq karyeralarına başlamaq qərarındadırlar. Birinci qismlə hər şey aydındır, zənnimcə. İkinci qism, yəni köşə yazmaq niyyətində olanlardan sual etdim, nədən bu arzuda olduqlarını öyrənmək istədim. Cavabı mənə məlum olan sual idi, əslində.
Bu gəncləri qəzetçiliyin də şou tərəfi daha çox cəlb edir. Yəni bir köşəm olsun, yaninda qurşaqdan yuxarı şəklim, başlayım orda hamıya qurşaqdan aşağı zərbələr endirmələ özümə diqqət çəkməyə.
Amma heç bunların və bir çoxlarının da xəbəri yoxdur ki, jurnalistikanın 3- cü mərhləsinə, yəni rəyvermə mərhələsinə çatmazdan öncə, gərək əvvəl xəbərçiliyin hambal Dadaşı olasan, sonra təhlil jurnalistikasının, daha sonra sənə rəy bildirmək kimi ciddi bir məsələni tapşırmaq olar.
Sözümü uzatmayacağam, köşələrə bədənnüma şəkillərinizi qoymazdan öncə. Bu şəkli oxucunuzun obrazında yaradın, qoy sizə söz demək haqqını o versin.
Özümü oxucu yerinə qoyub da bəyan edirəm, hambal Dadaş sag olsaydı, cəmiyyətdə tanınmış bu peşəkarın istənilən məsələ haqda rəyini öyrənmək mənə maraqlı olardı. Nəinki, ton ton kitablar oxuyub, qatar –qatar diplomları üst- üstə yığıb da cəmiyyət qarşısında zərrə qədər xidməti olmayan, gözüm önündə bədənnüma şəkli ilə peyda olan, tanımadığım və hələ ki tanımaq istəmədiyim bir şəxsin nə haqdasa fikir və mülahizələri. Bəlkə də ağıllı sözlər yazır, bilmirəm, oxumamışam hələ ki. Oxumaq üçünsə onun ağıllı , yaxud maraqlı adam olması mənə artıq məlum olmalıdır. Məlum olması üçünsə, o gərək çox… ama çox çalışsın. Odur ki, qəzetlərin ən iddialı guşələrinə sığınıb özünü köşə yazarı elan edən naməlum imza sahiblərinin köşələrini oxumuram.

****

Hardasan ay hambal Dadaş. Sag olsaydın, olmayan qəzetimdə sənə bir guşə verərdim və məsələn, bu gün, səndən Liderdə yayamlanan videoterrora münasibətini bildirməyini, fikirlərini köşədə bölüşməyi xahiş edərdim…

1 комментарий:

  1. Анонимный13.12.2010, 10:11

    Nə əcayib sürü, yahu, bunlar
    Öndə rəhbərlik edər meymunlar
    Rəqsi təlim ediyor axsaqlar,
    Əzəmət düşkünüdür alçaqlar.
    Zövqə biganə səfillər bol-bol
    Şerü sənətdə arar bir yeni yol.
    Yurdu sarmış qabalıq, yaltaqlıq,
    Yüksəliş varsa, səbəb alçaqlıq...

    ALLAH (C.C.) SƏNƏ RƏHMƏT ELƏSİN HÜSEYN CAVİD !

    Bünyamin Qəmbərli gemberli@gmail.com

    ОтветитьУдалить