Страницы

29.11.2010

Kimdir Hitler?


İbrahim Sel  
Professional Oxucu Liqası

On milyonlarla insan qatili, günahsız körpələri belə qətliama məruz qoyan, istədiyi vaxt başqa dövlətlərin ərazilərinə soxulan, onları işğal və ilhaq edən, beynəlxalq hüquqi aktları ayaqları altına atan, dünya xalqlarının sərvətlərini sümürən amansız İsrail rejimi kimi Hitler adlandırır?

 Dünya düzənində haqq və ədalətin hakim olduğunu düşünmək, əlbəttə, sadəlövhlük həddini da aşmaqdır. Yer üzü haqsızlıqlar, zülmkarlıqlarla doludur. Və planetimizin sakinlərinin böyük bir qismi tarixən olduğu kimi, bu gün də bu haqsızlığa məruz qalmaqda, əzilməkdə, zülmkarların zülmü altında inildəməkdədir.
 Lakin tarix boyu olduğu kimi, bu gün də zülm kasasını dolduran saqilər özlərini sudan duru kimi qələmə verib, haqq-ədalətdən dəm vurmaqda, bəşəriyyətin gözünə kül üfürməkdədir.
 Günümüzün zülm saqiləri ayaqları altına atıb, tapdaladıqları ülvi dəyərləri, axıtdıqları qanları, törətdikləri cinayətləri ört-basdır etməyin klassik üsuluna sarılıblar– “qara məni basınca...”. Erməni-müsəlman münaqişələri fonunda son yüz ildə ermənilərin hərəkətləri buna bariz nümunədir. Azərbaycan torpaqlarını işğal edən, minlərlə günahsız insanı qətlə yetirən, bir milyon dinc sakini yurd-yuvasından qovub çıxaran tərəf özünü dünyada “soyqırım qurbanı” kimi tanıdır. Buna nail də olub və dəstəklənir. Deməli, təbliğatdan çox şey asılıdır. Cani qan tökür, cinayət qurbanı təqsirkar elan edilir...
 İndi buna daha bir nümunənin də şahidi olduq. İran prezidenti Mahmud Əhmədinejadın Livana səfəri zamanı İsrail parlamentinin (Knessetin) “İhud Leumi” partiyasından olan deputatı Arye Eldad “Kol İsrail” radiosuna müsahibə verərək, İran prezidentini Hitlerə bənzədib və ölkəsini onu öldürməyə çağırıb. Necə deyərlər, oğru elə bağırdı ki...
 Sionist deputatın İrana və onun prezidentinə nifrəti aydındır. İslam Respublikasının simasında öz düşmənini görməsi də dünya üçün yenilik deyil. Amma hətta düşmən haqda danışdıqda belə, doğru-düzgün ifadə seçmək ən azından, etik baxımdan hər kəsin vəzifəsidir. Elə isə, Arye Eldad “Hitler” dedikdə, kimi, yaxud nəyi nəzərdə tutur? On milyonlarla insan qatili, günahsız insanları qətliama məruz qoyan, o cümlədən, milyonlarla yəhudiyə qarşı soyqırım gerçəkləşdirən, başqa dövlətlərin ərazilərinə soxulan, onları işğal və ilhaq edən, beynəlxalq hüquqi aktları ayaqları altına atan amansız faşist rejiminin lideri! Bu deyilmi Hitler? Elə isə, əyri oturaq, düz danışaq!. Bu gün Əhmədinejadın prezidenti olduğu İran kiminlə müharibə edir, hansı dövlətin ərazisinə soxulub, oranı işğal edir, ilhaq edir, hansı millətin qanını axıdır?.. Nə qədər “radikal” və sözün həqiqi mənasında, sərt bəyanatlar versə də, onun sözünün əvvəli də, axırı da “ədalətli sülh”, “işğalçılığa son”, “qətliamlara son” çağırışları deyilmi? Budurmu “Hitler”?
 Arye Eldadın təmsil etdiyi İsrail və ona hakim olan sionism ideologiyası isə tam olaraq Hitlerin çığırı ilə gedib, özgə torpaqları zorla ələ keçirir, işğal və ilhaq hesabına dövlətini yaradır, genişləndirir, BMT qətnamələrini ayaqları altına atır, hətta ölkəsinin paytaxtını belə, bütün beynəlxalq hüquqi aktlara zidd olaraq, işğal etdiyi şəhəri (Qüdsü) elan edir. Yarandığı gündən ərəb torpaqlarını zəbt edib, milyonlarla insanı öz yurd-yuvalarından didərgin salıb, minlərlə günahsız insanı, o cümlədən uşaq, qadın və qocaları qətlə yetirib, şəhərləri, qəsəbələri, dinc insanların ev-eşiklərini dağıdıb, on minlərlə insanı uğurlayaraq, zindanlarda əsir, milyonlarla fələstinlini öz ərazisində özünə dövlət qurma haqqından məhrum edib. Hitlerin yoluyla addımlayıb, insanların qanını tökən sən, torpaqlarını işğal edən sən, sakinlərini qovub didərgin salan sən, beynəlxalq ictimaiyyətlə hesablaşmayan sən, amma “Hitler” adını özgəsinə verirsən?
 Bir daha vurğulayaq ki, Əhmədinejad nə qədər sərt danışsa da, onun bu sərtliyi elə sionizmin törətdiyi bu cinayətlərə ünvanlanır. Gedin İranda insanların yaşayışına, nə qədər maaş almasına baxın! İsrailin “antisemit” kimi qələmə verdiyi bu şəxs dəfələrlə yəhudiliyə ehtiram bəslədiyini, İranda müsəlmanlarla, xristianlarla, zərdüştilərlə yanaşı xeyli sayda yəhudilərin də əmin-amanlıq içində yaşadığını, amma sionozmin yəhudiliklə heç bir əlaqəsinin olmadığını bəyan edib. O, yəhudiləri deyil, sionistləri- Fələstini işğal edib, milyonlarla yerli sakini qovub çıxaranları, minlərlə günahsız insanı öz vətənlərində qətlə yetirənləri və işğalçılığı öz ideologiyası elan etmiş bir cərəyanı düşmən hesab edir. Hər halda İsrail təbliğatından azad mətbuatı oxuyanlar bunu təsdiq edə bilərlər.
 Yeri gəlmişkən, dünyanın müxtəlif yerlərində yaşayan yəhudilərin böyük bir qismi sionizmi bütün bəşəriyyət, ilk növbədə isə elə yəhudilik üçün ciddi təhlükə hesab edir, onunla mübarizə aparırlar. Bu sırada yer alan yəhudi təşkilatları sionizmi “faşizm sikkəsinin o biri üzü” kimi xarakterizə edirlər.
 Dünyanın hegemon dövlətləri İsraili himayə etdiyindən və aparıcı KİV-lər sionistlərin nəzarəti altında olduğundan ola bilsin ki, bu gün dünya ictimaiyyəti Yaxın Şərqdə nələrin yaşandığı haqda obyektiv təsəvvürlərə malik deyil. Hələ də işğalçı-militar İsrail “sivil dövlət” kimi tanınır, amma işğala məruz qalıb, torpaqlarının azadlığı uğrunda mübarizə aparan müqavimət hərəkatına isə “terrorçu” damğası vurulur. Hələ də əli minlərlə günahsız fələstinlinin qanına bulanmış İsrail liderləri mədh edilir, amma bu rejimi tənqid edən siyasilər “Hitler” elan edilir. Üstəlik, açıq-açığına, həm də deputatın dilindən BMT üzvü olan bir dövlətin başçısını öldürmək təklifi səslənir, amma dünya bunu “həzm edir”.
“Hitler”- qan tökən, işğal edən, özünü Yer üzünün ağası sayıb, insanlığa zülm edən bir xarakterdir. Elə isə, sionistlərin Azərbaycandakı nökərləri də daxil olmaqla onlara səmimi sualla müraciət edirik: kimdir Hitler?

Комментариев нет:

Отправить комментарий