Страницы

06.11.2010

Kənd Təsərrüfatı Nazirliyində “alimlər” də yetişdirilir

   Nazir müavini Bəhrəm Əliyev elmi dərəcələri kimlərə verib?

Son zamanlar Azərbaycan elmində plagiatlığın artması, elmi səviyyəsi olmayan insanlara hansı yollarlasa elmi dərəcələrin verilməsi haqqında yetərli qədər məlumatlar səslənib. Hətta hazırda elmlər doktoru elmi dərəcəsi alan elə insanlar var ki, əslində onların elmi işlərini kimlərsə yazır və bu insanlar istədiklərinə müxtəlif yollarla nail olurlar. Çox maraqlıdır ki, belə bir tendensiya son zamanlar xırda məmurlar arasında da geniş yayılıb. Statistik rəqəmlər də sübut edir ki, son 5 il ərzində hansısa nazirlikdə işləyən orta və aşağı səviyyəli məmurlar elmlər namizədi elmi dərəcəsi ala biliblər və bu olay kütləvi xarakter daşıyıb. Ən maraqlısı isə budur ki, həmin şəxslər vəzifə sahibi olmamışdan öncə elmlə ciddi şəkildə məşğul olmayıblar. Sadəcə olaraq, onlar əllərinə fürsət düşəndə elmi dərəcə almaqdan da imtina etməyiblər. Məhz bu cür olaylara görə də bir müddət öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edərək elmdə baş verən bu cür özbaşınalıqların aradan qaldırılmasını tələb etmişdi. R.Mehdiyevin həmin çıxışından sonra Milli Elmlər Akademiyasında görülən işlər sübut etdi ki, akademik haqlıdır və əslində bu gün elmi dərəcə alanların müəyyən hissəsi plagiatlıqla məşğuldur. Elə buna görə də hətta iki nəfərə elmlər namizədi dərəcəsi verilmədi və sübut olundu ki, bu şəxslər sadəcə, hansısa rus müəlliflərinin kitablarını köçürüblər. Amma akademikin gündəmə gətirdiyi məsələ, deyəsən, arxa plana keçib və kütləvi şəkildə elmi dərəcə almaq yarışı yenidən başlayıb. Ramiz Mehdiyevin açıqlamasından sonra bu sahədə aktivlik göstərən isə kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyevdir. Mənbənin sözlərinə görə, nazirliyə tabe olan elmi-tədqiqat institutlarına cavabdehlik daşıyan Bəhrəm Əliyev məsul olduğu sahədə maraqlı yeniliklər etməyə başlayıb. Onun vasitəsi ilə indiyə qədər onlarla şəxsə elmi dərəcələrin verildiyi, onun təqdimatı ilə bu işlərin bu gün də davam etdirildiyi söylənilir. Bildirilir ki, akademikin çıxışından sonra Bəhrəm Əliyev bir müddət bu fəaliyyətini dayandırıbmış. Amma hadisələrin sakitləşməsindən istifadə edən nazir müavini və professor elmi dərəcələrin paylanması işində təzədən aktivləşməyə başlayıb. Belə ki, bu günə qədər Bəhrəm Əliyev elə insanlara təqdimat verib ki, onlar bir gün də olsa, elmi-tədqiqat institutunda olmayıblar...
Bəs onlar necə “alim” olurlar? Mənbə bildirir ki, Bəhrəm Əliyevin tabeliyində olan institutdakı köhnə ixtiralar, araşdırmalar yeni elmi iş şəklinə salınır və müdafiəyə göndərilir. Milli Elmlər Akademiyası isə, sözsüz ki, bu işlərin doğru olub-olmadığını aydınlaşdırmaq üçün məhz bu nazirliyə müraciət edir. Nazirlikdə isə professor və nazir müavini Bəhrəm Əliyev öz göndərdiyi işlərin həqiqiliyini təsdiqləyir. Bununla da məsələ həll olunur.
Mənbə bunu da bildirir ki, son zamanlar işin intensivləşməsi Elmlər Akademiyasının rəhbərliyini də narahat edib və məsələ ilə bağlı yəqin ki, araşdırmalar başlayacaq. Hətta bildirilir ki, məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də xəbəri var və elmi dərəcə alan kənd təsərrüfatı işcilərinin siyahısının hazırlanıb ona verilməsini tələb edib.  Maraqlıdır, görəsən, kənd təsərrüfatı naziri İsmət Abbasov və onun müavini Bəhrəm Əliyev  Ramiz Mehdiyevin “oxundan” yayına biləcəklərmi?
                                                                                                   Toğrul Əliyev

Комментариев нет:

Отправить комментарий