Страницы

20.11.2010

KUDƏKİYYƏ

Həmid Herisçi
marakaqol@rambler.ru


Min-bir əziyyət içində doğma Təbrizə qayıdasan, qədim əyri-üyrü divarlar üzərində gəzişən qara kölgələri qəfildən görəsən, seçəsən, fərqləndirəsən hələ onları...Hiss edəsən- göylərin ağırlığı necə yavaşca, aramla göz qapaqlarının üzərinə çökür, həmin o qara kölgələri izlədikcə...
Gedəsən, sürünəsən qədim dar dalanlar boyu o qədim kölgələrin ardıyca...
Öz qulağına pıçıldayasan hərdən-“Şəms Təbrizinin ruhumu bu?
Bəlkə...
Bəlkə yüz ildir ki, səni gözləyən sehirli bir söz gizlənib, susub buralarda? Nəhayət ki, indicə eşidəcəksən sən O SÖZÜ bax bu əyri divarlar arxasından?”
Kor dalanlara girib itən, qeybə çəkilən, gözdən-nəzərdən yayınan o kölgələr məni rahat buraxmırdı Təbrizdə. Hansı qədim taxta qapıya sarı boylanıb baxdımsa, sanki hamısı mənim gəlişimi, ayaq səslərimi gözləyirdi.
Öz adətim var mənim-hansı şəhərə yetişdimsə, burdakı məşhur şairlərin adından əcaib bir mətn, cümlə curlayaram özümə-Moskvada, yadımdadı, Mayakovski, Svetayavanın adını düşünüb, “MAYAKIN İŞIĞI” teleqramını vurdum öz xəyali ünvanıma...Şəms Təbrizi, Möcüz adlarının cəmi isə bir teleqraf mətni idi sanki burda-“TƏBRİZDƏ MÖCÜZƏNİN GÜNƏŞİ VAR”...
Ancaq bu möcüzə heç bir çərçivəyə sığa bilməz-“Həmid ağa, sizi Səttərxanın evinə dəvət ediblər”.
O təklifi mənə çatdıran kəsin, inanın səsini eşitdim ancaq...Sifəti anından yaddaşımdan silindi. Bakıda “qeybət” sözü o qədər də yaxşı səslənmir neyçünsə, Təbrizdə isə həmin kəlmənin nəhəngliyini, başqa məna daşıdığını hiss edəcəksən hər an...Burda hara getdin-getmədin, fərq eləməz, qeyb aləminin, QEYBətin soyuq nəfəsini duyacaqsan öz ətrafında.

KUDƏKİYYƏ

Səttərxanın muzeyində tam tənhaydım-divarları bəzəyən fotoların biri, hə, özümdən asılı olmayaraq, bütün diqqətimi bir nöqtəyə cəmlədi-Səttərxan öz təcrübəli pəncəsini balaca bir oğlan uşağının çiyni üzərində dincəldir... Uşaq isə təcrübəsiz əlini, Səttərxanın kəmərinə taxılmış “mauzer” tapancasına tapşırıb...
Fotoşəkili xeyli gözdən keçirdim. “Kimdir bu oğlan? Sərdarın balasıdı?” sualıma, sanki muzey işçisi deyil, QEYB-in özü cavab verdi:
-Yox...Sərdarın yanında həmişə belə uşaqlardan vardı...KUDƏKİYYƏ deyərlərmiş onlara...

***
Eşitdiyim cavab, məni xeyli düşündürdü, hiss etdim- ürəyimdə doğmuş lal sualların cavabını mənə Təbriz şəhərinin yalnız özü verə bilər.
Sabahısı gün “Sahibül-əmr” məscidi qarşısında gözəgörünməz bir hal aldım. Gözləyirdim.
Nəyi?
Cavabı.
Məsciddən qəfil, qəlbi ağladan bir nalə qopdu-cümə günüydü, belə mübarək vaxtlarda isə nohə, mərsiyə deyən xalq istedadları bu məscidə gələr hərdən...Elə yanıqlı nalə çıxarar qəlblərindən ki, eşidib deyərsən özünə -“bu, bəli, QEYB-dən gələn səsdir...
Çətindi, çox çətindi o səsin sahibini tapmaq.
Mən tapdım ancaq o səsin sahibini -inan, QEYB-in sanki özüydü o.
Məsciddə qayıtdıq.
-Qeybdən gələn səs, İmam Axir Zamanın gəlişindən xəbər verəcək deyə, biz hər yerdə bir nəfəri axtarırıq-SƏS SAHİBİNİ. Əvvəl onu aşkarlamalıyıq, sonra...Cümə günü yaxşı səsi olanlar gələr bura, bir nalə çəkər...Mən də...
Söhbətimizin pıçıltısı bizdən ayrılmağa tələsir. İstəyir tez gedib soyuq məscid divarlarına dəyərək bir başqa güc toplasın canına, yenidən qayıtsın diqqətimizə:
-Sən bu SƏS-i tanıdımmı, inandınmı ona?
-Bəli.- onun ancaq səsini eşidirdim, sir-sifəti, hərəkətləri gözümdə deyildi əsla. Bəli o, əsl SƏS SAHİBİ idi. Bu cür adamların fikrincə, “səs sahibi”ndən sonra dünyaya “söz sahibi” gəlir.
-Həzrət Əli şəhadətindən sonra əhli-beyt arasında bir başqa söhbətlər də olub ki, bunu hər adam bilməməlidir. Bəzi şiələr belə fikirdəydilər ki, Əlidən sonra dördüncü imam onun Həzrət Fatimədən yox, sadə kənizdən doğmuş oğlu Məhəmməd ibn əl-Hənifiyyədir. Belə qənaətə gələnlər vardı ki, İmamət nəsillə deyil, ruhla, bir də səslə keçir...,-səs sahibi, cümləsinin bu yerində keçdi bir başqa ahəngə:
-Onlara “qeysanilər” deyirdilər...,-bu məqamda mən ilk dəfə onun cismini görüm-hələ ki, yalnız tər-təmiz, ağ-appaq əllərini.
O, özü də buna imkan yaratdı-arada xeyli susduq.
-Bəli, əhli-beytin həmişə iki yolu olub-biri, nəsillə, ikincisi...
Səbirsizlikdən cümləni özüm bitirdim:
-Ruhla.
-....
Bu məqamda onun sifətini gördüm nəhayət...Müharibədən qayıtmış, lakin hələ də fikrən orda qalmış bir qəhrəmana oxşayırdı o.
-Bəzən öz nitqimdə sükut yaradıram ki, sən fikirlərimi səsləndirəsən. Əhsən, bacarırsan bunu...ANCAQ QOY BU YERDƏ MƏN YOX, SƏSİM DANIŞSIN...
İkimiz də gözlərimizin qapaqlarını eyni anda qapadıq.
SÖHBƏTİMİZ KEÇDİ “SƏS”İN İXTİYARINA:
-Din tarixçisi Noubəxtinin kitabı dediklərimi təsdiqləyər. Lakin o, mövzunu verir, ancaq açmır...İmamətin nəsillə deyil, ruhla-səslə keçdiyinə biət edənlər həm də “KUDƏKİYYƏ” adlanırdılar...
Söhbətin bu yerində o, əlini altımızdakı qədim xalçaya çəkib, sanki cümləsinin ardını bir müddət gizlədi.
-Baxıb indiyəcən müşahidə edirik-imamət ruhlamı, yoxsa nəsilləmi davam edir? Axırda AXIRINCI İMAMI verir bizlərə...Biz KUDƏKİYYƏ yolundayıq-imamət həmişə uşaqlara keçir...Biz həmin uşaqlarda İmamın ruhunu axtarırıq...Həmişə O UŞAĞI axtarırıq.

BALACA BUDDA

Tanınmış italyan rejissoru Bernardo Bertoluççinin “Balaca budda” (1995, ssenari müəllifləri Rudi Varlitzer, Mark Peplou) filminin məzmunu, söhbətimizin bu həyəcanlı məqamında araya qatsaq, məncə, əsla yanılmarıq. Vallah, mövzu eynidir-qara şlyapalı rejissor israrla sorur hamıdan: “hikmət kimdədir? Ancaq həyat təcrübəsinə söykənərək müdriklik iddiasında olan Dədə Qorqud, Homer kimi ixtiyar qocalarda? Yoxsa uşaqlarda-nəslin, tarixin qan yaddaşını özündə gəzdirən “indiqo” (istedadlı körpələr) tayfasında?”
Bertoluççi film boyu, bizim o təbrizli kimi düşünür-İMAMƏT, hikmət xəzinəsi uşaqlara, özü də, seçilmiş uşaqlara qan yaddaşıyla ötürülür...
Filmin son qənaəti belədir: Müdrikləri,- Roma papasını seçdiyiniz kimi,- qocalar arasında deyil, ən saf körpələr arasında axtarın. Bir baxın müdrik Tibet dağlarına, müqayisə edin... biz kotoliklərin qocalara inamı, vallah gülüncdür.
QOCALAR, YALNIZ “BU HƏYATIN”, KÖRPƏLƏR İSƏ, BƏLİ, “O HƏYATIN” TƏCRÜBƏSİNİ GƏZDİRİR ÖZÜNDƏ.
Fikrini sübut etməkdən ötrü Bertoluççi Tibet tarixinə, buddizmə müraciət edir. Süjet belədir: Amerikanın Sietl şəhərindəki buddist “daxarma mərkəzinin” baş rahibi gülərüz Kempo Tensin futbol meydançasına yaxınlaşır. Oyundan doymayan Cessi Konrad adlı oğlan uşağını diqqətlə gözdən keçirir. Çox nəzakətlə, hörmət-izzət çərçivəsində uşağın anasıyla tanış olur əvvəlcə...Sonra bizim dərvişlər kimi bir dəstə Tibet rahibi, -bircə, əllərində qırmızı alma əskikdi, - ən modern evdə yaşayan Konrad ailəsinin qapısını tıqqıldadır, içəri daxil olurlar, xalça üstə oturunca...
Həə, xalça üstə oturunca, ana Liza Konrada elan edirlər ki...oğlunuzda mərhum dalaylama Dodcinin ruhu məskən salıb...Butandakı buddist məbədindən gəlmiş Lama Norbu da burdadır-o qocadır, vaxtilə Dodcinin ruhunu özündə gəzdirsə də, hiss edir: artıq bu ruh onu tərk edərək Cessinin bədəninə köçüb. Vaxtdı...
Filmin ilk dramaturji ziddiyyəti bu səhnədə üzə çıxır. Rahiblər xoş xəbərlə içəri daxil olduqları halda, ata Konrad evə əsəbi halda girir-bəs, onun biznes ortağı bankrotdur...Sonra bu şərikin intihar etdiyi məlum olur. Sietldə darıxan ata, Cessini götürüb, rahiblərin dəvətiylə Butana gedir.
Rahiblər hər dəqiqəbaşı Cessini güdürlər-o, özü kimi iki digər müqəddəs ruh daşıyıcısını özü də bilmədən aşkarlamalıdır-Dodjinin saf ruhu, üç uşağa ötürülüb. Cessi, Butanda minlərlə uşağın içindən özünə ilk dost tapır-kəndirbaz Mantunu...Rahiblərin sifəti diksinir-demək ikinci uşaq da tapıldı...
Cessini gəzdirən sovet “UAZ”-ı da sanki qoşulur bu axtarışa-lazımı yerdə xarab olur dayanır...Cessi, xoşsifət Bitta adlı bir qızla dostlaşır burda-rahiblər razılıq içində başlarını aşağı titrədirlər, Dodji ruhunun növbəti ruh daşıyıcısı da, şükür, axır ki, tapıldı. Sovet “UAZ”-ı da həmin an, bu seçimin düz olduğunu təsdiqləyir, yatmış mühərrikini işə salır...Rejissorun çətinlik çəkdiyi yerlərdə hind musiqisi bütün dramaturji nöqsanları heçə endirir...

İMAMZADA ÖVLADLARI

-Qədim təbrizlilər görəndə ki, xəstə uşağa çarə yoxdur, bütün mümkün imkanlardan istifadə ediblər, ancaq, nə xeyri?-uşaq yatağında ölür, hə, belə hallarda yenə də ümidsizliyə qapanmazdılar əsla. “Qoy, Allah-təala özü müalicə etsin bu uşağı” deyib, onu aparıb bir müqəddəs ocağa, imamzadaya tapşırarmışlar. Hə, orda bu xəstə balalara Allah-təalanın özü şəfa göndərməliymiş.
Təbrizin “Sahibül-əmr” məscidində, o SƏS SAHİBİ-nin dilindən çıxan bu sözləri eşidincə, qədim nağıl qəhrəmanısayaq baş barmağımı dişlədim...Tibetdə “balaca budda”nı axtaran rahiblər, Bertoluççinin eyni adlı kinofilmi yaddaşımı silkələdi.
-Siz İmam Mehdini orda, imamzadalarda şəfa tapmış uşaqlar arasındamı axtarırsız?- sualımı biixtiyar dilimdən qaçırdım...
Sonra əlavə etdim:
-Tibetdə də dalaylamanı, bilin, oxşar üsulla axtararlarmış, - fikrimi tam aydıncasına izah etməyim özümə də xoş gəldi. Nigarançılığım keçdi, sakitcənə davam etdim. - Xəstə uşaqlar arasında...
Qəfildən diksinib arxaya atıldım, kürəyim məscidin soyuq divarlarına toxununca anında tam irəli-həmsöhbətimə doğru sıçradım. Göz bəbəklərinə zilləndim bircə an:
-Səttərxanın fotosundakı o uşaq...əlini sərdarın tapancasından ayırmayan o uşaq, sizin dillə danışsaq, elə həmin...
O, bir əlini çiynimə tapşırıb azcana gülümsədi:
-Hə, bu O idi. O. Biz ona Kudəkiyyə də deyərdik...Səttərxan bütün məsləhətlərini gizlincə O-nunla aparardı...O-na inanardı ancaq...
-İmamzada övladlarındanmıydı O?

***
Qədim Təbrizdə iki saray olarmış-biri şahın, digəri vəliəhdin. Birincisində yaşlılar, müdrik qocalar, ağsaqqal-qarasaqqallar hökm sürərdi, vəliəhdin sarayında isə özü kimi...uşaqlar...Bəli uşaqlar...
Səfəvilər paytaxtı Qəzvinə, İsfəhana köçürtsələr də, vəliəhd öz uşaq dəstəsiynən həmişə Təbrizdə qalardı...
Tibetdəki “balaca budda” kimi...
Məşhur “Sehirli xələt” kinosundakı “pionerlər sarayı” kimiydi o saray-uşaqlar bütün günü vəliəhdlə oynayır, divanxana qurur, böyüklərin həyatını yamsılayır, qondarma bığ-saqqal taxır, taxta qılınclarla yaraqlanıb ordu yaradır, ova çıxarlarmış...Təbriz fədailəri, dərvişlər bu uşaq sarayını daim nəzarətdə saxlayır, İsfəhan, Tehrandakı “böyüklər aləminə” qulaqburması vermək istərkən, bu uşaq sarayında “taxtdandüşdü” oyununu həyata keçirirlərmiş. Qəşəng oyuncaq-qolçaqlar da varmış həmişə bu uşaq aləmində.
Təbriz fədailərinin gizli İmam Mehdi ordusu, eşitdiyimə görə əvvəlcə, ordakı ən seçmə istedadlı, imanlı uşaqlardan seçilərmiş. Bu yolla, Vəliəhdi əslində sanki amanat, girov saxlardı o vaxtkı Təbriz fədailəri, bunula da İsfəhandakı “yaşlı saray”a sanki xəbərdarlıq da göndərərdilər-“cızığından çıxma padşah, yoxsa vəliəhdi öldürərik...Fərman padşahındı, vəliəhd bizimdi”...
Vəliəhdin ən yaxın dostu isə...
fədailərin ona təqdim etdikləri O UŞAQ olardı həmişə-yəni KUDƏKİYYƏ...
Yəni, İMAMZADA ÖVLADI, BALACA BUDDA...
Yəni, xalqın, fədailərin seçdiyi şah.
O... O...O...

***
Sahibül-əmr məscidindəki bizim kölgələrin əksi hələ bir müddət divarlardan əskik olmadı. Pıçıltımız eyni ahəngdə səslənir, qalxma-enmələrə əsla izn vermirdi. Arada kimsə içəri keçib bizə sarı boylansa da, sanki biz deyil, başqa gözəgörünməz qüvvə onu qapıdan kənara itələdi. Lap uzaqdakı hücrədə kiminsə namaz qıldığını çox sonradan aşkarlasaq da, söhbətimizi kəsilmədi:
“İmam Mehdi, bilirsən də, lap uşaqkən qeybə çəkilib... Biz axtardığımız elə O UŞAQ-dır...Qacar şahzadəsi Məhəmmədəli şahı, əvvəlcə O UŞAQ Təbrizdən qovur... Sonra Təbrizin “Mərkəzi-qeybi”si, Səttərxan O-nunla söhbət edib üsyana başlayır...”
-Həmin fotonu da o vaxt çəkmişdilər, eləmi?
-Xalqa deyərdilər ki, O Səttarxanın doğmaca övladıdır. Əslində...
-Bu, şiəliyin tarixi ilə əlaqədardır. X əsrdə Misirdə, Fatimilər sarayında xəlifəlik etmiş əl-Hakim də belə bir uşaq idi...Qədim vaxtlar bir çox yerlərdə həmişə iki, yəni həm uşaq, həm böyüklər sarayı mövcudmuş, o cümlədən Misirdə. Hətta bəni-İsrail övladları da iki saraylı idilər-İsraildə böyüklər Yəhvaya inanırdılar, İudeyada isə xalq gizlincə bax belə KUDƏKİYYƏ-lərə sitayiş edərmiş. İsa peyğəmbər də həmin o uşaqlardanmış...
-Hə, indi bildim İsa dünyaya gəlincə, neyçün şah İrod, salnamələrə inansaq, əsgərlərinə əmr verir ki, həmin tarixdə doğulmuş bütün oğlan uşaqlarını qətlə yetirsinlər.
Axşam namazı yaxınlaşırdı deyə, həyətdə bir canlanma hiss etdik. Lakin, bu da fikrimizi mətləbdən yayındırmadı:
-Bəs Şah İsmayıl?
-Onun bütün ordusu həmin o uşaq sarayında yığılmış yeniyetmələrdən ibarətmiş...Vəliəhdin sarayından gələn bu ordu cumdu böyüklərin sarayına...Şah İsmayıl da...
-Cümləni bu dəfə mən bitirdim:
-Kudəkiyyə idi, hə?
-Bəli...-onun qapalı gözləriydi sanki mənlə bayaqdan danışan. Bu vəziyyətdəcə davam etdi:
Göyün yeddincə qatında Müştəri, Cəylan, Mürrix,Ütəriyyə və Nahid ulduzları, təxti-səltənətə qarşı qorxulu vəziyyətdə asılıb qaldığı vaxt baş verir bu...

SEHİRLİ XALAT-SEHİRLİ UŞAQ

Bilmirəm qan yaddaşıdır, nədi?-ancaq, yeni dövrə ayaq basmaq xəyalına düşmüş sənətkarlar məncə, gərək öz ilk mözularını uşaq psixologiyasına, uşaq dünyasına həsr etsinlər-belə hallarda yenilik, bəli, həqiqətən inkişafa təkan verir.
50-ci illərdə “Azərbaycanfilm” kinostudiyası öz inkişafında yeni pilləyə qalxmaq istərkən, düz edir, uşaq psixologiyasına baş vuraraq əvvəlcə “Ögey ana” kinodramasınını lentə alır. Sonra “Sehirli xalat” (1964) kinoşedevri sıçrayır kino ekranlarına...
Və burda biz rejissor Əlisəttar Atakişiyevin təqdimatında həmin o KUDƏKİYYƏ, BALACA BUDDA mövzusu ilə yenə də yaxından tanış olmaq imkanı qazanırıq.
Əlisəttar Atakişiyev özü güneyli olduğuna görə, Təbrizdəki vəliəhd sarayında vaxtiylə nələrin baş verdiyini yaxşı bilirdi. Fikir veriniz: bu filmdə də bir deyil, iki saray təsvir olunur-birində uşaqlar, digərində böyüklər hakimdir. Filmdə KUDƏKİYYƏ, BALACA BUDDA adına, aktyor Mirzağa Əliyevin şirin ahəngiylə “pianar” deyilən qırmızı qalstuklu Rəşiddir. Əsərin boyu O iki aləmin sahibi, bir epizodda isə İmam Sahib əz-Zaman kimi təqdim olunur: saray əyanları, qarşısında bellərini bükərək ona “Ya Mehdi Sahib əz-Zaman, qədəmlərinə qurban olum!” deyə xitab edirlər.
Bədii əsər, insan kimidir. Onun da iki yaddaşı olur, onun da şüuru, altşüuru var...Məncə bu kinodastanda rejissor özü də bilmədən, altşüurumuzda yatan KUDƏKİYYƏ, SEHİRLİ UŞAQ, BALACA BUDDA” süjetini, kodunu böyük ustalıqla səhnələşdiribdir...
Bir sözlə, filmə bax, Səttərxanın dövrünü, Şah İsmayılın hələ uşaqkən hakimiyyətə yiyələnməyini, gözlərində canlandır...
Bir tərəfdə böyüklərin sarayı-qocaman padşah təxtində mürgüləyir, əyanlar qorxurlar səslərini çıxarmağa...Qəfildən münəccim içəri atılıb şahı yuxudan oyadır:
“Qüdrətli xan həzrətləri! Göyün 7-ci qatında Müştəri, Çəyvan, Mürrix, Ütəriyyə və Nahid ulduzları təxti-səltənət üçün təhlükəli vəziyyətdə asılı qalıblar!!!”
Məncə, qədimdə çox təkrarlanıb bu mənzərə. Bir münəccim bax beləcənə, bu tərzdə saraya qaçıb gəlib, göylərdəki təhlükədən, İsadan, Balaca Buddadan, Şah İsmayıldan soraq gətirib gözləri mürgü döyən qocaman padşaha...
Tovratda belə bir həyəcanlı xəbəri münəccimlər padşah İroda çatdırırlar nəfəsləri kəsilə-kəsilə...
“Sehirli xələt” kinofilmində, diqqət edin, qan yaddaşımızın bu xatirəsi sanki baş süjet xəttiindən asılı olmayaraq cərəyan edir.
XX əsr reallıqları qalır bir kənarda-tamaşaçı düşür yaddaşımızda mürgüləyən qədim mistik kodların ixtiyarına.
KUDƏKİYYƏ Rəşid, görmürsüz, sanki hər iki zamanın ağasıdır. Sehirbaz İo Kionun verdiyi xələti əyninə geyincə:
-Bu sehirli xələtin iki üzü var...Yaşıl üzündə gümüş, qırmızı üzündə qızıl balıq təsvirləri var,- həyacanlı kəlmələrini eşidir.-Xələti yaşıl üzünə geyib “AYRAVANİ-AYRAVANİ ÇANDRİKA, ÇİTRAKUTA-ÇİTRAKUTA İŞVARA” duasını oxusan əgər, xələt səni keçmişə aparacaq.
Seçilmiş uşaq KUDƏKİYYƏ RƏŞİD duanı təkralayınca, zaman alt-üst olur, qəhrəmanımız düşür keçmişə, Məhəmməd ağa xan ibni, Hüseynulla xan ibninin qızıl təxti qarşısına...
Əvvəl “PİANAR” adlı cin, sonra İmam Mehdi kimi qarşılanır...Tutulur, həbsə atılır, işkəncələrdən keçir, günahsız zavallı insanların hüquq müdafiəçisinə dönür, şirlərin pəncə vurduğu qəfəslərə atılmaq qorxusu belə onu qorxutmur...Xələtin sirrini qocaman padşaha açmır...
Əksinə, tənbəl şahı taxt-tacından nədi?- həm də, öz zamanından ayırıb onu SSRİ-yə gətirib gülüş hədəfinə çevirir.
BİRİNCİ SƏYAHƏTİNİ UĞURLA başa vurub:
-AMARAVATİ-AMARAVATİ ÇANDRİKA, KİNTOMANİ-KİNTOMANİ İŞVARA” deyərək, çiynində xələt, gələcəyə uçur. Özü də tək deyil, Zərifə adlı pioner dostuyla. Kosmosda hərəkət edir, indiki dövrümüzün bilgisayarına bənzər bir cihazda...

***
Şəxsən məncə “Sehirli xələt” filmi həqiqətən sirli-tilsimli bir aləmə çəkib Azərbaycan xalqının ən son nəslini. Sual verib hər birimizə-“SİZ KEÇMİŞƏ, YOXSAMI GƏLƏCƏYƏ SƏYAHƏT ETMƏK İSTƏYİRSİZ?”...
Əliağanın ifaçılıçıyla BEYNİMİZDƏ KODLAŞMIŞ MƏŞƏDİ İBAD surəti ancaq güc edib arzularımıza bu dəfə.
BİR XALQ KİMİ biz keçmişə səyahəti seçmişik-qayıtmışıq 1991-ci ildən sonra qədim bəy-xan, Məşədi İbad dünyasına.
“Pionerlər saraylarını” qaytarmışıq həmin padşah, bəy, xanlara.
Xələtin sehri, duası yadımızdan çıxıb deyə, indi də ilişib qalmışıq bu keçmişdə.
İo Kio, o vaxt tesdən keçirib yeni nəslimizi-görüb ki, biz, gələcəyə deyil, əbədi keçmişə məhkum bədbəxtlərik.
Rəşid pianar, KUDƏKİYYƏ olsaydı, hər iki aləmin sahibinə çevrilib xalqımızı ZAMANIN ZÜLMÜNDƏN QURTARARDI.
Zamanı ləğv edərdi.
Ayrıca olaraq qeyd edirəm:Bu filminin bütün uşaq ifaçıları, bilin, eyni halda SSRİ psixiatrları tərəfindən xüsusi testlərdən keçirilib-əvvəl Minsk, sonra Berlin tibb mərkəzlərində. “REQRESSİONİST” (keçmişə səyahət edən şəxs) diaqnozu alıb. Gələcəyə iddialı olmadığını üzə çıxarıb...
Nəticədə, hər iki zamanın sahibi (KUDƏKİYYƏ) olmadığını göstərib. Buraxılıb köhnə nəslin ixtiyarına.
Nəzərə alın- həmin filmdəki bizim uşaqlar, 60-cı illər Sovet Azərbaycanının ən istedadlı “indiqo” uşaqlarıydı hələ...
 
SON XƏBƏRDARLIQ


Təbrizdəki günlərim sona çatırdı deyə, KUDƏKİYYƏ mövzulu söhbətlərimdə bir son nəticə almağa çalışırdım.
Bu dəfə Göy məscid qapısına öz qalın kölgəmi nişan verib, O-nu gözləməyə başladım...
Son söhbətimizin pıçıltısı əvvəlkindən də incə, nazik idi. SƏS SAHİBİ mənə Göy məscid ətrafında tapılmış ən qədim təbrizlilərin 2 metr 30 santimetrlik skletlərini göstərib, sonra qeyd etdi:
-Fikir ver, bu nəhənglərin hamısının böyründə bir uşaq skleti də var...
Sonra, əlillərin skletlərini nişan verdi mənə...
-Qədim təbrizlilər neyçün uşaqları, əlilləri bu cür təntənəylə basdırıblar bu məbəddə?
-...
Məndən cavab gəlməsə də onun dodaqları pıçıldadı:
-KUDƏKİYYƏ-nin, imamzada övladlarının ilk məbədidir bura...Buranı da ziyarət etdik...
Söhbətimiz elə bu qədim skletlərin iştirakıyla davam etdi...Onun qırıq-qırıq teleqramlarını indi siz də eşidin...
“Qeyb imamın ruhunu iki istiqamətdə axtar...İsmaililər, Əlamut qalasında iki hissəyə ayrılmışdılar, bir qismi “QASİMŞAHİ” adlanardı...8-ci İmamın nəslini indiyəcən qoruyublar...İndi Britaniyadadırlar...Fəqət ruhunu qorumayıblar...O ruhu biz qorumuşuq-“MƏHƏMMƏDŞAHİ”lər. Biz, KUDƏKİYYƏ-lərdə axtarardıq həmin o ruhu...Tapardıq....İndi də...
Şah İsmayıl, Səttərxan da “məhəmmədşahi” idi, biləsən haa...Təbrizdə qorunur həmin ruh....
...Ələmut monqollar tərəfindən alındıqdan sonra sonuncu “zahir” fədai padşahı Rüknəddin Hürşah Təbrizə gəlir...Qasimşahilərin uduzduğunu təsdiqləyib, hakimiyyəti ötürür “batiniyyə” məhəmmədşahilərə...
Lap axırda isə mən O-nun adını eşitmək şərəfinə layiq oluram:
-Şəms idi onun adı... Şəms Təbrizi...O idi KUDƏKİYYƏ...
***
Sehirli Xələt də ondaydı...Bir müddət növbəti KUDƏKİYYƏ həmin xələti verir Əlisəttar Atakişiyevə, film çəkmək adıyla son nəsil gəncliyimizi imtahana çəkir bu filmdə...
Əlissattarın qulağına pıçıldayır fədailərin bu son xəbərdarlığını:
-“Xan həzrətləri, xan həzrətləri...Göyün 7-ci qatında Müştəri, Mürrix, Ütəriyyə və Nahid ulduzları təxtisəltənətə, ölkəmizə qarşı təhlükəli vəziyyətdə asılıb qalıblar. Yalnız O... KUDƏKİYYƏ gəlib sizi ölümdən qurtara bilər...”

Комментариев нет:

Отправить комментарий