Страницы

29.11.2010

MALLININ RUHUNA İTHAF

Bəxtiyar HİDAYƏT 

     Romandan parça: Əli doktorun məqaləsi

...Sən, Mallı, elə uşaqlığından fərqli idin başqa tay-tuşlarından. Nə valideynlərinin, nə də müəllimlərinin qadağaları heç vecinə də deyildi. Sonra məlum olurdu ki neçə-neçə oğlanları bir-birinə qırdırıb onların axmaqlığından ləzzət alırsan... 
Tələbəlik illərində də kefindən qalmadın. Sonra səni zorla bir alkaşa ərə verdilər, Mallı. Tezliklə boşandınız. Elə o alkaşda olanda da kefindən qalmırdın, ondan boşananda da. 
Ac da qaldın, susuz da. Amma yenə kefindən qalmadın. Yenə işindən qalmadın. Səndə başqa üz yox idi. Milyonun olsa da belə olacaqdın. Varlı ya kasıb-kefindən qalmamaq, vəssalam. 
Deyilənə görə qardaşın başını kəsəndən əvvəl soruşub ki bu işdən əl çəkəcəksənmi? Sən də yox, yox demisən. Hətta demisən ki əsl pozğunluq bu deyil, əsl pozğunluq səni kimi xalqın səsini oğurlamaqdı. Iki kilo pesoka görə səsə verməkdi. Hakimiyyətə kölə olmaqdı. Qızına, oğluna əmlak kimi baxmaqdı- onları tutarlı yerdən evləndirməklə.
Sən beləcə də öz əqidən yolunda başından keçmisən, Mallı. Sən üstün bir varlıqsan, Mallı. Sən bizim şəhərdən də üstünsən. Çün bu şəhərin ancaq orta küçəsinə qulluq edilir. Arxa küçələr it günündədir. Sən arxana baxdığından min dəfə aşağı baxılır bu şəhərin arxa küçələrinə. Sən bizim ağsaqqal, pirani kişilərdən də üstünsən- o pirani kişilər hər yeniliyə qarşı pirani balıqları kimi olurlar. Sən isə hər yeniliyə beşəlli razıydın. Onsuz da bizdə istənilən yeni dəbi bir bölgəyə qadınlardan fahişələr, kişilərdən də manıslar gətirir.
Sən müxalifətdən də üstünsən. Hanı o müxalifət ki başını verə əqidə yolunda. Hanı o müxalifət ki öz yoluna sənin kimi sadiq ola. Iqtidardan isə çox-çox üstünsən. Hanı o iqtidar ki öz əqidəsi yolunda bircə qaşıq qan axıda. Bunlar sabah hamısı atacaqlar öz biletlərini. Bunların platformaları blətformadı əslində.
Sən əksər dindarlardan da üstünsən. Onları nisyə umudlar verir camaata. Səndə isə hər şey nəqd idi. Ya hə ya yox. sən neçələrinə cənnət anları yaşatdın, Mallı-özü də nəqd. Daha nisyə yox.
Bu ölkədə ən yaxşı tələbə yetişdirən məktəb yaltaqlıq məktəbidi. Sən bizim yaltaq məzunlar istehsal edən məktəblərdən də üstünsən. O məktəblərin kolidorlarından sənin klitorun min dəfə təmizdi, min dəfə bakirədi.
Bu ölkədə hər şey ayaq-başdı, Mallı. Şeytan idarə edir bu ölkəni. Şeytanın da rəmzi 6-dı. Bu ayaq-baş ölkədə 6-nin özü də ayaq-baş durur. Gah 9 olur, gah da altı. Bəzən də elə hər iki halındakı kimi qalır. Yəni olur 69.
Indi bu ölkədə ən sevimli rəqəmdi 69. Bilmirəm fikir verirdinmi- bütün yarışmalarda SMS-ləri gərək əvvəli 69-la başlayan nömrələrə göndərəydin. Bunlar təsadüfü deyil. Bu ölkənin indi ən müqəddəs rəqəmidi 69.
Və hər sahədə vəziyyət ayaq-başdı. Hər sahədə vəziyyət 69-dur. Hətta ədəbiyyat sahəsinə də sirayət eləyib bu rəqəm. Indi 60-cılar və 90-cılar davası gedir ədəbiyyatda. Riyazi qaydalara riayət edib hər iki rəqəmdən 0-ları silsək yenə 69 alınır. ədəbiyyat da 69 vəziyyətindədir bu ölkədə. 
Və bu 69 rəqəmi 69-dan bəri hakimdi bu ölkədə. Belə bir ölkədə öz əqidəsini bakirə saxlamaq hər adama nəsib olan xoşbəxtlik deyil. Sən belə xoşbəxtlərdənsən, Mallı.
Gündə bir partiya dəyişən fürsət yoxsulu bir siyasətçi nə anlar səni? Iki kilo pesoka öz səsin satan siyasi fahişə nə anlar səni?
Hər şeyi öz qarnı ilə ölçən bir qarınqulu nə anlar səni? Heç nə biməyib özünü hər şey bilən kimi göstərməyə çalışan əxlaqdan məhrumlar nə anlar səni? Sənin malın onların amalından min dəfə təmizdi, Mallı.
Bu cəmiyyət nə anlar səni? Nə anlar ki sən necə uca bir varlıqsan?
Allah gündə 69 dəfə rəhmət eləsin sənə, Mallı. Amin,amin-69 dəfə amin.

Комментариев нет:

Отправить комментарий