Страницы

29.11.2010

Mən Azərbaycanda titulu olmayan yeganə yazıçıyam

Yazıçı Rafiq Tağı ilə Nərmin Hüseynzadənin söhbəti


 “Günəşim altında AYB üzvü olmadan da xoşbəxt yaşamaq olar”

- Sizin haqqınızda belə oxumuşam: lakonik və tutumluluğu ilə seçilən mahir hekayə ustası, 3 kitab müəllifi, şair, həkim. Əlavəniz varmı bu təqdimata?

- Kiçik bir düzəliş: 6 kitab… Ancaq mən kitablarımın sayı ilə öyünmək qüdrətində deyiləm. Ümumiyyətlə, əsərlərinin statistikası yaradıcı insanı xarakterizə edə bilməz. Qaldı ki… nə yaxşı, siz mənim ancaq yaradıcılıq areallarımı sadaladınız. Əlavəm budur: mən Azərbaycanda titulları olmayan yeganə yazıçıyam.

- Yazılarınız sizə daha çox qazanc verib, yoxsa itki?

- Qazancım Azərbaycanda Rafiq Tağı obrazının yaranmasıdır. Məncə, bu obraz şou xarakterli deyil və bəlkə haçansa millətə gərək oldu. Millətə gərəklilikdən böyük səadət ola bilməz. Yox, itkim olmayıb. Həbsə atılmağımı da itki saymıram. Ədəbiyyatda maddi itki mümkün deyil. Bircə mən tutularkən məktəbli qızımın qəlbinə düşmüş zədə məni ağrıdır. Bu olmasaydı, nə vardı ki.

- Bir qrup yazıçı Rafiq Tağının həbsdən azad olunması xahişi ilə Prezidentə müraciət etmişdi. O “bir qrup”un içərisində çox gözlədiyiniz və gözləmədiyiniz, yəni sizi təəccübləndirən imzalar oldumu?

- Həmin “bir qrup” bunlar idi: Elçin Hüseynbəyli, İlqar Fəhmi, Elxan Zal, Ədalət Əsgəroğlu, Əyyub Qiyas. Onlara bir daha təşəkkürümü bildirirəm. Gözlədiyim bir tək Elçin Hüseynbəyli idi. Onunla yaxın dostuq. Özü də dostluğumuza görə demirəm, iraq olsun, düşmən olsaydıq belə, deyərdim ki, talantlı nasirdir.
AYO-çuları bir-bir sadalamayacağam: onların məni müdafiəmdə rolu əvəzsizdir. Xüsusən Rasim Qaracanın.
Bu yaxınlarda Taleh Şahsuvarlının müsahibəsində bir fikir xoşuma gəldi: həmin prosesdə Rafiq Tağı ona görə sağ qaldı ki, Azərbaycanda demokratik ziyalılalar yaşayır. Doğrudan da, Azərbaycan hələ bütün qüsurları ilə dünyəvi dövlət istiqamətində dönməz inkişafdadır. Demokratik dəyərlərin daşıyıcısı olan insanlar Azərbaycanın dayağıdır.
Yeri gəlmişkən, bir vaxt dost bildiyim yazıçı Elçin, Orxan Fikrətoğlu və sizin tanımadığınız bir çox insanın mən azadlığa çıxandan sonra quru təbriklərini də eşitmədim. Öldümlə gecdi, barı qaldımla maraqlanalar. Bəlkə onların mənimlə maraqlanması üçün yüksək vəzifəyə keçim? Ya maraqlanmayacaqdılarsa, niyə mənə dost demişdilər? Neynək, hələ sağam, onsuz onların qəlbimdə yerini başqaları çoxdan tutub. Barı onlar da Nəriman Əbdülrəhmanlı kimi mobilimə çağrı ataydılar ki, mən özüm onlara zəng çalım, onlar da mənə “həmişə azadlıqda” desin. Di neynək, təbrik etmiş kimi vardılar – birdən adlarına söz gələr.

- Rafiq Tağının AYO və AYB qarşıdurmasına fikri? Sizcə, bu qarşıdurmadan ədəbiyyatımız nə qazanır, nə itirir?

- Ədəbiyyatımız heç nə itirmir, əksinə, çox şey qazanır. Hərdən keçmişdə dediyim fikirlər karıma gəlir, indi yenə biri yadıma düşdü: qoy ədəbi müharibələr olsun, təki vətəndaş müharibəsi olmasın. Yəni əslində ədəbi müharibələr total vətəndaş qarşıdurmasının qarşısını alır. Biz özümüz də bilmədən ölkə içində sülhə xidmət edirik. AYO-AYB qarşıdurmasına fəlakət kimi baxmaq düzgün deyil. Bircə yaradıcı insanlarımız hər sözü kinə çevirib öz təhtəlşüurlarını zibilləməyələr. Mən bəzi AYO-çularımızın da kimisə infarkta çatdırmaq istəyini, kiməsə ölüm arzulamasını heç cür başa düşmür və qəti xoşlamıram. Ümumiyyətlə, kiməsə ölüm arzulamaq naqislikdir. Şəxsən mən bütün opponentlərimə Allahdan can sağlığı diləyirəm. Onlar olmasa, tək qalaram, ağzım yumular, depressiyaya düşərəm. Dialektik əksliklər və onların vəhdəti olmasa, ölkə tərəqqidən qalar.

- Müasir gənclik “köhnə kişilər”dən fərqlidir: davranışı, dünyagörüşü və mədəniyyətinə görə. Modernist yazıçı kimi, yuxarıda sadaladığım keyfiyyətlərə görə, müasir gənclik sizi qane edirmi?

- Deyim ki, gənclərlə oturub-durmağı sevirəm. Onların fikirləri həmişə spontan və yeni olur. Əfsus, gənclərdəki yenilik təkcə təbiətdəndir. Onlarda təhsillə-elmlə bağlı az yenilik görərsən. Təhsilimiz gəncləri kor qoymaqdadır. Mən belə deyərdim: bu saat Azərbaycandakı təhsil sistemi xalqın canında qara yaradır. İmtahanlarda 600-dən çox bal toplamış əksər abituriyenti mən heç orta məktəbi qurtarmağa layiq görməzdim. Dörd fəndən 600-dən çox bal toplamış elə gənclər görmüşəm ki, suyun kimyəvi formulunu yaza bilmir. İndi universitetlərimizdə belə tendensiya yaranıb: müəllim tələbəyə deyir – sən özün üçün oxuyursan, bunun mənə nə dəxli (get pul gətir). Stalin bu cür adamları “xalq düşməni” adlandırardı. Bəzən diktatorların sözüylə razılaşmamaq olmur.

- Sizcə, Azərbaycan ədəbiyyatı irəli getmək üçün klassiklərimizə söykənə bilərmi?

- XIX əsrdən üzü bəri Avropa tipli maarifçi klassiklərimiz özlü Şərq palçıqlarında ədəbiyyatımızı daim qabağa itələyib. Təkcə ədəbiyyat deyil ki. Üstəlik, məqsəd heç də bir tək bu deyil. Maarifçi klassik ədəbiyyatımız Azərbaycan insanında iyerarxik və qəddar Şərq rejimlərinə, dini xurafata immunitet formalaşdırmışdır. Bu ədəbiyyat çağdaş həyatımızda işlək rejimdədir. Bunu bıkdırıcı hikmətlərlə dolu “xəmsə”lərimiz haqqında deyə bilmərəm. Düzdü, Nizami də bizimdir, Füzuli də. Ancaq onların bütün söz oyunbazlıqları artıq tarixi əhəmiyyət kəsb edir. Açığı, klassik poeziyamızdan mən həmişə cəhalət qoxusu duymuşam.

- Yaradıcılıq həmişə sizi intihardan qoruyubmu?

- Həmişə. Daha doğrusu, daim yaradıcı ruhda olduğumdan, intihar heç vaxt xəyalıma gəlməyib. Yaradıcılıq sevincləri təmiz intihar dərmanıdır. Yaradıcı ruh həyatdakı absurdu rədd edir. Yaradıcı insan hətta cənnətə də yox deyir və bu dünyanı üstün tutur.
Əlbəttə, Allah yaradan olduğundan, onun nə vaxtsa intiharı da ağla sığmaz.

- Son zamanlar mətbuatda bir-birinin ardınca sizin əleyhinizə müsahibələr, yazılar dərc olunur. Bunu əvvəlcədən Rafiq Tağıya qarşı hazırlanmış kampaniya hesab etmək olarmı?

- Mənə qarşı belə kampaniyalar haçan olmayıb ki. Axır Rafiq Tağını vurub öldürəcəklər – onda o adamlar boşluğa düşmüş kimi olacaq. Sevimli əleyhdarlarımın düşəcəkləri bədbəxtlik məndən sonraya qalıb.

- Uzun müddət AYB üzvü olmuş Rafiq Tağı üçün birdən-birə AZAD olmaq çətin gəlmədi ki?

- Təki problemlərimiz AYB üzvü olub-olmamaqla məhdudlaşsın. Günəşin altında AYB üzvü olmadan da xoşbəxt yaşamaq mümkündür.

- AYO-nun başqanı olmaq çətindi, yoxsa həkim olmaq?

- Bu saat AYO-nun başqanı Seymur Baycandır. Həm də müqayisə bir qədər anlaşılmazdır. Əlbəttə, yumoru başa düşürəm. Çox talantlı AYO-çularla administrativ dillə danışmaq müşkül məsələdir. AYO içində hamının başa düşdüyü fərqli tənzimləyici mexanizmlər işləyir. Məsələn, bizdə nifrət heç vaxt əbədi olmur və tez də neytrallaşır.

- Ən yeni dövr Azərbaycan ədəbiyyatı seriyasından nəşr olunan kitablar sırasında ən çox bəyəndiyiniz hansıdır?

- Yalnız birini soruşursunuzsa: Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” kitabı. Amma çıxan bütün kitablar gözəldir. Bu yaxınlarda Kəramət Böyükçölün “Çöl” romanını oxuyb heyran qalmışam – dost məsləhətimlə “Ən yeni ədəbiyyat” seriyasından çapı üçün Şahbaz Xuduoğluna təqdim etdim. Pəl vurmasalar, tezliklə oxuyarsınız. Görək.

- Bildiyimizə görə, “Alma”nın daimi oxucularındansınız. Sizcə, qəzetimizin digərlərindən fərqi nədir?

- “Alma” dar ayaqda mənə dayaq olub. Mən bunu unutmaram. Amma böyük mənada söhbət məndən getmir, ölkədəki demokratik proseslərdən gedir. “Alma” Avropa kimi bir yerdir. Burda azad sözə köndələn baxmırlar. İnsanın fundamental hüquqlarına geniş yer ayrılır. Qeybətçilikdən uzaqdır. Bu qəzetdə hər yazının ictimai əhəmiyyəti var. Qəzetin ətrafına fikir adamları özü toplaşır. Nəhayət, “Alma”da baş redaktorla korrektor, ya xadimə bir süfrədə oturub çörək yeyə bilir. Hamı bir-biriylə qışqıra-qışqıra danışırsa da, bundan heç kəsin xəncərinin qaşı yerə düşmür. Baş redaktor bəzi qəzetlərdəki kimi cangüdənlər tərəfindən namus kimi qorunmur.

- Oxuculara son sözünüz?

- “Son söz” – axır vaxtlar hamı məndən bunu soruşur. Allah axırını xeyir eləsin. Oxucularıma deyərdim: sivilizasiyanı azad insanlar yaradıb və yalnız azad insan əxlaqlıdır. Qoy nəticəni özləri çıxarsın.

Söhbətləşdi: Nərmin HÜSEYNZADƏ

Комментариев нет:

Отправить комментарий