Страницы

12.11.2010

Mübarizlə başlayan tarix

2010-cu ilin iyun ayı Azərbaycanımızın qəhrəmanlıq salnaməsinə yeni səhifə yazıldı. Hələ bu günün şahidləri və onları yaxından gördüyümüzdən bu salnamənin təfərrüatını anlamaqdan uzaqda dayanmışıq. Çünki bu heyrətamiz qəhrəmanlığın elə şokunu yaşayırıq ki, bunun mif, ya gerçəklik olduğunu ayırmağa çətinlik çəkirik. 
Çağdaş tariximizə bu qəhrəmanlıq salnaməsini Mübariz yazdı. Mübariz İbrahimli. Bir anda sıravi vətəndaşdan milli qəhrəmana çevrilməyi bacaran Mübariz bəyin bu fədakar qəhrəmanlığı çox vaxtına düşdü. 
Torpağı yağmalanmış bir yurdun sakinləri kimi öz keçmiş qəhrəmanlıq tariximizlə öyünməyə də utanırdıq. Axı Babəkin, Xətai babamızın ruhu bizi təhdid edirdi. Bu gün həyata göz açan körpələrimizin gələcək qınağının qorxusu ilə yaşayırdıq. 
Nə qədər keçmiş tarixinlə öyünə bilərsən? Axı bu gün sən öz sələflərinə layiq olduğunu sübut edə bilmirsənsə, qəhrəman babalarınla öyünməyə hansı haqqın var? Xalqın bu gün and yerinə çevrilən, haqqın dərgahına şəhid zirvəsində qovuşan Mübariz bəy təkbaşına düşmən səngərini basaraq, yağı düşmənə qan udduraraq qəhrəmanlıq tariximizi yeni zirvəyə çatdıra bildi. 
Mübarizlə başlayan qəhrəmanlıq tariximizə çox ehtiyacımız vardı. Bu ehtiyaca ən çox yağmalanan ana torpaq həsrət çəkirdi. İndi qürur hissi ilə deyə bilirik: Başını uca tut, Vətən! Sənin Mübarizlərin düşmənlərdən intiqamını almağa başladı!
Xalqımızın da bu qəhrəmanlığa çox böyük ehtiyacı vardı. Axı yağı düşmən tapdağında torpağı olan bir millət öz potensialını gördü. Hər kəs sıxıntıdan silkinə bildi ki, yalnız dünənlə öyünmək yetər! Bu günümüzün də öz Cavanşırı, öz Babəki var!
Bu gün Mübarizi tarixi qəhrəmanlarımızın adı ilə ona görə çağırmağa ehtiyac var ki, həmin qəhrəmanlar məhz xalqın qəhrəmanlıq pasportunun təmsilçiləridir. Ancaq bu gündən sonra Mübarizi elə öz adı ilə çağıracağıq. Çünki onun adı ilə çağdaş tariximizə yeni qəhrəmanlıq səhifəsi yazıldı. Öz qəhrəmanları ilə öyünməyə haqqı olan xalq Babəklə, Koroğlu ilə öyündüyü qədər bundan sonra Mübarizlə də öyünəcəklər. Çünki artıq Mübariz sıravi bir vətəndaşımızdan mif olaraq tarixə qovuşmağı bacaran bir qəhrəmana çevrildi. 
Mübarizə bu günkü gəncliyimizin də böyük ehtiyacı vardı. Vətəni işğaldan qurtarmaq arzusu ilə yaşayan gənclərimizə Mübarizin qəhrəmanlığı əsl vətənpərvərlik məktəbinə çevrildi. Bu gün intiqam hissi ilə əsgər gedən Vətən oğulları Mübariz olmaq üçün yaşayacaqlar. Onlarda Mübariz zirvəsinin fəth olunması naminə bir qürur qarışıq rəqabət baş qaldıracaqdır. 
Yenicə ayaq tutan körpələrimiz üçün də Mübariz əlçatmaz zirvə olacaq. Bu zirvə uğrunda yürüşə başlayan balalarımız elə böyüdükləri məhəllədə oynayacaqları “dava-dava” oyununda “Mübariz” adını götürmək üstündə həmişə yarışacaqlar. Oyunda bu adla çağrılmaq şərəfi ən cəsur balalarımızın qisməti olacaqdır. 
Qoynunda böyütdüyü qəhrəmanın rəşadətindən riqqətə gələn Vətən də başını dik tutub yaralarını unudacaqdır. Axı onun tarixində yeni dönəm başladı-Mübarizlə başlayan qəhrəmanlıq dönəmi!
Başını rusun qoltuğuna soxub eyforiyaya qapılaraq özünü qalib sanan erməniləri də Mübariz silkələdi. Bu silkinmədən özünə qayıdan ermənilər vahimə içərisində bir vaxt ata-babalarından eşitdiklərinə özləri şahid oldular. Onlar qorxu içində dərk etdilər ki, türk olaraq qalır. Onların əzmini və iradəsini qırmaq cəhdi kiməsə müyəssər olmayacaqdır. Mübarizin fədakar qəhrəmanlığı ermənilərə qandırdı ki, onların tarixdə öyündükləri, yeganə qəhrəman hesab etdikləri Andranikin qulağı türkün əlində təsadüfən qalmayıb. Türklər bir qayda olaraq küçüyün qulağını kəsdiyindən erməni generalını özlərinə baş rəqib kimi görməkdən iyrənərək onu elə küçük timsalında cəzalandırıblar. 
Mübarizin qəhrəmanlığı xalqımızın tarixinə dəfələrlə yaşanmış bir damğanı yenidən vurmaqla özü əbədi tarixə daxil oldu. Bir daha aydın oldu ki, ehtiyac yaranandan, bütün tarixi şəraitdə Azərbaycan xalqı hansı potensiala sahib olduğunu ortaya çıxara bilir. 
Ruhun şad olsun, Azərbaycanımızın tarixinə yeni səhifə yazan Vətən oğlu. Zaman keçdikcə sən daha da yenilməz olacaqsan. Çünki sənin bu günkü qəhrəmanlığını dəyərləndirmək üçün zaman belə darlıq edir. 
Hündür zirvələr uzaqdan möhtəşəm göründüyü kimi, sənin qəhrəmanlığını da dərk etmək üçün zamanla uzaqlaşmağa ehtiyac var. 




Lalə Ramizqızı                                                "Millətim" qəzeti

Комментариев нет:

Отправить комментарий