Страницы

05.11.2010

Əqidə bütövlüyü

Musa BABAYEV
Lənkəran rayonu Liman şəhər məktəbinin müəllimi
                       
Türkün savaş-barış cəngavərləri, söz-sənət mücahidləri zaman-zaman dünya tarixinə pozulmaz-sarsılmaz qəhrəmanlıq səhifələri yazmış, türkün azadlıq və müstəqillik yanğısını, yurd və torpaq vurğunluğunu, haqq və ədalət yolçuluğunu, birlik və bütövlük sədaqətini əbədi olaraq bəşəriyyətin yaddaş kitabına həkk etdirmişlər.
Belə cahanşümul, sayılıb-seçilən oğullardan biri, heç şübhəsiz, Ziyadxanoğlu Cavad xandır. Adı bütövlük, müstəqillik və suverenlik simvoluna çevrilən bu böyük şəxsiyyətin Vətən, xalq uğrunda fədakarlığı, yurda, məmləkətə sonsuz məhəbbəti, yadelli işğalçılara və daxili satqınlara tükənməz nifrəti uzun müddət kölgədə saxlanmış və xalqdan gizlədilmişdir. Lakin ədalətli hakim olan zaman həm xalqın Cavad xana gizli sevgisini, həm də Cavad xanın əməllərini, xalqa xidmətini müqəddəs mənəvi sərvət kimi özünün yaddaşında daşlaşdırılmış və nəhayət, bütün əzəmətiylə xalqa çatdırdı. Nəticədə söz-sənət sahibləri bu böyük dövlət xadiminin, döyüşçü və sərkərdənin, əvəzsiz vətənpərvərin obrazına müraciəti özlərinə borc bildilər. Bu sahədə ilk uğurlu addımı Sabir Rüstəmxanlı atdı - 1985-ci ildə yazdığı "Sönmüş ocağın ağısı" poemasıyla.
"Hər sətrindən qan daman" (Mirəli Seyidov) bu poema nəşr olunduğu günlərdə əldən-ələ gəzsə də, evdən-evə adlasa da, minlərin, milyonların sevimli əsəri olsa da, milli şüurun oyanmasında müstəsna rol oynasa da, müəllifin özünü tam mənada qane etməmişdi. Çünki poemada Cavad xanın monumental, fəci obrazını, ömür və döyüş yolunu bütün parlaqlığı ilə yaratmaq imkanı olmamışdı. Müəllif məhz bu boşluğu doldurmaq məqsədilə "Ölüm zirvəsi" (2007) romanını yazdı.
"Ölüm zirvəsi" bir-biriylə bağlı 44 müstəqil fəsildən, "Burada dayanmaq olardı", "Burada da nöqtə qoymaq olardı" və "Zamanın gecikmiş ədaləti" adlı epiloqəvəzi 3 sonluqdan ibarətdir. Romanı oxuduqca hiss olunur ki, müəllif əsərlə bağlı çoxlu elmi-tarixi materiallara müraciət etmiş, Azərbaycan xanlarının tarixini əks etdirən qaynaqlardan faydalanmış, 200 il öncə baş verən hadisələrin mənbələrdəki izlərini yenidən gözdən keçirmişdir. Lakin müəllif bu qiymətli mənbə və qaynaqların girovuna çevrilməmiş, orijinal bir əsər yazmış, onu müxtəlif dünyagörüşlü və əqidəli surətlərlə, təbii dialoqlar və təfərrüatlarla zənginləşdirmişdir. Romanda yaradılan surətlərin əksəriyyəti tarixi şəxsiyyətlərdir ki, müəllif onların hamısını eyni məhəbbət və rəğbətlə rəsm etməmiş, hər birini əsərdəki yerinə və mövqeyinə, hadisələrə və əhvalatlara təsir gücünə, şəxsi-fərdi, ictimai-siyasi baxışlarına və bu baxışların sanbal və çəkisinə görə təsvir və təhkiyəyə cəlb etmişdir. Şübhəsiz, romanda Cavad xana daha geniş yer ayrılmış, o, daha əhatəli, daha miqyaslı şəkildə canlandırmışdır. Çünki romandakı digər obrazlardan daha çox Cavad xan müəllif ideyasının və məfkurəsinin daşıyıcısıdır, müəllifin fikir və düşüncələrinin ötürücüsüdür.
S.Rüstəmxanlı bütün əsər boyu Cavad xanı rus soyğunçuluğu, erməni satqınlığı, xan-bəy biganəliyi ilə üz-üzə qoyur, onu bu mənhus üçbucağın məkr-xəyanət dolu çevrəsindən, həmlə və hədələrindən, təqib və təxribatlarından keçirə-keçirə vətən-xalq, yurd-ocaq keşikçisi səviyyəsinə qaldırır. Bu üçlüyün xəyanətindən Cavad xan hiddətlənir, qəzəb-nifrət atına minir, əsəbləri tarıma çəkilir, amma sarsılmaz hökmdar, sərkərdə, kişi müvazinətini itirmir, qardaş qardaşa güllə atmasın, yurdun əmin-amanlığı pozulmasın deyə bu üçlüyün hər biri ilə çox ehtiyatla davranır, düşünülmüş taktiki addımlar atır. Belə ki, Rusiyanın Qafqazdakı canişini Knorrinqin şahzadə Aleksandr Mirzənin geri qaytarılması tələbi ilə yazılmış məktubuna Cavad xan çox məntiqi, həm də həmrəylik, barışıq təlqin edən cavab yazır: "Bir halda ki, sizin dövlətiniz bizə də xoş münasibət bəsləyir, onda adamınızın orda, ya burda olmağının nə fərqi? Sizin adam özünü Gəncədə də yaxşı hiss edirsə, qayıtmaq niyyəti yoxdursa, bu, sizi niyə narahat etməlidir?"
S.Rüstəmxanlı Cavad xanı I Pyotrdan başlanan rus imperiyasının mürtəce siyasətini, bu imperiyanın Qafqaza gəlişinin gizli niyyətlərini və habelə, bu imperiyanın aparıcı generallarının, xüsusən, gürcü əsilli Sisianovun hansı əxlaq-mənəviyyat, hansı düşüncə-ağıl sahibi olduğunu, hansı xalqa-millətə xidmət etdiyini anlayan uzaqgörən dövlət xadimi kimi səciyyələndirir və əsərin müxtəlif fəsillərində xanın bu faktları cəsarətlə imperiya nökərlərinin üzünə çırpdığını ustalıqla qələmə alır: "Yad ordusunun başında öz Vətəninə - Gürcüstana hücum edən, öz xalqını alçaldan generalınız (Sisianov nəzərdə tutulur - M.B.) Gəncə müsəlmanlarına rəhm eləməz. İndiyədək Rusiyanın öz ərazilərindəki müsəlmanlara nə divan tutduğunu bilirsinizmi?"
Elə buna görə Rusiya Cavad xan üçün istilaçı-işğalçı, qarətçi-soyğunçu, özgə torpaqlar hesabına genişlənən, mürtəceləşən, qəddar-zülmkar dövlətdir; türk-müsəlman xalqlarını üz-üzə qoyan, sünni-şiə ixtilaflarını qızışdıran, xaçpərəstlərin birliyini yaradıb müsəlmanlar arasında düşmənçilik toxumu səpən təxribatçı-terrorçu imperiyadır. Cavad xan rusların Qafqaz xalqlarına, bu ərazinin türk-müsəlman əhalisinə tarixi münasibətlərini, məqsəd və məramlarını özünəməxsus şəkildə açıqlayır, xanları bu böyük yırtıcıya qarşı birləşməyə, mübarizəyə çağırır: "Bizim torpaqlara yiyələnmək rusların çoxdankı arzusudur. Bundan ötrü xaçpərəstlərin birliyini yaradıb müsəlmanlar arasında düşmənçilik toxumu səpirlər".
Xanların məşvərət məclisində Cavad xanın mövqeyində dayanan, Cavad xanı dəstəkləyən, rusların Azərbaycana gizli niyyətlərini öz həyatında şəxsən yaşayan, sonralar bu yaşantılar üçün peşmançılıq çəkən talış hakimi Mir Mustafa xan olur, o da rus hökumətinin işğalçılıq siyasətini dövrün tələblərinə və özünün dünyagörüşünə uyğun ifadə edir və xanların birgə mübarizəsini, birgə ittifaqını üstün tutur: "Mən də ruslara çox bel bağladım. Sara adasında yer verdim onlara. Ancaq sonra gördüm ki, bunların dərdi din dərdidir. Beş barmağını bal eləsən də, erməninin, gürcünün namını sənə vermir. Yer üzünün adamlarını iki yerə bölüblər - xaçpərəstlər, qeyri-xaçpərəstlər. Xaçpərəst olmayanlara aşağı növ adam kimi baxırlar. Peşman oldum bunlara inandığıma görə. Ruslar gəlsə, din də əldən gedəcək, iman da".
Elə bu əsnada Cavad xanın səsi daha da qətiləşir; bu səs Cavad xanın gələcək planlarının təsdiqi kimi xanlar məclisində əks-səda doğurur və bu səs Cavad xanın döyüş əzminin, mübarizə gücünün son akkordları kimi səslənir: "Mən də buna görə dəvət etdim sizləri. Tək qalsam da, vuruşacağam!".
Cavad xan nə qədər çalışsa da, nə qədər səy göstərsə də, nə rusların məkrli siyasətinin mahiyyətini xanlara anlada bilir, nə də xanları birləşdirməyi bacarır. Çünki xanlar əvvəllər olduğu kimi, yenə də çeşidli güclər arasında çaşqın vəziyyətdədirlər. Bununla belə, ölərlər, amma ağıllanmazlar; düşmənə əl uzadarlar, amma bir-birinin uzanan əlini tutmazlar. Uçuruma yuvarlandıqlarını görə-görə yenə də dayanıb düşünmək, bir yerdə razılığa gəlmək istəməzlər, çünki xanların hamısı boğaza kimi günahın və qanın içindədir, çünki Azərbaycanın bir bayrağı yox idi ki, bütün xanlar bu bayraq altında birləşib dirilsinlər.
S.Rüstəmxanlı romanın müxtəlif epizodlarında rus generallarının Cavad xanla yazışma və məktublaşmalarına geniş yer ayırır. Bu məktublaşmalar, şübhəsiz, diplomatik səciyyəli, diplomatik xarakterlidir və siyasi-hərbi məqsədlər daşıyır. Məktubların bəzilərində hədə-təhdid notları güclüdürsə, bəzilərində xahişetmə, dilətutma, məkr-hiylə ampulası yüksəkdir. Amma bu məktublar hansı məqsədlə yazılırsa-yazılsın, fərqi yoxdur, mahiyyətcə birdir. Əsərin bir yerində Cavad xan məktubların məğzini belə ümumiləşdirir: "Tiflisdən gələn məktubların və elçilərin arası kəsilmir. Gah Aleksandr Mirzəni, gah həştərxanlı uşağı, gah fərari əsgərləri, gah da onların zülmündən qaçıb mənə sığınan adamları bəhanə edirlər. Məqsəd birdir: Dava! Gəncəni işğal! Sonra məni də İraklinin nəsli kimi ya Sibirə, ya da Peterburqa göndərmək! Mən şərəflə, vuruşa-vuruşa ölməyi bundan üstün tuturam".
Sabir Rüstəmxanlı bütün roman boyu Cavad xanı şərəf-ləyaqət, namus-qeyrət, mərdlik-mərdanəlik kürsüsündən bir qarış belə yerə endirmir, yurd-yuvanın, od-ocağın, Azərbaycan məmləkətinin azadlıq mücahidi, müstəqillik duyğusu ilə alışıb-yanan və bu yolda nəinki öz canından keçən, hətta balasını da qurban verən bir hökmdar, bir sərkərdə kimi bütün əzəmətiylə, bütün ucalığıyla poetikləşdirir, simvollaşdırır. S.Rüstəmxanlı təsvirində Cavad xan əsarətə, köləliyə, mütiliyə, rus ağalığında yaşamağa sonsuz nifrət edən tükənməz üsyankardır, müstəqillik, suverenlik, azadlıq aşiqidir: "Mənim üçün hürriyyətdən və öz böyüyü olmaqdan əziz şey yoxdur"; "Vətən yolunda ölməyi bacarmasan, Vətən öləcək! Babalarımız qan töküb qurublar, biz də gələcək nəsillər üçün qorumalıyıq"; "Cavad xan geri çəkilməyəcək! Cavanlara göstərəcək ki, Vətən yolunda necə vuruşarlar. Əli silah tutan, bizə qoşulmaq istəyən varsa, gəlsin!"; "Mənə nə rus sərdarları, nə də İrakli böyüklük edə bilər!".
Sabir Rüstəmxanlı erməni satqınlığını, erməni xəyanətini tarixi faktlara söykənərək roman boyu qabardır və bu qabartmalarla erməni xislətinin anatomiyasını tarixi gerçəklik prizmasından şərh edib bədiiləşdirir. Romanın "Məlik Apo", "Keşişlərin qurğuları", "Qəsd", "Xəyanət" və digər fəsillərində müəllif erməni satqınlığını ən çeşidli, ən klassik epizodlarda elə böyük məharətlə əyaniləşdirir ki, oxucularda bu tipli satqınlıq və xəyanətlərin məhz ermənilərə məxsusluğuna zərrə qədər şübhə qalmır. Məsələn, Gəncənin su yolunun ruslara nişan verilməsi; ermənilərin Tiflis qapısında dayanıb savaş vaxtı rusların tərəfinə keçməsi; gəncəlilərin hücum tarixinin dəqiqliklə ruslara ötürülməsi; gecələrin birində Şeyx Yusifdən ayrılan Cavad xana sui-qəsd cəhdi; Şeyx ocağının, bu ocaqdakı əlyazmaların yandırılması və Şeyxin öldürülməsi; Cavad xanın digər xanlarla birgə məsləhətləşmələri haqda rusların məlumatlandırılması və s. Əlbəttə, ən qısa siyahısını verdiyimiz bu satqınlıq və xəyanətlərin kökü, rişəsi bir tərəfdən ermənilərin xisləti, mahiyyətindən irəli gəlirsə, o biri tərəfdən rus şovinizmindən, bu şovinizmin "Parçala, hökm sür!" siyasətindən qaynaqlanır ki, bu mürtəce, antihumanist, antimilli siyasət bu gün belə özünün fəaliyyət dairəsini genişləndirməkdədir.
Sabir Rüstəmxanlı Cavad xan və xalq münasibətlərini, bu iki qütbün bir-birinə etibarını, sevgi və sayqılarını şairanə və unudulmaz vasitələrlə canlandırır. Gəncənin mühafizəsində, gavurlara meydanoxumada Cavad xan xalqa, xalq da Cavad xana arxa, dayaqdır; Gəncə camaatının gözü Cavad xanda olduğu kimi, Cavad xan Ziyadxanoğlunun da gözü xalqdadır. Cavad xan və xalq birliyi romanın "Cümə məscidində", "Dəyirmanda", "Toy", "Gülcamal" və s. fəsillərində daha qabarıq görünür. Müəllif bu birliyi, vəhdəti bədii sözün imkanlarından istifadə etməklə elə təsvir edir ki, oxucuda hökmdar və xalq arasındakı bu birliyin saxta, qurama, süni və uydurma yox, tarixin uzaq-uzaq dərinliklərindən, yurd-vətən sevgisindən, gen və qan təmizliyindən güc aldığına şübhə yeri qalmır. Cavad xan Gəncə camaatı qarşısında düşmənin məkrli siyasətindən danışır, xalqı el-oba uğrunda birliyə çağırır, Vətən yolunda ölməyi şərəf, qürur və başucalığı kimi dəyərləndirir: "Mən sağ olduqca, başımda papaq gəzdirdikcə, gavurların ayağı müqəddəs şəhərimizə dəyə bilməz. Öz əlimlə öz şəhərimin açarlarını təhvil verə bilmərəm. Oğlumu amanat istəyib (Sisianovu nəzərdə tutur - M.B.). Üç oğlumun üçü də, mən də Gəncənin amanatıyıq! Dünyada ən şərəfli ölüm Vətən və din yolunda, Allah yolunda şəhid olmaqdır. Mən bu ölümü xoşbəxtlik kimi qəbul edirəm. Ya azad Gəncə, ya ölüm!
Camaat ona səs verdi: "Ya azad Gəncə, ya ölüm!"
Bu və buna bənzər epizodları oxuyan oxucu hökmdar və xalq birliyinə heyran qalmaya bilmir, Gəncə uğrunda Cavad xanın şəhid olması isə bu sözlərin gəlişigözəl bir deyim olmadığına sübut, fakt kimi ortaya qoyulur.
S.Rüstəmxanlı Cavad xanın ruslarla sonuncu - 1804-cü ilin ilk yanvar günlərindəki döyüşünü və bu döyüşdə Cavad xanın ağlasığmaz şücaətini incə detallarına qədər qələmə almışdır. Döyüş səhnələri o qədər real təsvirlərlə verilib ki, oxucu toqquşan qılıncların, sağdan-soldan şığıyan oxların səsini, topların ölümsaçan gurultusunu eşidir, Cavad xanın sinəsindən qopan "Hardasan, oğul? Hüsenqulu, hardasan?" harayının və bu harayın əks-sədası kimi ucalan "Burdayam, Lələ!" müraciətinin üstündən soyuqqanlılıqla keçə bilmir, özünü savaş meydanında hiss edir.
"Ölüm zirvəsi" romanının savaş epizodlarında Cavad xanın qılıncişlətmə və döyüş məharətinə rus polkovnikləri, xüsusən, Lisaneviç də həsəd aparır: "Lisaneviç çox döyüşlər, çox muşketyorlar, qılıncçalanlar görmüşdü. Amma üzünü ilk dəfə gördüyü, yaşı əllini keçmiş bu ucaboylu kişinin qılıncişlətmə və döyüş məharətini hələ heç kəsdə görməmişdi".
Cavad xanın uca boyundan, döyüş məharətindən vahimələnən hiyləgər Lisaneviç əlinə güllə atmaq fürsəti düşən kimi Cavad xanı hədəf seçir. Amma "Cavad xan yıxılmadı. Qoluyla topun lüləsini qucaqlayıb, ayaq üstə çılpaq Gəncə çinarlarına, onların o üzündə çinar budaqları kimi ağaran boş yollara - qəmli Azərbaycan çöllərinə baxırdı".
"Ölüm zirvəsi" xalq qələbəsinin akkordları ilə bitir. Belə ki, Gəncə qırğını bitsə də, bütün bürclərdə Cavad xanın ay-ulduzlu yaşıl bayrağının dalğalanması, Cavad xanın arvadı Şükufə xanımın qanbahası əvəzinə verilən qızıl torbasını Sisianovun üzünə çırpması, baharısının altından xəncəri çıxarıb Sisianovu öldürməyə cəhd etməsi, Bakıda Sisianovun başının kəsilməsi və Hüseynqulu xanın Cavad xanın ruhu qarşısında "Köməyə gələ bilmədim, Cavad xan, məni bağışla. Amma intiqamını aldım" etirafı, 114 ildən sonra Cavad xanın Gəncəsində cəmi 2 il çəkən müstəqilliyin qurulması, 187 il sonra isə S.Rüstəmxanlının öz məsləkdaşları ilə Azərbaycanın müstəqillik aktını imzalaması və rus işğalına son qoyması epizod-faktları romanda xalq qələbəsinin təsdiqi kimi səslənir.
S.Rüstəmxanlının "Ölüm zirvəsi" əsəri bədii-publisistik dildə yazılmış ən dəyərli tarixi romanlardan biridir. Bu romanı oxuyub başa çatdıran oxucu belə bir qənaətə gəlir ki, hər bir Azərbaycan türkü canımız-qanımız bahasına qazandığımız müstəqillik və azadlığı göz-bəbəyi kimi qoruyub saxlamalı, müstəqillik və azadlıq yolunda ömrünü od-alovlarda əridən Vətən oğullarını unutmamalı, bu müstəqillik və azadlığa tuşlanan bütün çirkin, məkrli, xəyanətkar əlləri kəsib doğramalıdır.
Bu əsər dünənimizə, bugünümüzə və sabahımıza da güzgü tutur, xalqın qəhrəmanlıq salnaməsində heykəlləşən, əbədiləşən Cavad xanlara, onların məslək-əqidə bütövlüyünə sonsuz sədaqət, sarsılmaz inam aşılayır.

Комментариев нет:

Отправить комментарий