Страницы

29.11.2010

Roman yox, “halroman”

Ayxan Kiçikbəy
ayxan1992@box.az

Povest yazmağı bacarmayanlar fərasətsiz deyil, onu yazan və bunu gizlətməyi bacarmayanlar fərasətsizdir (A. P. Çexov. “İONIÇ”)
 
Hər şey Əsədin yenicə yazdığı romanını mənim elektron ünvanıma göndərməsindən başladı. Öz aramız, bu aralar hamının roman yazdığını bildiyimdən dostumuzun da bu marafona qoşulması məni elə də maraqlandırmadı. Özü də komputerdə roman oxuyacağımı düşünəndə tüklərim biz-biz dururdu.
Hə, Əsədin göndərdiyi yazını açanda iri hərflərə bu sözlərin yazıldığını gördüm:


                                 “ƏSƏD NƏSİRLİ QARAQAPLAN. HALROMAN”

Gördüyünüz kimi qatar kimi uzun bir imza, altda isə qısa bir başlıq.
Bu yekəlikdə başlığa baxa-baxa düşündüm ki, nəyə görə “Qaraqaplan” adı Əsəd Nəsirli imzasının arxasına artılıb. Düşünən vaxt Murad Köhnəqalanın yazısı yadıma düşdü. Murad əmi köşəsində yazmışdı ki, gərək bu ölkədə düşünməyəsən ki, rahat yaşayasan. Sonra əlavə eləyib deyirdi ki, düşünmək heç vaxt əl vermir. Təbii, Murad Köhnəqala lağdan belə deyirdi. Amma fikirləşdim ki, bu qədər boş-bekara şeyə görə düşünmək nəyə lazımdır ki? Buna görə də düşünmədən belə qənaətə gəldim ki, müəllif yazdığı ilk roman münasibəti ilə bu yeniliyi – “Qaraqaplan” imzasını öz oxucularına bəxş edib. Bir də Əsəd “roman” sözünün əvvəlinə “HAL” hissəciyi yapışmışdırmışdı. Yəqin, bu “HAL” hissəciyi də “Qaraqaplan” adı kimi təzə bir şeydi. Guya da, guya!

Hər nə isə, düşünmədən-eləmədən, “HAL” hardan çıxıb, nə bilim, “Qaraqaplan” adının mənası, etimalogiyası nədi, belə boş-mənasız şeylərə baş sındırmadan romanı oxumağa başladım.
Bir abzas oxuyur, bir stəkan çay içirdim. Limonlu çay lap yerinə düşmüşdü. Əsəd Qaraqaplanın romanını oxuya-oxuya bəlkə bir on stəkan çay içdim və bununla bərabər seriala baxan anamı da yaman əziyyətə saldım. Öz aramız, limonlu çay Əsədin yazdığından qat-qat ləzətli idi.

Romanın yarısına çatanda bir az dincəlmək istədim, anamla bacımın dörd gözlə baxdıqları seriala ötəri bir nəzər saldım. Ordakı hadisələr “Halroman”la üst-üstə düşürdü, nə bilim, bir oğlan üç-dörd qızla fırlanır, hərəsi ilə ayrı-ayrı yerlərdə görüşürdü. (Bu informasiyaları mənə serial bilicisi bacım çatdırdı – A.K.) Serialın baxdığımız bu bölümü çox ürəkağrıdıcı (Ax!!! – A.K.) bir səhnə ilə tamamlandı. Oğlanın fırlatdığı qızlardan biri onu başqa bir qızla bir yerdə görür və serial ssenaristləri bu yerdə tamaşaçıları intizarda qoyur. Bu baxımdan Əsəd insaflıdı. O, heç olmasa oxucuları intizara salmır, romanının hansısa bir yerini serialvari sonluqla bitməsinə imkan vermir.

Əsər sujetsizdi. Romanın hər yerini bitdə-bitdə oxusam da orda sujetli bir yer görmədim. Bir növ müəllif oxucularına sevginin varlığını sübut etməyə çalışır. Sevgini axtarır, ancaq onun ürək ağrısı ilə dediyi sevgi yataqda, parkda, nə bilim daha başqa yerlərdə öz əksini tapır. Bəlkə də Əsəd Qaraqaplan roman boyu sevginin məkanının harda olmasını axtarır. Axtarır, axtarır, ancaq təəssüf ki, romandakı obrazların zəifliyi, həyatla mübarizədə dözümsüzlüyü bu axtarışı lazımı səviyyəyə qaldıra bilmir.

Romanı bitirəndən sonra mənə elə gəldi ki, bu romanın davamı olacaq və yaxud Əsəd mənə əsərinin bir hissəsini göndərib. Ancaq bu onun yazdığı ilk kiçik romanı idi və mən əsərin davamının olacağını düşünməkdə səhv edirdim. Bu romanın davamı yox idi və yəqin ki, heç olmayacaq da. Əslində bu romanın yazılması Əsədin məğlubiyyətini ortaya çıxarır. Bəlkə “Halroman” heç doğmaya, ortaya çıxmaya bilərdi. Heç kimin olmadığı, tənha, kimsəsiz bir yerdə romanın əlyazmasını yandırmaq və yaxud bambaşqa bir üslubda, publisistik yönü bir tərəfə ataraq, tamamilə bədii bir əsər yaratmaq daha düzgün olardı. Ancaq indi heç nə etmək olmaz, çünki roman yazılıb (hətta kitab şəklində çap olunub, təqdimatı keçirilib – A.K.) və geriyə yol yoxdu.

Romanın sonu və digər yerlər məndə belə bir fikri ortaya çıxartı ki, (Murad Köhnəqala üzürlü hesab etsin – A.K.) bu əsərdə müəllif demək istədiyini oxucuya çatdıra bilməyib. Yəni, romanda hər hansı bir fikir var, lakin o fikir bizə – oxucuya tam diqtə olunmayıb. Əsədin yaratdığı bu vəziyyət belə bir səhnəni canlandırır: müəllim şagirddən Azərbaycanın paytaxtının harda olduğunu soruşur, şagird isə bu sualın cavabını bilsə də hıqqana-hıqqana qalır. Elə “Bbb, Baa…” deyə-deyə qalır.

Bəli, kitab çıxdı, (“HALROMAN”dan danışıram – A.K.) təqdimatı oldu, mən də orda iştirak etdim, fikirlərimin bir qismini tədbirdəkilərlə bölüşdüm və s. və ilaxır…

***
…Evə gedəndə anam əlimdəki kitabı görüb:
– Ayxan, o kimin kitabıdı? – deyə soruşdu.
– Əsəd Qaraqaplan, – deyib kitabın üz qabığını göstərdim.
Anam kitaba baxıb:
– Romandı? – deyə soruşdu.
– Yox, e… roman yox, “HALROMAN”DI.
– “Halroman” nədi, ə?.. – anam təəccüblə soruşdu.
– Elə “Halroman”dı da…

Комментариев нет:

Отправить комментарий