Страницы

06.11.2010

Tağı Əhmədovdan növbəti sürpriz

  2011-ci ildə yer altında gediş haqları bir daha bahalaşa bilər

Metropoliten rəhbərliyi metroda gediş haqqının yenə də qaldırılmasını təklif edir. Belə ki, Bakı Metropoliten İdarəsindən (BMİ) verilən məlumata görə, cari  ilin sonuna qədər gediş haqqının artırılması planlaşdırılmasa da, mələsəyə gələn il baxıla və müvafiq təkliflər Tarif Şurasında göndərilə bilər.
Qurumdan bildiriblər ki, hazırda metro ilə bir sərnişinin daşınma xərci 49 qəpik təşkil edir. Lakin aparılmış təhlil işləri və bəzi xərclərin dürüstləşdirilməsindən sonra bir sərnişinin daşınma tarifi amortizasiya ilə birlikdə 33 qəpik, amortizasiyasız isə 20 qəpik səviyyəsində qiymətləndirilib. Mövcud tarifin xidmətlə bağlı xərclərin (33 qəpik) səviyyəsinə çatdırılması üçün ilkin mərhələdə tarif 15 qəpik müəyyənləşdirilib.Bununla belə,  məbləğin 20 qəpiyə çatdırılması qaçılmazdır.
Qeyd edək ki, BMİ artıq bununla bağlı bir neçə dəfə Tarif Şurasına müraciət etsə də, qurum təklifi məqbul saymayıb. Hökumət xərclərin qarşılanması üçün çatışmayan məbləğin subsidiya hesabına ödənilməsini daha məqsədəuyğun hesab edib. Lakin bu il gediş haqlarının 5 qəpikdən 15 qəpiyə qədər bahalaşması hesabına Bakı Metropoliteninə dövlət büdcəsindən ayrılan subsidiyanın həcmi azalıb. Belə ki,  2010-cu ildə 2009-cu illə müqayisədə subsidiya 24 milyon manat azaldılıb və 9,1 milyon manat təşkil edib.
Xatırladaq ki, metroda sonuncu dəfə gediş haqqı ötən ilin payızında qaldırılıb. Tarif Şurasının qərarı ilə qiymət 3 dəfə artırılaraq 5 qəpikdən 15 qəpiyə çatdırılıb. Maraqlıdır ki, o zaman Bakı Metropoliteninin  rəisi Tağı Əhmədov bu artımdan razı qalmayaraq bildirmişdi ki, metroda  bir sərnişinin daşınması 9,2 qəpiyə başa gəlir.Gediş haqqı azı 20 qəpiyə qaldırılsaydı, yaxşı idi. Qeyd edək ki, metropolitendə quraşdırılan terminallar pul vahidi kimi 10, 20, 50 qəpikləri, 1, 5, 10 manatlıqları qəbul edir. T. Əhmədov isə deyirdi ki, pulu yuvarlaqlaşdırıb daxil etmək lazımdır ki, qalıq qalmasın.Məlumat üçün bildirək ki, Azərbaycanda metroda gediş haqları bahalaşdırılarkən  Rusiyada qiymət 35, Gürcüstanda 19, Ukraynada 16, Belarusda 17, Türkiyədə 80 qəpik səviyyəsində idi. Bu arada rəsmi göstəricilərə görə,  həmin ərəfədə metrodan 200 milyona yaxın sərnişin istifadə edirdi. Artımdan sonar isə istifadəçilərin sayı azalıb.
 İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, metroda gediş haqqının 20 qəpiyə qədər qaldırılmasının iqtisadi zəmini yoxdur: “Metropoliten rəhbərliyi dəfələrlə gediş haqlarının adambaşına düşən xərcinin maya dəyərinin ödənilmədiyini bildirir. Belə əsaslandırma aparır ki, metroda gediş haqqı dünya ölkələri üzrə Azərbaycanda ən ucuzdur. Doğrudur, elə ölkələr var ki, orada metrodan istifadə haqları çoxdur. Amma axı o ölkələrdə əhalinin gəlirlik səviyyəsi də yüksəkdir. Məsələn, dünyada ən bahalı metropoliten Nyu-Yorkdadır. Orada istifadə haqqı 2 dollardır. Vaşinqtonda stansiyaların sayına görə, artıb-azalmaya görə qiymətlər 1-2 dollar arasındadır. ABŞ-ın başqa yerlərində 1 dollar 25 sent təşkil edir. Həm də bir məsələ var ki, ABŞ-da və bəzi Avropa ölkələrində aylıq biletlər satılır. Vətəndaş həmin bileti əldə etdikdə metro xərclərində endirimlər olur. Bütün bunlar gündəlik hesablanan xərclər müqabilində simvolik bir rəqəmdir. Nyu-Yorkda metroda gediş haqqı 2 dollardan hesablansa, çəkilən xərclər aylıq 200 dollara bərabər olur. Bu, ABŞ-da orta aylıq əməkhaqqının 3 faizinə bərabər göstəricidir.
MDB ölkələrində isə metrpoliten sisteminə kommersiya məqsədilə yanaşmırlar. Metronun həm də bir ictimai yükü var. Bu baxımdan, Azərbaycanla müqayisədə bəzi MDB ölkələrində metrodan istifadə ucuzdur. Məsələn, Ukraynda əməkhaqları Azərbaycandan yüksək olmasına baxmayaraq, metroda gediş haqqı bizdən ucuzdur. Lakin MDB-də elə dövlətlər də var ki, əksinə, gediş haqqı bahadır. Tbilisidə aylıq gediş üçün talonun qiyməti 20 lari, üç aya görə 50 lari, 6 aya 90 lari təşkil edir. Bir illik üçün isə əvvəlcədən 145 lari ödəmək olar. Bu hallarda müvafiq şəkildə bir gediş 19 qəpik, 15 qəpik, 13 qəpik, 11 qəpik və 9 qəpiyə başa gəlir. Sadalananlardan tam aydın olur ki, metropolitenlər onun xidmətindən daha çox istifadə edənlərlə arabir istifadə edənlər arasında  fərq qoyur. Bu sistemin Bakı Metropolitenində də tətbiq edilməsi yaxşı olardı. Məhz bu variantda qiymət artımları əhalinin istehlak xərclərinə ciddi təsir etməz”.
V.Bayramovun sözlərinə görə,  idarə tərəfindən sərnişindaşımanın xərci barədə açıqlamalar qeyri-şəffafdır: “Metropoliten rəhbərliyi bir nəfər sərnişinin daşınma xərcinin 50 qəpiyə qədər olması barədə fikirlər səsləndirir, amma onun necə hesablandığı bilinmir. Əgər enerji və digər xidmətlərin xərclərini nəzərə alsaq, bunun 50 qəpiyə qədər olması mümkün deyil. Moskvada enenrjidaşıyıcıları baha olduğu təqdirdə, metroda bir sərnişinin daşınması 0,35 AZN edirsə, o zaman Azərbaycanda bu rəqəmin 0,15 AZN-dən yuxarı olması mümkün deyil”.
İqtisadçı metropolitendə gediş haqlarının artırılmasının ümumi inflyasiya göstəricisinə ciddi təsir edəcəyini deyir: “Nəqliyyatda, daşınmalarda bahalaşma yaranacaq ki, bu da müəyyən sahələrdə bahalaşma dalğasına səbəb ola bilər. Həmçinin, əsasən metropoliten xidmətindən istifadə edən tələbələrin sosial vəziyyətinə təsir göstərəcək. Habelə sosial-psixoloji baxımdan mənfi təsirlərə malik ola bilər. Bu, azgəlirli ailələr üçün arzuolunan deyil”.
V.Bayramov  bildirir ki,  istənilən  ictimai əhəmiyyətli xidmət növünün bahalaşması digər məhsul növlərinin qiymətinə psixoloji təsirlərə malikdir: “Təcrübə göstərir ki, bu kimi xidmət növlərinin qiymətinin bahalaşması xüsusən aşağı qiymətli ərzaq və xidmət növlərinə təsir edir. Məsələn, göyərti və tərəvəz məhsullarının satışı ilə məşğul olanların qiymətləri artırması real görünür”.
Metroda bahalaşmanın olacağını istisna etməyən iqtisadçı bildirir ki, bununla bağlı təklif Tarif Şurasına göndərilsə də, ilin sonuna kimi hər hansı bir bahalaşma olmayacaq: “Əgər Şura belə bir qərar qəbul edəcəksə, bu, 2011-cu ilin əvvəllərində baş verəcək”.

Sevda Cəlilli

Комментариев нет:

Отправить комментарий