Страницы

13.11.2010

Tarixi necə yaz(ma)malı?

İbrahim Fərhadoğlu 
“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi
 
  (İbrahim Selin “Yeni xəbər”də gedən Türk Tarixi silsilələri üstünə)

 Ermənistanla münaqişəmiz başlayan andan tarixçilərimizin sayı çoxalmağa başlayıb. Kimi görürsən, uşaqlı-böyüklü, professionallı-diletantlı hamı nəyisə sübut etməyə çalışır. Gah albanları türk edirik, gah türklərin on min illər öncə burda yaşadığını, bəzən isə hətta ermənilərin özlərinin "ərmən" adlı türk tayfasından formalaşdığını sübut etməyə çalışırıq... Bəzi "tarixçilərimiz" nəinki Azərbaycan Respublikasının, hətta indiki Türkiyə ərazisinə də burunlarını soxur, oralarda qədim türklərin izini axtarırlar.
 Bu baxımdan türkiyəlilərin öz tarixlərinə münasibətləri bizə örnək olmalıdır. Onlar deyirlər: "Biz bura gəldik, fəth etdik! İndi də kimin hünəri varsa, bizi buradan çıxarsın!" Kifayət qədər aydın və anlaşıqlı mövqedir. Eyni zamanda bir çox həqiqətləri özündə cəmləşdirir. Biz isə nədənsə qorxuruq, guya bu torpaqlara gəlmə olduğumuzu boynumuza alsaq, kimsə gəlib, bizi buralardan qovacaq. Ya da bu torpaqların yerli əhalisi olduğumuz bəlli olarsa, kimlərsə gəlib işğal olunmuş torpaqlarımızı geri qaytaracaq. Başa düşmürük ki, heç kimə bizim, ya da ermənilərin uydurma tarixi lazım deyil! Bu söhbətlər yalnız bizim özümüzü çaşdırır və həqiqətlərdən uzaqlaşdırır. Məhz bu səbəblərdən də indiyə qədər kim olduğumuzu, hardan gəldiyimizi bilmirik.
 Mənə hərdən elə gəlir ki, ortalığa bu "tarixi" söhbətləri salanlar özləri elə bizim düşmənlərimizdir. Çünki bu söhbətlər həmişə bizim başımızı qatır və bizi öz məqsədlərimizdən yayındırır. Daha doğrusu, məqsədimizin nə olduğunu da unutdurur, bəzən isə ümumiyyətlə, bu barədə düşünməyimizə imkan vermir.
 Məqsədlərimizdən biri və elə ən birincisi ölkəmizin ərazi bütövlüyü olmalıdır. Bunun üçün isə heç də tarix mübahisələrinə qatılmağımız lazım deyil. Biz bir şeyi dəqiq bilməliyik: Azərbaycan Respublikasının ərazisi 86.6 min kvadrat kilometrdir. Vəssalam! Bu ərazidə 1000 il, 10 000 il, lap elə 500 il bundan qabaq kimin yaşadığının nə önəmi var? Hər kim yaşayıbsa, yaşayıb. İndi ki, mənim ölkəmdir. İndi ki, mənim ərazimdir. Dünyanın demək olar ki, bütün ölkələri bizi bu sərhədlər çərçivəsində tanıyırlar. Axı biz bu boyda həqiqəti qoya-qoya, nəyə görə tarix arxivlərində eşələnməliyik? Nəyə görə həqiqəti min illər öncədə axtarmalıyıq?
 "Azərbaycan xalqı qədim xalqdır!" Bu cümləni heç cür anlamaq olmur... Necə qədim xalqdır ki, bu adda xalq 30-cu illərdə Stalinin göstərişi ilə (!) yaradılıb? Yox, əgər türküksə, niyə özümüzə türk demirik? Çünki özümüzü türk hesab etmirik, zorla bunu beyinlərə yeritmək də mümkün deyil.
 Niyə qədim görünmək istəyirik? Müasir olmaq daha yaxşı və daha perspektivli deyilmi? Assuriyalılar, finikiyalılar, latınlar kimi qədim xalqlar indi hardadırlar? Yoxdular! Çünki onlar öz passionarlıq dövrlərini bitiriblər. Kim məşhur rus alimi və türkoloqu Lev Qumilyovun "Xalqların passionarlıq nəzəriyyəsi"ni oxuyubsa, bu həqiqətləri anlaya bilər. Özümüzü yeni yaranmış xalq hesab edib, mərhum alimin fikirlərini özümüzə proyeksiya etsək, daha yaxşı və optimist nəticə almış olarıq: biz yeni yaranmış xalqıq və bütün potensialımız, passionarlığımız geridə, keçmişdə deyil, qarşıda, gələcəkdədir!

Комментариев нет:

Отправить комментарий