Страницы

29.11.2010

“TEATR ÖLÜB” DEYƏNLƏRİN ÖZLƏRİ ÖLÜB"

         NÜRƏDDİN MEHDİXANLI İLƏ MÜSAHİBƏ

Müsahibimiz Respublikanın Xalq artisti, Akademik Milli Dram Tatrında işləyən və məşhur rolların mahir ifaçısı Nürəddin Mehdixanlıdır. Özünəməxsus rollar ifa edən və teatr sahəsində öz dəsti-xətti ilə yaddaşlarda qalan Nürəddin Mehdixanlı ilə teatr problemlərindən danışdıq. Müsahibəni olduğu kimi təqdim edirik.
 
-Nürəddin müəllim! İstəyərdik ilk öncə teatrların ən böyük problemlərindən biri olan, hətta bir çox tanınmışların belə etiraf etdiyi tamaşaçı qıtlığından danışaq...

-Teatr sənəti kütləvi sənət növü deyil. Tamaşa zamanı zalda min nəfərin olması nə tamaşanın yüksək keyfiyyətli olmasının, nə aktyorların güclü olmasının, nə də teatr sənətinin qüdrətinin göstəricisi deyil. Şou proqramlarla, kiçik komik parçalarla H.Əliyev sarayını doldurmaq onların sənətinin güclü olması deyil. Yanlış bir şeydir. İldə iki-üç dəfə 3 gün, 4 gün tamaşaçıyla zalı doldururlar. Amma teatr ilin 10 ayını işləyir. Ayda 15-20 tamaşa göstərir. İndi gəlin həmin tamaşaçı sayını yığaq üst-üstə, görək kimin tamaşaçısı yoxdur. Və yaxud kimin tamaşaçısı əsl mənada tamaşaçıdır.

Bu gün bu söhbəti etməkdə məqsədim odur ki, teatr sənətinə yanlış yanaşmalar var. Dörd fəsil var və bu fəsillər kimi hər şey dəyişir. Teatr da həmçinin inkişaf edir, enir və o enişdən bir doğuluş yaranır. Bu gün mən eşidirəm ki, biri “teatr öldü” (red: məlum məsələni reytinq qəzetində Xalq artisti Ağakişi Kazımov müsahibələrinin birində qeyd edib) deyir. “Teatr öldü” deyənlərin yəqin özləri çoxdan ölüb. Və yaxud da aktiv sənət meydanında, savaş meydanında deyillər, ona görə də belə deyirlər. Hə biz yoxuqsa bu prosesdə, deməli teatr ölüb. Yanlış yanaşmadır. Belə deyənlər özləri ölüblər, sadəcə xəbərləri yoxdur. Sən teatra gedirsənmi, tamaşalara baxırsanmı? Əgər getmirsənsə, baxmırsansa sən nə haqla belə danışırsan. Teatr var və yaşayır. Teatr ölüb deyənlər internetdən, qəzetdən mətbuatı izləsinlər. İnternetdə oyun oynmaqdansa mətbuatı izləsinlər və görsünlər ki, Azərbaycan teatrı haqqında dünyada nə yazırlar. Sadəcə olaraq gündəmə gələmk xəstəliyi var. Mən dədəmi söyəcəm ki, gündəmə gəlim. Budur bunların xəstəliyi. Özünü söyməklə kimlərinsə gözündə qalxmaq sindromu xəstəliyi dünyada yaranıb. Məsələn Orxan Pamuka mənim böyük hörmətim var. Amma Orxan Pamuka dedilər ki, öz millətini söyəcəksən, biz də sənə Nobel mükafatı verəcəyik. Belə də oldu. Söydü və Nobel mükafatını da aldı. Mən yenə də deyirəm ki, Orxan Pamukun əsərlərini oxuyuram. Amma, Orxan Pamuka deyirəm, Nobel mükafatının sənə verilməsi bir siyasi qərar idi. Türkiyədəki hansısa açılımlardan daha çox Nobel həvəskarları var. Türkiyənin başına nə gəlir gəlsin, əslində mənə sağol desinlər. Sinəmə də bir orden taxsınlar. Dünyada orden həvəskarları çoxalıb...
 
-Teatr tənqidçilərinin son zamanlar susmasının səbəbi nədədir?

-Biz konkret tamaşaları müzakirə etməliyik. O tamaşanın müəllifi vəzifədədir deyə onu mədh etməməliyik. Həqiqəti yazmalıyıq. Sən bir pyes haqqında ədəbi tənqid yaza bilərsən. Amma, artıq bir pyes tamaşa şəkilini alıbsa sən tamaşa haqqında, rejissor, aktyor haqqında yazmalısan. Əgər sən oturub pyes haqqında “yazırsansa” deməli teatr tənqidçisi deyilsən. Çox təssüf ki, Azərbaycanda belə bir prosses var. Bu gün Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin əsərlərini tamaşaya qoyanda heç bir teatr tənqidçisi ondan yazmır. Axı o müəlliflər ölüb. O müəllif bunun fəxri ad almasına, sinəsinə orden taxılmasına yardımçı olmayacaq. Nəyinə lazımdır ondan yazsın.

-Müsahibələrinin birində Şuşa Teatrının aktyoru Mahir Mirişli demişdir ki, aktyorlar acından ölür, Prezident təqaüdü alanlar da tamaşalarda oynamırlar.

-Baxın, əvvəllər istefa verib işdən çıxanlar bilirdi ki, beş ay işləməsə aldığı maaşla ailəsini dolandıra biləcək. Ona görə də hamı çıxıb etiraz edə bilirdi. Amma indi corab satan da bilir ki, bir gün gedib işləməsə ailəsi acından öləcək. Yəni insanların iqtisadi azadlığı da olmalıdır. Mən sizi əmin etmək istəyirəm ki, Bakı şəhərində teatra minlərlə insan gəlmək istəyir. Həmin insanlar 10 manatı verib bir gün teatra gələ biləcək. Axı o bir gündə 10 manat qazana bilmir. Televiziya kanalları kiminsə bağını, evinin içini çəkmək üçün saatlarla vaxt sərf edir. Amma teatrın reklamı üçün o qədər para deyir ki, sənin də imkanın çatmır onu verməyə.

500 manat təqüd alırsa onu böyük pul edib aktyorun başına çırpırlar. Həmin yaşlı aktyor onu 30 il çalışandan sonra alıb. Bu gün Rafiq Əzimov prezident təqaüdü alır. Baxın o nələr edib. Bəs sən nə oynamısan? Gətir qoy ortalığa. Sora deyirsən ki, mən prezident təqaüdü almaq istəyirəm. Yadınızdan çıxartmayın, bir gün siz də qocalacaqsız. Gənclərlə qocalar arasına nifaq salmaq olmaz. Bunlar əxlaqsız bir qarşıdurma yaratmaqdır nəsillər arasında. Pul qazanmaq istəyirsənsə başqa peşə seçəcəksən. Teatrı sevirsənsə, öz işinə varlığınla bağlısansa, tarixdə qalmaq istəyirsənsə dözəcəksən. Elə vaxt olub ki, qrim otağında gecələməli olmuşuq. 60 manat maaş alıb 40 manat kirayə pulu verirdik. Elə vaxt olurdu heç kirayə pulunu da verə bilmirdik. Müəllimlərimizin köynəyi ilə verlişlərə çıxırdıq. Uzun illərdən sonra biz də bu yerə çatdıq. Pilləkənləri bir-bir çıxmaq lazımdır.

-Mədəniyyət və İncəsənət Universitetinin qəbul qaydalarında aktyor və rejissoru seçərkən rüşvət alırlar. Bu nə dərəcədə doğrudur?

-İmtahan qaydaları dəyişməlidir. Bu aktyor olacaq, sən buna riyaziyyatdan məsələ qoyursan, yaxud başqa yollarla onu seçirsən. Əsl istedadı olansa kənarda qalıb. Bir daha deyirəm, xüsusi istedad tələb edən yerlərdə imtahan qaydaları dəyişməlidir. Bu gün teatr rəhbərləri də işinə möhkəm yapışmalıdır. Bəziləri deyir ki, mən 40 ildir səhnədəyəm, mənə ad verin. Axı sən 40 ildir səhnədə nizə tutursan. Nə haqla sən ad istəyisən? Nitqi qüsurlu olanlar bu gün gəlib aktyor olmaq istəyir. Və ya çoxları gedib tamadalıq edir, sonra o gəlib Hamleti də oynasa ona Hamlet kimi yox, tamada kimi baxacaqlar. Və ya müəllim hansı əxlaqla tələbədən pul istəyir? Bizim müəllimimiz cibimizə pul qoyurdu. Adil İsgəndərov cibimizi çıxartdırırdı. Görəndə yalandan pulumuz var deyirdik bizi danlayırdı. Pulun yoxundursa, deyirdi qələt edib mənə deməmisən. Adil İsgəndərov gedib Siyasi İqtisadiyyatdan üç yazıb spendiyadan kəsilən uşaqlar üçün həmin müəllimə deyirdi ki, zəhmət çək kəsdiyin üçün tələbənin spendiyasını ver. Bu cür müəllimlərin əli öpülməlidir. Amma 5 qəzəl verəcəksən yəni 5 şirvan (red: indiki pulla 10 AZN) vercəksən. Bu əxlaqla həmin müəllim əsl tələbə yetişdirə bilməz. Sən o uşağı indidən sındırırsan, əxlaqını korlayırsan. Bu dövlətə və millətə qarşı cinayətdir. 

                                                                                      Söhbətləşdi: Elmin BƏDƏLOV

Комментариев нет:

Отправить комментарий