Страницы

29.11.2010

Televiziya və terror

Aygün Aslanlı
aygun-kino@mail.ru

 
«III Dünya Müharibəsi ideya, fikir müharibəsidi»
             Jak Bodriyyar 

 

TELEVİZİYA…
91-ci ildə Körfəz müharibəsi ərəfəsində Jak Bodriyyar ən məşhur fərziyyələrindən birini söylədi: «Müharibə nəinki olmayacaq, onun baş verməsi, ümumiyyətlə, qeyri-mümkündür. Niyə? Çünki bu gün müharibənin özü ciddi böhran keçirir. III Dünya müharibəsinə başlamaq üçün həddindən artıq gecdir». Maraqlı burasıdır ki, Körfəz müharibəsi oldu da, bitdi də, amma Bodriyyar öz iddiasından əl çəkmədi. O, imkan düşən kimi müharibənin əslində olmadığını sübut eləməyə çalışırdı. Əgər müharibə yox idisə, onda nə olmuşdu? Olan sadəcə müharibənin televiziya ekranlarındakı hiperreal obrazı idi. «Elə təəssürat yaranırdı ki, baş verənlərin nəticələri hansısa naməlum virus (tarixin retrovirusu) tərəfindən əvvəlcə yeyilib və sonra yenidən yazılıb. Müharibənin əslində baş vermədiyi haqqında fərziyyə, məhz, bu səbəbdən yarana bilərdi. İndi, o bitdikdən sonra əvvəlkindən də qəti inamla demək mümkündür ki, müharibə olmayıb» (J. Bodriyyar «Tanış olun: Postmodernizm» kitabından)

Həmin dövrdən keçən zaman ərzində nə dəyişib? Bəyəm biz yenə də başqa müharibələrin carçısına çevrilmiş kütləvi informasiya vasitələrinin əsiri deyilik? Bodriyyar deyirdi: «Bu müharibənin daha bir formasıdır. Onunla üzbəsurət dayanmaq üçün xüsusi hazırlığa ehtiyac yoxdu. Onu kresloda oturaraq izləmək mümkündür».
Hədsiz nihilizminə görə Bodriyyarı o vaxt da tənqid eləmişdilər, indi də eləyirlər. Görəsən, dövrümüzün ən məşhur filosoflarından biri olan fransız Jak Bodriyyar niyə kvadrat qutuya belə ciddi əhəmiyyət vermişdi? Doğrudanmı, televiziya Bodriyyarın dediyi qədər böyük təsir gücünə sahibdir?
Şübhəsiz ki, televizor adlı qara çərçivə yuxarıda sadalananları bacaracaq qüdrətə malik deyil. O, mənzilimizdəki yüzlərlə adi, cansız əşyalardan biridir. Əminəm ki, bu kvadrat qutunu kəşf edən alim də ixtirasının nə vaxtsa «dünyalar savaşına» yol açacağını ağlına belə, gətirməyib. Çünki o da, atomu, termal bombaları yaradan digərləri də icadlarına uşaq kimi yanaşırdılar - onlar üçün nə tapdıqlarının heç bir əhəmiyyəti yoxdur, vacib olan odur ki, bunu onlar tapıblar və hər kəs onlarla fəxr etməlidir. Lap balaca uşaqlar kimi. Necə ki, vaxtilə Lümyer qardaşları kinematoqrafı yaratdılar. Lenin isə onu gördü və aktiv, təsirli təbliğat maşını kimi qiymətləndirdi. Bu baxımdan televiziya kinonu xeyli geridə qoyub. Televiziyanı əhəmiyyətli edən, ayağına yazdığımız şeytani qüdrəti ona verən onda göstərilənlərdir. Qəzetdən, kinodan, teatrdan fərqli olaraq televiziya daha operativdir. O, kütləyə ani informasiyanı, məhz, bir saniyədə baş verənləri çatdıra bilir. Televiziya həm də interaktivdir - burda tamaşaçı ilə canlı ünsiyyət qurulur, mavi ekranın qarşısındakı şəxs hadisələrin gedişatına qoşula, hətta iştirakçısı ola bilir. Amma… amma bunun nə vaxt, necə və hansı şəraitdə baş verəcəyini televiziya müəyyənləşdirir. Yəni situasiyaya o nəzarət edir. Problemin düyün nöqtəsi də elə burda gözə dəyməyə başlayır.

… VƏ TERROR
Terror XX əsrin bəşəriyyətə daha bir hədiyyəsidir. Terror müasir dünyanın ən dəhşətli kabusudur, mənbəyinə, məqsədinə, mexanizminə, nəticəsinə görə müharibənin yeni formasıdır və kütləvi şüurun iflic edilməsinə hesablanıb. 11 sentyabr hadisələrindən sonra hamı, bütün Amerika sanki, vakuuma düşmüşdü. Nəhəng dövlətin iki əsrə yaxın öz vətəndaşlarına və dünyaya yedirtdiyi mütləq təhlükəsizlik haqqındakı mif bir anın içində əkiz qüllələrlə birlikdə çökmüşdü. Çünki terror təhlükəsizlik hissini sarsıtmaq məqsədilə aparılan müharibədir. Və bu müharibənin ən qrotesk cəhəti odur ki, onun effekt verməsi üçün televiziya gərəkdir. Televiziya terrorun mexanizmi, onun ayrılmaz hissəsidir. Terror televiziyasız, mənzilimizdəki yüzlərlə cansız əşyadan heç nə ilə fərqlənməyən bu balaca, qara qutusuz mövcud deyil. Kimsə tarixi faktlar əsasında sübut edə bilər ki, ilk terror aktları həyata keçiriləndə nəinki televiziya, heç onu yaradan şəxs belə, dünyada yox idi. Məsələn, elə rus imperatorlarının bir neçəsi belə aktlara məruz qalıb və ümumiyyətlə, terror anarxistlərin əsas mübarizə vasitəsi olub. Doğrudur. Amma bu da həqiqətdir ki, terror yalnız televiziya yaranandan, məişətimizin və yaşamımızın mühüm parçasına çevriləndən sonra kütləvi xarakter alıb. İnformasiyanın effekti, efirin canlı olub-olmaması, KİV-in həqiqəti deyib-deməməsi hələ problemin bir hissəsidir. Televiziya ilk növbədə terror haqqında ən etibarlı və operativ informasiya deməkdir. Əgər hadisə zamanı terrorçular girov götürüblərsə (Nord-Ost) və əgər bu girovların əksəriyyəti uşaqlardısa (Beslan), onda televiziyanın rolu, əhəmiyyəti birəbeş artır. O, xəbərin ən əsas mənbəyinə və deməli, terrorun mexanizminə çevrilir. Hollivudda istehsal olunmuş «Mühasirə» filmində Nyu-Yorkun müxtəlif yerlərində - teatrda, məktəbdə, FTB-nin binasında, avtobusda partlayıcı quraşdırmış ərəb terrorçuları bombaları televiziya kameraları gələndən sonra işə salırdılar. Bəzən də özləri kamera tələb edirdilər. Televiziya hadisənin mərkəzində olmağa, tamaşaçını ekrana pərçimləməyə can atır. Terrorçuya isə tamaşaçı lazımdır. Tamaşaçısız kamikadzenin özünü qurban verməyinin heç bir anlamı qalmayacaq. Yəqin elə bu səbəbdən 80 yaşlı alman bəstəkarı Ştokhauzen 11 sentyabr hadisəsini fantastik instalyasiya, müasir incəsənətin ən unudulmaz əsəri adlandırmışdı. (Və Avropanın bütün konsert salonlarının qapıları onun üzünə bağlanmışdı). Çünki terror aktının sifarişçisini - istər ərəblər olsun, istərsə də, Qərbin gizli kəşfiyyat idarələri - bombanı kimin hazırlayacağı və düyməyə kimin basacağı maraqlandırmır. O, əsl kimliyi heç kimə məlum olmayan adsız kamikadzenin bədəninə də sarınmış ola bilər. Heç bir əhəmiyyəti yoxdur. Məqsəd tamamilə başqadır: dövlətin etibarını, müdafiə sistemini, stabilliyini sarsıtmaq, acizliyini vurğulamaq. Cəmiyyətdəki qadağalar, dövlətlə vətəndaşları arasındakı münasibətlər, cəmiyyətin xəstə psixologiyası terrorçular tərəfindən sonuna qədər istifadə olunur, az qala ayrı-ayrılıqda hər bir insanın şəxsi təhlükəsizlik hissinə çox effektiv zərbə vurulur. Terroru sifariş edənlər və həyata keçirənlər yaxşı bilirlər ki, adamların bütün həyəcanları, hadisəyə reaksiyaları sırf mənəvi-əxlaqi, humanist xarakter daşıyacaq. Adi, sıravi vətəndaş - tamaşaçıya elə gəlir ki, televizorda göstərilənlərin heç birinin ona dəxli yoxdur. O, həmişəki kimi sevimli yerində oturub və mavi ekranda baş verənləri izləyir. Bəli, o, ekranda çox dəhşətli bir hadisənin şahidi olur, lakin gördüklərini özünə aid eləmir. Əhalinin əksər hissəsi üçün bu, seriala baxmaq kimidir. Sadəcə ölənlərin sayı «bir qədər» çoxdur. Biri neçə il əvvəl «İskusstvo kino» jurnalında aparılan polemikada opponentlərdən biri aşağıdakı faktı göstərmişdi: «Nord-Ost» hadisəsi zamanı cəmiyyətin aşağı təbəqəsindən olan bəzi ruslar «bu varlılara əcəb olur, bahalı həzz axtarmayaydılar»- deyirmişlər. 11 sentyabr hadisələri baş verəndə də, təxminən, eynitipli fikirlər birbaşa Amerikanın ünvanına səslənmişdi. Kütlə adətən, özünün və ailəsinin rifahını böyük və vahid dövlət ideyasından üstün tutur. Azərbaycan kimi ölkədə isə sıravi vətəndaş çox nadir hallarda özünü dövlətin ayrılmaz parçası kimi hiss eləyir. Burda daha çox tayfaçılığa, qohumluq münasibətlərinə üstünlük verilir. Biz «azərbaycanlı» kəlməsindən istifadə edirik, lakin onun mahiyyətinə varmırıq. Başa düşmürük ki, əgər Bakıda doğulmuş azərbaycanlı hər hansı bir bölgəmizin, məsələn, Füzulinin və ya Laçının işğalında Füzulidə, Laçında doğulmuş azərbaycanlını müqəssir bilirsə, deməli, azərbaycanlı deyilən məfhum mövcud deyil. Cəmiyyətdəki mənəvi münasibətlər, xəstə psixologiya, məhz, budur. Terrorçu da məhz, bundan yararlanır. Bəli, televiziya operativdir, etibarlıdır. Lakin bu etibarlılıq, operativlik, obyektivlik televiziyanın göstərməyə məcbur olduğu mövqenin çərçivəsində baş verir. Bütün problem ondadır ki, televiziyadan istifadə eləməzdən əvvəl onun əsl mövqeyini, məqsədini bilmək lazımdır. Aydın Dadaşovun təbirincə desək, nəzəriyyəni bilmək vacibdir.

Комментариев нет:

Отправить комментарий