Страницы

15.12.2010

36 dramatik situasiya

Səlim Babullaoğlu
 

       Və ya bəşər günahlarının təsnifatı 

Poltinin adı sənət tarixinə qızıl hərflərlə yazılıb. O, "36 dramaturji situasiya" adlı tədqiqatında 1200-dən çox dram əsərini sərf-nəzər eləmişdi. Jorj Poltinin əsəri zamanında və demək olar bütün proqressiv dünyada olduqca böyük diqqət cəlb eləmişdi. O, bütün ədəbiyyatda mövzu və süjetlərin 36-dan çox olmadığını söyləyirdi...

 
POLTİ KİMDİR? 

Bizim hamımız bu dünyaya təcrübə qazanmağa və onu bölüşməyə gəlmişik: təcrübənin işarəsi, lazımlılığı dartışıla bilər.

Bunu həyatıyla yanaşı əyani fəaliyyətə çevirənlər, dolayı yolla, bu işi iki dəfə görənlər yazıçılardır.

Və bizim hamımız dəfələrlə hər bir yazıçının təkcə həyat və mütaliə təcrübəsinin bədii əsərdəki əksi ilə deyil, həm də yazıçılıq, yazı, “mətbəx təcrübəsini” bölüşən yazılarıyla da rastlaşmışıq.

Nüfuza çevrilmış, təsdiqini tapmış bir çox yazıçı və şairlər olub ki, “kitabı necə oxumalı”, “gənc yazıçıya tövsiyyələr”, “ düzgün oxu qaydaları”, “dünya ədəbiyyatı kitabxanası” və sair bu kimi esselər, məqalələr yazıblar.

Belə yazıların praktik tərəfi bir yana, amma etiraf edək ki, onlar ən azı sevdiyimiz yazarlarla daha yaxın tanış olmaq imkanı verib bizə.
Məsələn, yəqin bir çoxumuz Hessenin, Borxesin və Brodskinin tərtib etdikləri “Dünya ədəbiyyatı kitabxana”larını maraqla oxumuşuq, bəlkə müqayisə belə eləmişik.

Bu tip yazılar, bizi ən azı “lazımsız kitabları oxumaq” yükündən qurtarıb, yaxud da “əsas kitabları müəyyənləşdirməkdə” əvəzsiz kömək göstərib.

Siyahını uzatmaq olarsa da bunu hər kəs qoy, oxucu kimi və fərdi qayda da eləsin.

Hər bir adam ya şüurlu, ya da intuitiv olaraq “əvəzolunmazlığını” hiss edir, bu hissin təminatçısı onun diriliyi, yalnız ona aid olan ömrüdür.

Yazıçını isə həmin o “hər bir adamdan” fərqləndirən bu əvəzolunmazlığı, təcrübəni dilə gətirmək imperativinin gücüdür.

Yaradıcılığın erkən çağında bu güc yazanın gözlərini o qədər tutur ki, o, özündən əvvəlki irsin fərqində olmur(hərçənd tərsini düşünür), yaxud olmaq belə istəmir.

Sonra isə nağıllardakı kimi üç yol ayrılır: biri qrafomaniyaya, biri susqunluğa, o biri isə ecazkar və yeni üsluba aparıb çıxarır.

Bütün izmlər, konsepsiyalar, cərəyanlar, məktəblər həmin sonuncu yolboyu baş verənlərdir.

Yalnız o yolun yolçuları şüurlu şəkildə anlayırlar (bu yerdə mən çox sevdiyim fikri bir dəfə də sitat gətirmək məcburiyyətində qalıram) ki, bir şey heç nəyə bənzəmirsə - o yoxdur (Pol Valeri) və bizim hamımızı əlifba kitabından plagiatda nə qədər desən ittiham eləmək olar.

Görünür, dünya teatr tarixində dərin iz buraxmış, fyabların (fiabe) yaradıcısı olan Karlo Qozzini də ( Carlo Gozzi -1720-1806; görkəmli italyan dramaturqu, teatrşünası, məşhur əsəri “Turandot” ) həmin bu məsələ ciddi şəkilə düşündürübmüş.

Əks-təqdirdə, Höte (Johann Wolfgang von Goethe - 1749-1832; görkəmli alman şairi, filosofu və dövlət xadimi) o vaxta qədərki bədii-dramaturji irsi nəzərdə tutaraq bu sözləri deməzdi- onun vəfalı katibi Ekkerman yazır: “ ...Sonra Höte Qozzi və onun Venesiya dell’arte teatrını xatırladı, orda aktyorlar müəllifdən yalnız süjeti alırlar, qalanı improvizədi.

Qozzi hesab edir ki, yalnız 36 faciəvi situasiya var; Şiller (Johann Christoph Friedrich Schiller (1759-1805); görkəmli alman şairi, filosofu) daha çox olduğunu sübut eləmək üçün xeyli əziyyət çəkdi, amma heç 36-nı belə müəyyənləşdirə bilmədi” (bax: İ.P.Ekkerman “Höteylə söhbətlər”, Academia-1934 (Moskva) , səh. 495, 803). Venesiya teatrının tamaşaçısı olan Höte Qozziylə görüşmüşdümü? Və bu məsələ şəxsi söhbətdəmi danışılmışdı?

Höte. Bəlkə Höte Qozzinin hansısa tədqiqatını oxumuşdu? Bu sullara indi cavab vermək çətindi. Amma bir şey yəqindi ki, problem çoxlarını düşündürüb və bu gün də rahat buraxmır.

Məsələn, 2003-cü ildə Rusiyanın Bates VİAG agentliyinin reklamçıları müasir reklam reallıqlarını-çarxları, xəbərləri araşdırıb bu qənaətə gəldilər ki, bütün reklamları “30 süjet və mövzu” deyə ümumuləşdirmək olar.

Düşünülə bilər ki, reklamçıların məsələyə nə dəxli var? Amma sənət olub-olmamasını kənara qoysaq, reklam filmləri və ya çarxlarının kinodan ayrılmış bir qol olduğu kimsə də şübhə doğurmaz; kino isə özünə qədər poeziya→dramaturgiya→nəsr yolunu keçmişdi.

Günümüzdən bir az əvvələ qayıdaq. 1972-cı ildə, Qozzidən 150 il sonra bu məsələdə ən təəccüblü mövqeni Borxes (Jorge Luis Borges -1899-1986; görkəmli argentina şairi, nasiri, esseisti , publisisti) ortaya qoymuşdu, adını “Dörd hadisə” kimi də tərcümə etmək mümkün olan “Los cuatro ciclos” başlıqlı kiçik hekayəsində o yazırdı: “ Cəmi dörd əhvalat var.

Onlardan biri, ən qədimi istehkama çevrilmiş şəhər haqqındadı : şəhərə hücum edirlər və qəhrəmanlar onu qoruyur (Troya- S.B)... İkinci birinci ilə bağlıdı, qayıdış haqqındadı (Odissey- S.B.)...Üçüncü- axrarışdı, onu əvvəlkinin başqa variantı saymaq olar (Yason- S.B.) ...

Üçüncü müqəddəsin intiharı, özünü qurban verməsi haqqındadı (Odin, Atis- S.B.)...

Əhvalatlar cəmi dörddü. Və nə olur olsun, biz yalnız həmin hadisələri bu və ya başqa şəkildə nağıl edəcəyik.”

İndisə daha əvvələ qayıdaq. Qozzi tərəfindən ilk dəfə söylənilən, bəlkə də yazılan, zamanında Höte tərəfindən lazımınca qiymətləndirilən, əslində elə “Höteylə söhbətlər” kitabıyla unudulmayan, uzun onillər sonra yenidən dövriyyəyə buraxılan məsələ Jerar de Nervalı (Gerard Labrunie de Nerval -1808—1855; romantik məktəbə mənsub tanınmış fransız yazıçısı, şairi və dramaturqudur) da məşğul etmışdi, amma Nervalın da hesablamaları 30-dan o yana keçməmişdi, hətta bəzi mənbələrə görə 24-dü.

Problemi adını sənət tarixinə qızıl hərflərlə yazmış Polti çözmüşdü. O nəyi müəyyən etmişdi? Hələlik həyatı və bioqrafiyasıyla bağlı onsuz da kasad məlumatlar olan müəllifi bir kənara qoyub onun bütün ədəbiyyatın süjet- mövzu təsnifatını vermiş “36 dramatik situasiya” əsərinə , daha doğrusu əsərdən çıxarışa- qısa siayhıya nəzər salaq: 1) yalvarış; 2) xilas; 3) cinayət əvəzinə intiqam; 4) bir qohumdan digər qohuma və ya qohumlara görə intiqam; 5) təqib; 6) qəfil bədbəxtlik; 7) özgə qəddarlığının və bədbəxtliyinin qurbanı; 8) qiyam; 9) cürətli cəhd; 10) qaçırılma; 11) sirr, və ya tapmaca; 12) bir şeyin əldə olunması və ya məqsədə çatma; 13) yaxınlara nifrət; 14) yaxınların rəqabəti; 15) qətlə aparıb çıxaran adyülter ( zina, vəfasızlıq) ;16) ağılsızlıq və ya dəlilik; 17) nəhs tale yazısı ; 18) məhəbbbətə görə biixtiyar cinayət; 19) zorən yaxın adamın qatilinə çevrilmək; 20) ideal naminə özünü qurban, fədailik; 21) yaxınlarına görə özünü qurban vermək; 22) ehtiras üçün hər şeyi qurban; 23) qaçılmazlıq və vacibat üzündən yaxın adamın qurban verilməsi; 24) bərabər olmayanların rəqabəti; 25) yenə adyülter (zina, vəfasızlıq, xəyanət); 26) məhəbbət cinayətləri; 27) doğma və ya sevimli insanın şəərəfsizliyindən xəbər tutmaq; 28) sevgi maneələri və ya əngəlləri; 29) düşmənə sevgi; 30) şöhrətpərəstlik və hakimiyyət sevgisi; 31) Yaradana üsyan; 33) məhkəmə səhvi; 34) vicdan əzabı; 35) itirilən və tapılan; 36) yaxınların itkisi

İndisə gəlin təsnifata uyğun bəzi əsərləri xatırlayaq: Şekspir -“Hamlet”(4) ; Şiller-“Quldurlar” (5); Molyer -“Don Juan və ya Esxil- “Zəncirlənmiş Prometey”(5,31); Zolya-“Pul”və ya Anfons Dode -“Tartarenin sonu”(6) Şiller-“ Vilhelm Tepl” və Zolya -“Jerminal” (8); Esxil- “Prometey-od oğrusu”, Jül Vernin bir çox macəra romanları (9); Mopassan- “Pyer və Jan” (14); Qonkur -“Əxlaqsız Eliza”(16); Esxil, Sofokl, Kornel və Volterin “Edip”i(18) ; Hüqo- “Kral şənlənir” (19); Tolstoy -“Dirilmə”(20); Qonkur- “Zemgano qardaşları”(21); Şekspir- “Antoni və Kleopatra və ya Puşkin- “Misir gecələri”(22) Esxil- “İfiqeniya”və ya Hüqo “93-cü il” (23); Şiller- “Mariya Stüart”(24); Flober- “Madam Bovari” və ya Tolstoy- “Kreyser sonatası” (25); Sofokl - “Fedra”(26);Şekspir- ”Romeo və Cülyetta”(29), Şekspir- ”Maqbet” və “III Riçard(30); Şekspir-.”Otello” (32) ;Dostoyevski- “Cinayət və cəza” (34); Jül Vern- “Kapitan Qrantın uşaqları (35)

Bu siyahıya əlbəttə ki müvafiq bölmələrə uyğun olaraq, Servantesin “Don Kixot”unu, Dümanın “Üç müketçi”sini, Rablenin “Qarqantua və Pantaqrüel”ini, Dostoyevskinin “Anna Karenina”sını, Tolstoy, “Tövbə”sini, Çexovun “6 saylı palatasını”, Qorkinin “Ana”sını, Strinberqin “Tənha”sını, Hessenin “Yalquzağ”ını, Hamsunun “Viktoriya” və “Pan”ını, “Kafkanın “ Hökmü”nü, Bekketin “Qodonu gözlərkən”ini, Kamyünün “Yad”ını, “Sartrın “Divar”ını, Oruelin “1984”ünü, Nabokovun “ Edam kötüyü” və “Lolita”sını, Pinterin “Məşuq”unu, daha nələri və nələri əlavə eləmək olar. Hətta bütün dünya ədəbiyyatını.

Şəxsən mən mövzu və ya situasiya başlıqlarına təkrar baxdıqca, kursoru aşağı yuxarı çəkdikcə yaddaşımı zorlamadan milli ədəbiyyatımızdan bir çox nəsr və dram əsərlərini, filmləri xatırlayırdım: “Nadanlıq”, “Şamdan bəy”, “Nadir Şah”, “Xırs Quldurbasan”, “Hacı Qara”, “Sevil”, “Almaz”, “Oqtay Eloğlu”, “Dağılan tifaq”, “Ölülər”, “Topal Teymur”, “Şeyx Sənan”, “İblis”, “Leyli Məcnun” və ümumiyyətlə Nizaminin “Xəmsə”si , “Əli və Nino”, “Qətl günü”, “Qılınc və qələm”, “Məşhər”, “Ömür urası”, “Babək”, “Nəsimi”, “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”,“Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Qayınana”, “Əhməd haradadır”, “Onu bağışlamaq olarmı?” və sair və ilaxır... Siyahını hər kəs daha böyük, daha intizamlı təsəvvür edə bilər deyə qaıyıdıram Poltiyə.

“36 dramatlk situasiya” dan başqa daha bir məşhur tədqiqatı- “Rəmzləri kəşf etmə sənəti” ilə xatırlanan fransız yazıçısı, sənətşünası və teatr xadimi Jorj Polti ( Georges Polti ) 1868- ci ildə anadan olub, zamanında kifayət qədər tanınıb, xüsusən sürrealistlərlə yaxınlığı ilə seçilib.

Ölüm tarixi haqqında dəqiq olmayan müxtəlif məlumatlar var .

Qardaşı Jülyen Polti ( Julien Polti ; 1877-1953) dünya çapında tanınmış memar olub. 1896-cı ildə fransızca çap olunan “36 dramatik situasiya” 1916-cı ildə ilk dəfə ingilis dilində çap olunub. Sonradan Fransanın, İngiltərənin və ABŞ-ın “Fayard”, “Gallimard”, “Penguin”, “Ridgewood-New Jersey” və başqa nəşriyyatları, elmi mərkəzləri tərəfindən, eləcə də onlarla dildə və interpretasiyada, gah “situasiyalar”, gah “süjetlər”, gah da“motivlər” deyə nəşr olunur, xatırlanır.

Hərçənd akademik ədəbiyyatşünaslıq “situasiya”, “süjet”, “motiv” kateqoriyalarnı dəqiq sərhədlərlə ayırsa da onların arasında şərti bərabərlik işarəsi qoymaq da olar. Amma yenə də “dramatık situasiyanın- personajdan güclü vəziyyət” kimi səciyyəsi nəzərə alınaraq məhz “sitauasiya” sözünə üstünlük verilib, necə deyərlər, məhz “situasiyada hər şey özünü faş edir”.

Başqa tərəfdən, bu təsnifatın banisi hesab olunan Qozzinin Höte tərəfindən sitat olunan fikrində “faciəvi situasiyadan” danışılırdı ki, görünür “dramatik” sözüylə Polti bir tərəfdən faciəviliyi, digər tərəfdən isə bütövlükdə “janrı” nəzərdə tuturdu .

Hər halda o öz tədqiqatında 1200-dən çox dram əsərini sərf-nəzər eləmişdi.
Jorj Poltinin əsəri zamanında və demək olar bütün proqressiv dünyada olduqca böyük diqqət cəlb eləmişdi. Voloşin ( Maksimilian Voloşin (1877-1932); görkəmli rus şairi,tərcüməçisi, rəssamı, ədəbiyyatşünası və ictimai xadim) ölümünə bir neçə ay qalmış qeydə aldığı gündəliklərində 1916-20 –ci illərə təsadüf edən Paris günləri və Jorj Polti haqqında yazırdı: “...

O axşam, daha əvvəllər “36 dramatik situasiya” əsərinin müəllifi kimi tanıdığım Jorj Polti ilə tanış oldum.

Bilirdim ki, bu adam “Hötenin Ekkermanla söhbətləri” kitabına əsasən bir mətləbin izinə düşmüş , onu tapmış və sübut eləmişdi. Belə ki, həmin kitabda Höte Qozziyə istinad edərək bütün ədəbiyyatda mövzu və süjetlərin 36-dan çox olmadığını söyləyirdi.

Amma Karlo Qozzinin işləri arasında belə bir araşdırmaya heç kim rast gəlməmişdi.

Borxes. Polti bunun doğru olduğunu sübut etmişdı və belə çıxırdı ki, həmin yazıları tapmışdı...

Polti mənə həm də “Merkür”ün köhnə saylarındakı "gemographia”- qanın təsviri və təhlili ilə bağlı yazılarından danışdı. O axşam biz görüşdük.

Şekspirdən, Bodlerdən, dramatirji təcrübədən danışdıq, o mənə bəzi yazılarının surətini hədiyyə elədi...”

İnqilaba qədərki “Teatr və incəsənət” jurnalında, “Paris məktubları”nın birində A.V.Lunaçarski (Anatoli Vasilyeviç Lunaçarski (1875-1933; rus-sovet yazıçısı, tərcüməçi, publisist, sənətşünas, akademik, maarif naziri, siyasi xadim)
yazırdı : “Hötenin Ekkermanla söhbətləri”ndə “ Qozzi, cəmi 36 faciəvi situasiya olduğunu iddia edir, özü də Şiller də bunun üzərində çox baş sındırıb və nəhayət razılaşıb”. Bu olduqca impozant məqamdı . Qozzi XVIII əsrin ən itizəkalı, hazırcavab yazıçılarındandır.

Və birdən Höte, Şiller kimi dramaturqlar ilk baxışdan məhdud görünən bu rəqəmlə razılaşırlar. İndi Polti bunu təsdiq edir, adlarını verir, özü də xeyli sayda keçidlər və variantlar sadalayır.

O bunu necə hesablayıb? Bütün dövrlərdən və ədəbiyyatlardan olan 1200 dramaturji əsəri təhlil edib, bölmələrə, başlıqlara ayırıb, 8 000 -ə yaxın personajın taleyini izləyib,ümumiləşdirmə aparıb.

Əlbəttə, o burda heç bir mistik və kabbalistik bir şey görmür və bilir ki, onunla asanlıqla razılaşmamaq da olar, bəzi variant və varisasiyaları birləşdirmək olar.

Hər necə olur-olsun, deməli bütün dəyişmə cəhdləri 36 rəqəminin ətrafında baş verəcək.

Mən Poltinin siyahısını göz atıb onu yoxlamaq istədim. Amma təxəyyülümü necə zora salmağa cəhd etdimsə də başa düşdüm ki, yeni şərait deyə tapdığım təzə situasiya artıq müəllif tərəfindən başqa bir əsas variantın törəmə variasiyası kimi nəzərə alınıb.Şiiler təvazökarlıqla tapdığı əsas situasiyaların heç 30-a çatmadığını deyirdisə, Polti onu ustalıqla, bəzən bir məqamı, notu iki, hətta üç dəfə bu və ya başqa variantda qeyd edir. (...) Bütün ziddiyyətli tərəfləri ilə yanaşı kitab olduqca diqqətəlayiq və lazımlıdı.” .

Polti təsnifatının ixtisarla təklif olunan rus variantını təqdim etməmişdən əvvəl Belyanski və Vdovenko bunları da qeyd eləməyi unutmurlar: “

Nəzərə almaq lazımdır ki, Poltinin təqdim etdiyi süjetlər yox, motivlər, şəraitlər, situasiyalardır...

Polti tədqiqatının zəif yeri məncə onu tarixdənkənar, tarixilikdən kənar olmasındadır.

Ona görə də bu gün elə şəraitlər var ki, onlar, necə deyərlər, ya “səslənmirlər”, ya da başqa keyfiyyətdə, özgə cürə görünürlər. İnsan, onun dünya görüşü, qanunlar, ailə və nigah münasibətləri, onu tənzimləyən hüquq indi tamam başqadır.

İşin digər zəif yeri,Lunaçarski tərəfindən doğru qeyd olunan kimi, vahid təsnifat prinsipinin olmamasıdır, təsnifatında o olduqca azad davranıb, bəzən bir situasiyanın variantları özləri müstəqil variantlar kimi çıxış edə bilərlər.”

“İstənilən təsnifatdakı səhvlər əşya və hadisələrin təbiətinə, səciyyəsinə təsir etmirsə də, nəzəriyyənin və onun dərkinin də inkişafına mütləq təsir edir” (A.Mirzəcanzadə) - bu məqam nəzərə alınmaqla Poltinin günümüzədək dartışılan tədqiqatı böyük ehtimalla ədəbiyyat durduqca, yazıldıqca öz aktuallığını saxlayacaq, imrpovizə olunacaq, təsdiq və inkar ediləcək, ixitisar və əlavələrə məruz qalacaq.

Çünki bəşər yaradıcılığı olan ədəbiyyatın məhvərində elə insanın özü dayanır.

Səhvləri və günahlarıyla. Əlbəttə Poltinin əsəri bədii və analitik təfəkkür üçün yeni ideyalar və perspektiv vəd edir amma şəxsən mənim üçün Polti “bölgüləri” yalnız bir əsas məqamıyla maraqlı oldu. Anladım ki, bir çox məsələlərlə olduğu kimi bu bölgünün də əsasında yenə üç böyük səmavi kitabda əksini tapan, həzrəti Musaya Sinada bəxş olunmuş qadağa-qanunlar (dekaloq), həzrəti İsanın “Dağdakı moizələri”, həzrəti Məhəmmədin insanları tez-tez saqındırdığı böyük günahlar durur. Və Polti tədqiqatının doğru adı bəlkə “Bəşər günahlarının təsnifatı” ola bilərdi.

Комментариев нет:

Отправить комментарий