Страницы

23.12.2010

DƏNİZ RƏNGİ

elpress.az 

Mən əvvəllər dənizi ancaq mavi rəngdə təsəvvür edirdim. Çünki belə görmüşdüm, şeirlərdə, yazılarda belə oxumuşdum və inanmışdım ki, dəniz mavidi. Və mənim də xəyalımda özümün bir mavi dənizim var idi. Mavi gözlərdən ibarət mavi dəniz. Elə istəyirdim ki, itəm o dərinliklərdə... elə istəyirdim ki, o dəniz məni dalğaları ilə, ləpələri ilə alıb uzaqlara aparsın...bacara bilmədi... amma...
Bu günlərdə qələm dostum Faiq Bəlabəylinin "Yaşıl yuxulu dəniz" şeirlər kitabı mənə ərmağan edildi. Öncə onu deyim ki, kitab "Vektor" nəşrlər evi tərəfindən çap olunub və burada da vurğulanıb ki, kitabın müəllifi 2009-cu ildə "Vektor" beyənləxalq Elm Mərkəzinin Şamar Əkbərzadə adına Beyənlxalq Mükafatına layiq görüldüyü üçün nəşr edilibdi. Mən bu nəşriyyatın da, onun rəhbəri, professor Elçin İsgəndərzadənin də fəaliyyətindən, görduyu savab ilşlərdən xəbərdaram. Və yeri gəlmişkən xüsusi olaraq, vurğulamaq istəyirəm ki, Elçin İsgəndərzadə gənc yaşında ağsaqqalıq etməyi bacaran, ən yüksək elmi adları alan, dünyanın çox böyük hissəsində tanınan söz və elm adamıdı. Onunla yalnız fəxr etmək olar. Gələk "Yaşıl yuxulu dəniz" kitabına...
Kitabı ilk öncə bir hədiyyə kimi, bir yeni nəşr nümunəsi kimi diqqətlə gözdən keçirtdim, vərəqlədim və elə göz yumulu da orta səhifələrindən birini açdm. İlk diqqətimi çəkən şeir hardasa yazacaqlarımın müəyyən bir hissəsini özündə toplamışdı:

Dilim dodağımın dostu,
Olur düşmən, olur dostdu
Baxan qayıdır yolüstü
Baxmayan arada qalır


Elə bu şeirin təsiri altında yolüstü qayıtmaq fikrindən vaz keçdim. Başladım Faiq Balabəylinin ürək pıçıltıları ilə söhbət etməyə. Hər misrada bir zaman, hər sözün arxasında bir ürək dayanır bu kitabda. Ona görə zaman və ürək sözlərini dilə gətirirəm ki, bu kitabda ötən onilliklərin də işıq üzü görməyən şeriləri var. Amma onların zaman fərqinə baxmiayaraq, hamısında şair ürəyi, Faiq Bababəyli ürəyi döyünür, öz səsini, sözünü çatdırmağa, ürəyə , hislərə, duyğulara hopdurmağa çalışır. Faiq yazır:

Yalan danışdılar, yalan dedilər
xalıma, xalçama palan dedilər
gecə də , gündüz də "plan" dedilər
başımız qarışdı plan verməyə
əl çalan biz olduq deyən özgəsi
döyülən biz olduq, döyən özgəsi
qazanan biz olduq, yeyən özgəsi
başımız qarışdı yavan yeməyə


bəli, bu misralar ictimai və bir az da siyasi fikir yükü ilə arxada qalan bir qurluşun, bir dönəmin cizgilərini göz önünə gətirir. O zamanı təkrar xatırlayıb, təkrar yaddaşından keçirib, müstəqilliyin, azadlığın şirinliyinə yenidən vurulursan. "Vurulmaq" demişkən... 
Deməli, kitabdakı sevgi şeirlərini oxuyanda adamın könlündən doğrudan doğruya vurulmaq keçir. Özü də birbaşa ürəyindən. Elə vurulmaq istəyirsən ki, sənin vurulduğun səni duya bilsin. Elə o da sənin kimi vurulsun. 

Ağlama, arxamca, ağlama
Ağlama, anam gəlini.
Pis günün ömrü az olar
Qaytarmaq olmur gələni – 
Ağlama...


Və yaxud:

Naxış vurub verdiyin dərd qəlbimə
Göz görmür ki, könül coşa, qəlb dinə
Bu gedişin yaman dəydi qəlbimə
Bu sevgidən mənə qalan tək budu


Və yaxud:

Gələk ora dizin-dizin
Nə olsun ki, yoxsan özün
Məni oda salan gözün
Gördüm, hər yerdən görünür.


Mən Faiq Balabəylinin bu sonuncu kitabını səhifə-səhifə, misra-misra oxudum. Demək ola ki, ürəyimcə olan, ruhuma oxşayan çoxlu sayda fikirlərlə, poetik nümunlərlə qarşıladım. Və həmin o kövrək duyğuların içərisində özümü də gördüm, qələm dostumu da. Ona görə də Faiqin uğurunu özümünkü sayıram. Elə dənizin də yeni rəngini Faiqin şeirlərində tapdım və razılaşdım ki, dəniz həm də yaşıl imiş.

                                                                                             Əbülfət MƏDƏTOĞLU

Комментариев нет:

Отправить комментарий