Əvəz Zeynallı
Ramiz Mehdiyev bizdən 10.000 manat pul tələb edir!
Biz bütün gücümüzlə Yeni ilə, yeni layihələrə hazırlanarkən, «Xural»ın saytının gözləmədiyimiz dərəcədə oxunması ilə bağlı bəzi əlavə layihələr üzərində işləyərkən, 30 İyun Sevgililər gününə hazırlıqlara start verməyi düşünərkən, hətta xoşniyyətli adamların məsləhətləri ilə «ətəyimizdən daşı töküb» Prezident yanında KİVDF-yə müraciət etməyi belə nəzərdən keçirərkən, Azərbaycan hakimiyyətinin ən güclü adamının tərs təpkisi ilə üzləşdik. Prezident Administrasiyasının rəhbəri, Azərbaycanın «kölgə prezidenti» kimi qəbul olunan Ramiz Mehdiyev bu il iyun ayının 10-da bizi çəkdirdiyi məhkəmə prosesində qorxusundan nəfəs almayan hakimlərin qərarı ilə qoydurduğu 10.000 manatlıq cəriməni tələb etdi! Məhkəmə icraçılarının redaksiyaya daxil olan məktubunda «Xural»a Ramiz Mehdiyevin tələb etdiyi 10.000 manatlıq cəriməni ödəmək üçün 10 gün vaxt qoyulub. Deməli, bizim üçün Yeni il bəri başdan zəhrimara döndü və biz Yeni ilə yox, yeni 2011-ci ildə şiddətli döyüşə hazırlaşmağa başlamalı olacağıq. Həm də kiminlə – təxminən Azərbaycan Respublikasının prezidenti ilə… Onsuz da bu ölkəni böyük mənada Ramiz Ənvəroğlu idarə edir…
Boz Kardinalla nə etməli?!
Qərarı gözləyirdim. Hələ Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qalmaqallı müsahibəsindən sonra mənə ən müxtəlif cinahlardan «başıma oyun açılacağını» demişdilər. Bilirdim ki, sürətlə bu qərarı icraya yönəldəcəklər. Amma mən 10.000 manata görə mətbuatın və özümün prinsiplərimdən imtina edə bilmərəm. Zatən Mehdiyev və vəkili məni bu prosesdə azı 3-4 dəfə aldatmışdılar. Məhkəmə proseslərində qarşılıqlı hörmətlə davranılmış, guya yeni bir presedent yaradırıq iddiası ilə qəzetdə təkzib vermiş, hörmətli Mehdiyevdən üzr istəmişdik. Qarşı tərəf də bunun müqabilində maddi təzminat tələbindən imtina edəcəyi sözünü vermişdi. Sonra Ramiz Mehdiyevin Prezident Administrasiyasındakı kabinetinə telefon etmiş, köməkçisi Anar müəllimlə danışmış, Ramiz Mehdiyevlə görüşərək bu məsələni yoluna qoymaq istəmişdim. Daha nə etməliydim? Daha nə lazım idi ki? Mən mübarizələrim tarixində bir adama telefon açmamış, ona barış üçün ilk olaraq müraciət etməmişəm. Bunu bircə Ramiz Mehdiyevə etdim. O da dövlətin de-fakto birinci adamı olduğu üçün. Nə vəkilindən cavab gəlmədi, nə də köməkçisindən. İcra vərəqi gələndən sonra ortada çox alternativlər varkən, yenə Ramiz Mehdiyevin köməkçisini aradım. «Yeni ilə problemlərlə girmək istəmirəm. Ramiz Mehdiyevlə görüşmək, bu məsələni yoluna qoymaq istəyirəm. Bizim 10.000 manat ödəyəcək gücümüz yoxdur, bizdən 10.000 manat tələb etmək və bu tələbi icraya yönəltmək bizim baltalanmağımız və batmağımız deməkdir» dedim. Sağ olsun, Anar müəllim məni diqqətlə dinlədi və telefonlarımı götürüb Ramiz Mehdiyevə məruzə edəcəyini və cavab verəcəyini dedi. Yazının bu məqamına qədər cavab gəlməyib…
Bütün hallarda 2011-ci il bizim üçün həlledici il olacaq. Bunu Ramiz Mehdiyev istədi… Bu istəyin qarşısında dostların müqavimət üçün bəzi təklifləri var. Gələn sayımızın işıq üzü gördüyü günə qədər bu təkliflərin hansılarının üzərində dayanacağıq, məlum olacaq…
Mehdiyevə qarşı təkliflər…
* Hər ayın başında Ramiz Mehdiyevin evinə 1 manat pul göndərək…
* Aralıqlarla aclıq aksiyası keçirək və Azərbaycan ictimaiyyətinin diqqətini məsələyə cəlb edək…
* Beynəlxalq təşkilatlara müraciət edək və səfirliklərlə görüşlərə başlayaq…
* «1000 aktiv Oxucu» layihəsinə başlayaq və hər Oxucudan 10 manat toplayıb bu bəladan xilas olaq…
* Dövlət başçısı kimi Prezident İlham Əliyevə məktub yazaq və məsələdən onu agah edək…
* Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edək…
* Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan məsələyə müdaxilə etməsini xahiş edək…
* Heç nə ödəməyək və həbsxanaya gedək…
* Bu məsələdən istifadə edərək qəzetin və saytın reklamı ilə məşğul olaq… və s. və i.
Mərdi qova-qova namərd etmək buna deyirlər… İndi gəl işin içindən çıx…
İlham Əliyev «Xural»ın dostu deyil…
Xeyli vaxtdır fəaliyyət göstərməyən, adı yalnız KİVDF-nin pul bölüşümlərində hallanan «RUH» jurnalistlər təşkilatı o sorğudan birini də bizə gördərmişdi. Mehman Əliyevin adını yazdıq və qaytardıq. Bu zırhazırda bir də başımıza «Jurnalistlərin dostu» nominasiyasını çıxarırlar. Bu, nə rəzil bir mətbu situasiya?! Nə dost?!
Bizi məhkəmələrə çəkirlər…
Dalbadal İlham Əliyevin tabeçiliyində olan məmurlar bizə cərimə sanksiyaları tətbiq edirlər…
Yaratdığı və Azərbaycan dövlətinin büdcəsindən ayırdığı mətbuatın inkişafı üçün nəzərdə tutulan puldan bizə düşən hissəni ayırmırlar və dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, prezident İlham Əliyev bizim müraciətləri görməzdən gəlir və bizə cavab vermir…
Biz mətbuatla, hər hansı bir mətbu orqanla dövlət qurumlarının, ələlxüsus dövlət başçısının dost olacağı anlayışına qarşıyıq. Dövlət başçısı ilə media qurum və ya quruluşlarının dostluğu, ortaya yazmayan və problem qaldırmayan mətbu düzəni gətirir. İndi Azərbaycanda o düzəndir və başda Mətbuat Şurası, ortada KİV-in İnkişafına Dəstək Fondu, ayaqda isə alqışlayan media qurumları olmaqla Azərbaycan mətbuatını ölümə sürükləyirlər…
Bu prezident, bu anlayış, bu kadr siyasəti, bu mətbu nizam bizim dostumuz ola bilməz. O baxımdan, biz İlham Əliyevdən ölkəni idarə etməyi, xalqın milyardlarını talamağa son qoymağı və sərvətlərdən gələn maddi nemətləri bütün vətəndaşlar arasında ədalətlə bölüşdürməyi tələb etməkdə davam edəcək və haqqımızı almaq yolunda sona qədər mübarizə aparacağıq.
Özəl və genəl arzular bir kənara, Dağlıq Qarabağ problemi öz həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmayıbsa, ölkədə korrupsiya və rüşvət artan templə boy göstərirsə, Azərbaycan xalqının milyardları xaricdən gətirilən mərmərlərə verilib yola döşənirsə və prezident bunun qarşısını almaqda acizlik göstərirsə, bu qədər mətbu məddah yaradıb medianı əl buyruqçusuna çeviribsə – bu prezident «Xural» qəzetinə dost ola bilməz!
Xalqa bu qədər uzaq, vətəndaş qəbulu olmayan, öz ölkəsinin mediasına bir dəfə sərbəst müsahibə verməyən, təyin etdiyi deputatların belə səsini eşitməyi özünə rəva görməyən bir prezident «Xural» qəzetinin dostu ola bilməz !
Sivil dünya ilə əlaqəsi olmayan, demokratik prezidentlərdən çox kral kimi davranan, özünü daha çox padşahlar kimi aparan, xalqına rəiyyət gözü ilə baxan, məmurlarının özbaşınalıqlarını cəzalandırmayan bir prezident «Xural» qəzetinin dostu ola bilməz!
KİVDF-nin hər tranşda 40 min manatını alsaq da, Ramiz Mehdiyev bizi qəbul edib öpüb gözlərinin üzərinə qoysa da, Mətbuat Şurası başımıza bir iş gələr-gəlməz qapımızın ağzını kəsdirsə də, Əli Həsənovla həftədə bir dəfə ölkə məsələlərini müzakirə edib qardaşlaşmış vəziyyətdə olsaq da mövqeyimiz dəyişməz və dəyişməyəcək. Biz hər zaman xalqın, onun maraqlarının və müstəqil medianın tərəfində olacağıq…
Bütün bu problemlərin arasında cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm. İşləri uğurlu, canı sağ, ömrü uzun olsun!
xural.com
Комментариев нет:
Отправить комментарий