Страницы

09.12.2010

İslam əxlaqının mətin müdafiəçisi

  Millətimiz fəxr etməlidir ki, belə bir alicənab, dünyagörmüş insanın mənəviyyat məsələlərimizlə məşğul olmaq kimi məsuliyyətli bir iş düşmüşdür

 Son zamanlar bəzi mətbu orqanlarının Qafqaz Müsəlmanları İdarəsi sədrini hədəfə alması hiddət və əsəb doğurur. Hiss olunur ki, kimlər tərəfindənsə qəsdən başlanılan böyük bir kompaniya aparılır. Hər yerdə olduğu kimi, Şeyximizi “vurub” yerinə yenə öz adamlarını gətirmək istəyirlər. Mən hesab edirəm ki, bu məsələdə respublikamızda dinin, mənəviyyatın məhv edilməsində maraqlı olan xarici qüvvələrin də öz təsiri vardır.
 Doktor Adil Abdulla əl-fəlahın Şeyx həzrətlərinə həsr olunmuş "Şeyxülislam- ənənə və müasirliyin vəhdəti" adlı kitabı çapdan çıxıb. Kitabda Şeyximizin həyat yolu, cəmiyyətə, dünyaya verdiyi töhfələr tədqiq olunur. Burada pak bir insanın yaşadığı mənalı ömrün xronoloji xəritəsi ilə tanış oluruq. Müəllif başqa bir ölkənin vətəndaşı olmasına baxmayaraq, Şeyxülislam Hacı Allahşükür Paşazadə kimi insanlarla bir müsəlman kimi fəxr etdiyini vurğulayır.
 Allahşükür Paşazadə cənablarının atası Hümmət kişinin və anası Kafiyə xanımın da xəmiri halallıqla yoğrulmuşdu. Dinə və əqidəyə sədaqət Paşazadələr ailəsinin mənəvi mühitinin əsasını təşkil edir.
  Dini bilik əldə etməyə doğru yönəldilən səylərin fonunda Allahşükürün cəfakeş, zəhmətkeş keyfiyyətləri də unudulmamalıdır. Respublika gənclərinin dini savadlanmasında və mənəvi dünyasının formalaşmasında bu dini rərbərin danılmaz rolu vardır. Bu adam məmləkətimizi məntəqəbəməntəqə, kəndbəkənd keçib dolaşmış bir adamdır. Keçdiyi hər yerdə Allah-təala söhbətləri eşidilmiş, məscidlər tikilmişdir. Onun xalq arasında tez-tez görünməsi insanlarımızın inamının daha da möhkəmlənməsinə səbəb olmuşdur.
 Saflıq ab-havasının hakim olduğu Paşazadələr ailəsinin ocağından köz götürən Şeyxülislam həzrətləri bu gün bizim ali dini rəhbərimizdir. Millətimiz fəxr etməlidir ki, belə bir alicənab, dünyagörmüş bir kişinin üstünə bizim mənəvi aləmimizlə məşğul olmaq kimi məsuliyyətli bir iş düşmüşdür. Məhz ulularından bir mənəvi əmanət kimi qəbul etdiyi dini etiqadına sədaqətin nəticəsidir ki, Şeyxülislam həzrətləri ən ali pillələrə qalxa, ən yüksək mərtəbələrə yüksələ bilib. Dininə sadiqlik onun ömrünə işıq saçan, onu zülmətlərin, qaranlıqların pəncəsindən xilas edən ən yüksək əxlaqi və mənəvi keyfiyyət kimi təzahür edir. Odur ki, 1975-ci ildə Özbəkistanda təhsilini bitirib, vətənə dönərkən burada alın açıqlığı, üz ağlığı ilə qarşılanır.
 Bu gün Şeyximiz dini və mənəvi iş aparmaqla yanaşı respublikamızda sülhpərvər bir missiya həyata keçirir. Bir çoxlarının qeyd etdiyi kimi, doğrudan da onun avtoritetinin və hörmətinin nəticəsidir ki, məmləkətimizdə sünni-şiə problemi, təriqətlər arasında qarşıdurma yoxdur. Dediyimiz problemin Yaxın Şərq ölkələrini necə bir duruma saldığı, xaricidəki İslama düşmən qüvvələrin bundan necə bəhrələndiyi isə hamımıza məlumdur. Buna görə də xalqımız Şeyxə böyük rəğbət bəsləyir, Şeyx həzrətləri onun xeyir-duası ilə fəaliyyətini davam etdirir. Bütün bunlar şeyximizin yüksək mənəvi ideallar üzərində dayanan əxlaq dünyasının nəticəsindədir. Bu gün biz görürük ki, Şeyxülislam islam əxlaqının dəmir qanunlarını bütün varlığı ilə müdafiə edir, böyük-kiçik məsələsini heç zaman unutmur. Onun gördüyü işləri, həyata keçirdiyi pozitiv tədbirləri digər bir kimsədən ummaq çətindir.
 Şeyxülislamın bioqrafiyası ilə yaxından tanış olarkən də onun milli münaqişələrin, etnik mübahisələrin dinc məcrada həll edilməsinə necə töhfələr verdiyinin şahidi oluruq. Ümumiyyətlə, Hacı Allahşükür Paşazadə həzrətlərinin həyat və fəaliyyəti Azərbaycanın həyatında baş verən tarixi hadisələrlə üzvi əlaqədədir. Ən ağır sınağımız- 1990-cı ilin Qanlı yanvarında Bakıda baş verən hadisələr göstərdi ki, Şeyx vətən tarixinin dramatik, gərgin məqamlarında belə xalqından ayrı düşməmiş, onun kədərini öz kədəri, ləyaqətini öz ləyaqəti hesab etmişdir. Yeri gəlmişkən, qeyd edək ki, SSRİ prezidenti M.Qorbaçov kimi mason cəlladının riyakar simasının Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri tərəfindən açılması da unudulmaz hadisələrdəndir.
 Qoca Qafqazın bü müdrik və ağıllı ruhani şəxsiyyətinin tərəqqipərvər və qabaqcıl missiyasının ən mühüm və strateji hədəfi ümumbəşəri dəyərlərin daha da yüksəldilməsi, insanlar arasında qarşılıqlı inam və etibar mühitinin formalaşmasıdır. Bu gün Şeyximiz bir ruhani rəhbər olaraq Azərbaycanın ən yeni tarixinin yaranmasında bilavasitə iştirak edir və ona verdiyi töhfələrlə ictimai diqqəti özünə daim cəlb edir.
 Şeyximizi iftiralaradan qoruyaq!

Həsən Camalxan
Gəncə Kənd Təsərrüfatı Akademiyasının tələbəsi

Комментариев нет:

Отправить комментарий