Страницы

23.12.2010

Məmləkət işğal altında

İbrahim Fərhadoğlu
“Filfak” Müstəqil Araşdırmalar Mərkəzi

 Məzarlıq... Daş qəbirlərdən soyuq və kədərli sifətlər baxır. Məzarların bəziləri möhtəşəmdir, bəziləri sadə, bəzilərinin isə heç qəbirdaşları yoxdur. Onların çoxu köhnədir, təzələri də var. Amma bütün bunların fərqi yoxdur. Bura bütün dünyadan, canlı həyatdan fərqlidir. Burdakılar ölülərdir, bura ölülərin dünyasıdır. Nə bir proses var, nə bir reaksiya. Yalnız sükunət var. Bu sakitliyi ancaq küləyin vıyıltısı və həşəratlar pozur. Üşütmə düşür bədəninə, qorxursan ölülərdən, bu anormal, vahiməli sakitlikdən. Bəlkə də acıyırsan onların daş üzərindəki tükürpədən, kədərli və köməksiz baxışlarına. Xilas yoxdur...
 Bir əsr əvvəl Cəlil Məmmədquluzadə Azərbaycan cəmiyyətini ölülərə bənzədəndə necə də haqlı idi. Bu, bütöv bir cəmiyyətin faciəsiydi, hansı ki, o bundan nəticə çıxarmalı idi, amma çıxarmadı.
 Səhvlərdən nəticə çıxarmamaq, tipik şərqlinin sağalmaz yarası. Bu gedişatın sonunun uçurum olduğunu bilə-bilə yola davam eləmək, həqiqəti özündən gizlədərək, öz-özünü aldadaraq məhvə getmək...
 Nə eləsək də çərçivələrdən çıxa bilmirik. Qarşımızda həmişə köhnə problemlər olub, heç biri də həll olunmayıb. Başımızın üstündə həmişə bir müstəbid var, bəlkə də bu, sonsuzadək davam edəcək.
 Hər addımda haqsızlıqla, şərəfsizliklə üz-üzəyik. İnsanların gözlərindən oxunan yalnız kədərdir. Hər tərəfdən arıq əllər uzanıb dilənir, çörək üçün yalvarırlar.
 Yüksək balla universitetə girən tələbələr ofisiantlıq edir. BMW - də gəzən başıboş, nadanların dişlərini qurdalayıb tökdüyü "zubaçistka"ları yığışdırırlar, onlara qulluq edirlər. Təhqir edilirlər, aşağılanırlar, həyatları məhv olur.
 Təqaüdçülərin, müəllimlərin, dövlət qulluqçularının halal pulları əllərindən alınır, fondlara, ciblərə ötürülür. Minlərlə ac məmur sürüsü goreşənlər kimi üstümüzə cumub, pulumuzu, neftimizi talayırlar. Sonra da qızılı hərflərlə yazırlar: "Azərbaycan hökumətinin uğurlu daxili və xarici siyasəti!"
 Şikayət etməyə haqqınız yoxdur. Onları seçən sizlərsiz. Bu sizin dövlətinizdir. Nəyə layiqsiniz onu da qəbul etməlisiniz. Bu adamlar sabah Amerikan ordusunu ərazinizə gətirəcəklər, onlar da İraqdakı kimi balaca qızları məktəbdən çıxarıb hərbi hissələrinə aparacaqlar...
 Mərkəzdənqaçma amili öz işini gördü. Gerizəkalı zonalar hakimiyyət başına keçdi. Azərbaycanın qara günləri başladı. Rüşvət alırsız, rüşvət verirsiz. Hər addımda yalan danışırsız, zülmə qul kimi boyun əyirsiz, elmdən imtina edirsiz, mürtəce təriqətlərə qoşulursuz, hələ bu halınızla heç kimi bəyənmirsiz, bizdən yoxdur deyirsiz. Yenidən qayıdın orta əsr xurafatına, qaranlıq əsrlərdə məhv edin gələcək nəsilləri!
 "Yalnız bilik hakimiyyət və azadlıqdır"- müdriklərin devizi artıq praktikada heç bir rol oynamır. Kürd dəyənəyi hər şeyi həll edir. Müəllimləri savadsız, tələbələri savadsız, həkimləri savadsız, hakimləri savadsız, cəmiyyəti savadsız xalq hara gedir?
 Xoşbəxtmi yaşayırsız kölə təfəkkürünüzlə? Yaşayın, amma gözlərinizdəki kədərə görə özünüzdən başqa heç kimi qınamayın!

Комментариев нет:

Отправить комментарий