Məmməd Həbib oğlu Səfərov 01 dekabr 1967-ci il tarixdə Lənkəran rayonunun Kərgəlan kəndində , şair və dövlət xadimi Həbib Səfərovun ailəsində anadan olmuşdur.O, M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmiş, bir müddət müəllim kimi fəaliyyət göstərmişdir."Bahar" adlı ilk şeiri 1985-ci ildə "Lənkəran" qəzetində dərc edilmişdir. 2002-ci ildə şairin "Tənha işıq adası" adlı şeirlər kitabı nəşr olunmuşdur. Gözəl insan, ədalətli dövlət qulluqçusu olaraq Məmməd Həbib hazırda Lənkəran ŞİH-də məsləhətçi vəzifəsində işləyir.
HƏLƏ
Hələ yolum düşməyib, amma demə
gəlmərəm
Hələ yaşım o yaş yox, tez də gələ
bilmərəm.
Hələ dünya uzunu gedəsi yollarım var
Yaşanmış günlərimdən götür məni sən apar.
Hələ yolum düşməyib, bir tumurcuq
kədərəm
Hələ yana bilərəm, bir şam işıq qədərəm.
Hələ yaydan ox kimi təzəcə çıxmışam ki,
Hələ ildırım kimi təzəcə çaxmışam ki,
Fürsət ver ki, bir anlıq qayalarda qamaşım
Hələ səndən uzağam, incimə, qəbir daşım.
BƏRƏLTMƏ
Bərəltmə, sən Allah, gözlərini bərəltmə!
Sən allah haray-həşir qopartma.
Səsini "heyif" kəlməsinə
Yükləyib boğazından aparma.
Sus, bax.
Bir də bax.
Yadında saxla.
Yaddaşına yaz gözlərində nə var,
Mənəm də, ölü olanda nə olar!
SALAM, MAVİ DƏNİZ
Salam, mavi dəniz, görüşdük yenə.
Bəlkə də son dəfə, nə bilmək olar.
Dalğalar qırışmı mavi üzünə?
Bəlkə də, nə bilim, bənzətmək olar.
Salam, mavi dəniz! O sahil uzaq.
Bu sahil qumunda doyunca gəzim.
Məndənmi dünyada bir iz qalacaq?
Qoy ki, gözlərimi yumunca gəzim.
Salam, mavi dəniz! Sən də "salam" de.
Söhbətə əvvəldi "salam" , əzizim.
Qəvvasa salam de, hələ sağam de
Mehriban dənizim, mavi dənizim.
SOZALIR
Sozalıralnımın qırış qatında
Ötən ömürlərin harayı, ahı.
Dünyanın bugünkü tərs ovqatında
Ruhumun görəsən nəydi günahı?
İlkin günlərimdən son günlərimə
Tarıma çəkilən sinirli siməm.
Dünyanı qaldırıb çiyinlərim
Kainatı gəzən bağlı tilsiməm.
Sozalır alnımın qırış qatında
Axtarıb gəldiyim son nəticələr.
Dünyanın bu günkü tərs ovqatında
Ulduzlar yenə də yanır gecələr.
ALÇA ÇİÇƏYİ
O qızın saçına yaraşıq üçün
Puç edib açılmış diləklərini.
Sənin yadındamı, alça çiçəyi,
Yığardım ovcuma ləçəklərini.
Bir sevgi xətrinə vüsal yelində
Doğranıb beləcə hey sovrulardın.
Mənim ürəyimdən sevinc qopardı
Sənsə göy üzünə durub baxardın.
Mən ki, xoşbəxt idim məhəbətimlə
O məni unutdu, alça çiçəyi.
Mən yəqin bilirəm, mənim sevgimi
Sənin ahın tutdu, alça çiçəyi.
ÖZÜN DE
Əgər sevməsəydim illərdən bəri
Arxanca yolları yorardımmı mən?
Sənin haqqındakı son xəbərləri
Qəşəng rəfiqəndən sorardımmı mən?
Əyər sevməsəydim, sənə dünənki
İmzasız məktubu yollardımmı mən?
Həsrət baxışımı de çiynindəki
Güllü örpəyindən salardımmı mən?
Əyər sevməsəydim, düşün bir anlıq
Çaylar da tərsinə axardı onda.
Məşhər alovuna düşüb yanardıq
Dünya məhvərindən çıxardı onda.
Əyər sevməsəydim üzüldüm, Allah!
Sevgi ol; ovcuma, gözlərimə yağ.
Mən səni sevirəm, bir səni vallah,
Əyər inanmırsan, gözlərimə bax.
Комментариев нет:
Отправить комментарий