Страницы

24.12.2010

"OXUCU BUMU HAQQINDA DANIŞMAQ HƏLƏ TEZDİR"

ŞAHBAZ XUDUOĞLU İLƏ MÜSAHİBƏ

Şahbaz Xuduoğlu Azərbaycanda ədəbiyyata və ədəbi çevrəyə xüsusi diqqət və qayğı ilə yanaşan bəlkə də, ən birinci naşirdir. Sahib olduğu “Çap evi” nəşriyyatının məhdud imkanları ilə hər zaman ədəbi gəncliyin və ədəbiyyat sevərlərin yanında olmağa çalışır və Azərbaycan cəmiyyətinin kitaba olan marağının ölməsinə imkan vermək istəmir. O, həmçinin, builki Milli Kitab Mükafatı müsabiqəsinin də münsifləri sırasına daxil edilib.
Elə, Şahbaz bəylə söhbətimizdə də həm Azərbaycan oxucusunun problemlərindən, həm də MKM-in builki müsabiqəsindən söhbət açdıq.


- Şahbaz bəy, keçən il oxuculara “Ən yeni ədəbiyyat” layihəsini təqdim etdiniz. Necə qarşılandı layihə?

- Ədəbi mühitdə bir canlanma yaratdı. İl boyu bu layihə ədəbi çevrələrdə müzakirə olundu, yeni kitablar çıxdıqca müzakirələr davam edəcək.

- Son dövrdə ölkəmizdə yazıçı bumu yaşanır. Kimi dindirirsən, ya hekayə yazır, ya da roman. Bu bumun kitab satışına da təsiri oldumu?

- Mən nəşriyyatda olsam da, bu bumu hiss etmirəm. Hətta belə bir şey varsa da, bundan qorxmaq lazım deyil. Azadlıq düşüncəsi yazı-pozuyla, mütaliə ilə gəlir.

Kitab satışı inkişaf edir. Buna görə müxtəlif aksiyalar keçiririk. Gənclər arasında kitaba böyük bir sevgi hissi var. Biz yeni “ilk kitab” layihəsi başlamışıq, burada gənc yazarların ilk kitabları nəşr olunacaq.

Artıq bir-neçə gənc yazarın kitabını plana salmışıq. Bu layihə də uğurlu olacaq.

- Ölkədə oxucu bumunun da yaşandığından danışmaq olarmı, yoxsa bu barədə danışmaq hələ tezdi?

- Oxucu bumu haqqında danışmaq hələ tezdir. Əmin olun o zaman da gələcək. Tək-tək qazanılan oxucular daha etibarlıdırlar. Biz onları tək-tək qazanırıq.

- Bakıda barmaqla sayılacaq qədər kitab mağazası var. Cəmiyyətdə kitaba maraq yox dərəcəsindədir. Kitab biznesini inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır? Dövlət hansı əməli tədbirləri həyata keçirməlidir? Sizin təklifləriniz.

- Mən bu barədə təkliflərimi hazırlamışdım, mətbuata da vermişəm ötən il. Bu günə qədər vəziyyət dəyişməyib.

Bu təkliflərə, kitabla bağlı tez-tez satış yarmarkalarının təşkili, kitab kağızına olan güzəşt, kitab satışından əlavə dəyər vergisinin götürülməsi, kitab mağazalarının sayının artırılması, regionlarda kitab mərkəzlərinin yaradılması, nəşriyyatlara az faizli, uzun müddətli kreditlərin verilməsi, məktəblərdə oxu yarışlarının keçirilməsi və s. məsələlər daxil idi.

Qarşı tərəfdən səs çıxmasa da, biz az imkanlarımızla bəzi işləri irəlilədirik.

- Siz və filosof Niyazi Mehdi Milli Kitab Mükafatının müsabiqəsinin builki Münsiflər Heyətinin siyahısındasınız. Ötən il keçirilmiş MKM-in nəticələrindən çoxları razı qalmadı. Yəqin siz də bu fikirdəsiniz. Növbəti MKM-də siz və filosof Niyazi Mehdinin, eləcə də kinoşünas Ayaz Salayevin Münsiflər Heyətinin sıralarında yer alması nədən xəbər verir? Sizlərin orada olmağınız nəyisə dəyişəcəkmi?

- Əlbəttə dəyişəcək. Orada öz səsini, mövqeyini müdafiə edən digər üzvlər də var.

Həm də ortada kriteriyalar, dəyərləndirmə mexanizmi olandan sonra çəkinməyə dəyməz.

Yaxın vaxtlarda kriteriyalar mətbuatda elan ediləcək.

MKM-in birinci mükafatını udan əsər əslində Fanfik (fan fiction) deyilən, yəni fanatların bədii əsəri, bu əsərin əsas qəhrəmanları fanatlardır, əsər onların həyat tərzindən, fəaliyyətlərindən, qəhrəmanlarının həyat dramaturgiyasından bəhs edən bir əsərdi.

MKM öz seçimində intellektual əsərə üstünlük verməlidir. İntellektual ədəbiyyatın məqsədi oxucunu əyləndirmək deyil, hər hansı bir problem haqqında düşünməyə vadar etməkdir.

Bu ədəbiyyatın kütləvi deyil, bilikli, savadlı auditoriya üçün nəzərdə tutulub.

Bir qəhrəman üzərində qurulan bəlli süjeti olan, oxunaqlı, oxucunu “görək sonra nə olacaq” sualı ilə üz-üzə qoyan ədəbiyyatdır -bu da bir bədii ədəbiyyat janrıdır.

Yazıçının toxunduğu mövzu müasir və aktual olmalıdır, hətta müasir olmasa da, bu günlə səsləşməyi bacarmalıdır.

Müəllif yazdığı mövzuya yaxşı bələd olmalıdır, oxucunu düşündürməlidir, dili və üslubu orijinal olmalıdır, eləcə də özünü ifadə baxımından çatımlı, anlaşıqlı olmalıdır, humanizm, azadlıq ruhu, toxunduğu mövzunun bəşəriliyi mənim seçimimdə əsas meyarlardan olacaq.

- Müsabiqədən sonra yenə narazılar olarsa, münsiflərin dəyərləndirmələri ötənilki kimi ajoitaj doğurarsa, iştirakınızdan peşmanlıq yaranmayacaq ki?

- Ürəklə, iki əlli görülən işdə uğur həmişə var. Mükafat kitab aləminə müsbət təsir göstərməlidir. Yazarlara stimul verməlidir.

Qəzetlərlə, jurnalistlərlə bağlı olan mükafatlandırma kitabla da bağlı olmalıdır. Bu il əvvəlki qaydada olmayacaq. Fikrimcə, əvvəlcə qalib elan olunmalıdır, sonra mükafatların təntənəli təqdimatı təşkil edilməlidir.

Mən keçən il mükafat verilərkən zaldaydım. Zalda olan həyəcan çox üzücü göründü mənə. Bunu yazıçılara yaşatmaq olmaz.

Münsiflər əvvəlcədən yığışıb mətbuat qarşısında nəticəni, eləcə də mükafatların təqdim olunması tarixini elan edəcək. Əlbəttə, bu məsələ təşkilat komitəsi ilə razılaşdırılmalıdır.

- İddia edirsinizmi ki, builki müsabiqə ötənilkindən daha obyektiv keçiriləcək?

- Əgər iddia etməsəydim münsif olmazdım və hamını bura qoşulmağa səsləməzdim.

- Ötən il yazıçıların əsərlərinin dəyərləndirilməsi zamanı onların bəzi şəxsi fəaliyyətləri, həmçinin, keçmişdə yazdıqları arqument kimi qəbul edilmiş və sonda əsərlərin obyektiv qiymət almasına mane olmuşdu. Siz də yazarların şəxsi keyfiyyətlərini nəzərə alaraq qiymət verəcəksiniz əsərlərə?

- Hüquqda bir norma var, qanunun geriyə qüvvəsi yoxdur, yalnız bir haldan başqa əgər cəza yüngülləşərsə.

Yazıçının şəxsiyyəti o halda nəticəyə təsir edər ki, o, öz əqidəsi ilə, öz prinsipial mövqeyi ilə insanlıq, insan haqları naminə nümunə göstərmiş olsun.

- Sizin AYO ilə sıcaq münasibətləriniz bəllidir. AYO-nun bəyanat verərək müsabiqəyə qatılmamasını necə dəyərlindirisiniz?

- Çox normal. Onlarda obyektiv nəticəyə əminlik yoxdur, buna görə qatılmaq istəmədilər.

Mənim borcum yeni dəyişikliklər barədə onlara məlumat vermək idi, məlumatı verdim, qane olmadılar.

Bu il də kənarda qalıb müşahidə etsinlər, nəticələrə baxsınlar. Bu, bir yarışdı. İstəsələr növbəti il qatıla bilərlər.

     
    Mirmehdi Ağaoğlu                                                  enyeniedebiyat.com

Комментариев нет:

Отправить комментарий