Страницы

04.12.2010

Gəncə nəqliyyatında təhlükəsizlik problemləri

Samir Süleymanlı
Gəncə Media Mərkəzi
 
Hətta bu avtomaşınların sürüçülərinin əksəriyəti ilk tibbi yardım haqda heç bir məlumata malik deyillər

Şəhərdə bir çox marşurut xətlərində işləyən sürücülərdən “Sizin avtomaşında təhlükəsizlik avadanlığı və ilk tibbi yardim çantası varmı?” sualına “Yox” cavabı eşitdik. Səbəbini soruşanda isə müxtəlif bahanələr səsləndirildi. “Mən bu işdə təzəyəm, çalışacam o avadanlıqlar maşınımda olsun” –deyən Etibar adlı sürücü onu da bildirdi ki, sahibkar tərəfindən verilən avtomaşınların əksəriyətində nə yanğın söndürücü balon, nə də ilk tibbi yardım çantası var. Digər sürücü Rahib isə “Bizə avtomaşınlar elə bu cür verilib, özümüz də ki, başqa şeylərə ehtiyac duymuruq” fikirlərini söyləyən özündən razı halda “Yaxşı sürücü avtomşını elə idarə edər ki, nə tibb çantasına, nə də yanğın söndürmə balonuna ehtiyacı olsun” -deyə, sözlərinə əlavə etdi. 
Bu cür sürücülərə sadəcə ölkəmizdə hər il baş vermiş yüzlərlə avtoqəzaların səbəbinin yalnız sürüçülərin avtomobili pis idarə etməkdən irəli gəlmədiyini xatırlatmaq gərəkdir.
Səhiyə Nazirliyinin Təxirəsalınmaz İlk Tibbi Yardım Şöbəsinin 113 xidmətinin Gəncə şəhər üzrə böyük həkimi Sevinç Hüseyinovadan aldığımız məlumata görə, 2009-cu ildə Bakı-Gəncə, Gəncə-Samux və Gəncə-Daşkəsən yollarında avtoqəza zamanı 70 dəfə 113 xidməti yardım göstərib və bu qəzalarda ölüm hadisələrin 20 faizi ilk tibbi yardımın doğru göstərilməməsi, ilk növbədə bunun üçün avtomaşınlarda tibb çantası olmadığından zərər çəkmiş şəxslərə digər insanların vaxtında yardım göstərə bilmədiyindən irəli gəlir. S.Hüseyinova onu da bildirdi ki, əksər sürücülər, eləcədə bir çox vətəndaşların ilk tibbi yardım haqda məlumatları belə yoxdur. 
Biz özümüz də bu deyilənlərin şahidi olduq. Marşurutlarda xidmət göstərən bir avtomaşında belə tibbi yardım çantasına rast gəlmədik. Sürüçülərin yalnız cüzi bir hissəsi ilk tibbi yardım göstərməyi bildiklərini söylədilər.
Bu məsələ ilə bağlı şəhərdəki bir çox marşurut xətlərində xidmət göstərən avtomaşınlara sahiblik edən “Simurq” nəqliyyat şirkətinin qaraj rəhbərinə (adını vermək istəmədi) müraciət etdik. Lakin o, müsahibə verməkdən boyun qaçırdı, lakin onu qeyd etdi ki, yaxin vaxtlarda onlara yeni sərnişindaşıma maşınları veriləcək və sözügedən iradlar aradan qaldırılacaq.
Gəncə şəhər Yol Polisi İdarəsinin rəis müavini Rəhim Zalov isə bildirdi ki, polis əməkdaşları bu məsələ ilə bağlı dəfələrlə reydlər keçirib və qanun pozuntularına yol verən bütün sürücülər qanuna uyğun cəzalandırılıb. R.Zalov onu da vurğuladı ki, reydlər zamanı əksər marşurutlarda tibb çantası və yanğınsöndürmə balonuna çox az rast gəlinib bununla bağlı həm sürücülərə, həm də sahibkarlara xəbərdarlıq edilib.
Gəncə şəhər Nəqliyyat Departamentinin müdri Şəmistan Nağıyevlə əlaqə saxladığımız zaman o, bildirdi ki, bu məsələ ilə bağlı dəfələrlə sahibkarlara xəbərdarlıq edilib:
“Lakin onlar sahlənkarlıq edərək, heç bir tədbir görmürlər. Biz gələcəkdə şəhərimizə gətiriləçək yeni sərnişindaşıma avtobuslarında həm tibb çantasının, həm də yanğınsöndürmə balonlarının olması üçün ciddi tədbirlər görüləcək”.
Qeyd edək ki, hər bir avto maşında yanğın söndürmə balonu, həmçinin içərisində sıxıcı rezin, bint, yod, spirt, ağrı kəsici dərmanlar və naşatir spirti kimi tibbi dərman və ləvazimatlara malik aptek çantası olmalıdır.

Комментариев нет:

Отправить комментарий