Страницы

24.01.2011

"20 Yanvar qırğınının qarşısını almaq mümkün idi"

Əbülfəz Əliyev Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin yaxınlığında zirzəmidə yerləşən kafedə idi. Hikmət Hacızadə evində yatmışdı. İsa Qəmbər Yusif Səmədoğlu ilə onun evində çay içirdi. Nemət Pənahov meydanda camaata deyirdi ki, dağılmayın, bir azdan sizə tankvuran avadanlıqlar gətirəcəyəm. Etibar Məmmədov həmin gecə Moskvaya uçub getdi. Rəhim Qazıyevin isə harada olduğunu bilmirəm.

133 nəfərin ölümünə, 744 nəfərin yaralanmasına, 4 insanın isə itkin düşməsinə səbəb olmuş 20 Yanvar qırğını Azərbaycan xalqının ötən əsrdə üzləşdiyi ən böyük faciələrdən biri idi.

Yanvarın 19-dan 20-ə keçən gecə paytaxt Bakıda baş verənlər həmin günə kimi "şanlı ordumuz" adlandırdığımız Qızıl Ordunun iç üzünü açdı, meydan hadisələrində populist vədlərlə xalqa yalanlar danışanların bəyanatlarının boğazdan yuxarı olduğunu, habelə milli azadlıq hərəkatı fəallarının bir sıra taktiki gedişlərdə strateji tupikə salındığını göstərdi. Bütün bunlarla yanaşı, yanvar qırğınları SSRİ-nin süqutunu sürətləndirdi, həmin günə kimi suverenlik, Qarabağ problemini dinc vasitələrlə həll etməyə çalışan azadlıqsevərlərə imperiya ilə yeni dildə danışmağın vacibliyini başa saldı. Həmin hadisələrin iştirakçısı, Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadənin də 20 Yanvar hadisələrinə baxışı maraqlıdır:
 

"AXC siyasi savaşda iştirak edirdi"

- 1989-cu ilin sentyabrında Azərbaycan Xalq Cəbhəsi (AXC) qeydiyyatdan keçdi. Bundan sonra AXC-dəki radikal qanad demokratik qanadı sıxışdırmağa başladı. Radikal qanadın liderləri Etibar Məmmədov, Nemət Pənahov, Əbülfəz Əliyev, demokratik qanadın lideri isə Leyla Yunusova, Zərdüşt Əlizadə idilər. AXC-də özlərini mötədil adlandıran qrup da vardı. Onlar guya bu qanadları bir-birləri ilə barışdırmaq istəyirdilər. Hər dəfə də məcbur edirdilər ki, demokratik qanad radikal qanada güzəştə getsin. AXC rəhbərliyi ilə Mərkəzi Komitədə əsasən Polyaniçko görüşürdü. O, çox gözəl bir taktika yürüdürdü - demokratik qanad hər hansı bir tələb irəli sürəndə bunu rədd edir, radikal qanadın təkliflərini, tələblərini isə qəbul edirdi. Bununla da kütlənin şüurunda belə bir fikir hakim olurdu ki, danışıqlar ancaq radikal yolla mümkündür. Artıq məlum idi : - radikal qanad xalqı mürtəce dairələrlə, SovİKP ilə qarşıdurmaya aparır. Ən qəribəsi isə bu idi ki, Qarabağ uğrunda yaradılan siyasi davada iştirak edirdi. Buna görə də demokratik qanadın lideri Zərdüşt Əlizadə Elmlər Akademiyasının binasında yanvarın 6-da gedən konfransda bəyanat verdi ki, siz xalqı qırğına aparırsınız. Mən qandan qorxuram. Nemət Pənahov isə dedi ki, sən qorxaqsan. Zərdüşt cavabında qorxaq olmadığını bildirdi: - Mən öz qanımdan qorxmuram. Sizə inanaraq arxanızca gedənlərin öz qanlarına qəltan ediləcəklərindən, onların valideynlərinin gözlərinə günahkarcasına baxmaqdan qorxuram. Və Zərdüşt AXC-dən istefa verərək oradan getdi. Radikal qanad bundan sonra AXC-nin yeni seçilmiş İdarə Heyətində at oynatmağa başladı. Biz bu davranışların təhlükəli olması haqda onları xəbərdar edirdik. Amma bunlar cavab verirdilər ki, Tiflisdəki 9 aprel qırğınından sonra daha qan tökülməyəcək. 20 Yanvar faciəsinin əsas səbəbkarı AXC rəhbərliyinin nadanlığı, şöhrətpərəstliyi, Azərbaycan Kommunist Partiyasının bacarıqsızlığı, Qorbaçov başda olmaqla Sov.İKP MK Bürosunun cinayətkarlığı idi. Bu üç qüvvə bir nöqtədə birləşdi. Nəticədə isə insanlarımız nahaqdan həlak oldular. Allah onların hər birinin ruhlarını şad eləsin! Amma indiyədək 20 Yanvar faciəsinin nə səbəbkarları, nə də günahkarları ortaya qoyulub. Buna görə də cəmiyyətimiz faciə qurbanlarının ruhu qarşısında günahkardır.

"Nizamnaməsi Qarabağ, demokratikləşmə olan AXC..."

- Yanvarın 19-dan 20-ə keçən gecə yəqin, meydanda idiniz. Həmin gecəni necə xatırlayırsınız?

- Mən meydanda deyildim. Əvvəla, hadisələr meydanda cərəyan etmirdi. Proseslər indiki Prezident Adiminstrasiyasının, o zamankı Kommunist Partiyası Mərkəzi Komitəsinin binasının qarşınıda baş verirdi. Həmin günlər xəstə idim. Yanvarın 19-da Zərdüştlə birlikdə Mərkəzi Komitənin binasının qarşısına gəldik. Qəribə halların şahidi olduq. Sov.İKP ilə mübarizə aparan AXC liderləri onda birinci katibin kim olması ilə bağlı öz aralarında mübahisə edirdilər. Mənə çox qəribə gəldi: - nizamnaməsi Azərbaycanda demokratikləşmə və Qarabağ uğrunda mübarizə aparmaqdan ibarət olan bir təşkilatın liderləri Sov.İKP-nin birinci katibinin kim olması haqda götür-qoy edirdilər. Bu, onu göstərirdi ki, onları nə xalq, nə də Qarabağ maraqlandırırdı. Çünki birinci katibin kim olmasından fərqli olmayaraq AKP Mərkəzi Komitənin qərarlarını diktə edəcəkdi. Biz onlara deyirdik: - camaatı buradan dağıdın, ordu şəhərin mərkəzinə yeridiləcək, qırğınlar törədəcək. Amma buna məhəl qoymurlar. Deyirdilər: - "Baksovet"in qabağında mebel maşını dayanıb. On nəfər getsin ora, minsin maşına, XI Qızıl Ordu meydanına adam lazımdır. Bir məqamı da diqqətinizə çatdırım: - görün AXC rəhbərliyi yanvarın 19-dan 20-ə keçən gecə harada idi: Əbülfəz Əliyev Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin yaxınlığında zirzəmidə yerləşən kafedə idi. Hikmət Hacızadə evində yatmışdı. İsa Qəmbər Yusif Səmədoğlu ilə onun evində çay içirdi. Nemət Pənahov meydanda camaata deyirdi ki, dağılmayın, bir azdan sizə tankvuran avadanlıqlar gətirəcəyəm. Nəticədə bir maşın butulka və bir ədəd "benzovoz" gətirdi. Guya bu "benzovoz"dan butulkalara benzin tökərək tankları vurmalı idilər. Bu, axmaqlığın son həddi idi. Etibar Məmmədov həmin gecə Moskvaya uçub getdi. Rəhim Qazıyevin isə harada olduğunu bilmirəm.

"Dedim siz lidersinizsə, xalqın önündə getməlisiniz"

- Bir sözlə, meydanda heç kim yox idi.- Bunlardan - AXC rəhbərliyindən heç biri güllə altında olmadı. Həmin vaxt onlara narazılıq edərək dedim ki, siz lidersinizsə, xalqın önündə getməlisiniz. Mənə irad tuturdular: - Araz Əlizadə bizim öldürülməyimizi istəyir. Deməli, başqaları ölə bilər, amma bunlar yox…20 Yanvar faciəsi günü AXC İdarə Heyətinin üzvlərindən birinin də burnu qanamadı, heç birinə bircə zopa da olsa, dəymədi, kimsəyə güllə dəymədi. Amma Araz Əlizadə həmin gecə yaralıları öz avtomobili ilə xəstəxanalara daşıyırdı. AXC rəhbərliyinin nadanlığı, AKP rəhbərliyinin bivec olması, Sov.İKP MK Bürosu üzvlərinin başda Qorbaçov olmaqla cinayətkar olması bu faciənin yaranmasına səbəb oldu.

"Yanvarın 20-si günü Şəhidlər Xiyabanına getmirəm" 

- İyirmi bir il ərzində bu faciənin günahkarlarından bircə nəfər də olsa məsuliyyətə cəlb olunmayıb.

- Buna görə də deyirəm ki, biz şəhidlərin ruhu qarşısında günahkarıq. Faciəni törədənlər, onun səbəbkarları, təşkilatçıları, digər cinayətkarların heç biri öz cəzalarını almayıblar. Bu, xalqın 20 Yanvar faciəsinin şəhidləri qarşısındakı cinayətidir. Xalq da get-gedə bunu unudur. Sizə səmimi deyirəm: - 2001-ci ildən başlayaraq yanvarın 20-si günü heç vaxt Şəhidlər Xiyabanına getməmişəm. Faciənin ildönümündən bir gün əvvəl, yaxud sonra Şəhidlər Xiyabanına baş çəkirəm. Çünki faciənin ildönümü günü həmin cinayəti törədənlərin çoxu 20 saylı orta məktəbin qarşısına toplaşaraq buradan xiyabana doğru axışırlar. Siz yanvarın 20-si günü orada onların hamısını görə bilərsiniz. Görün şəhidləri anmağa necə razılıq, rahatlıq hissi ilə gedirlər.

"Bəyəm AXC milli azadlıq hərəkatı üçün yaradılmışdı?"

- Necə düşünürsünüz, 20 Yanvar qətliamının qarşısını almaq mümkün idi?

- Niyə mümkün deyildi ki? Camaatı oradan çıxarmaq lazım idi. İndi bəziləri özlərini milli azadlıq hərəkatının "liderləri" adlandırıblar. Onlar hansı hərəkatın rəhbəri olublar? Bəyəm AXC milli azadlıq hərəkatına rəhbərlik kimi yaradılmışdı? Təşkilat demokratikləşmə və Qarabağın qorunması məqsədilə təsis edilmişdi. Qarabağ gedib, demokratiya yoxdur. Onlar isə birdən-birə milli azadlıq hərəkatının "liderləri" oldular. Türkmənistanda bircə nəfər də küçəyə çıxmadı. Bəyəm həmin ölkə müstəqil olmadı? AXC rəhbərliyi düşünmədi ki, Tiflisdəki aprel qırğınından sonra Moskva yaralanmış ayıdır, onu qəzəbləndirmək olmaz.

Anar TAĞIYEV                                                                
gundelik-baku.com

Комментариев нет:

Отправить комментарий