Страницы

19.01.2011

AZƏRBAYCAN İSLAM PARTİYASINDAN PREZİDENTƏ AÇIQ MƏKTUB

Yəqin ki Siz Azərbaycanı nə Amerikanın, nə də İsrailin əyalətlərindən biri hesab etmirsiniz
 

Azərbaycan İslam Partiyası sədrinin Respublika Prezidenti İlham Əliyevə Açıq Məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:

Cənab Prezident!
Bildiyimiz kimi Azərbaycan xalqı 70 il ateist kommunist rejiminin əsarətində qaldıqdan sonra 19 il bundan öncə öz müstəqilliyini əldə edə bilmişdir. Və bu illər ərzində onun dininə, mənəviyyatına, əqidəsinə və milli-mental dəyərlərinə vurulan zərbələri aradan qaldırmaq üçün xalqımızın övladları böyük səy və iradə nümayiş etdirmişdir. Amma təəssüflər olsun ki, müstəqilliyimizi əldə edən gündən bu yana, hər il xalqımız bu yolda qədəm atması üçün müxtəlif növlü süni surətdə yaradılan əngəllərlə üzləşir. Siz bilirsiz və həm də bilməlisiniz ki, Azərbaycan xalqı müsəlmandır və onun əksəriyyəti 12 məsum imamının ardıcıllarıdır. Bu illər ərzində xalqımız öz müqəddəslərinə hörmət və ehtiram bəslənməsini istəyiblər və Sovetlər Birliyinin devrilməsində əsas amillərdən biri də bu istəyin təmin olunmaması idi. Və xalqımızın bu tələbləri bəzi siyasi qruplardan fərqli olaraq, hakimiyyətə yetişmək istəyindən irəli gəlməmişdir. Bəlkə, cəmiyyətimizin paklaşması ilə mənəviyyat və ədalətin bərqərar olması istəyinə bağlıdır. Və siz bizlərdən fəaliyyətimiz zamanı İslam maarifinin və mədəniyyətinin cəmiyyətimizə olduğu kimi çatdırılmasından başqa bir şey görməmisiniz. Və bildiyiniz kimi hər bir xalqın dövlətçiliyi ilk növbədə onun mənəviyyatına, milli və dini dəyərlərindən başqa bir şeyə söykənmir.
Cənab Prezident!
 Azərbaycanın hər bir vətəndaşı kimi Siz də müsəlmansınız və həm də özünüzü müsəlman hesab edirsiniz. Və ölkə Prezidentliyi vəzifəsinə başlamamışdan öncə Azərbaycan Konstitusiyası və Qurani-Kərimə əl basaraq həqiqətdə ona sadiq qalacağınızı bildirmisiniz. Amma Sizin bəzi əməlləriniz iddialarınızla müvafiq gəlmir. Sizin Prezidentlik dövrünüzdə İslam müqəddəslərinə qarşı ehtiramsızlıq, məscidlərin bağlanılması və sökülməsi, azana qadağa və bu kimi hallar müşahidə olunmuşdur. Azərbaycan xalqının Sizinlə düşmənçiliyi yoxdur. Sadəcə olaraq, xalqımız istəmir ki, onun başının üstündə duranlar dinimizə həqarət gözü ilə baxan şəxslər olsun. Son vaxtlar baş verən hadisələrdən, xüsusilə İstanbulda Azərbaycan Konsulluğu qarşısında olan etiraz aksiyasından yəqin ki, xəbərdarsız. Biz də orada baş verənlərdən çox narahat olduq. Və bir Azərbaycan vətəndaşı kimi Sizin də izzətinizin qorunub saxlanılmasını istəyirik. Lakin hər bir hadisə müəyyən səbəblərdən doğur. Belə acı nəticələrdən uzaqlaşmaq üçün Allah-Təala Qurani-Kərimdə zalım hakimlərin sifətlərindən və pis aqibətlərindən öz ayələrində söz açır ki, əql və düşüncə sahibləri bundan ibrət götürsün. Azərbaycan xalqı 20 il bundan qabaqkı xalq deyil. Millətimiz Qurani-Kərimi oxuyub, onu dərk eləyib, bu ayələrə dərin əqidə bəsləyiblər və heç vaxt müqəddəs İslam dinindən əl çəkməyəcəklər. Millətimiz öz asayişini, dünya və axirət səadətini yalnız İslamda görür, nəinki Qərbin “mədəniyyət” adı altında xalqımıza səhər-axşam təqdim etdiyi fəsad və əxlaqsızlıqda.
Cənab Prezident!
Yəqin ki Siz Azərbaycanı nə Amerikanın, nə də İsrailin əyalətlərindən biri hesab etmirsiniz. Onda demokratiyanın təminatçısı hesab olunan BMT-nin, təcavüzkar və qaniçən bir rejimin keçmiş baş naziri Ehud Olmerti hərbi cinayətkar kimi tanıması və Avropa ölkələrinin bir hissəsi onun barəsində həbs-qətimkan tədbiri seçməsindən sonra, beynəlxalq aləmin gözü qarşısında bu uşaq qatilinin Azərbaycanda yüksək səviyyədə qarşılanmasına nə ad verə bilərsiniz?
Xalqımız istəmir Sizinlə ziddiyyətli mövqedə qərar tutsun. Amma bununla bərabər həm də istəmir ki, bəşəriyyətin bu gün acınacaqlı günə düşməsinə səbəb olan sionizm Azərbaycanda himayə olunsun. Biz istəyirik günahsız Fələstin xalqının qanını tökmüş bu təcavüzkarın əli, erməni təcavüzkarları ilə birlikdə əziz Vətənimizdən kəsilsin. Çünki xalqımız dinimizə, mənəviyyatımıza dəyən zərbələrin əsas kökünü dünya sionistlərindən bilir. Bu yaxınlarda Ali Məhkəmədə Həzrəti Fatimeyi Zəhra (s.ə) məscidinin işinə baxılacaqdır. Xalqımızın İqtisad Məhkəməsində çıxarılan haqsız qərardan sonra ardıcıl etirazları ümid edirik ki, cavabsız qalmayacaqdır. Amma ümidvarıq ki, veriləcək ədalətli qərar, hakimlər tərəfindən xalqımıza olan bir “lütf” kimi deyil, bəlkə məmurları düşündürən bir amil olmalıdır ki, Azərbaycan xalqının İslam aləmində heysiyyətinin bundan da artıq aradan getməsinə səbəb olan addımların qabağı alınsın. Məktubumun sonunda 13 fevralda Əziz Peyğəmbərimizin (s) vəfatı günü Şəhidlər Xiyabanını ziyarətə gedən bir dəstə gəncin polis tərəfindən zorakılığa məruz qalmasından söhbət açmaq istəyirəm. Hamımızın bildiyi kimi, o gün təkcə qonşu Türkiyə, İran, və digər müsəlman ölkələrində deyil, eləcə də Rusiya, Gürcüstan və Norveç başda olmaqla digər Avropa dövlətlərində də minlərlə müsəlman küçəyə çıxaraq, bu matəm gününü qeyd etmişlər. Və heç bir toqquşma, anlaşılmazlıq baş verməmişdir. Amma təəssüflər olsun ki, bizim pak balalarımız o gün öz qanlarına qəltan oldular və bu azmış kimi, sonra da onlara cinayət işi açdılar. Əgər istəyirsiniz onları məhkum edəsiniz, deyə bilərsinizmi, bu hökmü İslamın, Konstitusiyanın hansı yerindən əldə etmisiniz? Biz ümid edirik ki, İslam və müsəlman ümmətinə tolerantlıq şüarı altında olan bu kimi təzyiqlərə tezliklə son qoyulacaq və xalqımız öz milli-dini dəyərlərini əsas tutaraq, həyatının bütün sahələrində həqiqi tərəqqiyə nail olacaqdır.


Mövsüm Səmədov Azərbaycan İslam Partiyasının sədri”

                                                   
                                                                                                islamtimes.org                 

Комментариев нет:

Отправить комментарий