Страницы

31.01.2011

AZƏRBAYCANDA İNQİLAB OLACAQMI?!

Əvəz Zeynallı

                  Bu ölkənin rəhbərliyinin dünyada analoqu yoxdur!..

 

Tunisdə inqilab oldu. Misir də qarışdı. Yəmən də küçələrə hazırlaşır. Ərəb dünyası belədir – biri başladımı, gerisi gəlir… Bunlar Ənvər Sadatın zamanında da belə olmuşdu, krallarının qafalarını kəsəndə də. Avropanın əsilzadə ailələri Faysal ailəsini ölkə-ölkə dolaşdırırdı – harada bunlara torpaq tapa bilər deyə. Suriyaya apardılar. Suriyanın ərəbləri qəbul etsəydi, Faysal ailəsi indi Suriyada at oynadırdı. Etmədilər və Faysalları Səudiyyə Ərəbistanı adını verdikləri əraziyə gətirdilər. Eləcə də Küveyti. Onu da Sabah ailəsinə əmanət etdilər. Oralarda zaman-zaman sakitçilik olar… Amma çərxi-fələk dolandı, iş keçdi düyünə, ərəblərin gözləri dönər və onlar kimsəni tanımaz. Yaxşı bir misal da var, «ərəbi tox saxla, türkü ac». Çünki türk toxluğundan, ərəb aclığından üsyana qalxar. Görünür, tarixin bu amansız formulu yerini dəyişir. İnqilab rüzgarları Məşriqdən başlayıb – buralara qədər gələcəkmi?!

xxx

Azərbaycan feolitəsi narahat günlər keçirir. Əslində, gözlənilməz bir şey də yoxdur. Hələ seçkilər bitəndə biz ölkədə baş verənləri «Hakimiyyətin çöküşü başlandı!» deyə qiymətləndirmişdik. O zaman nə Misir vardı, nə Tunisdə aləm bir-birinə dəymişdi. O zaman iqtidarımızın çiçəyi burnunda deputatları Misir fironlarınnı saraylarında boy göstərir, informasiya kanalları bu ölkədə baş verən görüşlərdən bəhs edirdilər. Amma bir şey unudulmamalıdır – sən insanlarına zülm edirsənsə, bir gün cavabını alacaqsan.

Bu mənada, Məşriqdə baş verənlərin bizim ölkəyə o qədər də dəxli olmamalıdır və iqtidarın bu məsələyə münasibəti doğrudur. Əli Həsənov düz deyir ki, özünü yandıran göysatan axtarmayın. Deyir, amma gecə-gündüz də hadisələrdən qaçmaq üçün yollar arayırlar. Ramiz Mehdiyev ölkə rəhbərliyini toplayır və şikayətçiləri qəbul etmələrini tapşırır. Kim bilmir ki, bu rəhbərliyə daxil olan insanların hamısı elə hörmətli Ramiz Mehdiyevin tapşırığı ilə insanları qəbul etməkdən çəkiniblər. Bu ölkədə bir günahkar var – o da ali rəhbərlik! Vəssalam!

xxx

Dünyanın heç bir yerində belə məmləkət yoxdur ki, onun rəhbərliyinə daxil olan şəxslər kameraların önündə, jurnalistlərin diktofonlarının qarşısında bir tapşırıq verib, qapılar bağlanan kimi əlini sakitcə yanında yelləyib «işinizdə olun, o sözlər kameraya deyilmiş sözlər idi» desin…

Dünyanın heç bir yerində elə bir təhsil naziri yoxdur ki, bütün məktəb direktorlarını toplasın bir zala, valideynləri də dəvət etsin və onların yanında «bu valideynlərin yanında deyirəm, bir manat pul tələbə edəni işdən qovacağam» desin və toplantı bitən kimi «aylıqlar tam gəlsin» deyə sərəncam versin…

Yoxdur, yox… Dünyada ayda xalqa məxsus təbii sərvətlərdən 100 milyonlarla pul gələn elə də çox ölkə yoxdur. Elə ölkə heç yoxdur ki, böyük-böyük zavodları, fabrikləri sökdürüb yerində əyləncə yerləri tikdirsin və o yerləri qanı qiymətinə öz vətəndaşlarına sırısın. Elə ölkə də yoxdur ki, ölkəyə gələn milyardları mərmərə verib yollara döşəsin. Axı insan olan və insanların rəhbərlik etdiyi elə bir ölkə ola bilməz ki, millətə məxsus milyardları ucu-bucağı olmayan şosse yollarının kənarına divar çəkdirib ora xərcləsin. Heç bir ölkə ola bilməz ki, 100-lərlə km-lər boyu villalara döşənən tamet daşları ana magistral yolların ortasına, insan ayağı dəyməyən yerlərə döşəsinlər.

İnanmayın, dünyada elə bir ölkə yoxdur ki, bir mərkəzin tikintisinə 400 milyon, 12 km-lik yolun tikintisinə 500 milyon manat xərcləsin. Siz heç elə ölkə də tapa bilməzsiniz ki, istismar müddəti bitmiş binaların ön fasadlarına milyonlar yatırsın, sonra o binaları söküb yerlə bir etsin. Kim buna inanar ki, yolların kənarına çəkilmiş normal «bardürlər»in üzünə mərmərdən «bardür» çəkilsin və ya tərsinə mərmər «bardürlər» betonun içinə gömülsün. Yalnız bizim ölkəmizdə var ki, ölkənin bütün strateji sahələrinə nazirlərin yeməkxanada bir öynəyə verdiyi qədər pul ayrılsın. Yalnız Azərbaycanda var ki, kitaba, mətbuata, alimə, elmə ayrılan pullara papalarının gül balaları evlərində, malikanələrində vətəndaş hürdürə bilirlər.

Təkcə bizim ölkəmizdədir ki, yüksəlmək üçün namussuzluq, şərəfsizlik, adam satmaq, ev yıxmaq əsas şərt kimi tələb olunur. O da yalnız Azərbaycandadır ki, irəli çəkilənlərin əksəriyyəti hakim millətin dəyərlərinə tüpürəcəklərinə dair gizli and içirlər. Dünyanın heç bir yerində qabiliyyətli və savadlı adamları bizim ölkəmizdə olduğu qədər həyatından bezdirmirlər. Dünyanın heç bir ölkəsində intellekt axını bizim ölkəmizdəki qədər deyil. Dünyanın heç bir ölkəsində bütöv və qoca bir milləti bu sürət və bu effektlə qoyuna və ya digər bir heyvan növünə çevirə bilməyiblər.

xxx

Bu mənada bu ölkədə – həqiqətən analoqu olmayan bu diyarda Tunisdəki göysatanları, ya da Hüsnü Mübarəkin narazı vətəndaşlarını tapa bilməzsiniz. Mümkün deyil. Zalımlar və zülümlər bir-birinə çox bənzəsə də, ölkələrin dinamikası çox fərqlidir. Baxın, Küveyt əmiri büdcədə artıq qalan 4 milyard dolların əhalinin hər bir fərdinin arasında bölüşdürülməsi üçün fərman imzaladı. Bu, hər bir küveytliyə 4000 dollara qədər birdəfəlik pul yardımı deməkdir. Üstəlik, küveytlilər 1 il 6 ay müddətində bütün ərzaq növlərini pulsuz alacaqlar. Amma bu, o demək deyil ki, Küveytdə üsyanlar ola bilməz. Ərəb dünyasında dalğa başladımı, oranı da qasıb-qovuracaq. Çox da uzaq deyil ki… İraqın 19-cu əyaləti qismində Səddamın tanklarının lüləsindən öpürdülər küveytlilər. Bir şey dəyişməyib ki…

xxx

Kənardan bir şeylər gözləməyinə dəyməz. Bu ölkəni kənara oxşada-oxşada millətin önündə sipərə çevrilməyinə də dəyməz. Cəmi bir dəfə bu millətin işinə qarışmadılar – hər şey normal gedir. 2003-cü ildə, 2005-ci ildə baş verən yanlışlıqlar Azərbaycandakı etiraz dalğasının qarşısını kəsdi. 2010-cu ildə müxalifət adı ilə meydanda qalan qüvvələrin ən doğru addımları o oldu ki, mitinq-nümayiş etmədilər. İqtidarı da sağ olsun ki, bu aksiyalara hələlik icazə vermir. Hələ də gərək yoxdur mitinqlərə, nümayişlərə. Bizi hər zaman mitinq və nümayişlərdə ilişdirdilər. Gərək yoxdur. Eninə və dərininə təşkilatlanmaq və etiraz dalğasını əhalinin bütün təbəqələrinə yaymaq lazımdır. Bu işdə iqtidarın rolu və xidməti əvəzsizdir. Belə də davam etməli. Bir an belə dayanmadan çalışmalı, amma bir az da Qandilik etməli. Millətin içində çalışacaqsan, amma milləti əsla və əsla küçələrə çıxarmayacaqsan. İqtidarın yasaqlamaları əslində onun özünün qəbrini qazır. Bunu iqtidardakılar da bilirlər. Ona görə də yaxın günlərdə süni mitinqlər və nümayişlər tərtib edə bilərlər. Getməmək lazım. Qoy millətin içindəki üsyan dalğaları daha amansız və nəhəng miqyaslara ulaşsın…

xxx

İqtidar bunu bilir. Etdikləri Allahsızlıq və imansızlığın miqyasını onların özləri kimi bilən və hiss edən heç kim ola bilməz. Onlar Tunis və Misir nümunələrindən də qorxmurlar. Onlar Azərbaycan xalqının özündən və onun qəzəbindən qorxurlar. Bu xalq hər an hər xırda bir qığılcımdan alovlana bilər və onlar hamıdan yaxşı bilirlər ki, Azərbaycan türklərinin alovlanması nə boyda yanğın törədir. Ona görə də üzdə sakit görünür, arxada toplantı ardınca toplantı keçirirlər. Bəs bunlar beyirdilər ki, ölkədə hər şey yolundadır?! Amma Ramiz Mehdiyevin toplantısının ruhu o deyil. Məlum olur ki, inkişafda analoqsuzluq mərhələsini yaşayan ölkədə heç nə yerində deyilmiş. Özləri də gözəl bilirlər ki, dünyada 20 il eyni vəzifədə qalan nazirlərə malik ikinci bir ölkə yoxdur. Yoxdur… Elə bir ölkə yoxdur ki, hər vəzifə şəxsi mal-mülk kimi atadan oğula keçsin. Heç elə ölkə də yoxdur ki, bütün vəzifələr ömürlük olsun. Bilmirlər ki?! Bilirlər, özü də bal kimi…


xxx

Mən ölü, siz qalı… Zaman gələcək Azərbaycanın bu illərinə «durğunluq illəri» deyəcəklər. Necə ki, bir zamanlar SSRİ-nin guya ki, ən inkişaf edən vaxtına sonralar «durğunluq illəri» dedik, bizdə də elə olacaq. Dünyanın heç bir ölkəsi yoxdur ki, orada həyatın bütün sahələri bizdəki kimi dursun. Durub hər şey bu ölkədə. Bir addım addım atmaq, yerimək, yüyürmək mümkün deyil. Hamı gözünü dikib prezidentə və ondan da çox səlahiyyətlərə malik olan hörmətli Ramiz Mehdiyevə. Onlar nə desə odur. Ona görə də iş yoxdur, təşəbbüskarlıq yoxdur, cəhd yoxdur. Cəhd yoxdursa, deməli, çarıq da yoxdur və çarıq yoxdursa, təbii ki, adam da yoxdur…

İqtidardakılar fərqindədirlər nələrin baş verdiyini. Hər şey geriyə doğru gedir, bilirlər… Onlar bilirlər ki, ictimai prosesləri nəzarətdən çıxaran konkret bir göysatan deyil, çox şeylər var…

1988-Cİ İLDƏ BİZİ NƏZARƏTDƏN TOPXANA MEŞƏLƏRİNDƏ QIRILAN BİR NEÇƏ AĞAC ÇIXARMIŞDI!
KÜÇƏLƏRƏ DÖŞƏNƏN MƏRMƏRLƏR, MƏRMƏRLƏRİN ÜZƏRİNƏ ÖRTÜLƏN ADİ BETONLAR DA BİZİ NƏZARƏTDƏN ÇIXARA BİLƏR!
ƏSAS ODUR Kİ, ŞƏRAİT YARANSIN!

Şərait isə yetişir… İqtidarımızın əzəmətli və həşəmətli icraatları sayəsində…

“Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий