Страницы

18.01.2011

Hüquqşünas İntiqam Əliyevin Turan İnformasiya Agentliyinə müsahibəsi

"Avropa Məhkəməsi seçki şikayətlərini rədd etməyib, hökumətə pozuntuları aradan qaldırmaq üçün şans verib"


KİV-lərdən biri “Avropa Məhkəməsi Azərbaycan müxalifətçilərinin şikayətlərini rədd edib” başlıqlı yazı dərc edib və bu xəbər digər mətbuat orqanlarında da yayılıb. Məlumatda bildirilir ki, Avropa Məhkəməsi “müxalif partiya sədrlərinin və digərlərinin 2005-ci il parlament seçkiləri ilə əlaqədar şikayətlərini rədd edib”. KİV bu barədə Avropa Məhkəməsinin İnternet saytında məlumat verildiyini vurğulayıb. Yazıda Azərbaycan hökumətinin Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun bununla bağlı dedikləri də oxuculara təqdim edilib: "Azərbaycan hökuməti Avropa Məhkəməsinə müraciət edərək Namət Əliyevin işi üzrə məhkəmənin müəyyən etdiyi 9 min avro məbləğində təzminatın şikayətçilərə ödənilməsinə razılığını bildirib. Hökumətin müraciəti qəbul edilib və bu əsasla Avropa Məhkəməsi həmin şikayətləri rədd edib".

Bu məlumat hökumətyönlü kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Bəs əslində nə baş verib? Məsələyə aydınlıq gətirilməsi xahişi ilə ərizəçilərin Avropa Məhkəməsində hüquqlarının müdafiəsini həyata keçirən hüquqşünas İntiqam Əliyevə müraciət etdik.


Sual: Nə baş verib? Həqiqətən də, KİV-lərin qeyd etdiyi kimi, Avropa Məhkəməsi bu şikayətləri rədd edib?


Cavab: Ondan başlayım ki, Avropa Məhkəməsi yazıda qeyd edildiyi kimi, ərizəçilərin şikayətini rədd etməyib. İsa Qəmbərin, Eldar Namazovun, Elçin Rzayevin, Mirmahmud Fəttayevin, Fuad Mustafayevin, İlham Hüseynin və Yaqub Məmmədovun şikayətlərini işlərin siyahısından çıxarıb. Bu cür qərarın qəbul edilməsinin səbəbləri barədə məlumat verməzdən öncə bildirim ki, həmin şikayətlər 2005-ci ilin parlament seçkilərində ərizəçilərin namizəd olduğu dairələrdə hakim partiyanın təmsilçilərinin və ya hakimiyyətin dəstək verdiyi namizədlərin xeyrinə çoxsaylı pozuntularla bağlı idi.

Avropa Məhkəməsi bu şikayətlər üzrə tərəflərlə, o cümlədən Azərbaycan Hökuməti ilə yazışmaları 2008-ci ilin ortalarından başlayıb və kommunikasiyalar təxminən 1 ilə yaxın davam edib. Hökumət bu müddət ərzində pozuntuları birmənalı şəkildə tanımamaq mövqeyi tutub və şikayətçilərin bununla bağlı Strasburqa təqdim etdiyi bütün sübutları və arqumentləri rədd edib. Lakin Namət Əliyevin işin üzrə qərar elan edildikdən sonra digər şikayətlər üzrə qərarların qaçılmaz olduğu və onların 2010-cu ilin parlament seçkiləri ərəfəsində elan oluna biləcəyi ehtimalının böyük olduğunu anlayanda Hökumət taktikasını dəyişdi, barışıq sazişi və onunla əlaqəli şikayətləri siyahıdan çıxarılması təklifini irəli sürdü. Bunun arxasında Hökumətin həmin qərarların qəbulunu əngəlləmək niyyətinin dayandığı hələ o vaxt heç bir şübhə doğurmurdu.


Sual: Hökumətin barışıq sazişi barədə təkliflərinin məzmunu maraq doğurur.


Cavab: Bununla bağlı bir neçə məktub olub. Barışıq sazişinin aprel ayında açıqlanan ilkin variantında Hökumət əsasən kompensasiya ödəmək öhdəliyini üzərinə götürmüşdü. O, barışıq sazişi ilə bağlı təklifinə verdiyi şərhdə bildirmişdi ki, bu cür təkliflə çıxış etməsi onun şikayətçilərin hüquqlarını tanıması anlamına gəlmir. Bu bir daha o faktı təsdiqləyirdi ki, Hökumət şikayətçilərin hüquqlarının bərpası, gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısının alınması istiqamətində ümumu xarakterli tədbirlər görmək niyyətində deyil. Şikayətçilərinin bununla bağlı etirazı Avropa Məhkəməsinin diqqətinə çatdırıldı və vurğulandı ki, qarşıdan parlament seçkiləri gəlir, Hökumət parlament seçkilərinə qədər bu qərarların elan edilməsini istəmir. Kommunikasiyaların başa çatmasından 5 ay keçdikdən sonra və qərarların qəbul edilməsi mərhələsində barışıq təklifi də qərarların qəbulu prosesini ləngitmək məqsədi güdür. Ona görə, Məhkəmədən şikayətlərə mahiyyəti üzrə baxılaraq qərar verilməsi xahiş edildi.

Bundan sonra iyun və oktyabr aylarında Avropa Məhkəməsinə, o cümlədən şikayətçilərə ünvanlanan yazışmalarda Hökumət təkliflərinə bəzi korrektələr etdi. Belə ki, 2010-cu ilin oktyabr ayında ərizəçilərin şikayətlərdə qaldırdıqları məsələlərin həlli məqsədilə Hökumət Avropa Məhkəməsinə ünvanladığı birtərəfli bəyanatında şikayətçilərin 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu etiraf etdi. Hökumət mənəvi ziyana, habelə məhkəmə xərclərinə və digər məsrəflərə görə hər bir şikayətçiyə ümumilikdə 9.100 avro məbləğində kompensasiya ödəməyə hazır olduğunu bildirdi (ilk təkliflər 8.000 və 6.000 avro məbləğində idi).

Hökumət öz bəyanatında qeyd etdi ki, seçki komissiyaları tərəfindən şikayətlərə baxılması prosedurunun təkmilləşdirilməsi üçün Seçki Məcəlləsinə (Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrindən sonra) dəyişikliklər edilib. Həmçinin gələcəkdə seçki pozuntularına aid bütün şikayətlərin ölkədaxili səviyyədə səmərəli şəkildə araşdırılmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verməyi və bütün zəruri tədbirləri görməyi öhdəsinə götürdüyünü, bundan başqa, ölkədə seçki prosesini dəstəkləmək üçün Azərbaycan Hökuməti ilə Avropa Şurasının əməkdaşlığı çərçivəsində “2010-cu ilin noyabrında Azərbaycanda parlament seçkisinə Avropa Şurasının dəstəyi üçün Fəaliyyət Planı” qəbul edildiyini, bu sənəddə müxtəlif tədbirlərin (siyasi, qanunvericilik, təlim, media məsələləri, seçicilərin məlumatlılığının artırılması və s.) planlaşdırıldığını vurğuladı.

Hökumət Azərbaycan Respublikasına aid bu və buna bənzər işlərdə Məhkəmə qərarlarının icrasına Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən nəzarətin seçki qanunvericiliyinin və praktikasının təkmilləşdirmələrin təmin edilməsi üçün münasib mexanizm kimi qəbul etdiyini və həmin proses çərçivəsində bu qurumla zəruri əməkdaşlığı davam etdirəcəyini bəyanatda qeyd etdi. Bunların müqabilində Hökumət şikayətləri işlərin siyahısından çıxarmağı Məhkəmədən xahiş etdi.

Noyabrın 9-da bu təkliflə bağlı Strasburqa yazdığımız cavabda pozuntuların Hökumət tərəfindən etiraf edilməsinin “formal xarakter” daşıdığı və yeganə məqsədin işlərin siyahıdan çıxarılması olduğu yenidən vurğuladıq; bəyanatda bu şikayətlərlə bağlı işlərə ölkə daxilində təkrar baxışın keçirilməsi barədə Hökumətin öz üzərinə hər hansı öhdəlik götürməsi barədə heç nə deyilmirdi. Bildirdik ki, işlərin siyahıdan çıxarılması ölkədaxili səviyyədə işlərə yenidən baxılması və onların mühitə təsiri imkanını xeyli zəiflədir. Həmçinin Məhkəmənin diqqətinə çatdırıldı ki, Hökumətin seçki qanunvericiliyinə etdiyi dəyişikliklər bəyanatda qeyd edildiyi kimi, “şikayətlərdə qaldırılmış məsələlərlə bağlı vəziyyətin yaxşılaşdırılmasına” deyil, əksinə, seçki hüquqlarının daha məhdudlaşdırılmasına yönəlib. Şikayətçilər həmçinin bildirdilər ki, Hökumətin təklif etdiyi pul kompensasiyanın məbləği ilə razı deyillər və onu həddən artıq az hesab edirlər.

Bundan sonrası oxuculara artıq bəllidir: Avropa Məhkəməsi dekabrın 3-də Hökumətin üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq şikayətləri işlərin siyahısında çıxardı.


Sual: Avropa Məhkəməsi bu cür qərar qəbul edəndə hansı normalara əsaslanıb?



Cavab: Məhkəmə bu barədə qərarını əsaslandırmaq üçün Konvensiyanın 37-ci maddənin 1(c) bəndinə istinad edib. Məhkəmənin fikrincə, həmin norma ona “Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa”, şikayəti işlərin siyahısından çıxarmaq hüququ verir. Məhkəmə onu da vurğulayıb ki, hətta şikayətçi işə baxılmasının davam etdirilməsini istəsə belə, müəyyən hallarda həmin normaya əsasən, cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında şikayətin siyahıdan çıxarılmasını məqsədəuyğun saya bilər. Yeri gəlmişkən, həmin normanın həddən artıq yayğın xarakteri təəssüf ki, bu cür birmənalı qarşılanmayan qərarların qəbuluna yol açıq.


Sual: Sizcə Avropa Məhkəməsinin bu cür qərar qəbul etməsinə hansı amillər təsir edib?


Cavab: Düşünürəm ki, bir neçə amil. Avropa Məhkəməsinin seçkilərlə bağlı bu vaxta qədər cəmi 1-2 qərarı olub. Postsovet ölkələri Avropa Şurasına daxil olana qədər Məhkəmə seçkilərdə saxtakarlıq, hakimiyyət qurumlarının seçki prosesinə müdaxiləsi, karusel, seçicilərin pulla ələ alınması və buna oxşar digər pozuntularla bağlı işlər olmayıb.

Ona görə seçki ilə bağlı Avropa Məhkəməsinin hətta bir qərarı ciddi hadisə kimi qəbul edilir. Təsəvvür edin, bir ölkə üzrə seçkilərlə bağlı 15 qərar çıxarılır. Başqa sözlə, Azərbaycandan Avropa Məhkəməsinə seçkilərlə bağlı ünvanlanan hər iki şikayətdən birində azad seçki hüququnun pozuntusu tanınıb; bunu adi dilə çevirsək, o anlama gəlir ki, bu ölkədə seçki olmayıb. Nəzərə alsaq ki, bu şikayətlərdə Hökumətin xeyrinə saxtakarlıq etdiyi iddia edilən şəxslərin arasında yüksək vəzifəli şəxslər, o cümlədən hazırda Avropa Şurasının Parlament Assambleyasına üzv olan şəxslər var. Təsəvvür edirsinizmi, AŞPA-nın üzvü öz ölkəsində, bizim dildə desək, saxta, Konvensiyanın dili ilə desək, azad olmayan seçkilər nəticəsində deputat mandatına yiyələnib...


Sual: Sözünüzdən belə çıxır ki, qərarın verilməsində siyasi amillər rol oynayıb?


Cavab: Bu sualınıza cavab verməzdən qabaq başqa bir mövqeyi də bölüşmək istərdim. Əslində, bu cür qərarın meydana çıxmasına fərqli izah da vermək olar. Avropa Şurasına üzv olan Dövlət bəyanat verir ki, vətəndaşlarının hüquqlarının pozuntusunu tanıyır, onların haqqını təmin etməyi və gələcəkdə bu cür pozuntuların bir daha baş verməməsi üçün zəruri tədbirləri görməyi öhdəsinə götürür. Onun dediyini qəbul etməmək o anlama gəlir ki, Avropa Məhkəməsi Azərbaycan Hökumətinə deyir ki, mən sənə inanmıram, çünki sən yalançısan. Bu mənada, prinsipcə, bu cür qərarların qəbuluna bəraət qazandırmaq da olar. Başqa sözlə, Məhkəmə bu yolla öz hüquq sistemindəki problemləri aradan qaldırmaq üçün dövlətə şans verir. Məhkəmə dəfələrlə vurğulayıb ki, onun əsas məqsədi qərarları vasitəsilə ölkədaxili sistemin inkişafına yardım etməkdir. Amma Strasburqda oturanlar (təkcə ordamə?) bir həqiqəti anlamır və ya anlamaq istəmir ki, elə hökumətlər var ki, onlar üçün öhdəlik götürüb onu icra etməmək adi bir şeydir və bu cür bəyanatlar da onlar üçün yeni yalandan başqa şey deyil.

Avropa Məhkəməsinin bu məzmunda qərarının verilməsində siyasi faktorların təsirinin mümkünlüyü ilə bağlı suala gəldikdə - bu fikri nə təsdiqləyirəm, nə də inkar edirəm. Amma şikayətçilərin ölkədə insan hüquqlarının, o cümlədən seçki hüququ sahəsində durumu, yerli və beynəlxalq təşkilatların 2010-cu ilin parlament seçkiləri ərəfəsində ölkədə azad seçki keçirilməsi üçün mühitin olmadığı (ATƏT-in aralıq hesabatını yəqin xatırlayırsınız), Avropa Məhkəməsinin seçki pozuntuları ilə bağlı öncə elan etdiyi qərarların (Mirəziz Seyidzadənin və Namət Əliyevin işləri) icrası istiqamətində Hökumətin heç bir tədbir görmədiyi və s. arqumentlərinə baxmayaraq Strasburq Məhkəməsinin şikayətləri baxılan işlərin siyahısından çıxarması xeyli suallar doğurur. Məhkəmənin bəzi arqumentlərinin absurdluğu isə, yumşaq desək, təəccüb doğurur.

Məsələn, şikayətlərin siyahıdan çıxarılacağı halda, ərizəçilərin həmin işlərə ölkədaxili məhkəmələrdə baxılmasından məhrum olunacaqları barədə çox ciddi arqumentə Avropa Məhkəməsi qəribə cavab verib. Məhkəmə yazır ki, sözügedən işlərdə “iddia edilən pozuntuların xarakteri elədir ki, şikayətçilərin seçki hüquqlarının pozulmasının nəticələrini ölkədaxili icraatların təzələnməsi vasitəsilə aradan qaldırmaq mümkün deyil; belə ki, 6 noyabr 2005-ci il tarixli seçkilər başa çatıb və onların nəticələri yekun nəticə kimi təsdiqlənib”. Məhkəmə hazırda seçki ilə bağlı ölkədaxili icraatların təzələnməsi şikayətçilərə kompensasiya təyin edilməsindən savayı nə verə biləcəyini başa düşmədiyini, seçkilərdə 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə riayət edilsəydi, onları mövcud ola biləcək vəziyyətə necə qaytara biləcəyini başa düşmədiyini qeyd edib. Ona görə o, “hazırkı vəziyyəti və iddia edilən pozuntunun xarakterini nəzərə alaraq, ziyana görə kompensasiya fərdi hüquqların bərpasının yeganə mümkün və adekvat forması kimi” gördüyünü vurğulayıb. Məhkəmə hesab edib ki, o, sözü gedən işlərin baxışını davam etdirməyi qərara alsaydı və Konvensiyanın analoji pozuntusunun baş verdiyini müəyyən edən qərarlar çıxarsaydı, həmin qərarların icrası çərçivəsində görülməli olan ümumi tədbirlər istənilən halda Namət Əliyevin işi üzrə qərarda qəbul edilmiş tədbirlərlə eyni olacaqdı.

Lap bizim məhkəmələrin qərarlarında (o cümlədən seçki ilə bağlı) yazılan absurdları xatırladır bu…

Avropa Məhkəməsinin bu qərarında ortaya qoyduğu məntiqindən çıxış etsək, onda gərək Məhkəmə işgəncə ilə və ya media azadlığı ilə bağlı bir qərar çıxarandan sonra, daha oxşar şikayətlər üzrə qərarlar verməyə. Çünki əslində, bir qərar yetərli olmalıdır ki, ölkələr həmin pozuntunun baş verməsinə səbəb olan halları aradan qaldırsın, qanunvericiliyi və onun tətbiqi praktikasını dəyişsin və s. Ya da Avropa Məhkəməsinin məntiqi ilə ölüm hadisəsi ilə bağlı şikayətlərə bu Məhkəmə baxıb ona görə qərar verməməlidir ki, onun pozuntunu tanıması barədə qərarı ölünü diriltməyəcək.

Avropa Məhkəməsi Hökumətin təhriki ilə işlərə baxmaqdan imtina etməklə çox pis presedentin əsasını qoyur: Hökumət seçkini saxtalaşdırır, bunun əvəzində haqqı pozulana 9.100 AZN pul ödəyir və bununla da saxtakarlıq qiymətdən kənarda qalır. Dostlarımdan birinin yarızarafat-yarıciddi dediyi kimi, deputat yerini hökumət 9.100 avroya satır.


Sual: Amma hökumət pozuntuları etiraf edib. Deyəsən, bu, ilk dəfə baş verir.


Cavab: Doğru tutmusunuz, bu hadisənin ən maraqlı tərəfi məhz budur. Hökumət ilk dəfə öz siyasi opponentlərinin hüquqlarını pozduğunu Yüksək Məhkəmə tribunası qarşısında etiraf edir. Özü də hansı hüquqlarını - siyasi hüquqlarını və onların arasında ən vaciblərindən biri olan seçki hüququnu! Bu, yaxşı bir ibrətamiz dərsdir.


Sual: Hökumət birtərəfli bəyanatında göstərilən və şikayətlərin işlərin siyahıdan çıxarılmasına səbəb olan öhdəliklərini icra etməsə, nə baş verəcək?



Cavab: Məhkəmə öz qərarında Hökumətin Namət Əliyevin işi üzrə qərarın icrası çərçivəsində görülməli olan ümumi tədbirlərin zəruriliyi ilə bağlı öhdəliyinə əməl etmək vəzifəsini bir daha vurğulayıb. Məhkəmə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini Hökumətin diqqətinə çatdırmaq üçün xüsusi olaraq Konvensiyanın 37-ci maddənin 1-ci bəndinin sonundakı qeyd-şərti xatırladıb: Konvensiya və onun Protokolları ilə təmin olunan insan hüquqlarına riayət olunması tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir. Başqa sözlə, Hökumət üzərinə götürdüyü öhdəlikləri icra etməsə və növbəti dəfə yalançı olduğunu nümayiş etdirsə, Avropa Məhkəməsi şikayətlərin siyahıdan çıxarılması barədə qərarını ləğv edə və onlara mahiyyəti üzrə baxa bilər.


Sual: Bu qərarla bağlı növbəti addımlarınız?


Cavab: Növbəti addımlarla bağlı müzakirələrimiz davam edir. İki variant var. Birinci variant: şikayət veririk və işlərin siyahıdan çıxarılması barədə qərarın ləğv edilməsini və içə mahiyyəti üzrə baxılmasını tələb edirik. İkinci variant: qərardan şikayət verilmir, o qüvvəyə minir, Hökumət bu və bundan qabaq seçki ilə bağlı qərarların icrası sahəsində üzərin götürdüyü (və ya üzərinə qoyulan) öhdəliklərin icrası ilə bağlı hansı tədbirlərin görəcəyini gözləyirik.

Onu da qeyd edim ki, Avropa Məhkəməsi bu iş üzrə qərarında xatırladıb ki, Konvensiyaya əsasən, Hökumət Namət Əliyevin işi üzrə qərarda Məhkəmənin müəyyən etdiyi pozuntuların aradan qaldırılması üçün Avropa Şurasının Nazirlər Komitəsinin nəzarəti altında öz daxili hüquq sistemində ümumi, habelə zəruri hallarda fərdi tədbirləri görmək öhdəliyini daşıyır.

Hökumətin kompensasiya ödənişindən başqa hər hansı tədbir görmək istəmədiyi bir daha bəlli olanda, Avropa Məhkəməsinə və onun qərarlarının icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsini məlumatlandırmaqla şikayətlərə mahiyyət üzrə baxılmasına nail olmaq. Yuxarıda qeyd etdiyim kimi, Hökumət AŞ NK-nın onun bu şikayətlərlə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasına nəzarətini münasib mexanizm kimi qəbul etdiyini barışıq sazişi barədə təklifində rəsmi bəyan edib. Ona görə, əminəm: bu işlə bağlı bizi qarşıda maraqlı hadisələr gözləyir.


TURAN

Комментариев нет:

Отправить комментарий