Страницы

15.01.2011

Mənim ədəbiyyatım

İbrahim Sel     Professional Oxucu Liqası


 Ola bilsin dostlar bu yazını oxuyanda mənim bu cür üslubumu bəyənməyəcək. Fərhadoğlu da özünəməxsus reaksiya verəcək; “qarışıq və axıracan əsaslandırılmamış mövqe nümayiş etdirmisən”-deyəcək. Ola bilsin ki, mənim “barışmaz redaktorum” olan Sabutay qəzet yazısı üçün işarələrin çoxluğunu düşünəcək. Ancaq məhz onun simasında yazar dostlarımıza vurduğum işarəni də mütləq anlayacağından əminəm. Necə deyərlər, “arifə bir işarə də bəsdir”. Niyə məhz bu essevari tənqid üslubunu seçməyim sual doğurarsa və oxucuları düçündürərsə, hər kəsi düşündürəcək bir cavabım var öncədən:- ədəbi tənqidin olmadığı yerdə…



Hüsamə bin Sərxanın “Selin gətirdiyi divan” yazısına cavab olaraq



 I HİSSƏ. Deyək ki, yalançı təvazökarlığı kənara qoysam, mən yaşda bu barədə danışmaq yox, danışmamaq ayıb olar. Amma mən yaşda daxildə gizlənən əsl hökmün də mənası aydın olur. Aydın olur ki, əslində lap əvvəldən, yolun başlanğıcında, yəni cavan olanda nə axtardığını, hara gedəcəyini bilmək gərəkdir. Elə bilirsən də. Nə istədiyini, hansı yolu tutduğunu, getməyi bacarıb-bacarmayacağını məgər hər bir idrakı olan adama onun içi hələ lap vaxtında, gəncliyində xəbər vermirmi? Sonrası sınaqlardır, mənəvi sınaqlardır, əldə olunmuşların görüntüsüdür, çöl və iç təsdiqidir. Təcrübənin qandırdıqlarını sadəcə yerinə düzməkdir. Sanki hər şeyi sonradan mənimsəmisən, pillə-pillə anlamısan, elə belə də var. Amma yol ki həminkidir, gəncliyində müəyyənləşdirdiyindir.  

 Deyək ki, 2000-ci illərin ortalarında iç savaşım predelə çatdı, anladım ki mənim Ədəbiyyatımın təsdiqi ilə bağlı məsələ nə yerdədir. Əgər bu konkret bir ünvandan, instansiyadan, nəfərdən-filandan asılı isə, bu ədəbiyyatın vücudu, varlığı, dünyada yaşamı nəyə lazımmış ki… bu cür olmur. Dərk etdim ki mən öz ədəbiyyatımı, böyük ədəbiyyatda yerimi özüm müəyyən etməliyəm və uzun illər bu işlə məhz özüm məşğul olmalıyam. Hərçənd elə mən də özümü Rasim Qaraca şinelindən çıxmış hesab edirəm və Tehran Əlişanoğlunu öz müəllimim sanıram. Əslində baxıb gördüm ki, bu yol elə o cavan yaşımdan gələn yoldur, mövcud ədəbiyyata, özgələrinin ədəbiyyatlarına toxuna-toxuna, arada nəsə “qapançalayaraq”, tulladığın dəyib özünə qayıda-qayıda. Məhz böyük ədəbiyyata xas nöqtələrdə kəsişib, üst üstə düşüb, itilənib təsdiqlənərək. Özgələrə münasibətdə yanaşı durub və o daxili MƏN də başlayıb müqayisələr aparmağa, ümumi həqiqəti, eyni funksiyanı yerinə yetirməyə. Əslində hamıda belədir, ədəbiyyatda özünü bilənlərdə də, təsəvvüründə bu və ya digər qədər yanılanlarda da- hərədə öz mərtəbəsində. Bircə onu dəqiq bilirəm ki, kim ki öz ədəbiyyatında daha çox səmimi, yəni sərbəst, daxilinə bağlı, saxtalığa yol vermədən özüdürsə, onun DAVAMLIĞI daha artıqdır, başqalarına nisbətdə boyu var, aylar-illər görünməsə belə (ədəbiyyatda xronologiya ölçü deyil), ZAMANLADIR- ədəbiyyat da ki zamanın sənətidir. Ədəbiyyatın FƏRDİ yaranması, məhz fərdinin həmin toqquşmalarda ictimai status alması, böyük ədəbiyyatın sınırlarında ölçü kəsb etməsi elə budur…

 Ətrafı bürümüş kənd kşatriyasına dəhşətli nifrət var. İlk möhtəşəm kompozisiyamın da adı “Şəhər kompozisiyası” olacaq, çünki şəhər üçün yazıram. Beynimdəki yenə şəhər simvolikasıdır, ədəbiyyatımızda çağdaş bir şəhər kimi, klassik ruhu daşımağımın fərqindəyəm. Bu ruhun adı, mənası, önəmi nədir, izah edə bilmərəm, bircə onu bilirəm ki onu bacardıqca daşımalıyam. Yetişdiyimiz, boya-başa çatdığımız ŞƏHƏRİ yaşadığımız kənd nə qədər yeyirsə, o qədər də axına qarşı əl-qol atmalıyam. Burda nə baş verir- ən ali, ruhi, mənəvi proseslərdən qatı palçığa, hündürmərtəbələrdən- indiki, müstəqillik dövründə pırtlayıb çıxan on altı mərtəbələri nəzərdə tutmuram, sovet dövründəki beş, ya da doqquz mərtəbələri nəzərdə tuturam, lap elə beşmərtəbənin altıncısı olsun!- lənkəransayaq həyət evlərinə qədər, tör-töküntü və tarantinosayaq kanalizasiyalara qədər (lap elə romantik “səfillər”ı yada sala bilərsən). Mən bunu klassik ruhumdan keçirib ədəbiyyatıma verməliyəm. Lap kənd improvizələrimdə belə bunu hiss etdirməliyəm. Öz tör-töküntüsü, naşılığı ilə kim ortanı bulayır, bizim ruhumuzu, sizin yaşamınızı nə qədər çətinliklərə düçar edir, fərqi yoxdur, mən dayanmalıyam. Bu mənim müəyyənləşmiş yerimdir, təzə və köhnə sakinlərə bu nə qədər görünəcək, çağırılmamış qonaqları hansı fikirlərə salacaq, burda qida mənbəyi axtaran diletantlara nə aşılayacaq, yaxud aşılayamacaq, təkanlayacaq, kopyalamağa məcbur edəcək, ya cırıb atacaq- hər kəsin öz işi. Mən ki bilirəm, bu mənim oturuşmuş yerim- ədəbiyyatım, həqiqətlərimdir. Mən öz içimdəki, arzularımdakı, keçmişimdəki, röyalarımdakı ŞƏHƏRİMDƏN nə, necə görünür, həmişə verməyə çalışmışam, başqaları kimi falşa varmamışam. Öz yerimi bilməyimdən başqa, başqalarının potensialını da düzgün qiymətləndirmişəm. Kimin nəyə qadir olduğunu çox gözəl anlayıram, çünki hər şeydən əvvəl professional oxucuyam, yazmaqdan çox oxuyuram. Məsələn, ortada bir Rasim Qaraca var, zamanın qəti, barışmaz, hardansa qopmuş küləyi, havası, nəfəsi ruhudur. Hələ ki 1 nömrədir. Bu kalibrdə sırf ədəbiyyat adamı bizdə yetişməyib. Biri də var- Həmid Herisçi. Məmləkət üçün bir tapıntı. Həmid tozanaqdır, həmişə öz yerində, havasında, dozasında- şərq də, qərb də onun içində. Daha barmaqla sayılası 5-10 adam var. Yerdə qalanı havası çıxan kuklanın nağıllarıdır.

 Və mən bu hava buraxan kuklaların içində bildim ki, yolumun sonrası lap dərinədir, qədim hind-arilərin yolu kimi dəf edib keçməyədir. Ruhum ədəbiyyatın daha dərinlərindədir. Üstdəki qatda oturan çör-çöplər buna varsın, ya varmasın, mənim borcumdu bilmək- nə, hansı mərtəbədədir, daha durub tozanaq, boran, küləklərin dağıtmağa qadir olduqlarına da zamin durmayacaqdım ki. Hər kəs öz çıxdığı şinelin ətrafinda fırlanır. İstədiyiniz sferalarda, ən vaciblərdən ən əhəmiyyətsiz imzalara, məbədlərdən truşobalara qədər gəzişə bilərəm. Bircə bilmək maraqlıdı ki, siz mənimlə gəzişmək istərdinizmi?

 Həmişə qeyd etmişəm ki, özümü professional yazıçı saymasam da, professional oxucu hesab edirəm. Oxucu kimi məni düşündürüən məsələlər haqda yazmağa və fikirlərimi digər özüm kimilərlə bölüşməyə çalışıram. Bu, tarantasla, fəna ilə mübarizədi mənimçün. Bu, mənim özümü ən rahat ifadə etdiyim bir yerdir. Ədəbi proses üçün yazmıram, özümüzə özümüzü tanıtmaq, bir ustadın yazdığı kimi həyatımızdan fənanı qovmaq üçün yazıram. Yazdıqlarımı ədəbi qəzetlərin çoxu çətin ki götürə, çünki indiki ədəbi prosesdə məmur əxlaqı üstünlük təşkil edir. Hətta sovet vaxtı məmurlara mətbuatı inhisara almağa imkan və icazə verilmirdi. Amma müstəqillik yaranan kimi məmurlar ədəbi və partiya mətbuatını inhisara almağa girişdilər. Yenidənqurma adlı bəla başlanan kimi iri həcmli yazıçıların yubileyləri Leninin yubileyi qədər böyük həcmdə qeyd olunmağa başladı. Rəsmi mətbuat vəzifədə olan məmurların tərənnümü ilə doldu. Vicdanlı tənqidçilər də heç kəsə lazım olmadı, çünki səs eşidilmirdi, tribuna yox idi.

 Dövlətin stimullaşdırdığı mətbu kürsülərdən Ədəbiyyat marağının iyi belə gəlmir. Azeriblogda şəbəkələşməni görüb bir neçə sayt yaratdıq, ilk girişi gündə 50 nəfər olan saytın oxucu sayını 1200-ə qaldırdıq. Elə vaxt olurdu ki, gündə 2000-2200 ziyarətçi olurdu, Azərbaycan parametrləri üçün zəif göstərici deyil, bunuçün kifayət qədər enerjimizi və əsəblərimizi sərf etmişdik. Bu ilin əvvəlində yoldaşlardan biri Litparad blogumuzu müstəviləşdirmək də istədi, effekt vermədi. Amma 15 mindən artıq bloggerin qatıldığı azeriblog.com internet resursu məhv edildi, arxivin isə izi-tozu da qalmadı. Baxıb-görürsən ki, min tirajlıq “Millətim”ə yazmaq daha effektivdir, nəinki bizdəki internet-gəzişmələr. Ardıcıllığa stimul gərəkdir. Maddi qazanc isə yoxdur, bu barədə heç fikirləşmirik də. Entuziazm üzərində də Ədəbiyyat ömrü yaşamaq olar, bu- sadəcə bir hobbidir.

 Mən bir neçə dəfə layihə yazıları yazdığıma görə qonorar almışam, o da ictimai-sosial mövzuda olub. Ancaq ədəbiyyat yazılarından, hansı ki mətbu fəaliyyətimin əsas hissəsini təşkil edir, bir manat da maddi qarışıqlıq olmayıb. Yox, yadıma gəlir, bir dəfə deyəsən birinin kitabını təriflədiyimə görə qonaqlıq almışam. Tipik simvolikadır. Mənim bu statistikam da elə ədəbiyyat-tənqid müstəvisinin durumunun bir tərəfini göstərir.

 Doğrusu, mən buna çoxdan alışmışam ki, stimulu gərək başqa sahələrdən qazanıb, ədəbiyyata isə maddi təmənnasız (stimulsuz) işləyəsən. Ədəbiyyatdan pul qazanmaq bizə haram buyrulub. Fədai olub getmişik. Başqa cür ola bilməsi ağlıma da gəlmir. Hətta elə öyrəşmişəm ki, bəzən düşünürəm, nə vaxtsa mənə ədəbi yazılarımın nəşri üçün pul təklif etsələr, götürməzdim. Ona görə ki qoy yuxarıda dediyim simvolik-təsnifat bakirə qalsın- mən də o təsnifatı həmişə hər yerdə nümunə gətirim ki,- bax e… and içmək üçün bir dənə də pulunu aldığım ədəbi yazım olmayıb, bura Azərbaycandır.

 Konkret məsələnin üstünə gəlsəm, bu gün profilli ədəbi tribunamız yoxdur. Lap olsa orda kim yazacaq? Yenə məlum zümrə özününküləri dürtüşdürəcək? Cəfəngiyyatı sırıyacaqlarmı? Könül istərdi ki, səhifələrində ay ərzində bütün ədəbi toplularda çıxmış bütün ədəbi yazıları- nəzmi, nəsri əhatə edən professional ədəbi “tolstuşka”mız olsun. Gah Rasim Qaraca adyazar.az saytı açır, bir az keçir, pulsuzluqdan qapanır, Əlişanoğlunun “Tənqid.net”-inin üstünə rüblük yazılıb, imkansızlıqdan ildə bir dəfə çıxır. Nəzərə alsaq ki, oxşadığımız Rusiyada təkcə tənqidə dair “Kritika”, “Literaturnaya kritika” kimi bir neçə sanballı jurnal çıxır,- orda bugünkü rus şeiri haqda təhlil-tənqidlərdən tutmuş iki əsr əvvəlki rus nəsrləri haqda yeni tənqidlərə qədər tam bir sistemə rast gəlirsən,- bunu nəzərə alsaq, bizim ədəbi müstəvinin bir adı var: cənab Pərakəndə!

 Həyatımızın əsas hissəsini hesab etdiyimiz dəyərlər indi ayaq altındadır. Ədəbiyyat da, elm də, təhsil də mason proyektçilərinin əlinə verilib, məmurların pul mənbəyinə çevrilib. 70 ildə yaradılmış böyük mədəniyyət məhv edilməkdədir. Buna qarşı isə heç bir mübarizə imkanı yoxdur.

 II HİSSƏ. Çoxları gəlir ədəbiyyata, öz istedadları ilə, enerjiləri ilə, həvəsləri ilə. Di gəl ki sönüb gedirlər, başladıqları həvəslə davam etmirlər. Çünki bizim milli həyatımız: iqtisadi, siyasi və şəxsi planda həddən artıq bəsitdir. Bu mühitdə istedad dərinləşə bilmir, həyatın incəliklərinə vara bilmir. Elə indinin özündə də bizim ictimai həyatda əsas süjet və yüksəliş səbəbi qabiliyyət yox, fantasmoqorik miqyaslı yaltaqlıqdır. Mədəni ölkələrdə, məsələn, Rusiyada, İranda, şəxsiyyət olmasan, heç nəyə nail olmazsan. Bizdə isə əksinə, sən şəxsiyyətsənsə, iddialısansa, sənə yer yoxdur. Mütləq yaltaq maskası taxmalısan. Yəni mənəvi cəhətdən ölməlisən ki, maddi cəhətdən ölməyəsən. İndi Rasim Qaraca, Aqşin Yenisey, Kənan Hacı, Nərmin Kamal kimi yazarlar bu qaydaya müqavimət göstərirlər. Rafiq Tağını nə üçün həbsə atdılar, çünki müstəqil qələm adamı kimi yazmağa başladı. Mühit onu cəzalandırdı. Elmar Hüseynovu isə öldürdülər. Bu gün Ramiz Tağıyev kimilərin də həbsdə yatmağı onu göstərir ki, müstəqil jurnalist və yazarlar bir az ehtiyatlı olmalıdırlar.


 Əvvəllər mənim tamam başqa mövqeyim, məsələlərə fərqli yanaşma tərzim vardı. İnsan hər 5 ildən bir dəyiş(məlid)ir. İnformasiya almalı, dünyagörüşünü artırmalı, çoxlu oxumalı və öz mənəvi aləmini formalaşdırmalısan. Demək olar ki məktəb illərindən ələ keçdikcə Avropa ədəbi-nəzəri fikrini oxuyurdum. Çoxlu kitab kolleksionerləri, ifrat dərəcədə mütaliə həvəskarları vardı ki oxuduqları kitabları bizə də ötürürdülər. Yavaş-yavaş başa düşürdüm ki, bizə rəsmi ədəbi dərgilərdə “görkəmli yazıçı” adına sırıdılanlar heç ortabab adamlar da deyilər. Bu gün onlardan ədəbiyyatda kim hadisə olan əsərlər yazıb? Mən tədricən anladım ki bu ədəbi proses deyil. Bizə korifey kimi sırınanların ümumdünya miqyasında zərrə qədər də dəyəri yoxdur. Ədəbi proses Belinski Puşkindən yazanda ortaya gəlir, Nekrasov iyirmi altı yaşlı Lev Tolstoyun rus ədəbiyyatını sökəcəyini deyəndə vicuda gəlir. Ədəbi proses ölüsü sahibsiz qalan M.F.Axundovdur, M.Ə.Sabirdir, Mikayıl Müşfiq və Əliağa Kürçaylıdır. Ancaq heç bir vəchlə nə Səməd Vurğun, nə də ki Bəxtiyar Vahabzadə deyildir.

 Xidmətçi yazarlar, tərəkəmə akademiklər, mahiyyətə varmayan, əlüstü manevrlər edən qrafomanlar minlərlə kitab yaza bilər. Bunun ədəbi prosesə dəxli olmaya bilər. Ədəbi proses elə əsərlərlə, yazıçılarla dialoqdur ki, o səni ədəbiyyatın həmişə diri dəyərlərinə aparıb bağlayır. Mən bu dəyərlərlə dialoqa can atıram. Kşatriyanın yazdığı mənimçün maraqlı deyil, mənim ali sandığım brahmanlar var.  

 Adamlar anadangəlmə müxtəlifdirlər. Bəziləri yüz kitab oxuyub bir paraqraf yaza bilmirlər. Onlar başqalarının təqlidçisi olurlar. Bəziləri iki-beş kitab oxuyub bir kitab yaza bilirlər. Bu adamlar arasında təbii fərqdir, mən ironiyalıq bir şey görmürəm. Fikri olan adamlar var, bir də alimlər. Alim yüz kitab oxuyub onun şirəsindən təzə kitab yazır. Fikri olanlar isə özlərinin dünyanı necə gördüklərini yazırlar. Adamlar var fikirlərini kağıza köçürəndə ləzzət alırlar. Mənimçün onlar maraqlıdır, belələrini aramağa can atıram.

 Bəzən iradlar olur ki, qarışıq və axıracan əsaslandırılmamış mövqe nümayiş etdirirəm. Ola bilər. Amma nəzəri tədqiqatlar deyəsən elə belə də olmalıdır axı. Nəzəriyyədə sübut çox nisbi bir şeydir, problemlərə çoxlu baxış bucaqlarını verməyə can atırıq ki seçim olsun. Mən öz konsepsiyamı bacardığım qədər ifadə etməyə çalışıram. Fikri ifrat səliqəyə salanda ölür, sxemə çevrilir.    

 Təsir barədə onu deyə bilərəm ki, 2004-cü ildən postmodernizm fəlsəfəsi mövzusunda dissertasiya götürüb o sahədə özüm üçün araşdırma aparmasaydım, beynimi o qeyri-ordinar əsərlərə qoşmasaydım, indiki yazılarım ortaya çıxmazdı. Bu dalğa mənim oxuduğum yenilikçi nəzəriyyələrə verdiyim bədii cavabdır. Bəzən polemikalarımda toxunulmuş mövzulara bir də toxunmaq, yazılmış həqiqətlərə bir də qayıtmaq lazım gəlir, qorxusu yoxdur,- çünki bunlar mənim də həqiqətlərimdir, təkcə toxunduğum müəlliflərin həqiqətləri yox... Daimi olan standart formalar deyil, arxasındakı həqiqətlərdir, hər halda təqib qıldığımız Ədəbiyyat yoludur. Mən özümə icazə verdim, əsirgəmədim, eyni maraqla gənc müəlliflərdən də bunu gözləyirəm. Hər an dinləməyə, sizə yer ayırmağa hazırıq. Söz haqqınız var. İxtiyar ki səndə, ədəbiyyatındadır. O ədəbiyyat ki gücünə inanırsan və qiymətləndirirsən, ən azı ona görə ki ruhuna toxunmuş, təkanlarını duymusan…

 Niyə özümdən başladım? Özümdən demək naminə yox, yəqin hiss etdiniz, sadəcə həmin ədəbi həqiqət davam edir- bütünlüklə Ədəbiyyat təəssüblüsünü tapmıram, tanımıram. Heç kəsi də qınamaq olmur. Çünki gənclik ehtirası ilə mənim özümdən də soruşsanız, bəs niyə potensialını tam realizə etmədin, bugünün özündə də bununçün Müstəvinin olmadığını deyərdim. Hələ indi də “podvopros”dur ki, bu qəzetin oxucusu sabah onu almağa 40 qəpik tapacaq ya yox? Və yaxud yediyi saxta mağaza ərzağından ailəsində kimsə zəhərlənməyəcək və o bütün həftəni fərli dərman axtarışlarında keçirməyəcək. Sadəcə elə bir yaşam mexanizmi ki, bütün əlavə işləri atıb ədəbi işin realizəsi ilə məşğul olasan, yoxdur; bizdə Ədəbiyyatın bu yaşam haqqı əlindən alınıb...

 Hamımızın söydüyü köhnə quruluşda da olsa, bugün əsərləri dünya marağında olan M.Baxtin (eşitməmiş olmazsınız) əyalət universitetində dosentmiş, doktorluğunu yada salan da olmayıb, amma sovet sisteminin maaşı imkan verirdi ki, oturub bugün dünyaca məşhur olan əsərlərini yazsın…

 “Millətim”in qurucu və yaradıcı heyətinə bir daha dərin təşəkkürlər! Sağ olsunlar, şərait yaradırlar, tribuna verirlər. Vəziyyət belədir ki, fürsət bilib ancaq bugünə olan mənzərənin problemlərini cızmağa, cəmiyyəti informasiyalandırmağa çalışırıq. Bir yazım var, 3 dəfə dərc etdirmişəm. Məqalədə konkret göstərirdim, XX əsrin bütün “izm”ləri bizdən yan keçmiş, deməli hələ bura gəlib-çatmamışıq, hər Tənqid mərhələmiz ruslar vasitəsilə dünyaya təqliddir, amma məsələn: Lotman strukturalizm məktəbi faktdır, Baxtin faktdır- bizdə isə heç təsirləri də əməlli-başlı görünmədi… Kimə deyirsən- kar divarlara? Tehran Əlişanoğlu 1960-1980-ci illəri neo-marifçi dövr adlandırır. Göstərir ki, maarifçi Axundovdan neo-maarifçi Yaşar Qarayevə qədər ədəbiyyatımızın qarşısına qoyduğu problemlər nə ilə fərqlənib ki, yalnız bir qədər eninə və bir az da dərininə genəlib, vəssalam. “Nol vnimaniya”! 

 Maksimalar yalnız oriyentirə yarayır, Ramiz müəllim, yəni “yox”a baxıb varı görürük, “var olmasını” istəyib, yoxu görürük. Gözlərinizi ağrıdaraq oxuğunuz üçün bir daha təşəkkürlər!


"Millətim" qəzeti

Комментариев нет:

Отправить комментарий