Страницы

02.01.2011

Mərdan Dadaşlı

Yardımlıda yaşayan və yaradan şairlərdəndə biri Mərdan Dadaşlıdır. Öz üslubu və deyim tərzi olan bu şairin şeirlərində bir ümüdsizlik olsa da həyata baxışı nikbindir. Hal-hazırda anadan olduğu Yardımlı rayonunun Anzov kəndində müəllim işləyir.

                                   OLSUN

Haqdan yanan bir çırağam,
Halal ruzim, pak ocağım,
Söz mülkində bağça, bağım
Ətir saçan gülüm olsun.

Haqqam, mənə yaddı yalan
İnsan gedər, addı qalan
Yüz demirəm, yadda qalan-
Beş gün gözəl günüm olsun.

Ayrı düşsə haqdan canım,
Belə keçsə bircə anım.
Səadətdən göz dərmanım,
Qəmdən böyük gölüm olsun.

Olum, nəşən, ölüm nəsən?
Qoy yaşayım görüm nəsən.
Sən ölümdən seçilməsən
Olum, sənə ölüm olsun!

                              ***
Ruhumu dinc elə
Çətin rahat anım ola,
Yanan ola, yanam ona.
Mənim özgə canım ola
Qoyam canımı dincələ.

Ağrım, acım olar aram
Mən nəfsimi edəndə ram.
Dərinlərə kök atıram.
Canım incələ-incələ.

İnam, iman qəlbində tam,
Nicat yolu var, tapmışam.
Mən qurana inammişam,
Həm də Zəbura, İncilə.

Çəkir məni gözəl aləm,
Yolu olsada dərd, ələm
Tanrım sənə yol gəlirəm,
Mənim ruhumu dinc elə.


                                   MƏMLƏKƏTDƏ

Yaxşılar azalır bu məmləkətdə.
Haqq desən ağzına vuran tapılar
Nahaqdan üzünə duran tapılar
Bütün ümüdini qran tapılar,
Yaxşılar azalıır bu məmləkətdə.

Söz ilə qəlbini deşən çoxalır,
Ayağın altını eşən çoxalır.
Haramla piylənib şişən çoxalır
Yaxşılar azalır bu məmləkətdə.

Çoxalır günahı bol olan kəslər,
İmanı məxhəbi pul olan kəslər,
Çoxalır nəfsinə qul olan kəslər,
Yaxşılar azalır bu məmləkətdə.

Dolum ürəklərə fırıldaq, kələk,
Kəsilr, düz olmur kəsilən çörək
Həyəcan siqnalı çalınsın gərək,
Yxşılar azalır bu məmləkətdə.

Ağ olur Allaha bəşər axırda,
Bürüyər hər yanı bu şər axırda
Qırmızı kitaba düşər axırda
Yaxşılar azalır bu məmləkətdə.


                                      ŞÜKÜR ELƏ

Çox şey istər axı ürək
Yağ, bal, kabab nəyə gərək
Tapa bilsən soğan, çörək
  Şükür elə!

Bir paltarı on il sürü,
Xəcalətdən üzül çürü.
Əzab çəksən dürlü-dürlü
  Şükür elə!

Getmək üçün sən cənnətə
Dözməlisən hər zillətə
Şükür düşüb bu millətə
  Şükür elə!

Artsa da quldur, yolkəsən,
Heç danışma bir kəlmə sən.
Nə olsun qara gündəsən
  Şükür elə!

Uçsa da başıma qaya
Çağırma heç kəsi haya
Çabalaya-çabalaya
  Şükür elə!

Mərdan yazdı bu sözləri
Artırmasın dərdi-səri
Qaldır göyə əllərini
  Şükür elə!

Комментариев нет:

Отправить комментарий