Страницы

20.01.2011

POLİS BAKIDA GƏNCLƏRİ QANINA QƏLTAN ETDİ: 1 ÖLÜ

       Bizi elə döyürdülər, elə bil əllərinə qatı cinayətkar keçib. Əsasən başımızdan vururdular 

“Bizi elə döyürdülər, elə bil əllərinə qatı cinayətkar keçib. Əsasən başımızdan vururdular. Görürsən əllərimi, "dubinka" ilə vurub sındırıblar. Əlimin biri 4 yerdən sınıb, biri də bir neçə yerdən çatlayıb. İşin Nizami Rayon Prokurorluğunda araşdırılmasının əleyhinəyik". Bu sözləri əməkdaşımıza Elvin Əsgərovun yas məclisində iştirak edən dostu Anar Qəniyev deyib. Onun sözlərinə görə, Nizami rayonu ərazisindəki “Neon” restoranına Məhəmməd adlı dostlarını görməyə gediblər. “Məhəmməd Moskvadan qayıdıb. Xeyli müddət idi onu görmürdük. Elvinlə oturub restoranda çörək yeyirdik, dedi ki, Məhəmməd qayıdıb, "Neon" restoranında dostlarladı, gedək görüşək. Dedim ki, gecdi, səhər gedərik. Elvin israr elədi, getdik. “Neon”a çatanda gördük ki, Məhəmməd və dostları masadan qalxırlar. Deyə-gülə restorandan çıxdıq. Elvinlə Məhəmməd zarafatlaşırdılar. Maşının yanında söhbət edirdik, gördük ki, yanımızda post-patrul xidmətinin maşını dayandı. Ordan düşən serjant “niyə dava edirsiniz”, - deyib üstümüzə gəldi. Cavab verdik: “Rəis, dava eləyən yoxdu, söhbət edirik, maşınlara minib gedirik”. Amma əl çəkmədi. Maşından da bir neçə polis düşdü.
Məhəmmədi zorla öz maşınlarına oturtdular. Elvini və məni də oturtmaq istəyirdilər. Hərəmiz bir tərəfə qaçdıq. Əraziyə 2 post- patrul maşını da gəldi. Ardımızca qaçıb bizi tutdular. “Dubinka” ilə taqətdən düşənə kimi döyüb, 24-cü polis bölməsinə apardılar. Orada da döydülər".
A.Qəniyevin sözlərinə görə, bölmədə üzərlərində olan əşyaları, telefonlarını alıblar. Bölmədə davam etdirilən döymələr zamanı Elvin Əsgərov bayılıb. Bundan sonra onu bölmədən çıxarıb hara isə aparıblar: “Elvini huşsuz vəziyyətdə öz maşınlarına oturdub harasa apardılar. Sonradan bildik ki, onu Sabunçudakı 3 saylı xəstəxanaya aparıblar. Qəbul şöbəsində deyiblər ki, güya Elvin həmin xəsarətləri yol qəzasında alıb. Xəstəxanada həkimlər Elvini cərrahiyyə əməliyyatına aparınca o, döyülmə zamanı aldığı xəsarələrdən ölüb. Bu, cinayətdir”. A.Qəniyev Elvin Əsgərovda bıçaq olub-olmaması ilə bağlı sualımıza belə cavab verib: “Kimi o cür vəhşicəsinə döysəydilər, özünü müdafiə etmək üçün əlinə keçəndən istifadə edərdi”.
Həmsöhbətim Nizami rayon Prokurorluğunda şahid qismində ifadə verdiyini də söylədi: “Müstəntiq deyir ki, sizi döyənlərin post-patrul xidmətinin və ya 24-cü polis bölməsinin əməkdaşları olduğunu aydınlaşdıra bilmirik. Axı bu necə ola bilər?”
Yas məclisində onu da öyrəndik ki, 1979-cu il təvəllüdlü Elvin Əsgərovu yanvarın 13-də Biləcəri qəsəbəsindəki qəbirstanlıqda torpağa tapşırıblar.
“Neon” restoranına da baş çəkib hadisə ilə bağlı məlumat topladıq. Restoranın rəhbərliyindən dedilər ki, müştəriləri arasında heç bir dava-filan olmayıb. “Hardasa deyiblər ki, güya polisi biz əraziyə çağırmışıq. Belə söhbət yoxdur. Həmin gün müştərilər yeyib-içib restorandan çıxıblar. Çöldə nə baş verdiyindən bizim xəbərimiz olmayıb. Sonradan telekanalardan eşitdik ki, polislər kimlərisə bölməyə aparıb və orada bir nəfər ölüb”.
“Neon” restoranının yaxınlığında, yol kənarında əlil arabasında illərdir səhərdən-axşama bir nəfər dayanır. Ona da yaxınlaşıb hadisə ilə bağlı maraqlandıq. Elnur adlı həmin şəxs dedi ki, hadisə baş verəndə orada olmayıb: “Qarabağda əlimi, ayaqlarımı itirmişəm. 4 ildir burada dilənməklə ailəmi saxlayıram. Bu illər ərzində belə bir hadisə olmayıb. Dünən bir oğlan gəldi, dedi ki, qardaşımın papağını axtarıram. Ondan soruşdum, dedi ki, polislər qardaşını burada döyüblər, həmin vaxt papağını itirib. Hadisə gecə 12, birin yarısı radələrində olub. O vaxt mən evdə yatıram”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə milli.az xəbər portalına açıqlamasında bildirib ki, dünyasını dəyişən Elvin Əsgərov polis əməkdaşlarına bıçaqla xəsarət yetirib qaçarkən yıxılıb. O.Mansurzadənin dediyinə görə, yıxılma nəticəsində xəsarət alan E.Əsgərov 3 saylı klinik xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
O.Mansurzadə E.Əsgərovun polislər tərəfindən döyülərək öldürülməsi ilə bağlı iddiaları təkzib etdi: “Elvin Əsgərovun ailə üzvlərinin onun polisdə döyülməsi və bu səbəbdən aldığı xəsarətlərdən ölməsi ilə bağlı iddiaları əsassızdır. Həmin iddiaların rəsmi əsası yoxdur və yalandır”.
Xəstəxanadan xəbər portalına verilən məlumata görə, 31 yaşlı gənc xəstəxanaya ağır vəziyyətdə gecə saat 01:50-də daxil olub. O, daxil olarkən qapalı kəllə-beyin travması, başın təpə və ənsə nahiyəsinin hematomiyası, burunun əzilməsi diaqnozu qoyulub. Yaralı komatoz vəziyyətdə olub. Xəstəxanaya naməlum şəxs kimi daxil edilən şəxsin sonradan Elvin İman oğlu Əsgərov olduğu məlum olub.
Günün sonunda redaksiyamızla əlaqə saxlayan bir qadın isə deyib ki, Elvin Əsgərovun 8 polis əməkdaşı tərəfindən döyülməsinin şahidi olub: “Onu 25-ci polis bölməsinin arxasındakı 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində 8 polis əməkdaşı ”dubinka" ilə vəhşicəsinə döyürdü. Sonradan telekanallarda vicdansızcasına dedilər ki, güya həmin oğlan qaçıb, yıxılıb və ölüb. Axı belə olmayıb. O, bir polis əməkdaşını boğazından yaralamışdı. Polislər həmin polisi təcili yardıma boğazını sarımağa gətirmişdilər. Həmin oğlanı stansiya qəbul etmədi. Onu həyətdə elə döyürdülər ki, bütün ətrafdakı binaların sakinləri, orada əsasən 2 mərtəbəli evlərdə qaçqınlar yaşayır, hamı çıxıb baxırdı. Heç kim qorxusundan yaxın getmirdi. Bununla bağlı 102 xidmətinə zəng etdim. Dedilər ki, biz belə məlumatları götürmürük. Nizami Rayon Prokurorunun köməkçisinə də məlumat verdim, amma o da biganə yanaşdı. Ona sual etdim ki, sizin ananız, bacınız, atanız qardaşınız yoxdur. Əgər kiminsə hansısa qanunsuz hərəkəti varsa, bunun üçün prokurorluq, məhkəmə var. Əgər polis qanunsuzluq edənə “samasud”la məşğul olacaqsa, daha prokurorluğa, məhkəməyə nə ehtiyac var?"
Məlumatı redaksiyamıza verən qadın ailə üzvlərinin şərlənərək həbs edilməsindən qorxduğunu bildirərək ad və soyadını deməkdən imtina etdi. Bildirdi ki, obyektiv araşdırma aparılsa, 6 saylı TTYS-nın yanvarın 12-dən 13-nə keçən gecə növbədə olmuş personalı onun dediklərini təsdiqləyə bilər. Mövzuya dair bütün tərəflərin və iddialıların mövqelərini dərc etməyə hazırıq. \Yeni Müsavat\

Комментариев нет:

Отправить комментарий