Страницы

07.01.2011

Rəcəz

Nabatəli Qulamoğlu

           İndi dünya siyasəti əruzun bu bəhrində səslənir 

Dünya yaman qarışıb. Sovet İttifaqı zamanında fərqli sistemlər vardı və bunlar arasındakı rəqabət qaçılmaz idi. İndi iki əks sistem, demək olar ki, yoxdur, amma ideyalar döyüşür, insan itkiləri səngimək bilmir. Ağlımız ibtidai insanın təfəkküründən ciddi fərqlənsə də, hərəkətlərimiz oxşar olaraq qalır-dünyanın varını bölüşə bilmirik. Bu həm də həyat fəlsəfəsidir: dünya dolursa, deməli, onu boşaltmaq zərurəti də meydana çıxır. İndi demokratik dəyərlərlə avtoritar rejimlər ölüm-dirim savaşına girişib.

Bir-birini tamamlayan dörd hadisə yuxarıda söylədiklərimin sübutudur:

1) Lukaşenko saxta seçkiyə etiraz edən müxalifət liderlərini qanına qəltan etdi və həbsə atdı;

2) V. Putin M. Xodorkovskiyə uzunmüddətli həbs kəsdirdi;

3) Demokratik dünyanın gözləntilərinə baxmayaraq, Azərbaycan hakimiyyəti yeni ildə verdiyi əfv fərmanı ilə heç bir siyasi məhbusu azad etmədi (əfv olunanların isə azadlığa layiq olduğu bizim üçün qaranlıqdır, çünki həmişə televiziyalardan eşidirik: cinayət törətmiş şəxs təzəcə əfv fərmanı ilə azadlığa buraxılmışdı);

4) Ukrayna Prezidenti yeni Baş prokuror təyin edən kimi rəqibi Y. Timoşenkoya cinayət işi açdırdı (düzdür, hələ Yanukoviçin avtoritarizmə doğru addımları qorxaq şəkildə özünü büruzə verir). Göz baxa-baxa Şər Xeyrə meydan oxuyur. Dünyada demokratiyanın tənəzzülə uğraması hələ bir neçə il bundan qabaq senator Con Makkeyni narahat etmişdi və o çox ciddi bir təkliflə çıxış etmişdi. C. Makkeynə görə, Belorusda lukaşizm , Rusiyada putinnizm, Çində maoizm möhkəmlənir, dünyanın demokratik qüvvələri əllərini yana salıb durmamalıdır, bu çox təhlükəlidir. Təklifin mahiyyətində demokratiyanın iqtisadi, siyasi və hərbi gücünü konsolidasiya etmək ideyası dururdu. “Demokratik Liqa” adlandırılacaq bu təşkilat öz qarşısına ümumi hərbi büdcə hazırlamaq, viza rejimini ləğv etmək, işçi qüvvəsi və kapitalın azad hərəkətini təmin etmək kimi vəzifələr qoymuşdu. Avtoritar ölkələrin canına üşütmə salan məhz bu ideyadan sonra “demokratiyanı ixrac etmək olmaz “ kimi demaqoqik bir fikir ortaya atıldı. İndi də biz Obamanın əsas prinsip kimi seçdiyi “ağlın gücü”nü gözləyirik, o da ki, bizdə hamının tanıdığı “lazım” kimi bir şeydir-gəlib çıxmır ki, çıxmır.

Hər bir ölkə böyük ailədir. Yaxud biz də öz ailəmizin “dövlət başçısı”yıq. Biz də prezidentlər kimi uşağı günahı üstündə cəzalandırır və bir az sonra isə əfv edirik. Amma heç vaxt imkan vermirik ki, kimsə bizim ailənin haqqını oğurlasın. Hətta öz valideynlik borcumuzu yerinə yetirməyəndə bizi bu hüquqdan məhrum edirlər. Maraqlıdır, Azərbaycan iqtidarının zülmü altında inləyən “uşaqlar”a - Azərbaycan vətəndaşlarına beynəlxalq aləmin belə biganə münasibəti nə üçündür?

Ölkəmizdə demokratik fikirli insanların nikbinliyini bölüşə bilmirəm. Amma onu bilirəm ki, beynəlxalq dəstək olmadan bu labirintdən çıxmaq çətindir. Yəqin ki, biz də günahsız deyilik. Gərək vaxtında dövlət başçısını qara qüvvələrin təsirindən ayırıb öz tərəfimizə çəkməyi bacarırdıq. İndi bunu etmək daha çətindir. O vaxtları deyirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin etirazına rəğmən, İlham Əliyev müxalifətin Qələbə meydanında toplaşması üçün H. Abutalıbova göstəriş verdi. Onda hamının ürəyində bir demokratiya işartısı yarandı. İndi daha çətindir, çünki bilmirik, həmin o qara qüvvələr Prezidenti hansı iqtisadi rıçaqlarla özlərinə bağlayıblar. Hələ bir neçə il öncə M. Saakaşvili müsahibələrinin birində İ. Əliyev haqqında demişdi: “O təkdir”. Güman edirəm ki, yeni yaradılmış İctimai Palata da, ziyalıları səfərbər edən Xartiya da bu yolu bir daha sınaqdan çıxarmalıdır. Söhbət dövlət başçısını tərif eləməkdən, yaxud ona yaltaqlıq etməkdən getmir. Onu inandırmaq lazımdır ki, arxasında xalqın köməyini hiss etsin. Heç şübhəsizdir ki, siyasi iddialardan tamamilə uzaq olan bu təşkilatlar öz sıralarını genişləndirib müəyyən güc toplasa, buraxılmış səhvləri düzəltmək olacaq. Daha doğrusu, ona nail olmaq lazımdır ki, dövlət başçısı inansın: biz həmin o qara qüvvələrdən güclüyük.

Vaxtilə ərəb döyüşçüləri başdan ayağa silahlanıb çayın o tay-bu tayına toplaşardılar. Döyüşdən öncə qladiatorlar bir-birinə rəcəz oxumaqla öz qələbəsinə inamı xüsusi bir coşqu ilə ifadə edərdilər. İndi dünyada Xeyirlə Şərin durumu ərəb cəngavərlərinin döyüşünə çox oxşardır. Amma Şərin üstünlüyü göz qabağındadır. Belə yerdə söz siyasətindir - mən müxalif kəsimin taktikasını nəzərdə tuturam...


                                                                                      qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий