Страницы

06.01.2011

ŞƏKİLLƏR...

Hüsamə bin Sarxan                    

  

 BAŞDAŞINDAKI ŞƏKLİMİZ. Kəndimizin məscidi ilə qəbirstanlığı qonşudu.Aşura günü ata annesi ilə məscidə gedən 4 yaşlı uşaq şaxsey-vaxsey vaxtı baş verən qarışıqlıqdan istifdə edib qəbirstanlığa keçir. Ata annenin başı başına qapaz döyməkdən aynıyandan sonra görür nəvəsi yoxdu. O yana nəvə,bu yana nəvə,əl qatır özünə.Söhbətin nədən getdiyini anlamayan aşura iştirakçıları ata anneyə baxıb,yenidən cuşa gəlirlər.Nəvə isə öz keyfində,qəbirstalığı o baş-bu baş gəzib,qayıdır ata annesinin yanına.Ata anne başlayır uşağı duz kimi yalamağa.Uşaqsa heç nə olmamış kimi ata annenin əlindən yapışıb çəkir qəbirstanlıq tərəfə.Uşağın narahatçılığını hiss edən ata anne müqavimət göstərmir.Elə ki boy-boya dayanmış başdaşıların bərabərinə çatırlar,nəvə soruşur:

-Hamının şəkli burdadı,bə sənin şəklin hanı?

Ata anne nə qədər fikirləşirsə nəvəsinin sualına cavab tapa bilmir.

 Doğurdan da çox fəlsəfi-əndirəbadi sualdır və hər adam bu sualın cavabını tapa bilməz. Amma mən ağıl və kamalımın qüdrətindən istifadə edib, bu sualı cavablandırmağa çalışacam.

 HƏYATDAKI ŞƏKLİMİZ. Əslində hamımız şəkilik və başdaşındakı şəkildən qətiyyən fərqimiz yoxdu.Sadəcə başdaşındakı şəklimiz həyatdakı şəklimizdi, həyatdakı şəklimizsə-iblisin ,canavarın, qoyunun, camışın, keçinin...   

 Bax,belə-belə işlər,mənim balam! Şəkil olan şəkildi,şəkil olmayanın da şəkli var. Birilərini axtarışda olanların siyahısından,başqa birilərini şərəf lövhələrindən,digərlərini deputatxana və quşxanalardan...asıblar. ”Ana Sakit”, ”Müsavat”, AXCP-də asılanlar da öz yerində. Hələ ürəyimizdən asdığımız şəkilləri demirəm.” Ay bir qızın ürəyində

itən şəklim batan şəklim”.

Bax bu məqamda,beynimin hansısa küncündə dəfn etdiyim xatirələr xortdayır və xortdan olub yapışır yaxamdan. Mən o xortdanı qınamıram. Əgər mən nə vaxtsa Aygün Kazımovanı sevmişəmsə və onun bu günkü əndamının zülmündən maqazin verlişlərinə baxmıramsa(nədi-nədi yenidən məhəbbətim cuşa gələr), xortdanın günahı nə?

 O günləri yolum Lənkərandakı hamamlardan birinə düşmüşdü.Ləzzət elədi.Bundan sonra altı ay çimməsəm bəsimdi.Çiməndən,daha doğrusu çimizdiriləndən sonra güzgüyə baxdım və özüm-özümü tanımadım,mənim balam.Məsələ ondadır ki,tamam başqa şəkildə varlığa çevrilmişdim.Əgər çimənə qədər Qəddafinin şəkliydimsə,çiməndən sonra “Azərenerji”-nin prezidenti Etibar Pirverdiyev-fason bir şey olmuşdum.Uşaqlar baxıb”nə yakışıklı oğlandır”-dedilər.Mən isə öz-özümdən iyrənirdim.Çünki bu dünyada itin-pişiyin,bədə-bəddə Fəzail Ağamalının,Zəlimxan Yaqubun şəkli olmağa hazırdım,amma özün qoru,özün saxla ilahi,Etibar olmaq mənlik deyildi.

 ŞƏKİLƏ TAPIN, MİLLƏT! “Qolos”qəzetinin redaktoru serial azarkeşi olmasa da, günlərin bir günü necə olursa şeytan onu yoldan azdırır. Redaktor müəllim serialda görür ki,bir adam on mərtəbəli evin damından dombalaq aşıb düşdü yerə,amma ona heç nə olmadı.Dərd dırmaşır müəllimin kəlləsinə. Əcaba, necə olur ki,insan 40 metirlik hündürlükdən təpəsi üstə dəyir yerə, ancaq  ona heç nə olmur? Əlqərəz,redaktor 17 həftə evə vaxtlı-vaxtında gəlir ki,bu sualın cavabını tapsın.17-ci həftənin sonuncu günü gözlərini açan serial qəhrəmanı deyir:

-Məni Uqo Çavesin şəkli xilas etdi.

 Bəzən belə də olur,mənim balam!Sən bizim məmləkətə baxma.Bizdə hər şey başqa cürədir.Tanrının adını çəksən acından öləcəksən,şəkilə tapınsan,jımıxdan-zaddan tapacaqsan.

 Hələ bu harasıdır,mənim balam! Sən elə bir nazir,yaxud başçı göstərə bilərsənki,onun oğlunun şəkli nəinki şəhid olsun,”xotya-bı”əsgərliyə getsin?!

 SEV(MƏƏƏ)DİYİM ŞƏKİLLƏR. Mən FH naziri Kəmaləddin Heydərovun şəklini çox sevirəm.Axı o,milli-sadiq Fəttah kişinin şəklidir.Onların balası Talehdənsə zəndeyi-zəhləm gedir. Çünki məndə elə bir təəssürat varki bu uşaq nə vaxtsa demokratiyanın şəkli olacaq.Yaxud,Nəqliyyat naziri Ziya Məmmədovun şəklini görməyə gözüm yoxdur. Əvvələn,onun kimin şəkli olduğunu bilmirəm,ikincisi çox “simpatiçni”di. Oğlu Anarın şəklisə,tamam başqa məsələ.Təmiz ayının şəklidir. Eşitdiyimə görə Kəmaləddinin ayısı ondan “ayı”gözləyir. Bax burda deyiblər: kəsmək başqa, basmaq başqa,mənim balam!

 YAZIMIN “DABAN”I: Hamı öləcək.Hamı həşəratlara yem olacaq.Hamı sonda torpağa qarışıb Yer kürəsinin kütləsini daha bir ovuc ağırlaşdıracaq.Yer üzünün əşrəfi sayılan Azəri insanı ona verilmiş ömür payını necə gəldi xərclədikdən sonra,”kredit”ə ehtiyac duyacaq.Ki,ömrünü bir az da uzada bilsin.Amma bütün bunlar heç nəyi dəyişməyəcək. Dəyişməkdən ötrü hökmən şəkillər dəyişməlidir, mənim balam!               

Комментариев нет:

Отправить комментарий