Страницы

23.02.2011

Anormal sözlük

İbrahim Sel                “Çərçivəsiz” ədəbi qrupu



                         Vitoşun hobbisi              



səbrimiz böyük, amma hallar qarışıq,

qabarmalar, çəkilmələr gözlərində.

sən yürü, canım, mən yorulmuşam artıq,

məni də söylərsən vardığın yerlərdə.

                                    E. Başkeçid

                      

 QISA QAPANMA- getdi…

 SEL- üfüqi və şaquli xətlərin kəsişdiyi nöqtədə mən «EL» sözünü yerləşdirirəm. Horizontal üzrə mərkəzdən sağda «SEL»dir, solda isə «YEL»; vertikal boyunca mərkəzdən yuxarıda «TEL» dayanıb, aşağıda- «BEL». Bununla da sözün kifayət qədər aydın vizual görüntüyə malik etimoloji xəritəsi cızılır. Torpaq, gil, lil qarışıq gur, coşqun, iti, azman su axını «SEL» adlanır: çoxluq, birlik, nəhəng qüvvə təmsilçisidir.

 HOBBİ- meyl, maraq, həvəs cəmiyyətdə tutduğu mövqedən, vəzifədən asılı olmayaraq hər bir insana xas olan xüsusiyyətdir. Hərənin öz maraq dairəsi, yəni hobbisi olur, kimsə müxtəlif növ markalar, dəmir və ya kağız pullar, kibrit qutusu, silah, açıqca toplamağı xoşlayır, başqa birisi rəsm əsərləri, kitablar yığır. Bəzilərinin hobbisi müxtəlif növ quşlar saxlamaq, digərlərinki avtoşluq etmək, başqalarınkı telekanalları seyr etməkdir. Saatlarla internetdə «qurdalanmaq», kaset və disk toplamaq, musiqiyə qulaq asmaq, ova getmək, qəzet oxumaq, idmanla məşğul olmaq, hətta qumar oynamaq kimi hobbilər də mövcuddur. Həqiqətən də, zatən də, doğrudan da- deməyim budur ki,- ən yaxşı hobbi fikirlər kolleksiyasıdır məncə.

 OCAQ- (çox güman ki, Azad Yazarlar Ocağı nəzərdə tutulur- SEL) həmişə insanları ətrafına toplayıb. Söz elə od qədər qədimdir və sözün ocağı lap başlanğıcdan yanıb. Amma bütün başqa ocaqlar bir müddət yanandan sonra sozalıb sönsə də, sözün ocağına nə yağışlar, nə küləklər, nə sel kimi axıb keçən zamanlar təsir edə bilib; bir dəfə çatlamış söz ocağı yüzillər, minillər boyu alovlanıb ürəklərə, düşüncələrə hərarət yayıb. (Danışırlar ki, Li ilə ayrılıqdan sonra tamamilə tənha qalan Nitsşe gecələr dağlara qalxar, böyük ocaq qalayar və onun yanmasına tamaşa edərmiş).

 ZÜLMƏT- gecələr də gəlir, adamın içində də olur. Adətən heç nə anlamayan adamların içində məskunlaşır, ona görə də belələrinə heç bir söz təsir eləmir, nə qədər desən də, çevirib qabağına qoysan da.

 TOXUM- xırdaca dəndi ki, ondan daha böyük bitkilər cücərir, buna baxmayaraq bu xırdaca toxum iri məhsuldan, bəhərdən daha üstündü, daha gözəldi, çünki toxumun böyümək, artmaq, inkişaf etmək ehtimalı var, bəhərinsə gələcəyi yalnız solub-ölməkdi, ən yaxşı halda yeyilməkdi. Məncə elə bütün dünya bu cür toxumdan yaranıb, asta-asta.

 YAZIÇILAR BİRLİYİ- metafizik baxımdan, bu dünyada olan bir karma var, bizi o çərçivəyə salıb öldürmək istəyir. Ancaq nə yaxşı ki nəfəscik var! Mən belə havaya öyrəşməmişəm… Bir dəfə Mehdi Bəyazid deyib ki, ümumiyyətlə qəbul olunan ədəbiyyat ədəbiyyat deyil…

 NƏSİL- bizik ki hələ də burdayıq, sağ və salamatıq, elələri də var ki bizdən qabaq da burda olublar, ona görə bizim elədiklərimizin çoxunu bəyənmirlər, yüz dənə quş qoysalar da… irəli!

 YAŞAM- məncə, çayı tərsə üzməkdir, axışıyla apardığı ölülər olub həmişə.

 ÜMİD- düşünürsən ki sınmış budağın əvəzinə yenisi göyərər, yaxud itmiş itkinin əvəzinə bir ayrısı peyda olacaq, ya da ki səni qanmayan bu zırramaların içindən qurtulub fərli adamların mühitinə düşəcəksən, səni başa düşəcəklər, qədrini biləcəklər haçansa.

 SƏBR- dözürsən sənin arxanda törədilən bütün əyri işlərə, ta o vaxtacan ki ya sənin səbrin daşıb onları vəhşi kimi parçalayacaq, ya da onlar birləşib sənin üstünə töküləcək.

 TƏNHALIQ- o vaxt yaranır ki, ətrafında adam dolu olsa da, heç kəs səni başa düşmür, elə bil ki ərəbsən, ya da ki cinli.

 YIXILIR- adətən uşaqlar, heyvanlar, külək bərk əsəndə ağaclar da. Səmaya atdığınız şeylər də yerə yıxılır təzədən, çünki sizin zir-zibiliniz səmaya gərək deyil.

 QAR QAR- Xaqani küçəsindəki qarğalar oxuyurlar. Qara quşlardı, eybəcərdirlər, ziyankardırlar, oğrudurlar, iyrəncdirlər, hələ üstəlik arsız-arsız hamıdan da çox yaşayırlar.

 YAR YAR- Az TV-dəki müğənnilər səhərdən axşama kimi oxuyurlar. Bu ölkədəki televizorları da nə vaxt açırsan, yekə əndamlı qadınlar oxuyub oynayır. Onlar hər dəfə Yar yar sızıldayanda mən həmin mahnını özümçün başqa cür zümzümə edirəm. Deyim necə? Qulağını bəri gətir…

 SÖYÜŞ- sən ona elə-belə baxma; hər şey söyüşlə başlayıb, söyüşlə də bitəcək. Daş atmaq əvəzinə söyüş söyən insan sivilizasiyaya başlanğıc qoyub.

 AĞIZ- başın ön hissəsində yerləşir, ora yemək dürtürlər, su tökürlər, bundan başqa onun vasitəsilə həm də öpüşürlər. Ən əsası isə odur onun içindən danışırsan, əlbəttə ki əgər deməyə sözün varsa.

 ŞADLIQ- sevinirsən ki bu gecə ürəyin dayanmayıb, halbuki istəsəydi dayanardı, hər şey öz yerində durub, quşlar uçur, milçəklər vızıldayır məmləkətdə güllər çiçək açır.

 OXUCU MƏKTUBU- hər dəfə kimsə mənə xoş sözlər yazanda, valeh olduğunu bildirəndə içimdə qəribə bir hiss yaranır: sanki bütün həyatım boyu aldatmışam.

 MEMUAR- 19-cu əsr rus qrafını köməyə çağırdım, dedi memuar nəyi yazmaq yox, nəyi yazmamaq sənətidi.

 GÖZƏLLİK- bomba şeydi, ona görə ki xoşbəxtlik onunla bağlıdı. Tanrım nədənsə görünüşcə gözəl adamlara görünüşcə eybəcərlərdən daha çox qazandırır. De ki ey toxum, yaşamağın dadını bilmək istəyirsənsə, gözəl və yekəpər doğul bu dünyada güclülərə skidka var, gözəllərə təzim. Eşitməmisiz, gözəl sevimlidir, cəllad da olsa?! Rafiq müəllim haqq deyir ki, zahiri gözəllik sozaldıqca, həyat perspektivləri görünməz olur.

 QISA QAPANMA- getdi…

 EYBƏCƏR- amma bir məsələ də var ki əgər mövcuddursa, deməli buna da bir səbəb var, kiməsə, nəyəsə lazımdı. Yaxud ona görə mövcuddur ki, biz anlayaq: hər şey gözəl ola bilməz, gözəllikdən xaric məxluqların da yaşamağa haqqı var.

 SİYASƏT- ondan qaçmaq mümkün deyil, nə qədər uzaq olsan da, nala-mıxa vursan da, əvvəl-axır gəlib başının üstünü kəsdirəcək, vətəndaş.

 VƏTƏNDAŞ- deyir ki, bizimkilər vətən daşı olmaqla vətəndaşlığı dəyişik salıblar nəsə.

 TİKİNTİ- vannadı, o mənada ki çirkin pullar orda yuyulur.

 SENZURA- insan sağlamlığı üçün təhlükəlidi. O gün bir jurnalistin də boynuna kubik bağlayıb böyük gölə atdılar, heç kəs də bu barədə yazmadı və o gedib çıxdı kefli yosunların yanına. Psixoterapevt isə mənə məsləhət görür ki yazım, çünki kağız üzərindəki mətn xilas edə bilir… Məgər bu sözləri kimsə başqası deyə bilməz?..

 QUL- etiraf edək ki, biz qulluğa və quldarlığa hazır və meylliyik. Xalqımızın ən yaxşı arzusu «Qul sahibi ol»dur və ən yaxın adamına ehtiramı Qulluqdur. Qulluq sözünün də kökündə qul durur, çox eybəcər alınır; idarə, müəssisə işçiləri deyəndə ki «qulluqçu»yam, adamın gözünün qabağına quldarlıq quruluşu gəlir.

 MƏMUR- deyilən, əmi balası, omba gəmirən qurd sürüsüdü (Babalıq).

 UŞAQ- o da insandır, balacasından, zəifdir, elə bir ağlı da yoxdu, gələcəkdə ağıllanacağı isə sual altındadır, bunu bircə allah bilir. Amma hər halda indidən gördüklərini yadında saxlamağı bacarır.

 YARI- birinə sağ, birinə sol tayı deyirik, ya da ki əvvəl və sonra. Hara burursan, yaxandan əl çəkmir sağ və sol ideyalar, halbuki tən baxanda bizdə hər ikisi eyni şeydi sadəcə.

 HƏQİQƏT- mən bir şeyi hesab edirəm, başqası ayrı şeyi və hər ikimiz də özümüzü haqlı sayırıq. Üçüncü bir şəxs gəlib bizi mühakimə də edə bilər, əlbəttə əgər buna ağlı çatsa. Elə vaxt da olur ki, həqiqətin özü yoxdu, amma onu əvəz edən hansısa başqa qüvvə var, elə də olur ki ümumiyyətlə, heç nə aydın deyil, bu halda hərə bir cür iztirab çəkir.

 PROPOQANDA- həqiqətdən daha güclü olur, kağızları da var- qəzetlər.

 KEŞİK KÖPƏKLƏRİ- deyəsən Amerikada jurnalistləri belə adlandırırlar.

 MÜBARİZƏ- bu gün də var, yarın da… Amma təəssüf ki məmnuniyyətlə yola salmaq istədiyim əclafları o dünyaya köçürə bilməyəcəyəm, yəqin ki bəlkə onlar üstümə bir adam salıb mənim özümü ora yolladılar… Həyat elə bir bütöv şeydir ki, onu yalnız ölüm sındıra bilər.

 YANĞIN- odur ki lazımlı bir şey od tutub yanır, ya paxıllıqdan, ya da təsadüfdən. Çox vaxt ildırım da vurub yandırır bəzi şeyi. Adamı da vurur məsəlçün.

 BATİN- zahirdən onunla fərqlənir ki, ilk baxışdan onu görmək olmur, gərək açmağa cəhd edəsən, amma elə vaxt da olur ki bu zəhrimar heç cür açılmır ki açılmır, çünki açılmaq istəmir.

 XOŞBƏXT- o şəxsdir ki, sürətlə dəyişə bilir; bunlar hamısı bir anda baş verir, baxmayaraq ki iki dəqiqə əvvəl kədər və bədbinlik vardı.

 ƏLLƏR- onların köməyi ilə iş görürsən, hədələyirsən, yumruqlayırsan, yazırsan (birini də bilirəm, amma onu açmıram), ən gözəli isə budur ki bu bədən üzvü heyvanlarda mövcud deyil.

 GÜZGÜ- bircə fərqi odur ki sağ əlin sol ələ çevrilir orda, sol əlinsə sağ kimi görünür.

 QEYBƏTCİL- o adamdır ki bütün günü səninlə çənə döyməyə bəhanə axtarır, çünki səndən başqa heç kim onu yaxına buraxmır, xasiyyətinə bələddir, səninsə boş laqqırtı vurmağa heç həvəsin də yoxdu (nə də vaxtın). Birincisi ona görə ki onsuz da ona heç bir söz kar eləmir; ikincisi də ki öz-özünlə tənha qalmaq, müəyyən şeyləri düşünmək istəyirsən.

 FİKİRLƏŞİR- o adam ki ona nəsə aydın deyil, nəyisə başa düşmür, amma başa düşməkdən ötrü bağrı çatlayır.

 SUAL- verir bir adam ki həyatda nə iləsə maraqlanır, deyir bilməmək ayıb deyil, soruşmamaq ayıbdır; əgər hamı hər şeyi bilsəydi, dünyada heç nə qalmazdı ki. Yeri gəlmişkən, tanrının adlarından biri də budur.

 HƏYƏCAN- yaranır o vaxt ki bir şeyi düşünürsən, amma tamam başqa bir şey danışırsan, nəhayətdə də məlum olur ki nəticə sən istədiyin kimi yox, tamam ayrı cür alınıb. Bu da tərslikdən bizim dilin imkanları sırasındandır.

 QISA QAPANMA- getdi…

 GƏLİR- mən çox həzin və şən nəğmələr qoşmuşam, amma onların hamısı bu cür səslənir: gəlir, gəlir, gəlir… Zarafat o yana, «adam başına düşən gəlir» ifadəsini  mən də heç cür anlaya bilmirəm. Qazanc, mənfəət, de görüm, adamın başınamı düşür azərbaycan dilində?

 OXUYURSAN- mənə deyirlər. Əcəb hövsələn var, nə yaman çox oxuyursan, gözlərin kor olar, başın xarab və s. və i. Hobbim deyil, yox; əl-həzər əgər bir qayda, kiməsə örnək göstərmək istəyirəm,- bu da deyil; mən sadəcə bu dünyada yaşayıram… Yaşayıramsa, onunla nəfəs alıram. Ruhuma yaxın nəsə axtarıram… Başqa cür olurmu? Mənim anladığım budur; yazılmışsa əgər, oxumaq lazımdır, oxumaq üçün yazılmışdır. Odur ki, oxumaq, oxumaq və yenə də…

 YARADILANLAR- bütün bunlar ətrafımızı bürüyüb, ona görə də gəzəndə gərək diqqət verəsən ki, nəyisə tapdalamayasan, əzməyəsən, sındırmayasan, çünki bütün bunlar ona görə yaradılmayıb ki tapdalayıb əzəsən, ona görə yaradılıb ki adam kimi istifadə edəsən, baxıb həzz aparasan, ruhun dincəlsin qısası.

 MÜSTƏQİLLİK- deyir ki intellektual qabiliyyəti 160 xal olan insanlar intellektual qabiliyyəti 100 xal olan insanların tabeliyində işləməlidir. Ən məsul vəzifələrdə məhdud bilik çərçivəsindən kənara çıxmayan kadrlar yerləşdirilib və onlar da məhdud çərçivəyə sığmayan insanların qəniminə çevriliblər. Səni təbrik edirəm, bizdə artıq savadlılar işə götürülmür. 

 SİRAT KÖRPÜSÜ- Bəhlul Ağayevin vaxtında türk tələbələr ADPU-nu belə adlandırırdılar.

 MANEƏLƏR ZOLAĞI- Bəhlul Ağayevin vaxtında azərbaycanlı tələbələr ADPU-nu belə adlandırırdılar.

 GİZİR- uşaqlıqda elə bilirdim ki, şahların sarayında vəzirdən sonra ikinci adamdır. Sən demə, ən qaragünlü hərbçiyə deyirlərmiş.

 PAZ- top komandiri olduğum əsgərlikdə anladım ki, cəbhə xəttindən həm biz, həm də onlar tərəfdə duranlar allahların içərsində yalnız birindən daha çox qorxurlar- bəli, onun adı PAZdır.

 SIRAYA- düzülür əsgərlər, durnalar, ömrün illəri, ona görə yox ki özləri belə istəyirlər, yox, sadəcə qayda-qanunu pozmaqdan qorxurlar.

 RÜTBƏ- sənin adının yanında yazılır ki hamı  ömrün boyu sənin nəyə doğru can atdığından xəbərdar olsun.

 KÖTÜK- deyəndə yalnız ağac kəsiyi nəzərdə tutulmur, belə adamlar da var, yekəpər, möhkəm bədənli, qanmaz və qurğuşun kimi ağır, lopabığ. Heç cür yerindən tərpətmək olmur ki itələyib haqqın yoluna salasan.

 MƏSLƏHƏT- verirəm o adamlara ki, xətirlərini istəyirəm, düz yola yönəldirəm, amma xeyri olmur, gedib yenə öz bildiklərini edirlər. Asmır asmasın- gərək bizim kimi başı ağrıya, ondan sonra hər şeyi başa düşə.

 TÜRK- son məlumatlara görə, Qarabağda zövqsüz geyinən arvadları ermənilər belə adlandırırlar.

 CƏFƏRXANLI- bu kənddən yaxşı mollalar çıxır, di gəl ki iki eşşəyin arpasını bölə bilmirlər.

 MUĞAM- məlum oldu- mağmın ölkələrin kədəridir. Son zamanlar mığmığalı forma alıb.

 KAŞALOTLAR- 265 desibelə qədər tezlikdə səslər çıxararaq müəyyən məsafədən öz ovlarını iflic edirlər.

 ANADANGƏLMƏ KOR- dahiyanə hesab olunan intibah rəsmlərini heç vaxt görməyib, görməyəcək də; ancaq hər gün əzana qulaq asır.

 TOY- tamadanın işarəsindən sonra şair şeirini bitirib yerində oturur, camaatın başı yeməyə qarışdığından ona heç əl çalan da olmur. Əvvəl kələfur deyilən qaynadılmış, sümüklü, ilikli, şıntırlı ət tikələri gəlir. Elə ki bunu yeyib qurtardılar, dalıyca lülə və tikə stola düzülür, anicə də yox olur. Hər halda bu millətin ətə tələbatını ödəyir. Yemək-içmək qurtarandan sonra camaatın çoxu məclisin başında oturmuş kassirə tərəf yönəlir, adlarını və atdığı pulların miqdarını yazdırır, təşəkkür edirlər, sonra da toyu tərk edirlər. Bununla da intizar bitir, indi artıq bilinir ki, nə qədər pul yığılıb.

 ƏT MƏHSULLARI- tez-tez rast gəldiyimiz haldır: görürsən ahıl bir şair yenə sevgi və əsasən, dağ haqda, ya da babasının bioqrafiyasını yazmaqdadır. Sanki bu, bir maraq kəsb edəcəkmiş kimi. Ta binayi-qədimdən isə məlumdur ki, ilham pərisini çağırmaqla deyil, tutub onu boğazlamasan, əsər doğulmaz. 

 BİŞİRİR- adətən oğlanlar qızların, yaxud şeytan iradəsiz adamın, ya da rəhbər öz gurultulu nitqləriylə, möhtəşəm görkəmiylə xalqın başını bişirir, lakin sonra duman uçub gedir, heç nəsiz qalırsan.

 NA ĞAYIRMALI- həmişə aktual Azərbaycan sualıdır.

 KEÇİD DÖVRÜ- bu dövrün nə vaxt bitəcəyini iqtisadçılar bilmir.

 DİNLƏMƏK- səmimiyyətlə qulaq asdığını göstərmək üçün gərək hərdənbir təəccüblənəsən həmsöhbətin üçün; məsələn, “Pah atounan!” deyəsən- bu ifadəni atalarımız sırf belə məqamlar üçün quraşdırıblar.

 YAZIRAM- ona görə ki, qiyamət günü (əgər varsa) hər birimizdən soruşulanda, ey Adəm oğlu, sən harada idin- xeyirinmi, yoxsa şərinmi yanında, cavab verə bilim; mən şeir yazırdım, mən belə zir-zibilə qarışmırdım.

 ÜSLUB- şərhlə ehtiyatlı olun, onlar hərdən ildırım kimi olurlar- gurultusu olur, alovu olmur.

 ARTIQ- çox olmasına baxmayaraq, üstünə bir az da əlavə edəndə alınır, hərçənd ki kənarlarından axıb tökülür yerə.

 QƏLƏM- yazıçının aləti yox, bədəninin bir üzvüdür (Səhv etmirəmsə, Kafka deyib, ya da ki Aqşin).

 SÜZ- bundan böyük həzz yoxdur, yaşasın lənətlənmiş şərab! Binayi-qədimdən insanlar bu dünyaya sərxoş gəlir, ayılanda da gec olur, ayılanda özümüzü alovlar içərisində yanan, ya da mələklər tərəfindən sərinlədilən görürük… Böyük kontrastdır, deyilmi? Hə, onda süz!.. Eşitmisən yəqin, «Cənnətdə şərab şəlalələri görəcəksiniz». Və yaxud İsa Məsihin suyu şəraba döndərməsi… Bilirsən spirti ilk dəfə müsəlman ərəblər tapıb? Bəs «mey» sözünə gecə-gündüz qafiyə qoşan şərq ədəbiyyatı necə? Aman allah, onlar necə müsəlman idilər! Bəlkə ən təmiz adam Ömər Xəyyamdır? Ya elə Kefli İskəndərin özü? Nə bilmək olar...

 SAXLANILIR- nəsə haradasa, məsəlçün, fikir başında saxlanılır, əlbəttə əgər fikirləşirsənsə. Yaxud ütülü köynəyini şkafda saxlayırsan ki dostunun toyuna geyinəsən. Xristianlar çaxırı çəlləkdə saxlayırlar- balalarının toyuna (bizə isə olmaz). Ya da ki, kitabdakı yazılar. 

 SƏADƏT- odur ki, sevincdən ürəyin çırpınır, çünki hər şey istədiyin kimi olub. Yaxud, heç gözləmədiyin halda arzuladığın bir hadisə baş verib. Kimisiyçün səadət çoxlu puldadı, kimisiyçün araqda, kimisiyçün maraqlı söhbətdə, yaxud övladlarda, əlbəttə, əgər sağlamdırlarsa. Ən böyük səadət məncə odur ki, hər şey öz yerində olsun- torpaqda, ağacda, süfrədə, həyətdə, şəkildə, bir də özümü xoşbəxt hiss edirəm mənə özüm istədiyim kimi düşünmək imkanı veriləndə.

 QISA QAPANMA- getdi…

 RƏSM- özü də gözəldir, çox da böyük deyil, şaqulidir, yataq otağı üçündür, ev günəşin qürub vaxtı təyin olunub, yuxarı pəncərənin qarşısında xalat geyinmiş debil dayanıb, çəpərə narıncı rəngli qutu vurulub, əks tərəfdəki aşağı pəncərədə gənc qadın silueti görünür. Bomba şeydi. Rəsm də gözəldir!- deyirəm, eşidirsənmi? Yuxarıdakı mən, aşağıdakı sənsən. Bu isə bizim poçt qutumuzdur! Yaxşı, düşünürəm, qoy həmişə bahar olsun. Deyirəm qış gəlib. Bəlkə özümə örtüklü kurtka alım? Yoxsa kepka yaxşıdır, hə?

 YAXŞI- mən getdim.

Комментариев нет:

Отправить комментарий